Tarixinin ən qüdrətli Azərbaycanı

 

Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycanı İlham Əliyev tarixinin ən qüdrətli dövlətinə çevirdi

 

Yüz yaşlı müstəqil Azərbaycanın Prezidenti

 

Aprelin 11-də Azərbaycan xalqı böyük həvəs və ruh yüksəkliyi ilə səsvermə məntəqələrinə gələrək özünün sınanmış və dünyaca məşhurlaşmış liderinə - möhtərəm İlham Əliyevə səs verdi.

Bununla da yüz yaşlı müstəqil Azərbaycana növbəti yeddi il ərzində cənab İlham Əliyevin rəhbərlik etməsini öz iradəsi ilə qanuniləşdirdi.

Bu, həm də tale qismətidir!

Belə bir şərəfə - yüz yaşlı müstəqil dövlətə rəhbərlik etmək missiyasına İlham Əliyev ötən 15 ildə gördüyü çoxcəhətli və rəngarəng işlərlə, yaşı yüzə çatsa da, özü gənc olan dövlətin inkişafına, dünyada tanınmasına və sayılıb fərqlənməsinə verdiyi çoxsaylı töhfələrlə layiq görülmüşdür!

Həmişə belə güclü, iradəli, vətənsevər və xalqsevər olasan, mənim PREZİDENTİM!

Azərbaycan xalqı səninlə fəxr edir!

***

İnsanın gücü onun intellekti və qaldıra biləcəyi yükün çəkisi ilə ölçülür.

Dövlətin gücü isə il ərzində istehsal etdiyi ümumdaxili məhsulun həcmi, reallaşdırdığı layihələrin sayı və miqyası, ordusu və onun silahlanma vəziyyəti, vətəndaşlarının maraqlarını və rahatlığını təmin etməsilə bağlı həyata keçirdiyi tədbirlər, habelə xalqın bütün sosial qruplarının rifahının yaxşılaşdırılması üçün gördüyü işlərlə müəyyən edilir.

Layihələr adətən iki mühüm istiqamətdə olur: beynəlxalq transmilli layihələr və ölkə daxilində gerçəkləşdirilən layihələr.

Adətən beynəlxalq layihələr dövlətin iqtisadi maraqlarının təmininə xidmət edir. Lakin onlar məxsus olduqları ölkəyə siyasi dividendlər də qazandıra bilirlər. Bu tip layihələrin reallaşdırılması təkcə böyük vəsait yox, üstəlik xüsusi istedad və bacarıq, uzaqgörənlik və diplomatik məharət, bəzən isə müəyyən riskli addımlar atılmasını da tələb edir. Onları işə salanda isə əsrlər boyu xalqa xidmət göstərir, dövlətə gəlir gətirir, müəllif və qurucusunu əbədi ehtiram və minnətdarlıq ünvanına çevirir!

 

Azərbaycanı dünyada məşhurlaşdıran transmilli layihələr

 

Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinə qədər Azərbaycan öz tarixində heç zaman bu qədər investisiyatutumlu, nəhəng tikinti-quraşdırma iş həcmli, mühəndis-texnoloji həllinin mürəkkəbliyi baxımından unikallığı ilə seçilən layihə həyata keçirməmişdi. Ən maraqlısı isə budur ki, heç zaman öz təbii sərvətini müstəqil şəkildə dünya bazarına çıxararaq əldə etdiyi vəsaiti sərbəst şəkildə dövlətin və xalqın ehtiyaclarına sərf etməmişdi!

Bu, ilk növbədə dövlət müstəqilliyinin nəticəsi idi! Buna qədər isə neft-qaz ehtiyatlarının istismarında “adı sənin, dadı mənim” prinsipi başlıca amil kimi götürülmüşdü.

Ulu öndər Heydər Əliyevin inadlı zəhməti, qətiyyət və prinsipiallığı nəticəsində baş tutan bu layihə həm də Azərbaycanın həqiqi dövlət müstəqilliyinə nail olduğu barədə dünyaya mesajı, milli maraqlarının təmini baxımından mühüm addım idi.

