İlham Əliyevin Azərbaycana layiqlı xidmət missiyasının yeni mərhələsi
başlayır
Prezident Vətənə, xalqa və dövlətə sədaqət andı
içdi
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin andiçmə
mərasimində nitqi
-Hörmətli xanımlar və cənablar.
İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm.
Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.
Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.
Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da inkişafımız üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir.
Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir.
Deyə bilərəm ki, son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur və prezident seçkiləri kampaniyası bunu bir daha göstərir. Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və buna böyük dərəcədə nail ola bilmişik. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm.
O ki qaldı, antimilli qruplaşmaya,
onlar tam marginallaşıb. Bu seçkilər
bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində
yeri yoxdur. Onların yerini Azərbaycan
xalqı çoxdan müəyyən edib, bu da tarixin
zibilxanasıdır. Xarici qrant, ianə
hesabına fəaliyyət göstərən, öz dövlətinə
qarşı çıxış edən, bir çox hallarda
milli satqınlıq nümayiş etdirən ünsürlərə
Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən
sonra onların təşkil etdikləri yığıncaqlar
bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt
imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda
hansısa mövqeyə sahib olsun. Biz bundan
sonra da demokratik inkişafla bağlı səylərimizi
artıracağıq, gələcək fəaliyyətimizdə
də bu istiqamət önəmli yer tutacaqdır.
Azərbaycan bu 15 il
ərzində uğurla inkişaf edib. Azərbaycan
xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz
üçün milli ideologiyamız əsas rol oynayır.
Azərbaycançılıq məfkurəsi Azərbaycanda
tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında
birləşib və ölkəmiz çox uğurla
inkişaf edir. Azərbaycanda dinlərarası,
millətlərarası münasibətlər nümunəvi
xarakter daşıyır. Azərbaycanda
bütün xalqların, dinlərin nümayəndələri
bir ailə kimi mehribanlıq şəraitində yaşayır
və bundan sonra da yaşayacaqdır. Bizim
siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə
atılacaq addımları da şərtləndirəcək.
Azərbaycan ölkə daxilində
dinlərarası, millətlərarası münasibətlərin
tənzimlənməsində çox böyük uğurlara
nail olub və biz son 15 il ərzində bunu
dünyaya nümayiş etdirmişik. Təkcə
ona görə yox ki, özümüzü göstərək,
ona görə ki, dünyada da müsbət meyillər
üstünlük təşkil etsin. Əfsuslar olsun ki,
son 15 il ərzində dünyada bu istiqamətdə
çox təhlükəli proseslər cərəyan edib. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik
artıq bəzi ölkələrdə dövlət siyasətinə
çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə
mənfi münasibət göstərilir. Ona
görə biz çalışmışıq və bundan
sonra da çalışacağıq ki, öz nümunəmizi
göstərərək sübut edək ki, multikulturalizm
yaşayır və yaşamalıdır. Eyni
zamanda, biz öz milli mənəvi dəyərlərimizə
sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki,
2016-cı və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və
“İslam Həmrəyliyi” illəri elan olunmuşdur.
Azərbaycan son 15 il
ərzində beynəlxalq aləmdə böyük
uğurlara imza atdı. Bizim dünyadakı
mövqelərimiz möhkəmlənir, Azərbaycan çox
müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir.
Bizə qarşı dünya birliyi tərəfindən
böyük rəğbət, dəstək var, biz bunu hiss
edirik və əldə edilmiş nəticələr, qəbul
edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi
bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz olubdur. Bu,
gənc müstəqil dövlət üçün çox
böyük nailiyyətdir və bu, onu göstərir ki,
dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir.
