3 394 898 seçicinin etimadı ilə
MSK İlham Əliyevin rəsmən prezident seçkilərinin qalibi
elan etdi
Aprelin 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası
keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, cari il aprelin 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçirilməklə ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi hadisəyə çevrilib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki prosesi iştirakçılarının maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan geniş seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin azad və sərbəst fəaliyyəti üçün tam maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılıb.
Hər bir ölkə üçün prezident seçkilərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Məzahir Pənahov deyib: “900-ə yaxın beynəlxalq müşahidəçinin, habelə nüfuzlu 51 beynəlxalq kütləvi informasiya vasitəsindən KİV təmsilçilərinin izlədikləri seçkilər Azərbaycanın şanlı səhifəsi kimi tarixə düşdü. Ən əsası odur ki, cəmiyyətimizin bütün tərəfləri seçkilərə böyük maraq göstərirdi. Namizədləri qeydə alınmış siyasi partiyalarla yanaşı, digər siyasi partiyalar da seçkiləri müşahidə edirdilər. Həmçinin fərdi olaraq öz istəyi ilə seçkiləri izləmək istəyənlər müşahidəçi kimi qeydiyyatdan keçmişdilər. Yəni, bütün bunlar cəmiyyətin seçkilərə olan marağının göstəricisi idi. Çox sevindirici haldır ki, seçkiləri izləyən beynəlxalq müşahidəçilərin demək olar əksəriyyəti seçkilərin yüksək səviyyədə hazırlanıb keçirildiyini qeyd etdilər”.
Namizədlərin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq qeydə alındığını bildirən Komissiya bildirib ki, prezidentliyə 6-sı siyasi partiyalar, 1-i öz təşəbbüsü ilə, 1-i isə seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülməklə 8 nəfərin namizədliyi qeydə alınıb və bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, ölkə üzrə 84-ü açıq, 84-ü qapalı olmaqla, ümumilikdə 168 daimi görüş yeri ayrılaraq namizədlərin ixtiyarına verilib və prezidentliyə namizədlər, sadəcə, dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçicilərinə sərbəst şəkildə seçkiqabağı platformalarını sərgiləyiblər. Namizədlərin seçkiqabağı təşviqatı üçün bütün seçki məntəqələrini əhatə edən 10 mindən çox böyük ölçülü lövhə quraşdırılıb. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizədlərə geniş və səmərəli seçkiqabağı təşviqat imkanı yaradılması məqsədilə İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulduğundan 2 dəfə artıq – həftəlik 6 saat (3 saat televiziyada, 3 saat radioda) pulsuz efir vaxtı, “Azərbaycan” qəzetində, “Xalq qəzeti”ndə və “Bakinski raboçi” qəzetində dərc üçün ödənişsiz yer ayrılıb və bütün namizədlər bu imkanlardan səmərəli şəkildə istifadə ediblər. Bununla yanaşı, ödənişli təşviqat üçün 34 kütləvi informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olmaları üçün komissiyanın internet səhifəsində yerləşdirilib. Bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb. Martın 11-dən start götürmüş seçkiqabağı təşviqat kampaniyası aprelin 10-dək davam edərək, ümumilikdə sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilib.
Məzahir Pənahov deyib: “Prezident seçkiləri ilə əlaqədar seçki prosesinin demək olar ki, bütün iştirakçıları ilə yanaşı, seçicilər üçün də geniş maarifləndirmə kampaniyası keçirilib. Seçkilərin keçirilməsi tarixi, səsvermə qaydaları, eləcə də istiqamətverici və çağırış xarakterli 52-dən artıq müxtəlif növdə yüz minlərlə plakat çap edilərək bütün yaşayış məntəqələrinin ərazisində asılıb, oxşar mövzulara həsr edilən çoxsaylı reklam çarxları səsvermə günü də daxil olmaqla, mütəmadi şəkildə hər gün televiziya və radio kanallarında nümayiş etdirilib”.
