Astan Şahverdiyev
Azərbaycan ictimaiyyətinə və elminə ağır itki üz vermişdir. Milli Məclisin deputatı, tanınmış ictimai xadim və texnika elmləri doktoru, professor Astan Şahverdiyev aprelin 15-də ömrünün 72-ci ilində vəfat etmişdir.
Astan Şahverdiyev 1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində təhsil almış, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1976-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirmişdir.
Astan Şahverdiyev elmə böyük maraq göstərmiş, 1981-ci ildə istilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini, 1994-cü ildə isə professor elmi adını almışdır. Astan Şahverdiyev 1995-ci ildə Nyu York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, dünyanın aparıcı jurnallarında elmi məqalələrlə çıxış etmişdir. O, 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Texniki Universitetinin “İstilik və soyuqluq texnikası” kafedrasının müdiri olmuşdur. 300-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 2 ixtiranın, 1 patentin və 10 dərslik və dərs vəsaitinin müəllifidir.
Astan Şahverdiyev yeni istedadlı gənc alimlərin yetişməsinə öz layiqli töhfəsini vermişdir. Tanınmış alim 1998-2003-cü illərdə BMT-nin Ətraf mühit və inkişaf proqramının Azərbaycan ofisində koordinator olmuş, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. O, “İstilik və soyuqluq texnikası” kafedrasının nəzdində “Alternativ və bərpa olunan enerji mənbələri” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri idi.
Astan Şahverdiyev Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, seçicilərin etimadını qazanaraq müstəqil Azərbaycanın Üçüncü, Dördüncü və Beşinci çağırış Milli Məclisinin deputatı seçilmişdir. O, parlamentin qanun yaradıcılığı işində, ölkəmizdə həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsində, qanunverici orqanın beynəlxalq əlaqələrinin inkişafında yaxından iştirak etmiş, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.
Tanınmış alim və ictimai xadim Astan Şahverdiyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Oqtay Əsədov, Ziyafət
Əsgərov, Bahar Muradova,
Valeh Ələsgərov, Səfa Mirzəyev,
Əli Hüseynli, Ziyad
Səmədzadə, Eldar İbrahimov,
Hadi Rəcəbli, Əhliman
Əmiraslanov, Aqiyə Naxçıvanlı, Fuad
Muradov, Siyavuş Novruzov, Arif Rəhimzadə,
İsa Həbibbəyli, Rafael
Hüseynov, Səməd Seyidov,
Fəttah Heydərov, Ağacan Abıyev
Azərbaycan.- 2018.- 17 aprel.-
S.9.