İKT-nin inkişafı istiqamətində görülən tədbirlər rəqəmsal transformasiya proseslərinin reallaşmasını şərtləndirir

 

İnformasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin və dövlətin davamlı inkişafında, yeni hədəflərə doğru irəliləməsində rolu mühümdür və İKT-nin inkişafında yeni, daha yüksək mərhələlərə keçid bu gün dünya üzrə dayanıqlı inkişafın təminində əsas hədəflərdən biridir. Davamlı və dayanıqlı inkişafa çatmaq, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid, elektron xidmətlərin inkişafı kimi məsələlərə ölkəmizdə də mühüm əhəmiyyət verilir və bütün bu qeyd edilənlər ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Hazırda bu istiqamətdə ölkəmizdə də mühüm tədbirlər reallaşdırılır.

İnformasiya və kommunikasiya texnologiyaları sahəsinin davamlı inkişafı istiqamətində son illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş bir çox dövlət proqramları ( “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və s.) və digər normativ hüquqi aktlar bu sahənin dayanıqlı inkişafında müstəsna rol oynayır və rəqəmsal transformasiya proseslərinin sürətli bir şəkildə reallaşmasını şərtləndirir.

Hazırda müasir tendensiyalara cavab vermək iqtidarında olan texnoloji sistemin qurulması, rəqəmsal transformasiyanın tam sürətlə həyata keçirilməsi heç də asan deyil. Bu, həm müvafiq texnologiyaların tətbiqini, həm də sərmayə yatırımını tələb edir. Həmçinin mühüm məqamlardan biri də ilk növbədə texnoloji təməlin - sabit infrastruktur şəbəkəsinin (fixedinfrastrukturenetwork) bazanın olmasıdır. Belə bir təməl olmadan texnoloji inkişaf mümkün deyil. Müxtəlif inkişaf etmiş ölkələrdə müşahidə olunan texnoloji inkişafın da əsasında məhz sağlam və keyfiyyətli baza dayanır. Digər məqamlardan biri də texnoloji təməlin, yəni bazanın müasir standartlara cavab vermək imkanına malik olması, düzgün qurulması və onun üzərində innovativ texnoloji platformaların yüksəldilməsidir.

Hazırda dünya miqyasında istər mobil biznes, Fixed Broadband Business (sabit genişzolaqlı biznes), istərsə də MFS (Mobile Financial Services - mobil maliyyə xidmətləri), FinTech (Maliyyə texnologiyaları) və ya IoT kimi platformalar üzrə sistemlər sabit texnoloji baza və infrastruktur olmadan çalışa bilməz. Məsələn, keyfiyyətli İPTV və ya OTT xidməti üçün sürətli internet və proqram təminatı, MFS üçün mobil telefon üzərindən maliyyə ödəmələrinə imkan verən infrastruktur və hüquqi nizamlama mexanizmlərinin olması vacibdir. Həmçinin də FMC (Fixed Mobile Convergence - sabit mobil konvergensiya) sisteminin işləməsi üçün sabit xətt biznesi ilə mobil biznesin konvergensiyası - yəni fəaliyyət nöqtələrinin birləşməsi istiqamətində tam bir infrastruktur olmalıdır. Əks halda bu, biznes üçün böyük itkilərə gətirib çıxara bilər. Eləcə də M2M (Maşınlararası əlaqə - MachinetoMachine), BigData kimi texnoloji istiqamətlərdə də bu amil mühüm əhəmiyyət kəsb edir.

Bu gün mobil operatorların güclü sabit infrastruktur şəbəkənin üzərindən sürətli xidmətlər təqdim etməsi günün tələbidir. Hazırda bütün dünya üzrə mobil operatorlar özlərinin yeni inkişaf mərhələsinə qədəm qoyur, gələcək biznesin artıq səsli rabitə deyil, data xidmətləri və məzmun (kontent) əsasında inkişaf edəcəyini yaxşı anlayırlar. Mobil və sabit xətt biznesinin konvergensiyası şəraitində dünya üzrə telekommunikasiya operatorları tərəfindən təqdim edilən “triple play” (3 xidmət - mobil rabitə, televiziya, internet xidməti) və ya “quadruple play” (4 xidmət - mobil rabitə, televiziya, sabit (fix) xətt telefon xidməti və internet) xidmətlərinin sürətli və qüsursuz şəkildə çalışması üçün də ilk növbədə sabit bazanın güclü və dayanıqlı olması lazımdır.