Qeyd edilib ki, seçkilərdə bütün seçici qrupları ilə yanaşı, görmə və hərəkət qabiliyyəti məhdud olan seçicilərin də sərbəst səs vermələrinin təmin olunması üçün müxtəlif layihələr gerçəkləşdirilib. Gözdən əlil seçicilər onlar üçün hazırlanmış və seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretdən istifadə etməklə seçki günü azad və sərbəst şəkildə istədikləri namizədə səs veriblər. Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün isə daşına bilən panduslardan istifadə olunub. Respublika üzrə aparılan araşdırmalar nəticəsində 1455 məntəqədə hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin olduğu müəyyən edilib, həmin məntəqələrdə hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün şərait yaradılıb və mobil panduslar quraşdırılıb. Beləliklə, bütün seçki məntəqələri bu qəbildən olan seçicilər üçün də əlverişli hala gətirilib. Eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədilə MSK-nın seçici maarifləndirmə proqramı çərçivəsində hazırlanmış alt yazılı videoklipdə bütün səsvermə prosedurları geniş izah olunub və bu, eşitmə qabiliyyəti məhdud olan seçicilərin maarifləndirilməsinə əhəmiyyətli töhfə verib.
MSK sədri bildirib ki, prezident seçkilərinin müşahidəsinə 61 beynəlxalq təşkilat və 59 ölkəni təmsil edən 894 beynəlxalq müşahidəçi qatılıb. Habelə nüfuzlu 51 beynəlxalq kütləvi informasiya vasitəsindən olan 118 xarici KİV təmsilçisi MSK tərəfindən müvafiq lövhəciklə təmin olunaraq seçkiləri izləyib. Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini ABŞ və Fransadan olan təşkilatlarla birgə qurublar. “Exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb. Respublikada fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərdə iştirak ediblər. Seçkilərin müşahidəsində, həmçinin çoxsaylı siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 58 min 175 yerli müşahidəçi iştirak edib.
Ümumiyyətlə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq KİV nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.
Məzahir Pənahov bildirib ki, prezident seçkilərində aşkarlığın təmin olunması üçün qeyd olunanlarla yanaşı, işğal edilmiş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20 faizində) internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırılıb. “Mən məmnuniyyətlə qeyd edirəm ki, onların fəaliyyətində heç bir xoşagəlməz hal qeydə alınmadı. Səsvermə başlayandan seçkilər başa çatana qədər olan bütün prosesləri fasiləsiz olaraq onlayn rejimdə izləmək mümkün idi. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar. Düşünürəm ki, Azərbaycanın tətbiq etdiyi seçki standartları beynəlxalq aləmdə nümunə ola bilər”, - deyə Komissiya sədri vurğulayıb.
Qeyd olunub ki, səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olmaları üçün səsvermə başa çatdıqdan 4 saat sonra – saat 23:00-da ölkə üzrə 5641 seçki məntəqəsinin 3675-dən (65,15 faiz), aprelin 12-də saat 01:00-da 5201 seçki məntəqəsindən (92,20 faiz), saat 12:00-da isə bütün seçki məntəqələrindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri ictimaiyyətin diqqətinə çatdırılıb. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.
Məzahir Pənahov deyib: “Prezident seçkilərində seçicilər azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 74,30 faizi səsvermədə iştirak edib. Seçki günü və ondan sonrakı günlər də daxil olmaqla, bütün seçki kampaniyası boyunca MSK-ya və aşağı seçki komissiyalarına heç bir şikayət daxil olmayıb. Səsvermə günü seçicilər tərəfindən seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu kimi məsələlərlə bağlı Komissiyanın 115 saylı və elektron qaynar xətlərinə daxil olmuş sorğu xarakterli müraciətlərə isə dərhal reaksiya verilərək, operativ şəkildə lazımi addımlar atılıb”.
