Müstəqillik və qələbə yolunun
bayraqdarı
Müstəqillik Azərbaycan xalqının ən
böyük sərvəti, neməti və xoşbəxtliyidir
Yüz yaşlı Azərbaycanın şanlı tarixində yeni bir səhifə açılır. Müstəqillik dövrünün 8-ci prezident seçkilərində hər zaman güc aldığı xalqdan növbəti dəfə etimad mandatı alan cənab İlham Əliyevin Azərbaycana layiqli xidmət missiyasının yeni mərhələsi başlayır.
Andiçmə mərasimində tarixinin ən qüdrətli dövlətinə çevirdiyi Azərbaycanın daha böyük zəfərlərə doğru inamla irəliləyəcəyini söyləyən cənab İlham Əliyev növbəti 7 illik fəaliyyətində də ölkə vətəndaşının maraqlarının, onun rifahının daim diqqət mərkəzində olacağını, yaşayış səviyyəsinin daha da yaxşılaşacağını bəyan etdi.
Xalqdan güc alan, onun dəstəyinə arxalanan lider
“Mən həmişə Azərbaycan
xalqının dəstəyini hiss etmişəm və hiss edirəm.
Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və
xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra
da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Andiçmə mərasiminə məhz
bu kəlmələrlə başlayan Prezidentin bu fikirləri
15 il öncə, 2003-cü ildə söylədiyi
kəlamları bir daha yada saldı. Həmin
zaman keçirilən prezident seçkilərində xalqa
müraciət edən cənab İlham Əliyev demişdi ki,
əgər xalq ona etimad göstərərsə, ulu öndər
Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti
davam etdirəcək. Həqiqətən
xalq İlham Əliyevə inandı, güvəndi və
yekdilliklə onu özünə lider seçdi. Cənab İlham Əliyev isə verdiyi bütün
vədlərə əməl etməklə 15 ildə
xalqın fəxarət ünvanına, alternativsiz liderinə
çevrildi.
Azərbaycanı
qüdrətli, güvənli, istiqrarlı dövlətə
çevirən Prezident
Prezident İlham Əliyevin
15 illik siyasi fəaliyyətinə, qazanılan uğurlara nəzər
salsaq aydın şəkildə görərik ki, Azərbaycan
bir çox aparıcı dünya dövlətlərinin
onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini
qısa zaman kəsiyində qət edə bilib.
Dövlət
başçısının söylədiyi kimi, Azərbaycan
tarix boyu heç zaman indiki kimi qüdrətli, güvənli,
istiqrarlı olmayıb. Azərbaycanda dünya ölkələrinin
heç birinə bənzəməyən, özünəməxsus
iqtisadi və siyasi inkişaf modelinin formalaşması
faktı təsdiqini tapıb. İnkişaf
fenomeninə çevrilən Azərbaycanın idarəçilik
və tərəqqi modeli bir çox ölkələr
üçün praktik nümunədir. Hansı
ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində
özünü tam doğruldub. Bütün
bunlar Prezident İlham Əliyevin yüksək şəxsi və
siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli
mövqedən çıxış etməsi, xarizması sayəsində
əldə edilib.
Uğurların əsas şərti
xalq-iqtidar birliyidir
Dərin və universal böhrandan
çıxaraq cəmi 26 il ərzində kosmik dövlətlər
sırasına daxil olan, qlobal kataklizmlərlə
çalxalanan regionda multikulturalizmin örnəyinə
çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən
gündən-günə inkişaf edən müstəqil Azərbaycan,
cənab İlham Əliyevin yeni inkişaf konsepsiyası ilə
daha da qüdrətli dövlətə çevrilmək istiqamətində
inamla addımlayır.
Bunun ən başlıca səbəbi
isə daxili sabitlikdir. Çünki Azərbaycanda sabitliyin təminatçısı
xalqdır və dövlət siyasətidir. Ölkəmizdə xalq-iqtidar birliyinin uğurları
göz önündədir. Azərbaycan bu
gün dünya miqyasında sabitlik məkanı, sabitlik
adası kimi tanınır və bu, ölkəmizin
böyük nailiyyətidir.
Bu gün Azərbaycan xalqı öz
taleyinin sahibidir
Andiçmə mərasimində son
15 il ərzində Azərbaycanda gedən
demokratik inkişaf proseslərinə bir daha nəzər yetirən
cənab İlham Əliyev öncə vurğuladı ki,
qısa zaman ərzində müstəqil Azərbaycanda
bütün azadlıqlar təmin edilib.
Dövlət siyasi islahatları dərinləşdirərək
bütün azadlıqları - söz azadlığını,
mətbuat azadlığını, sərbəst toplaşma
azadlığını, siyasi fəaliyyət
azadlığını təmin edib: “Demokratik inkişafla
bağlı bizim siyasətimiz çox düzgün siyasətdir
və bizim milli maraqlarımızı təmin edir. Biz bunu
kiminsə xoşuna gəlmək üçün yox, ona
görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin,
Azərbaycan xalqı həmişə öz taleyinin sahibi
olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin
sahibidir və seçkilər, onun nəticələri bunu bir
daha təsdiqləyir”.