 

5G şəbəkəsi 2025-ci ilə qədər dünya əhalisinin 1/3 hissəsini əhatə edəcək

 

Hazırda dünya miqyasında yeni inkişaf istiqaməti olan 5G texnologiyasının tətbiqi ilə bağlı da mobil operatorların ilk növbədə bu sistemə hazır olması, sabit (fixed) şəbəkəni düzgün şəkildə qurması lazımdır ki, bu da yeni sərmayə yatırımı və əməliyyat xərclərini qaçılmaz edir. Qarşıdakı dövrdə mobil operatorların 4G sistemindən 4.5G Pro sisteminə, daha sonra isə 5G sisteminə keçidi ilə bağlı sabit infrastruktur daha da güclənməli, innovativ texnoloji istiqamətlərdə həm dövlət, həm də özəl sektorun sərmayə yatırımı ilə bağlı işlər aparılmalıdır. Bu gün dünya miqyasında 5G texnologiyası test rejimindədir və yaxın müddətdə bu sistemin tətbiqi planlaşdırılır. Mobil operatorlar bu texnologiyanın onlara yeni imkanlar açacağını dərk edirlər. Onlar həm də bunun tətbiqi üçün sabit infrastruktura olan yatırımlarının da həcminin artacağını anlayırlar. Eyni zamanda operatorlar istifadəçilərin artan tələbləri fonunda mövcud 4G sistemini də təkmilləşdirirlər. Mobil Operatorların Assosiasiyası olan GSMA təşkilatının “Mobil İqtisadiyyat 2017” adlı hesabatına əsasən, 5G istiqamətində bir çox ölkələr tezliklə kommersiya buraxılışını həyata keçirəcəklər. Belə ki, Cənubi Koreyanın KT (Korea Telekom) korporasiyası 5G kommersiya buraxılışını 2019-cu ildə reallaşdıracaq. Yaponiyanın “NTT DoCoMo” şirkəti bu xidməti 2020-ci ildə istifadəyə verəcək. Çin Xalq Respublikasının “China Mobile” şirkəti 10 min 5G stansiyasını 2020-ci ilə qurmağı planlaşdırır. Avropa ölkələrində ən azı bir şəhərdə 2020-ci ildə bu xidmətin istifadəsi planlaşdırılır. Yaxın Şərqdə isə “Etisalat” şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Expo 2020” üçün ümummilli miqyasda 5G-ni buraxmağı nəzərdə tutur. Təşkilatın hesabatına əsasən, 5G şəbəkəsi 2025-ci ilə qədər dünya əhalisinin 1/3 hissəsini əhatə edəcək.

“Deloitte” şirkəti də 2023-cü ilə qədər 5G sisteminin bir çox inkişaf etmiş bazarlarda tətbiqini qeyd edir. Şirkət “Texnologiya, Media və Telekommunikasiya proqnozları 2018” adlı hesabatında bildirir ki, 5G daha yüksək sürət və qoşulma imkanları təklif edəcək.

Ümumilikdə beynəlxalq təşkilatlar operatorların gələcəkdə infrastruktur xərclərinin artacağını qeyd edirlər. IDC (International Data Corporation - Beynəlxalq Data Korporasiyası) təşkilatının proqnozlarına görə, 2021-ci ilə qədər bulud xidmətlərə və infrastruktura, avadanlıq, proqram təminatı və bulud hesablamaları üçün dünya üzrə xərclər ikiqat artacaq və 530 milyard dollara çatacaq.

 

Yerli şirkətlər düzgün texnoloji bazanın qurulmasına xüsusi diqqət yetirməlidirlər

 

Qeyd olunan məsələlər bu gün Azərbaycan üçün də aktuallıq kəsb edir. Hazırda ölkəmizdə İKT sahəsində yeni istiqamətlər formalaşmaqdadır. 10 il öncə reallaşması çətin görünən texnoloji layihələr bu gün uğurla icra olunur. Dövlət tərəfindən İKT sahəsinin inkişafına mühüm diqqətin yetirilməsi, bu sahənin dayanıqlı inkişafı üçün ölkə Prezidenti tərəfindən müvafiq sərəncam və fərmanların imzalanması bunun bariz nümunəsidir. Həmçinin son dövrlər ərzində müasir standartlara cavab verə bilən Data mərkəzlərin təsis edilməsi, operatorlar tərəfindən mobil maliyyə texnologiyaları istiqamətində ilk addımların atılması, internetə qoşulan əşyaların sayının gündən-günə artması və beləliklə də IoT (Əşyaların interneti - Internet of Things) və M2M istiqamətlərinin inkişafı da bunu göstərir. Qeyd etmək lazımdır ki, bir müddətdən sonra ölkəmizdə mobil maliyyə xidmətlərinin inkişafında yeni mərhələ açılacaq. Mobil operatorlar artıq səs, əlavə dəyər yaradan xidmətlər, internet rabitəsi ilə yanaşı mobil ödəmələr bazarına daxil olacaqlar. Bu, rəqəmsal ödənişlər sistemində yeni imkanlar yaradacaq ki, bunun üçün də müasir standartlara cavab verən texnologiyaların tətbiqi, sabit texnoloji bazanın qurulması və ya yenilənməsi indidən aktuallıq kəsb edir.

