Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Sizin inamlı qələbəniz qeyri-sabit və dəyişkən bir regionda Azərbaycanı sabitlik, inkişaf və tərəqqi adasına çevirən uzaqgörən liderliyinizə Azərbaycan xalqının etimadının həqiqi göstəricisidir.
Mən, Azərbaycan ilə ABŞ arasında enerji təhlükəsizliyindən terrorizmlə mübarizəyə qədər müxtəlif istiqamətlərdə mövcud olan güclü tərəfdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirirəm. Təqdirəlayiq haldır ki, 2001-ci il sentyabrın 11-də baş vermiş mənfur terror aktlarından sonra Azərbaycan Əfqanıstanda terrorizmə qarşı keçirilən əməliyyatlar üçün öz hava məkanını və quru yollarını açaraq, həmçinin İraq və Balkanlarda olduğu kimi, Amerika hərbçiləri ilə çiyin-çiyinə döyüşmək məqsədilə öz əsgərlərini göndərərək, ABŞ-a qeyd-şərtsiz yardım göstərən ilk ölkələrdən biri olmuşdur.
Eyni zamanda, Azərbaycan tərəfindən ABŞ-ın, eləcə də Avropadakı müttəfiqlərimizin və İsrail dövlətinin enerji təhlükəsizliyinin gücləndirilməsinə verilən böyük töhfələri də alqışlayıram. Azərbaycanın əvəzolunmaz və həlledici rol oynadığı Cənub Enerji Dəhlizi bir çox Avropa ölkələrinin öz enerji mənbələrini şaxələndirərək enerji müstəqilliyinə nail olmalarına kömək edəcəkdir. Bu, ABŞ üçün də vacibdir.
Həmçinin münaqişələrlə əhatələnmiş çox mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın müsəlman, xristian və yəhudilərin dinc şəkildə birgə yaşadıqları uğurlu və beynəlxalq səviyyədə tanınan model yarada bilməsi və dinlərarası tolerantlıq və harmoniya sahəsində mayaka çevrilməsi faktını da yüksək qiymətləndirirəm.
Cənab Prezident, növbəti illərdə də Sizə və ölkənizə davamlı uğurlar və inkişaf arzu edirəm. Səmimi qəlbdən ümid edirəm ki, həyat yoldaşımla birgə ölkənizə bir daha səfər edə biləcəyəm.
Hörmətlə,
Con Hembrik
ABŞ-ın Nevada Ştatı
Assambleyasının
sabiq spikeri və hazırkı üzvü
Azərbaycan.- 2018.-20 aprel.- S.3.