“Əsrin müqaviləsi” neft kontraktı əsasında çıxarılan neftin dünya bazarına ixracı, oradan götürülən gəlirlərin ölkə iqtisadiyyatına sərfi ötən əsrin doxsanıncı illərinin əvvəllərində yaranmış dərin iqtisadi böhrandan qurtulmağa, iqtisadiyyatın digər sahələrinin inkişafı üçün sərmayələr yatırmağa, ölkə əhalisinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə, habelə vaxtı çatmış digər problemləri uğurla həll etməyə şərait yaratdı. “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın dünyaya inteqrasiyasını da xeyli sürətləndirdi. İlkin proqnoza görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ən azı 500 milyon ton neft var idi və müqavilə 2024-cü ilədək imzalanmışdı. Lakin aparılan kəşfiyyat işləri neft ehtiyatlarının bundan iki dəfə artıq olduğunu sübuta yetirdi. Beləliklə, tərəflər “Əsrin müqaviləsi”ni 2050-ci ilədək uzadaraq əməkdaşlığı davam etdirmək barədə razılığa gəldilər.

Cənab İlham Əliyevin imzaladığı təzə kontrakt isə “Yeni əsrin müqaviləsi” adını aldı. İlk layihə olan Bakı-Tbilisi-Ceyhanın uğuru və davamı isə cənab İlham Əliyevin xidməti sayılır.

Bakı-Tbilisi-Ərzurum ixrac qaz boru kəməri də böyük zəhmət və vəsait hesabına başa gəldi. Bu kəmər Azərbaycanı dünyaya həm də təbii qaz ixracatçısı kimi tanıtdı. Hazırda bizim yeddi ixrac kəmərimiz var. Onlardan üçü ilə neft nəql olunur.

İlham Əliyevin qətiyyət və prinsipiallığı, iradəsi və diplomatik məharəti sayəsində “Cənub qaz dəhlizi” layihəsinin icrası müvəffəqiyyətlə davam edir.

TANAP və TAP adlandırılan yeni kəmərlər İtaliyaya qədər uzanacaq, ilkin olaraq altı ölkəyə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya Azərbaycan qazı veriləcəkdir.

Bakı-Tbilisi-Qars dəmir yolunun bütün “yükünü” isə lap əvvəldən İlham Əliyev özü çəkdi.

Maraqlı dövlətlər dəmir yolu xəttinin Ermənistan ərazisindən keçməsini və beləliklə, onun blokadadan çıxmasını istəyirdilər. Azərbaycanın dövlət başçısı qətiyyətli mövqeyindən dönmədi! Belə olan halda bəzi “dostlarımız” bizə kredit verməkdən imtina etdilər. Hər cür “dilətutma”, təsir və təzyiq cəhdləri də cənab İlham Əliyevi fikrindən döndərə bilmədi! Bütün məsuliyyəti və maliyyə xərclərini üzərinə götürən Prezident İlham Əliyev layihənin uğurla başa çatmasını və təntənəli açılışını təmin etdi!

Əslində Bakı-Tbilisi-Qars həm də İlham Əliyevin şəxsi qələbəsidir! Çünki o, bu layihəni gerçəkləşdirməklə onun əleyhinə olan güclərə də qalib gəlməyi bacardı! Beləliklə, Londondan Pekinə uzanan ən qısa dəmir yolu xəttinin müəllifinə çevrildi!

“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin işə salınması, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi, beləliklə, ölkə paytaxtının qitələrin kəsişdiyi məkanda logistik mərkəzə çevrilməsi də Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsidir.

Həm də bütün bunlar yüzillər boyu Azərbaycan xalqına və Azərbaycan dövlətinə xidmət göstərəcək, xeyir verəcək nəhəng layihələrdir!

Cənab İlham Əliyev ölkə daxilində də əsrlər ərzində işləyərək iqtisadiyyata, insanlara və bütövlükdə dövlətə gəlir və fayda gətirəcək çoxsaylı layihələrin gerçəkləşdirənidir!