Biz son 15 il ərzində
qonşu dövlətlərlə daha da sıx münasibətlər
qura bildik. Deyə bilərəm ki, ikitərəfli
münasibətlərimiz indi ən yüksək səviyyədədir,
qonşu dövlətlərlə bizim heç bir problemimiz
yoxdur, bütün məsələlər konstruktiv şəkildə
öz həllini tapır və ikitərəfli əməkdaşlıq
çoxtərəfli əməkdaşlığa şərait
yaradır. Çoxtərəfli əməkdaşlıq
da Azərbaycanın təşəbbüsü ilə baş
verir. Bizim təşəbbüsümüzlə
dörd qonşu ölkə ilə dörd çoxtərəfli
əməkdaşlıq formatı yaradılıbdır və
bu, işlək formatlardır. Biz bu
üçtərəfli və dördtərəfli
görüşlərdə çox önəmli məsələləri
müzakirə edirik, həll edirik. Məsələlərin
həlli bütün qonşu ölkələr, o cümlədən
Azərbaycan üçün böyük fayda verir, eyni
zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə,
təhlükəsizliyə də öz müsbət təsirini
göstərir.
Biz son 15 il ərzində
beynəlxalq təşkilatlar çərçivəsində
çox fəal iştirak etmişik, bundan sonra da fəal
iştirak edəcəyik. Beynəlxalq təşkilatlar
Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı bizim ədalətli
mövqeyimizi dəstəkləyir. Təkcə onu demək
kifayətdir ki, son 15 il ərzində bir
çox ən mötəbər beynəlxalq təşkilatlar
münaqişə ilə bağlı bizim təklifimizi qəbul
edərək çox önəmli qətnamələr qəbul
etmişlər. Orada göstərilir ki,
münaqişə ölkəmizin ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. BMT-nin Baş Assambleyası,
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, Avropa Şurası Parlament Assambleyası,
Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı,
GUAM və digər təşkilatlar münaqişə ilə
bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr
qəbul etmişdir. Ondan əvvəlki dövrdə
isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr
qəbul etmişdir ki, bu, münaqişənin həlli
üçün hüquqi baza yaradır.
Biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində beynəlxalq təşkilatların dəstəyini
tam qazana bilmişik, Ermənistanın işğalçı
siyasətini ifşa etmişik. Nail ola
bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən
təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik
Şurasının qətnamələri münaqişənin
həlli üçün əsas bazadır, hüquqi
bazadır. Dünyaya bir daha sübut edə
bilmişik ki, biz haqlıyıq. Baxmayaraq
ki, bizə qarşı kampaniyalar aparılır, erməni
lobbi təşkilatları bizə qarşı kampaniyalar
aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların
qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik.
Qondarma “Dağlıq Qarabağ”ı heç kim
tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma “referendum”u bizim qonşu
ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər.
Dağlıq Qarabağ Azərbaycanın
tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik.
Biz son 15 il ərzində münaqişə
ilə bağlı həqiqətləri dünya birliyinə
çatdıra bilmişik, kitablar yazıldı, xəritələr,
qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər
keçirildi. Ondan çox ölkə Xocalı
qətliamını soyqırımı kimi tanıdı.
Bizim diplomatik və siyasi uğurlarımız
öz nəticəsini verməkdədir.
Bu gün Ermənistan dalan
ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz
nəticəsində Ermənistanı bütün regional layihələrdən
təcrid etmişik və bu siyasət öz nəticələrini
verməkdədir. Biz bundan sonra da bu siyasəti
davam etdirəcəyik və əminəm ki, istədiyimizə
nail olacağıq. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi yalnız və
yalnız ölkəmizin ərazi bütövlüyü
çərçivəsində öz həllini
tapmalıdır. Bunun başqa yolu yoxdur.
Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə
ikinci qondarma erməni dövləti yaradılsın.
Onu da biz dünya birliyinə,
ictimaiyyətinə çatdırırıq ki, nəinki
Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi
torpaqlarımızdır. Təkcə sözlə
yox, biz sübutlarla dünya birliyinə bunu
çatdırırıq. Elmi əsərlər
yazılır, arxivlər qaldırılır, tarixi kitablar
yazılır. Bunu sübut edən kifayət
qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində
İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar
təşkil edirdi. Biz bir neçə
deportasiyaya məruz qalmışıq. Bütün
bunları biz çatdırmalıyıq,
çatdırırıq və bu, öz səmərəsini
verməkdədir.