Hazırda ölkəmizin telekom sahəsinin iştirakçıları olan özəl sektorun nümayəndələri də innovativ texnologiyaların tətbiqi üçün texnoloji təməlin inkişafı məsələsinə xüsusi diqqət yetirməli, bu sabit bazanın inkişafı və yenilənməsinə sərmayə yatırmalıdırlar, çünki bir qayda olaraq məhz keyfiyyətli və sağlam sabit texnoloji baza gələcəkdə əlavə xərclərin çəkilməsinin qarşısını əhəmiyyətli şəkildə alır. Eyni zamanda müxtəlif şirkətlərin - telekommunikasiya operatorlarının təşəbbüslərlə çıxış etməsi, yeni texnoloji istiqamətlərə sərmayə yatırması İKT sektorunun dayanıqlı inkişafını da təmin edər və informasiya cəmiyyətinə keçid prosesini daha da sürətləndirər.

İndiki şəraitdə mobil cihazlar üzərindən əməliyyatların sayının artması, mobil telefonun artıq şəxsiyyətin identifikasiyası vasitəsinə çevrilməsi, elektron xidmətlərdə istifadəsi hər ötən gün texnoloji transformasiyanı, elektron hökumətin inkişafı və yeni istiqamət olan mobil hökumət konsepsiyasının daha da aktuallaşmasını şərtləndirir ki, bu da məhz sağlam baza üzərində uğurla həyata keçirilə bilər. Yeri gəlmişkən onu da bildirək ki, rəqəmsal ödənişlərin genişləndirilməsi, mobil hökumətə keçid məsələsi Prezident İlham Əliyev tərəfindən 2016-cı il 6 dekabr tarixli fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə də qeyd olunur. Burada “Elektron hökumət”in növbəti inkişaf mərhələsi olan “mobil hökumət” (mGov) konsepsiyasının hazırlanması məsələsi əks olunur. Ümumilikdə Strateji Yol Xəritəsində qeyd olunur ki, informasiya və kommunikasiya sektoru üzrə 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış uzunmüddətli perspektivdə İKT sahəsində regionda lider ölkəyə çevrilmək, güclü potensialı olan İKT sənayesi, cəmiyyətin artan tələbatını təmin edən telekommunikasiya infrastrukturu yaratmaq, sabit və mobil genişzolaqlı şəbəkə vasitələrinin əhatə dairəsini 95 faizə çatdırmaq, təhsil sistemində texnologiyayönümlü strukturlaşmanın, o cümlədən rəqəmsal iqtisadiyyatın daha da inkişafına şərait yaratmaq, ölkədə bank, maliyyə, təhsil, tibb və s. sosial sahələrdə artıma təkan vermək və elektron xidmətlərin daha geniş tətbiqinə nail olmaqdır.

Həmçinin qəbul olunan ən müxtəlif sənədlərdə elektron hökumətin inkişafı, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmətlərin göstərilməsi üçün dövlət xidmətlərinin tam elektronlaşdırılması və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruriliyi də hər zaman qeyd olunur. Elə Prezident İlham Əliyev tərəfindən 14 mart 2018-ci il tarixində qəbul edilmiş “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanda da bu məsələlərə toxunulub və fərmanla idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Göründüyü kimi, ölkəmizdə elektron hökumətin inkişafı, rəqəmsal hökumətə keçid, texnoloji transformasiya, informasiya və kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında payının artırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir ki, bütün bu tədbirlər ölkəmizin dünya miqyasında öncül yerə çıxmasına və innovasiyaların cəmiyyətin ən müxtəlif sahələrində tətbiqinə, biliklərə əsaslanan bir iqtisadiyyatın qurulmasına, eləcə də müasir və gələcək çağırışlara adekvat cavab verməyə imkan yaradacaq.

 

Fuad ALLAHVERDIYEV,

“AzerTelecom” MMC-nin Baş icraçı direktoru

 

Azərbaycan.- 2018.- 18 aprel.- S.6.