 

Əsrlər boyu insanlara fayda və rahatlıq gətirəcəklər

 

Elə qurğular var ki, onların hasilə gəlmələri üçün həm böyük vəsait, həm də zaman tələb olunur. Adətən hər dövlət belə qurğuları tikməyə girişmir. Bəzən isə inşasına başlayaraq sona çatdırmaqda çətinlik çəkir. Azərbaycan isə belə layihələrin bir neçəsini eyni vaxtda reallaşdırmağa başladı. Riskli addımlar atmağı sevən cənab İlham Əliyev əslində hər şeyi irəlicədən, zərgər dəqiqliyi ilə ölçüb-biçməyi də bacarır.

Yalnız həmin layihələr həyat vəsiqəsi qazanaraq işə salındıqdan sonra hamı dərk edir ki, dövlət rəhbəri zamanında işə başlamış, onu vədəsində sona çatdırmış və beləliklə, növbəti layihələrin də vaxtında icrasına şərait yaratmışdır.

Bu, İlham Əliyevə xas olan düşünülmüş siyasətdir ki, iqtisadi sahədə də özünü qabarıq göstərir.

Məsələn, sovet dövründə tikintisinə başlanılan Şəmkirçay su elektrik stansiyası vəsait çatışmazlığından uzun illər boyu dayandırılmışdı. Bəlkə də keçmiş ittifaq hökuməti tamamlama üçün ona qəsdən pul buraxmamışdı.

Dövlətin və iqtisadiyyatın inkişafı o zaman sürətli, davamlı və daimi olur ki, möhkəm təmələ və hərtərəfli düşünülmüş siyasətə əsaslansın. Cənab İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk günlərindən məhz bu prinsipinə arxalanmışdır.

Xatırlayaq, müstəqilliyin ilk illərindən dövlət və insanlar elektrik enerjisi qıtlığından problemlərlə üzləşirdi. Təbii qazın azlığı xüsusən qış aylarında çətinliklər doğururdu. Hər ikisinin çatmayan hissəsi xaricdən alınırdı və hətta bundan istifadə etməklə Azərbaycana təsir və təzyiq göstərməyə çalışanlar da vardı.

Dövlət başçısı heç zaman belə vəziyyətlə barışa bilməzdi! Üstəlik enerji çatışmazlığı regionların inkişafına da ciddi maneə törədirdi...

Son 15 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib. Bu stansiyaların birgə generasiya gücü 2500 meqavata bərabərdir.

İndi Azərbaycanın ən ucqar kəndinə belə fasiləsiz və limitsiz elektrik enerjisi verilir.

İndi ölkənin istənilən yerində özünə biznes qurmaq istəyən sahibkar enerji qıtlığından əziyyət çəkmir.

Bu dönüşü və dəyişikliyi cənab İlham Əliyev yaradıb.

Qısa zaman kəsiyində dörd su anbarı tikilərək istismara buraxıldı. Bunların ən nəhəngi Taxtakörpü su anbarı sayılır. Şəmkirçay su anbarı isə SSRİ dövründə tikintisi yarımçıq saxlanılan obyektlərdən idi. Tovuzçay və Göytəpə su anbarları da müxtəlif ərazilərdə yerləşməklə əhalisinin içməli və əkinlərin suvarma suyuna tələbatlarının ödənilməsində mühüm rol oynayır. Eyni zamanda, elektrik enerjisinin istehsalının artırılmasına da töhfələr verir. Çox mühüm tarixi layihə sayılan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi, habelə bir çox şəhərlərdə içməli su və kanalizasiya layihələrinin uğurla icrası əhalinin fasiləsiz içməli su ilə təminatını 67 faizə, Bakıda isə 81 faizə çatdırmağa səbəb oldu.