Bizim Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən
dəstəklənir. Biz bu siyasətdən
dönməyəcəyik, bundan sonrakı illərdə də
işğalçını bütün işlərdən,
regional işlərdən təcrid edəcəyik, onları
ifşa edəcəyik. Gələcək
illərdə isə bizim gücümüz daha da artacaq.
Çünki bu gün reallaşan böyük
təşəbbüslər, layihələr bizim
gücümüzü daha da artıracaqdır.
Eyni zamanda, biz yaxşı
bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən
proseslər göstərir ki, bir çox hallarda beynəlxalq
hüquq normaları işləmir. Kim güclüdür,
o da haqlıdır. Biz bunu dəfələrlə
görmüşük, bu gün də görürük.
Demək olar ki, son 15 il ərzində beynəlxalq
davranış qaydaları dəyişdi, beynəlxalq hüquq
normaları arxa plana keçdi. Güc amili daha
önəm qazandı. Bu, reallıqdır.
Biz real həyatda yaşayırıq və
reallıqla hesablaşmalıyıq.
Bu reallıq bir də onu
göstərir ki, bizim ordu quruculuğu ilə bağlı
apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin
əvvəlində böyük işlər
görüldü. Son 15 il ərzində
ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə
görə bu məsələlərə bu qədər vəsait
xərcləyirsiniz. Ancaq həyat göstərdi
ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında
güclü ordular sırasındadır. Təchizat,
silah-sursat, texnika, döyüş qabiliyyəti
baxımından ordumuz güclü ordular
sırasındadır. Ordumuz
üçün nə lazımdırsa, biz onu da təmin
edirik. Ən müasir silahlar alınır
və bundan sonra da alınacaq.
Ordumuzun gücünü
düşmən də gördü. Aprel döyüşləri
bizim şanlı tariximizdir, böyük qələbəmizdir.
Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarının torpaqlarının bir hissəsini
işğalçılardan azad etdi, minlərlə hektar
torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat
qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı
dalğalanır, insanlar qayıdır, yeni qəsəbə
salınıbdır. Bizim hərbi qələbəmiz
Azərbaycan xalqının gücünü, yenilməz ruhunu
göstərir. Onu göstərir ki, Azərbaycan
xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz
torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da
güclü olmalıyıq və olacağıq.
Cocuq Mərcanlı qəsəbəsi
bizim dirçəliş rəmzimizə çevrilibdir. Cocuq Mərcanlıya
qayıdan həyat hər bir Azərbaycan vətəndaşını
ürəkdən sevindirir, onu qürurlandırır. Ermənilər, vandallar, Ermənistan rəhbərliyi
bizim tarixi abidələrimizə də soyqırımı
törədib, məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz
dağılmış məscidləri qəlbimizdə
yaşadırıq. Biz
dağılmış məscidləri qəlbimizdə
ucaltmışıq. Torpaqlar işğaldan azad olunandan
sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq
Mərcanlıya gətirdik, orada tikdik. Bu gün
bu torpaqlarda bizim insanlarımız ibadət edə bilirlər.
Bu, bir daha onu göstərir ki, biz heç vaxt
işğalla barışmayacağıq.
Biz köçkünlərlə
bağlı olan məsələləri də uğurla həll
edirik. Yüzə yaxın qəsəbə salınıb,
280-290 min köçkün soydaşımız yeni evlərlə,
mənzillərlə təmin edilibdir. Biz
bundan sonra da onlara dəstək göstərəcəyik.
Köçkünlərin məişət
problemləri, onların məşğulluğu daim diqqət
mərkəzindədir. Gələcəkdə
də bu istiqamətdə addımlar atılacaqdır.
Ümumiyyətlə, deyə bilərəm
ki, son 15 il ərzində biz sosial məsələlərin
həllinə çox böyük diqqət göstərmişik.
Bunu rəqəmlər də təsdiqləyir.
