Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız möhtəşəm və parlaq qələbə münasibətilə Azərbaycan-Yaponiya Dostluq Mərkəzi adından təbrik edir, doğma Azərbaycanımız naminə çoxşaxəli, genişmiqyaslı və cəsarətli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. Bu inamlı qələbə xalqımızın Sizə sonsuz etimadının və inamının ifadəsidir.
Sizin zəngin siyasi təcrübəniz, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə sədaqətiniz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün mühüm qürur mənbəyidir. Xalqımızın rifahının yaxşılaşmasına yönələn daxili siyasətiniz və müasir müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi istiqamətində balanslaşdırılmış xarici siyasətiniz doğma Azərbaycanımızın bundan sonra da çiçəklənəcəyinə, müasir dünyanın dövlətləri arasında layiqli yer tutacağına bizdə tam əminlik yaradır.
Hörmətli cənab Prezident, Sizin bu seçkilərdəki qələbəniz müsəlman Şərqinin ilk demokratik respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ən layiqli töhfədir.
Sizə möhkəm cansağlığı, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Xəlil Kələntər
Tokioda fəaliyyət göstərən
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin
sədri
Azərbaycan.- 2018.-20 aprel.- S.3.