Kənd təsərrüfatının, sahibkarlığın, bütövlükdə isə qeyri-neft sektorunun inkişafında önəmli əhəmiyyət daşıyan elektrik enerjisi ilə təminat problemin həllinin yalnız bir qismi sayılırdı. Dağılıb sıradan çıxan, müasir tələblərə cavab verməyən yol infrastrukturunun yenilənməsi də qarşıda duran çətin vəzifələrdən idi. Lakin təxirə salına bilməzdi. Bütün imkanlar səfərbərliyə alınaraq qızğın fəaliyyətə başlanıldı. Artıq son 15 ildə 15 min kilometrə qədər avtomobil yolu çəkilmiş, 443 körpü tikilmişdir.

Hava yollarının “çəkilişi” də sürətlə davam etmişdir. Respublikanın şəhərlərində altısı beynəlxalq olmaqla yeddi aeroport tikilmişdir.

Yeni sənaye məhəllələrinin salınması və aqroparkların inşası da ən çox investisiyatutumlu layihələrdəndir . Ancaq belə obyektlərlə eyni zamanda bir sıra problemi çözmək mümkündür: işsizliyin aradan qaldırılmasını, sahibkarlığın inkişafına dövlət dəstəyinin təminini, yerli məhsul istehsalının təşviqini, ölkədən valyuta axınının qarşısının alınmasını və s. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 6 müəssisə fəaliyyət göstərir. Balaxanı Sənaye Parkı fəaliyyətini genişləndirməkdədir. Neftçalada da yeni Sənaye Parkı istifadəyə verilmişdir. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları istehsalı üzrə 9 fabrikin yaradılması nəzərdə tutulub. Qaradağ Sənaye Parkındakı Bakı Gəmiqayırma Zavodunda indiyədək onlarla gəmi hazırlanmış, 100-ə yaxını isə təmir edilmişdir. Pirallahı Sənaye Parkında təməli qoyulan 2 dərman zavodu tezliklə istifadəyə veriləcəkdir. Masallı, Hacıqabul və Sabirabad Sənaye məhəllələrinin təşkili işləri də sürətlə davam edir.

Gerçəkləşdirilən layihələr həm də dövlətimizin iqtisadi imkanlarının göstəricisidir. On beş il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da yarısı daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə respublikamız dünya miqyasında liderlər cərgəsindədir.

 

Xalqın rifahının yüksəldilməsi əsas hədəflərdəndir

 

Hər bir dövlət öz vətəndaşının rifah halını yüksəltməyə çalışır.

Bunu bacarmayan dövlətdə sabitlik və əmin-amanlıq olmaz!

Adətən xalqın güzəranının ilbəil yaxşılaşdırılması üçün xüsusi siyasi xətt hazırlanır, həmin xəttə uyğun olaraq ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Xalq onu daha yaxşı yaşadan iqtidardan daim razı qalır, hər dəfə seçkilərdə onun namizədinə səs verməklə növbəti dövrdə özünün və dövlətinin taleyini etibar edir.

Xalqın yaşayış səviyyəsini müəyyən etməyin müxtəlif üsulları var. Orta əməkhaqqının məbləğindən tutmuş real gəlirlərinə, bankdakı əmanətlərinə və digər parametrlərə görə. Bunların içərisində ən əsası ikisidir: gözlə aydın görünəni və dövlətin mərhələlərlə həyata keçirilən proqramları, habelə ardıcıllıqla görülən işlərdə ifadəsini tapanları!

Cənab İlham Əliyev öz fəaliyyəti üçün müəyyən etdiyi prinsipi Azərbaycana rəhbərliyinin bütün dövrlərinə şamil edir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır”.

Azərbaycan vətəndaşları da bunu daim hiss edirlər.