Maaşlar təxminən 7 dəfə, pensiyalar
10 dəfədən çox artıb. Sosial
infrastruktur yaradılır. 3100-dən
çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana tikilib və təmir
edilib. Bölgələrdə 43 Olimpiya
İdman Mərkəzi yaradılıb. Yəni,
sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə
bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm
ki, gələcək fəaliyyətimdə də Azərbaycan
vətəndaşının maraqları, onun rifahı daim
diqqət mərkəzində olacaqdır.
Nəzərə alsaq ki,
növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq,
islahatları dərinləşdirəcəyik, əminəm
ki, vətəndaşlarımızın yaşayış səviyyəsi
daha da yaxşılaşacaqdır. Yoxsulluğa
qarşı mübarizədə Azərbaycan böyük
uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə
məşğul olan bütün beynəlxalq təşkilatlar
bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən
50 faizdən 5,4 faizə
düşübdür. İşsizliklə
bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir.
Son 15 il ərzində əhalinin sayı 1,5
milyon nəfər artıb. Ancaq iş yerləri də təxminən
o səviyyədə artıbdır. Mən bunu
bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimizdə
biz bu amili daim diqqətdə saxlayacağıq.
Çünki bizdə mövcud olan müsbət demoqrafik
dinamika tələb edir ki, iş yerlərinin
yaradılması prosesi daim getsin. Əgər nəzərə
alsaq ki, indi dünyada, o cümlədən Azərbaycanda yeni
texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda
insan əməyini aradan götürür, yeni texnoloji müəssisələrin
yaradılması bizim planlarımızdadır. Biz yeni
iş yerlərinin yaradılması ilə bağlı daha
çevik və səmərəli siyasət
aparmalıyıq.
Bu illər ərzində Azərbaycan
intellektual məhsulun ixracatçısına çevrilibdir. “ASAN xidmət”
artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz
öyrənilir. Bu, ictimai xidmətlər
sahəsində bir inqilab idi. Bu, sosial layihədir.
Çünki bu layihə insanlara xidmət
göstərir. On üç “ASAN xidmət”
mərkəzimiz var. Bu ilin sonuna qədər onların sayı
15-ə, gələn ilin sonuna qədər isə 20-yə
çatacaqdır. “ASAN xidmət” mərkəzlərində
20 milyondan çox müraciət qeydə alındı və
bu qurumu bəyənmə əmsalı 100 faizə
yaxındır.
Bu, bir daha bizim niyyətimizi,
siyasətimizi göstərir. Korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə aparılır, bundan sonra da
aparılacaqdır. Bu istiqamətdə
inzibati tədbirlər, cəza tədbirləri görüləcək
və ən böyük səmərə verən sistem xarakterli
tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir.
“ASAN xidmət” onların arasında xüsusi yer
tutur. Azərbaycan vətəndaşları
görürlər ki, biz tədricən bu qurumun
funksiyalarını genişləndiririk.
Biz son 15 il ərzində
iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə
xüsusi diqqət yetirmişik. Çünki mən
dəfələrlə demişəm və həyat bunu
göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr
müstəqil siyasət apara bilərlər. Əgər
sən kimdənsə asılısansa, - ya kreditdən
asılısan, ya başqa dövlətdən asılısan,
- heç vaxt, sözün əsl mənasında, müstəqil
siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona
görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə
çataq və buna da nail olduq. Biz indi
heç bir kreditə möhtac deyilik, özümüz kreditlər
veririk. Bizim dövlət borcumuz ümumi
daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və
biz gələcək illərdə dövlət borcumuzu daha da
aşağı səviyyəyə salmalıyıq.
İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə
artıbdır. Bu, çox böyük göstəricidir.
Əlbəttə ki, bu göstəricinin tərkibində
neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim
qeyri-neft ixracımız 15 il ərzində
dörd dəfədən çox artıbdır. Bu da onu göstərir ki, bizim islahatlarımız
böyük səmərə verir.
Sənaye istehsalı 2,6
dəfə artmışdır. Valyuta ehtiyatlarımız
24 dəfə artmışdır, bu gün 44 milyard dollara bərabərdir.