MSK-nın sədr müavini Natiq Məmmədov
iclasda çıxış edərək bildirib ki, Komissiya
seçkilərin şəffaf və ədalətli
keçirilməsi üçün
lazım olan bütün
addımları atıb. O deyib: “Bütün beynəlxalq təşkilatlar, hətta
ən qərəzli qurumlar da Mərkəzi Seçki
Komissiyasının peşəkarlığına şübhə
etmirlər. Bu peşəkarlıq fonunda aparılan araşdırmalar göstərir
ki, sağlam seçki mühitinə kölgə salmaq üçün bəzi
cəhdlər olub. Daxil olmuş bütün protokollar, internet resurslarında
yayımlanan bütün
informasiyalar araşdırıldı. Azərbaycanın öncül təcrübəsi
kimi qəbul olunan veb-kameralar bu işdə də böyük yardımçı oldu.
Aparılan 5 günlük araşdırmalar
zamanı bir neçə seçki məntəqəsində seçicilərin
iradəsinin müəyyən
edilməsinə imkan verməyən pozuntular aşkar edilib”.
Bununla əlaqədar
N.Məmmədov 57 saylı
Kürdəmir seçki
dairəsinin 2 saylı,
73 saylı Lənkəran
şəhər seçki
dairəsinin 10 saylı,
69 saylı Cəlilabad-Masallı-Biləsuvar
seçki dairəsinin
26 saylı, 74 saylı
Lənkəran kənd
seçki dairəsinin
12 saylı seçki məntəqələri üzrə
səsvermənin nəticələrinin
etibarsız hesab olunmasını, həmçinin
57 saylı Kürdəmir
seçki dairəsinin
2 saylı seçki məntəqəsi məntəqə
seçki komissiyasının
və 73 saylı Lənkəran şəhər
seçki dairəsinin
10 saylı seçki məntəqəsi məntəqə
seçki komissiyasının
tam tərkibdə buraxılmasını
təklif edib.
İclasda prezident seçkilərinin
yekunlarının müəyyən
edilməsi ilə əlaqədar işlər
başa çatmış
hesab edilib, səsvermənin nəticələrinə
dair MSK-nın protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq
təsdiqlənib.
Seçki Məcəlləsinin tələbinə
uyğun olaraq, MSK-nın protokolunun müvafiq sənədlərlə
birlikdə seçkilərin
yekunlarının təsdiq
edilməsi üçün
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə
təqdim olunması qərara alınıb.
Həmçinin 57 saylı
Kürdəmir seçki
dairəsinin 2 saylı,
73 saylı Lənkəran
şəhər seçki
dairəsinin 10 saylı,
69 saylı Cəlilabad-Masallı-Biləsuvar
seçki dairəsinin
26 saylı, 74 saylı
Lənkəran kənd
seçki dairəsinin
12 saylı seçki məntəqələri üzrə
səsvermənin nəticələri
etibarsız hesab olunub, eyni zamanda,
57 saylı Kürdəmir
seçki dairəsinin
2 saylı və 73 saylı Lənkəran şəhər seçki
dairəsinin 10 saylı
məntəqə seçki
komissiyaları tam tərkibdə
buraxılıb.
Sonra çıxış edən
Komissiya üzvləri
atılmış addımları
və həyata keçirilmiş layihələri
seçkilərin azad,
ədalətli və şəffaf keçirilməsini
şərtləndirən vacib
və təqdirəlayiq
hal kimi yüksək qiymətləndirib,
səsvermənin nəticəsinin
xalqın iradəsini əks etdirdiyini bildiriblər.
Seçkilərin yüksək
səviyyədə hazırlanıb
keçirildiyini qeyd edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov buna görə
Mərkəzi Seçki
Komissiyasına minnətdarlığını
ifadə edib. Bildirib ki, seçki prosesi qanunvericiliyin tələblərinə uyğun
şəkildə həyata
keçirildi. MSK seçkilərin şəffaf
və ədalətli keçirilməsi üçün
bütün addımları
atdı.
MSK-nın
iclası yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən
geniş işıqlandırılıb.
Azərbaycan.- 2018.-17 aprel- S.1-2.