Əvvəlcə gözlə görünənlər: müstəqil Azərbaycanın vətəndaşları gümrahdırlar, gülərüzdürlər. Müasir dəbdə zövqlə geyinir, pal-paltar sarıdan korluq çəkmirlər. Bir çox ailələrin bir yox, bir neçə minik avtomobili, bağ evi vardır. Ölkə paytaxtından çıxıb respublikanın hansı istiqamətinə üz tutsan, ta sərhədə qədər yol boyu yaşayış məntəqələrinin dəyişdiyini, saysız-hesabsız yeni evlər tikildiyinin şahidi olursan. Evlərin qazı, suyu, işığı, hər şəraiti vardır. Əyalət şəhərlərində yaşayanlar heç bir parametrə görə paytaxt sakinlərindən geri qalmırlar!

İndi isə görünənləri rəqəmlərin dili ilə ifadə edək: Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı icra olunur. Hətta ən ucqar rayonların belə fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı və kanalizasiya problemi həll edilib. İşsizlik və yoxsulluq 49 faizdən 5 faizə endirilib. Son 15 il ərzində maaşlar beş dəfədən, pensiyalar isə səkkiz dəfədən çox artıb, bir çox sosial layihələr həyata keçirilib. 43 olimpiya idman kompleksi, 642 tibb müəssisəsi, 3.100-dən çox məktəb tikilib. İqtisadiyyata 231 milyard dollar sərmayə qoyulub, ölkənin valyuta ehtiyatları 24 dəfə artaraq 44 milyard dollara çatıb. Sahibkarlara güzəştlə 2 milyard manatdan çox kredit verilib, 1,9 milyon iş yeri yaradılıb ki, onun da 1,4 milyonu daimidir. 265 min nəfər dövlət hesabına mənzillə təmin edilib. Azərbaycan brendi sayılan “ASAN xidmət”in yaradılması və geniş şəbəkə halını alması ölkə vətəndaşlarının işini xeyli asanlaşdırıb!

Azərbaycanın fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu ölkəmizin rəqabət qabiliyyətinə dünya reytinqində 35-ci yeri verib. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir. Bizdən əvvəl yalnız 30 inkişaf etmiş ölkə və 2 inkişaf etməkdə olan ölkə var.

Bütün bu geniş və əhatəli dəyişiklikləri, yenilikləri hər bir Azərbaycan ailəsi, hər bir azərbaycanlı öz gündəlik həyatında daim hiss edir!

Bütün bu uğur və nailiyyətlər dünyanın müxtəlif nüfuzlu qurumlarının hesabatlarında öz əksini tapır, müstəqil Azərbaycan daim öz adını siyahıların önündə yazdırmaqla MDB-dəki liderliyini qoruyub saxlayır!

Budur cənab İlham Əliyevin xalqa xidmət nümunəsi!

Budur cənab İlham Əliyevin xalqın sevimli lideri kimi vətəndaşların həyat şəraitinin yüksəldilməsi və dövlətin daim inkişafı naminə gördüyü işlərin real nəticələri!

 

Azərbaycan dünyaya günəş kimi doğur

 

Ulu öndər Heydər Əliyevin çox böyük müdriklik və uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” sözü öz təsdiqini tapmaqdadır! Qırmızı imperiya dağılarkən SSRİ-yə daxil olan müttəfiq respublikalar müstəqil dövlət quruculuğu prosesinə eyni start nöqtəsindən başladılar. Əslində Azərbaycan daha çətin şəraitdə idi. 20 Yanvar faciəsini yaşayan xalqımız separatizmlə üzləşdi. Müvafiq silah və dəstək alan Ermənistan lap qədimlərdən həmin torpaqların aborigen əhalisi sayılan azərbaycanlıları dədə-baba torpaqlarından vəhşilik və zorakılıqlarla qovub çıxarmağa başlamışdı. Bu məqsədlə Azərbaycan ərazisinə də “saqqallı yaraqlılar” göndərərək Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərindən dinc əhalini qovub çıxarırdılar. SSRİ “KQB”-sinin təşkilatçılığı ilə Sumqayıt hadisələri törədildi, onun nəticələri əsasında Azərbaycan əleyhinə böhtan kampaniyasına başlanıldı. Bir qədər sonra Xocalı soyqırımı baş verdi və beləliklə, sovet ordusunun iştirakı ilə Azərbaycan torpaqlarının işğalı prosesi sürətləndirildi. Həmin dövrdə hakimiyyət uğrunda gedən aramsız mübarizə, sonra parlament çevrilişi yolu ilə AXC-Müsavat cütlüyünün iqtidara gəlməsi və səriştəsiz idarəetmə ölkəni xaos və anarxiya bataqlığına sürüklədi, torpaqların müdafiəsi lazımınca təşkil edilmədi. Nəticədə Azərbaycan bir dövlət kimi məhvolma həddinə çatdı. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev qısa müddətdə gördüyü tədbirlər nəticəsində dövləti məhvolmadan xilas edərək müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirdi.