Ölkəmizə 230 milyard dollardan çox sərmayə
qoyulub. Ölkəmizdə çox gözəl
investisiya iqlimi vardır. Xarici və yerli sərmayə
ölkəmizə bundan sonra da qoyulacaqdır. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı
rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə
layiq görübdür. İnkişafda
olan ölkələr arasında inklüziv inkişaf indeksinə
görə biz üçüncü yerdəyik. Yəni, bu göstəricilər özlüyündə
hər şeyi açıq-aydın bildirir, onu göstərir
ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər
tarixi nailiyyətlərdir.
Bu gün də Azərbaycan
iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş
böhranlar zamanı da bu böhranlardan ən az
itkilərlə çıxa bilmişik. Artıq
bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə
sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə
müsbət şərait yaradır, həm də biznes
mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin
yaxşılaşdırılması istiqamətində əlavə
addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək.
İqtisadi sahədə tam şəffaflıq təmin
edilməlidir, bütün xoşagəlməz hallara son
qoyulmalıdır. Bütün iqtisadi
qurumlar dünyanın inkişaf etmiş ölkələrində
olan müsbət təcrübəni tətbiq etməlidirlər.
Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları,
sahibkarlar yaxın gələcəkdə bizim
islahatlarımızın müsbət təsirini görəcəklər.
Sahibkarlığın
inkişafı sürətlə getmişdir. Bu illər ərzində
sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə
kreditlər verilmişdir. Bu kreditlər
hesabına və sahibkarların öz vəsaiti hesabına
yüzlərlə, bəlkə də minlərlə yeni
müəssisə yaradılmışdır və qeyri-neft
sektorunun inkişafı təmin edilmişdir. Növbəti illər ərzində, qeyd etdiyim kimi,
iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək
ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə
inkişaf etsin və biz neft-qaz amilindən
asılılığı azaldaq.
Bu illər ərzində biz
yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan
dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil
oldu. Bizim indi iki peykimiz var və
üçüncü peykin orbitə buraxılması nəzərdə
tutulur. Azərbaycan bu sahədə də
liderlik nümayiş etdirir. Bu, onu göstərir
ki, biz gələcəyə baxırıq və gələcək
də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət
veririk, növbəti illərdə daha da böyük diqqət
göstərməliyik. Çünki hər
bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır.
Biz ən müasir texnologiyaları Azərbaycanda
tətbiq etməliyik. Buna nail olmaq
üçün bizdə hazırlıqlı kadr potensialı
olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə
də işlər görüləcəkdir.
Əlbəttə ki, bizim
iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil
edir. Təbii
ki, son 15 il ərzində bu sahəyə
xüsusi diqqət göstərilirdi və bundan sonra da
göstəriləcək. Bu illər ərzində biz
doğrudan da tarixi nailiyyətlərə nail ola
bilmişik. Ulu öndər Heydər Əliyevin
öz əlləri ilə təməlini qoyduğu
Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə
verildi və beləliklə, biz böyük gəlirlər əldə
etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri
Azərbaycanı qaz ixrac edən ölkəyə
çevirmişdir. Hazırda biz Cənub Qaz Dəhlizinin
icrası ilə məşğuluq. Bu layihə
bizim təşəbbüsümüzlə həyata
keçirilir. 2012-ci ildə bu layihəyə start verildi.
Ondan əvvəlki illər isə demək olar
ki, nəticəsiz keçmişdir. Çünki Azərbaycan
qazını böyük həcmlərlə Avropa
bazarlarına çıxarmaq üçün bir neçə
il ərzində müzakirələr
gedirdi, amma heç bir nəticə yox idi. Biz
bunu görəndə artıq bildik ki, ancaq özümüzə
güvənməliyik və tarixi qərarlar qəbul edildi.