Namizədlərin
dəyərli təklifləri nəzərə alınacaq
Dövlət
başçısı seçki prosesində ona rəqib olan
namizədlərin fəaliyyətinə də toxundu. Qeyd etdi ki, təbliğat-təşviqat
prosesi zamanı namizədlərin
çıxışlarında kifayət qədər kəskin
tənqidi fikirlər səslənib. Bütün
bunlar müsbət hal kimi qiymətləndirilməlidir. Çünki bu, siyasi mübarizənin düzgün
istiqamətdə inkişaf etməsindən xəbər verir.
Prezident həmçinin namizədlər
tərəfindən qaldırılmış məsələlərə
diqqətlə baxılacağını və dəyərli təkliflərin
nəzərə alınacağını vurğuladı: “Bir
sözlə, bu 15 il ərzində biz
çalışmışıq ki, Azərbaycanda siyasi
mübarizə sivil qaydada təmin olunsun və buna
böyük dərəcədə nail ola bilmişik. Fürsətdən istifadə edərək,
seçkilərdə iştirak etmiş bütün namizədlərə
öz təşəkkürümü bildirirəm, onlara gələcəkfəaliyyətlərində
uğurlar diləyirəm”.
Marginallaşmış
antimilli qüvvələrin yeri tarixin zibilxanasıdır
Bu bir həqiqətdir ki, Azərbaycanda
istənilən mühüm ictimai-siyasi proseslər həyata
keçirilən zaman antiazərbaycançı şəbəkə
öz köhnə peşəsinə sadiq qalaraq çirkin
kampaniyalara başlayır. Onların daxildəki
buyruq qulları da “canla-başla” tapşırıqları
yerinə yetirirlər.
Bu qüvvələr prezident
seçkiləri ərəfəsində “aktivləşsələr”
də, niyyətləri, həmişə olduğu kimi, ürəklərində
qaldı.
Prezident İlham Əliyev isə
antimilli qüvvələrə əsl yerlərini göstərdi:
“O ki qaldı, antimilli qruplaşmaya, onlar tam
marginallaşıb. Bu seçkilər bir daha
göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində
yeri yoxdur. Onların yerini Azərbaycan
xalqı çoxdan müəyyən edib, bu da tarixin
zibilxanasıdır. Xarici qrant, ianə
hesabına fəaliyyət göstərən, öz dövlətinə
qarşı çıxış edən, bir çox hallarda
milli satqınlıq nümayiş etdirən ünsürlərə
Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən
sonra onların təşkil etdikləri yığıncaqlar
bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt
imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda
hansısa mövqeyə sahib olsun. Biz bundan
sonra da demokratik inkişafla bağlı səylərimizi
artıracağıq, gələcək fəaliyyətimizdə
də bu istiqamət önəmli yer tutacaqdır”.
İşğalçı
Ermənistan bütün regional layihələrdən təcrid
ediləcək
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqaməti
ilə bağlı aparılan danışıqlara gəlincə
Prezident qeyd etdi ki, Azərbaycan hökumətinin münaqişə
ilə bağlı prinsipial mövqeyi xalq tərəfindən
dəstəklənir.
Ona görə də bu siyasətdən
heç zaman geri çəkilməyəcək, bundan
sonrakı illərdə də işğalçının
bütün regional işlərdən təcrid edilməsi,
ifşa olunması üçün səylər göstəriləcək:
“Yaxın tarix və bölgədə gedən proseslər
göstərir ki, bir çox hallarda beynəlxalq hüquq
normaları işləmir. Kim
güclüdür, o da haqlıdır. Biz
bunu dəfələrlə görmüşük, bu gün də
görürük. Demək olar ki, son 15 il
ərzində beynəlxalq davranış qaydaları dəyişdi,
beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda
yaşayırıq və reallıqla hesablaşmalıyıq.
Aprel döyüşləri
bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Bizim hərbi
qələbəmiz Azərbaycan xalqının
gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu
işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz
torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü
olmalıyıq və olacağıq”.
Ölkə vətəndaşının
rifahı daim diqqət mərkəzində olacaq
Son 15 il ərzində
sosial məsələlərin həllinə çox
böyük diqqət göstərildiyini deyən Prezident
bütün bunları rəqəmlərin də təsdiqlədiyini
dedi. Rəqəmlərə nəzər yetirdikdə görərik
ki, son 15 ildə ölkədə maaşlar təxminən 7 dəfə,
pensiyalar 10 dəfədən çox artıb, 3100-dən
çox məktəb tikilib və təmir edilib, 280-290 min məcburi
köçkün yeni mənzillərlə təmin olunub,
640-dan çox xəstəxana, 30 elektrik stansiyası, 4 su
anbarı, 7 beynəlxalq aereport tikilib və təmir edilib, bölgələrdə
43 Olimpiya İdman Mərkəzi yaradılıb, 13 “ASAN xidmət”
mərkəzi açılıb, 443 körpü-tunel tikilib,
15 min kiliometrlik yol çəkilib, qazlaşdırma 93 faizə
çatıb.