Onun qoyduğu möhkəm təməl, hazırladığı siyasi kurs bu gün də Azərbaycanın yüksəlişinə təkan verir. Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək xalqımızı yeni qələbələrə aparır.

Bu il dövlət başçısının sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdur. Prezidentimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi üçün müvafiq sənəd imzalamışdır. Yüz ilin təxminən iki ili - 23 ayı Xalq Cümhuriyyəti dövrünə düşür. Sonra Şimaldan gələn qırmızı taun müstəqilliyimizə son qoydu. Yalnız 71 ildən sonra xalqımız yenidən əbədi arzusunu gerçəkləşdirə bildi. 1991-ci ilin 18 oktyabrında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Əslində bu, deklarativ müstəqillik idi və bəzi maraqlı dövlətlər Azərbaycanın azad və suveren yaşamasını qəbul etmək istəmirdilər. Ölkəmizin əvvəlki kimi xanlıqlara parçalanması prosesinə də start verilmişdi. Lakin ümummilli lider Heydər Əliyev antiazərbaycançı şəbəkənin bütün planlarını və istəklərini puça çıxardı, xalqın böyük hörmət və məhəbbətlə “Heydər Əliyev siyasi kursu” adlandırdığı inkişaf strategiyasını müəyyənləşdirərək ən layiqli siyasi varisini yetişdirib özü əbədiyyətə qovuşdu.

Cənab İlham Əliyev müstəqil Azərbaycanın inkişafının yeni mərhələsinin yaradıcısıdır. Bu mərhələdə Azərbaycan dünyaya sıx inteqrasiya edib, 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü olub, Cənubi Qafqazın ən güclü dövlətinə, söz sahibinə, regional dövlətə çevrilib.

Bu gün Azərbaycan müasir imici ilə dünyaya çıxan və dünyada tanınan ölkədir. Avropanın enerji ilə təminatında etibarlı tərəfdaş, terrorizmə qarşı mübarizənin ön sıralarında gedən dövlətdir. Gördüyü işlər, keçirdiyi tədbirlərlə dünyada sülhün və əməkdaşlığın, sabitliyin davamlılığına və möhkəmlənməsinə daim yeni-yeni töhfələr verir. Azərbaycan ən sanballı beynəlxalq məclislərin və görüşlərin keçirildiyi məkandır, ən yüksəksəviyyəli idman yarışlarının təşkilatçısıdır, sivilizasiyalar arasında münasibətlərin sülh məcrasına yönəldilməsində canlı körpü rolunu oynamaqdadır.

Azərbaycan bütün sahələrdə mehribanlığın, əməkdaşlığın və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin yaranmasına öz əməli və nümunəsi ilə daim yardım göstərir.

Bütün bunlara görə isə qısa müddətdə dünyada böyük nüfuz qazanıb, hamının hörmətlə yanaşdığı dövlətə çevrilib.

Bütün bunlara cənab İlham Əliyevin düşünülmüş, müdrik və uzaqgörən siyasəti və əməli fəaliyyəti nəticəsində nail olunub.

Dünyanın ehtiram göstərdiyi, Azərbaycan xalqının sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lideri kimi tanıdığı, qəbul etdiyi, etimad və etibar ünvanı saydığı möhtərəm İlham Əliyev!

Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2018.-17 aprel.- S.1; 9.