Çox çətin layihəni uğurla icra
edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən
maliyyə tutumlu layihədir. Cənub Qaz Dəhlizinə
qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar,
banklar tərəfindən qoyulur. Ona
görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi
böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə
cəlb etmək o qədər də asan məsələ
deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və
iqtisadi yollarla buna nail ola bilmişik. “Cənub Qaz Dəhlizi” layihələrinin
üçü bu il istifadəyə veriləcəkdir –
“Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP.
Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini
dəyişdirmişik. Bundan sonrakı illər
ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji
resurslarını dünya bazarlarına çıxaran ölkə
kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər
gələcək ki, bu gəlirləri də biz ölkəmizin
inkişafına yönəldəcəyik. Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli”
yatağının gələcək işlənilməsi ilə
bağlı önəmli addımlar atmışıq, yeni
kontrakt imzalanıb. Kontraktın müddəti
2050-ci ilə qədər uzadılıb və biz öz
payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun
birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər
perspektiv strukturlar ətrafında tərəfdaşlarla
işləyəcəyik. Demək olar ki,
neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olubdur
və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə
veriləcəkdir.
Biz bu illər ərzində
ölkə daxilində enerji təminatını
yaxşılaşdıra bilmişik. Böyük
infrastruktur layihələri icra edilib. Son 15 il ərzində 30-dan çox elektrik
stansiyası tikilib. Onların generasiya
gücü 3900 meqavata bərabərdir. Müqayisə
üçün deyə bilərəm ki, bizim indi ümumi
generasiya gücümüz təqribən 6,5
min meqavata bərabərdir. Onun 3,9 min
meqavatını biz 15 il ərzində yarada bilmişik. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən
ixrac edən ölkəyə çevrilmişdir.
Qazlaşdırma bu ilin sonuna
qədər Azərbaycanda 95 faizə çatacaqdır. Hesab edirəm
ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən
biridir və biz bundan sonra da bu işlərlə məşğul
olacağıq.
Bu ilin sonuna qədər, - əgər
2004-cü ilin əvvəlindən hesablasaq, - ölkəmizdə
15 min kilometr yeni yol çəkilişi təmin edilmiş
olacaqdır.
Bu proses bundan sonrakı illərdə də davam edəcək.
Bütün kənd yolları ilə
bağlı təkliflər artıq bizə daxil olub. İmkan olduqca biz bütün kənd yollarını
yenidən quracağıq. Bu istiqamətdə
artıq böyük işlər görülübdür.
2004-cü ildə
Bakının su təchizatı ilə bağlı problemləri
çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi davamlı təmiz
içməli su ilə təmin olunurdu. Bu
gün bu rəqəm 81 faizə çatıbdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən
20 faiz əhali içməli su ilə təmin edilirdi,
hazırda bu rəqəm 67 faizə çatıbdır.
Bundan sonrakı illərdə bu günə qədər
görə bilmədiyimiz işləri biz başa
çatdıracağıq. Bütün
şəhərlərdə, bütün kəndlərdə
insanlar təmiz içməli su ilə təmin
olunmalıdırlar. Bizim
proqramlarımızda bu var. Bu da infrastruktur layihələri
arasında xüsusi yer tutan sahədir.
Kənd təsərrüfatının
inkişafı üçün böyük meliorasiya tədbirləri
görülübdür, dörd böyük su anbarı
tikilib və son bir neçə il ərzində
biz hər il 100 mindən çox hektara yeni su mənbəyi gətiririk.
Əminəm ki, kənd təsərrüfatının
inkişafına bunun çox böyük təsiri
olacaqdır.
Biz son illərdə ölkə
daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul
olmuşuq. Demək olar ki, nəqliyyat infrastrukturuna çox
böyük vəsait qoyulubdur. Biz yeddi
aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa
malikdir. O aeroportlar indi işləyir, xaricdən gələn
turistlərin sayı artır. Ələtdə
Xəzər dənizində ən böyük yeni ticarət
limanı tikilir, yaxın gələcəkdə istifadəyə
veriləcəkdir. Dəmir yolu infrastrukturu
yeniləşir. Azərbaycan Xəzər dənizində
ən böyük donanmaya malikdir. Burada da
biz liderliyi möhkəmləndiririk. Gəmiqayırma
zavodunun tikintisi artıq xaricdən gəmilərin
alınmasına ehtiyac qalmadığını göstərir.