Bütün bunlar göstərir ki,
sosial siyasət daim diqqət mərkəzindədir: “Dəfələrlə
bu məsələ ilə bağlı fikrimi bildirmişəm,
bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə
də Azərbaycan vətəndaşının maraqları,
onun rifahı daim diqqət mərkəzində olacaqdır. Nəzərə alsaq ki, növbəti illərdə
biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik,
əminəm ki, vətəndaşlarımızın
yaşayış səviyyəsi daha da
yaxşılaşacaqdır”.
Dövlət
başçısı onu da vurğuladı ki, yoxsulluğa
qarşı mübarizədə Azərbaycan böyük
uğurlara imza atıb. Bu məsələlərlə məşğul olan
bütün beynəlxalq təşkilatlar bunu nümunə
kimi göstərirlər ki, ölkəmizdə yoxsulluq təxminən
50 faizdən 5,4 faizə düşüb. İşsizliklə bağlı böyük işlər
görülüb və bu gün Azərbaycanda işsizlik 5
faiz səviyyəsindədir.
Əlavə gəlirlər
ölkənin inkişafına yönəldiləcək
Bu müddət ərzində ciddi iqtisadi islahatların
aparıldığını vurğulayan cənab İlham
Əliyev bildirdi ki, daim iqtisadiyyatı güclü olan ölkələr
müstəqil siyasət apara bilirlər. Azərbaycan
iqtisadiyyatı isə son 15 il ərzində 3,2
dəfə artıb. Bu isə çox
böyük göstəricidir.
Son 15 ildə ölkə
iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, valyuta
ehtiyatları 24 dəfə artaraq 44,2 milyard dollara yüksəlib,
Xəzər dənizində 270 gəmidən ibarət hərbi
donanma yaradılıb, açıq okeana
çıxışı olmayan ölkə qısa zamanda
regional nəqliyyat dəhlizinə, logistik mərkəzə, təbii
qaz ixracatçısına, kosmik dövlətə
çevrilib.
“Əsrin müqaviləsi”
2050-ci ilədək uzadılıb, Bakı-Tbilisi-Qars dəmir
yolu xətti istifadəyə verilib, 2 milyard ton neft hasil edilib. Azərbaycan həmçinin
“Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa
İttifaqı üçün prioritet enerji layihələrindən
biri olan dörd layihədən ibarət (“Şahdəniz-2”, Cənubi
Qafqaz Boru Kəməri, TANAP və TAP) “Cənub qaz dəhlizi”
kimi 40 milyarddan çox investisiya yatırılan layihələrin
əsas təşəbbüskarlarından biridir. Bu il “Cənub qaz dəhlizi”nin 3 seqmenti - “Şahdəniz-2”,
Cənubi Qafqaz Boru Kəməri, TANAP istifadəyə veriləcək.
Bütün bu uğurları Prezident
belə dəyərləndirib: “Biz artıq Avrasiyanın enerji
xəritəsini dəyişdirmişik. Bundan
sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox
önəmli enerji resurslarını dünya bazarlarına
çıxaran ölkə kimi fəaliyyət göstərəcək.
Əlbəttə, bizə əlavə gəlirlər
gələcək ki, bu gəlirləri də biz ölkəmizin
inkişafına yönəldəcəyik”.
Daha da qüdrətli
ölkəyə çevriləcəyik
Bir sözlə, müstəqil Azərbaycan
son 15 il ərzində Prezident İlham
Əliyevin məqsədyönlü,
düşünülmüş siyasəti ilə kifayət qədər
böyük uğurlar qazanıb.
Lakin dövlət
başçısı bu nailiyyətlərin məqsədə
çatmaq üçün kifayət etmədiyini
vurğulayaraq gələcəyə inamla baxmağı vacib
hesab edir.
Növbəti illərdə görüləcək işlər
haqqında dövlətin çox aydın planlarının,
proqramlarının olduğunu deyən Prezident Azərbaycanı
daha da qüdrətli ölkəyə çevirəcəyini əminliklə
vurğulayıb: “Azərbaycanın güclü siyasi iradəsi,
böyük maliyyə resursları var və ölkəmiz indi
öz hesabına yaşayan dövlətdir. Ölkədə
xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki,
bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə
çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki,
ölkəmiz daha da güclənsin, daha da qüdrətli
dövlətə çevrilsin, Azərbaycan vətəndaşları
daha da yaxşı yaşasınlar”.
Bütün bu uğurların ancaq
müstəqillik dövründə
qazanıldığını diqqətə çatdıran
dövlət başçısı müstəqilliyi xalqımızın
ən böyük sərvəti adlandırdı: “Azərbaycan
xalqı müstəqilliyimizin üstünlüklərinin nədən
ibarət olduğunu yaxşı bilir. Bizim
taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik.
Biz ancaq müstəqillik dövründə belə
böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən
böyük sərvətdir, ən böyük nemətdir, ən
böyük xoşbəxtlikdir. Biz bundan
sonra da müstəqillik və qələbələr yolu ilə
gedəcəyik”.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.-20 aprel- S.1; 5.