Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Sizi Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə bütün Azərbaycan dindarları adından təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizə, həmçinin dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizə Uca Yaradandan uğurlar diləyirik.

Zati-aliləri, Siz Azərbaycan xalqının XXI əsrdə əvəzsiz liderisiniz. Xalqımız bu seçkilərdə bir daha öz iradəsini nümayiş etdirdi ki, dövlət başçısı vəzifəsində onun mənafe və maraqlarını illərlə ən yüksək səviyyədə müdafiə edərək misilsiz uğurlara imza atmağa nail olmuş bir siyasi xadimi, müdrik qərar və təşəbbüsləri ilə dünya miqyasında ölkəmizə yüksək nüfuz qazandırmış bir şəxsiyyəti görməkdə qərarlıdır. Azərbaycan xalqı, Azərbaycan dindarları öz ümdə istəklərini seçkidə bəyan etdilər, uca mənəviyyat yolunun davamına səs verdilər.

Zati-aliləri, bu dəyər və münasibəti, ehtiram və məhəbbəti Siz öz genişmiqyaslı fəaliyyətiniz, bəşəri təfəkkür və qlobal səylərinizlə haqlı olaraq qazanmısınız. Elan etdiyiniz istər “Multikulturalizm İli”, istərsə də “İslam Həmrəyliyi İli” ümumbəşəri məramlara xidmət edən səyləriniz sırasında önəmli yer tutur. Tarix boyu Şərq ilə Qərb arasında körpü olmuş Azərbaycan dövləti dünyada gedən proseslərə Sizin adınız və ardıcıl səylərinizlə özəl, dəyərli töhfələr verməkdədir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya çapında mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolu, fəal mövqeyi Sizin siyasi iradənizdən və qlobal təşəbbüslərinizdən qaynaqlanır.

Möhtərəm cənab Prezident, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində böyük səyləriniz qürur mənbəyimizdir. Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu, bir həqiqətdir ki, Azərbaycan torpağında hər kəsin şahidi olduğu tərəqqinin, həyatın bütün sahələrində müşahidə edilən uğurların təməlində milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan etmiş, etnikdini tolerantlığı Azərbaycanın sərvəti kimi qiymətləndirən dövlət rəhbərimizin fəaliyyəti durur.

Möhtərəm cənab Prezident, biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri bütün ölkə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə prezident seçkilərində möhtəşəm zəfəriniz münasibətilə təbriklərimizi və dərin ehtiramımızı bildirir, Azərbaycan xalqının və dövlətçiliyinin tərəqqisi naminə gördüyünüz dəyərli işlərə Uca Yaradanımızdan rəvac diləyir, ən gözəl arzularımızı yetiririk. Uca Yaradan hər zaman yardımçınız olsun!

Qoy o bir olan Yaradan öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!

Dərin hörmət və ehtiramla,

 

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

Aleksandr

Bakı və Azərbaycan Arxiyepiskopu

 

Melih Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

 

Vladimir Fekete

Azərbaycandakı Roma Katolik Kilsəsinin yepiskopu

 

Robert Mobili

Azərbaycandakı Alban-udi Xristian İcmasının sədri

 

Azərbaycan.- 2018.-19 aprel.- S.11.