Bir sözlə, nəqliyyat
infrastrukturunun yeniləşməsi, yaradılması, əlbəttə
ki, daxili tələbat idi. Eyni zamanda, biz
qonşularla əməkdaşlıq edərək regional
infrastrukturu da yaratmışıq. Keçən
ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun
açılışı növbəti tarixi nailiyyətimizdir.
Qonşularla birlikdə bu tarixi yolu biz istifadəyə
verdik və indi Azərbaycan ərazisindən yüklərin
daşınması gündən-günə artmaqdadır.
Bununla paralel olaraq, hazırda biz Şimal-Cənub
nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq
və Azərbaycan ərazisində bütün işləri
tamamladıq. İndi biz, ümumiyyətlə,
Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə
məşğuluq. Əminəm ki,
qonşu ölkələrlə əməkdaşlıq edərək
bu yolun çatışmayan hissəsi də yaxın gələcəkdə
tikilib istifadəyə veriləcək. Beləliklə,
açıq dənizlərə çıxışı
olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən
birinə çevrilir. Bu, real işlərin
nəticələridir.
Bizim coğrafi yerləşməyimiz
bir tərəfdən əlverişlidir, digər tərəfdən
əlverişsizdir. Biz Avropa ilə Asiya arasında yerləşirik,
ancaq, eyni zamanda, bizim açıq dənizlərə
çıxışımız yoxdur. Əgər
olsa idi, onda heç neft və qaz kəmərlərini tikməyə
ehtiyac qalmazdı. Ona görə, belə
qapalı şəraitdə Avrasiyanın nəqliyyat mərkəzlərindən
birinə çevrilməyimiz tarixi nailiyyətimizdir.
Qeyd etməliyəm ki, biz digər
sahələrdə də böyük uğurlar
qazanmışıq. Bir çıxışda onların
hamısını sadalamaq mümkün deyil. Təkcə
onu demək istəyirəm ki, 2004-cü ildə Azərbaycana
xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı
üç milyona çatacaqdır. Biz ölkəmizi
dünyada tanıtdıra bilmişik. Beynəlxalq tədbirlərin
keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi
Oyunları, Formula 1 yarışları, siyasi, humanitar tədbirlər
Azərbaycanı dünyaya təqdim etdi. Bununla
paralel olaraq, xalqımızın qonaqpərvərliyi, gözəl
iqlim, təhlükəsizlik, gözəl infrastruktur, şərait,
tarixi abidələrimiz Azərbaycanı sürətlə
inkişaf edən böyük turizm mərkəzinə
çevirir. Əlbəttə, bu, ölkəmizə
valyuta gətirir, bu, ölkəmizi daha da gücləndirir və
bu sahədə minlərlə iş yeri yaradılır və
yaradılacaqdır.
Biz böyük idman uğurları ilə fəxr edə bilərik. Bizim idmançılarımız son 15 il ərzində Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Avropa Oyunlarında biz ikinci yerə layiq görüldük, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olduq. Biz Rio Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Tarixi qələbələrdir. Hara baxsaq, hansı sahəyə baxsaq, biz inkişaf, nəticə və uğur görürük. Nəyə görə? Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir. Bir daha qayıdıram çıxışımın əvvəlinə, xalq-iqtidar birliyi bütün bu uğurları mümkün edir. Biz regional inkişafla çox ciddi məşğul olmuşuq. Üç regional inkişaf proqramı qəbul edilibdir. Üçüncüsü bu il başa çatır. Regionların siması dəyişilib, şəhərlər abadlaşıb, gözəlləşib. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bakı şəhəri bizim qürur mənbəyimizdir.
Yəni, son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.
Çıxışımın sonunda bir məsələni də qeyd etməliyəm. Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik.
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Azərbaycan!
***
Bununla da andiçmə mərasimi
başa çatdı
Azərbaycan.- 2018.- 19 aprel.- S.2-3.