Azərbaycanın uğurları dünyanı növbəti dəfə Bakıya gətirir

 

“Formula-1” Azərbaycan Qran-prisi yarım milyarddan çox azarkeşin diqqətini yenə paytaxtımıza yönəldəcək

 

Sürət həvəskarlarının diqqəti yenə Bakıya yönəlir. Aprelin 27-29-da Azərbaycanda sayca üçüncü dəfə dünyanın ən mötəbər idman yarışlarından biri - “Formula-1” Azərbaycan Qran-prisi keçiriləcək. İndiyə qədər Bakıda iki dəfə təşkil edilən bu yarışın əvəzsiz təəssüratlarına əsasən deyə bilərik ki, yenə də sürət azarkeşləri Azərbaycan Qran-prisindən xüsusi zövq alacaqlar. Onlar adrenalin dolu saatlarla, unudulmaz anlarla zəngin olan günləri səbirsizliklə gözləyirlər.

Bakı Şəhər Halqası adlanan yarışların keçirildiyi şəhər trekinin paytaxtın ən gözəl yerində seçilməsi ona əlavə rəng qatacaq. İzləyicilər dünyanın ən güclü pilotlarının mübarizəsinə şahidlik etməklə yanaşı, Bakının füsunkar görünüşündən qədərsiz zövq alacaqlar. Yerli azarkeşlərlə yanaşı, dünyanın dörd bir yanından yarış izləyiciləri və turistlər Azərbaycana axışacaq. Keçəndəfəki yarışlarda şahidi olduq ki, təkcə “Formula-1” sürət yarışının Bakıda keçirilməsi ilə bağlı minlərlə əcnəbi ilk dəfə Azərbaycana ayaq basdı. Yüz milyonlarla azarkeş isə dünyanın hər tərəfindən Bakıya tamaşa etdi. Onlar yarışın necə keçməsini təcrübəli tamaşaçı gözü ilə seyr etdilər, zəngin təəssüratlarını getdikləri yerdə hər kəslə bölüşdülər. Onları həm də heyrətləndirən tarixiliklə qədimliyi birləşdirən Bakının ecazkar cazibəsi idi. Azərbaycana ilk dəfə gələn əcnəbilər təhlükəsiz, abadmüasir bir ölkə, onun paytaxtı haqqında az qala hər yerdə ağızdolusu danışdılar. İndiyə qədər yalnız adını eşitdikləri, internet üzərindən tanış olduqları Bakı artıq onlar üçün sevimli diyara çevrilməyə başlayıb. Bir neçə gündən sonra deyilənlərə növbəti dəfə şahidlik edəcəyik.

 

Təhlükəsiz və abad ölkənin sürət zirvəsi

 

Cəmi 27 il müstəqillik tarixi olan bir dövlətin qısa müddətdə bu nüfuza sahib olması və dünya ictimaiyyətinin ən sanballı tədbirlərinin Azərbaycanda keçirilməsi antiazərbaycançı şəbəkəni çox məyus etdi. Əlbəttə, bu, düzgün strategiya, Azərbaycanda aparılan köklü islahatlar nəticəsində mümkün oldu. Ölkəmizin sosial-iqtisadi inkişafı, ölkədaxili uğurları və beynəlxalq arenada qazandığı nailliyyətlər Azərbaycanı dünyaya aparmaqla yanaşı, dünyanı da Bakıya toplaya bildi. Bu gün Azərbaycanın uğurları, abadlığı və təhlükəsiz bir ölkə olduğu hər kəsə bəllidir. Azərbaycan nəinki regionda, dünyada nümunə göstərilir.

Dörd il bundan öncə beynəlxalq idman ictimaiyyətinin “Formula-1” kimi möhtəşəm idman yarışmasının Bakıda keçirilməsinə qərar verməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə, dövlətimizin başçısının irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar sayəsində Azərbaycanı sivilizasiyalararası dialoq, mədəni-intellektual əməkdaşlıq və idman mərkəzinə çevirmək bacarığından irəli gəlir. Azərbaycan yeni qurulan bir dövlət olsa da, işğalçı ölkə ilə tez-tez pozulan atəşkəs rejimində yaşasa da, dünyada sülhə, əmin-amanlığa sədaqətli olduğunu sübut edib. Ölkəmiz planetdə ümumbəşəri dəyərlərin, sülhün və əmin-amanlığın qorunması üçün çoxsaylı mühüm tədbirlərə evsahibliyi edən nadir dövlətlərdən biri kimi tanınıb. Eyni zamanda Azərbaycan bu gün dünyada həm də sülh tərəfdarı olan, sülhə verdiyi töhfələrlə tanınan ölkədir və bütün sahələrdə çox böyük inkişaf yolu keçib, uğur qazanıb. Xüsusilə indiki şəraitdə - dünyanın müxtəlif yerlərində münaqişələr getdiyi bir vəziyyətdə Azərbaycanın mümkün olan bütün risklərdən, mənfi kənar təsirdən qorunması və inkişaf dinamikasını saxlaması onu bir daha təhlükəsiz və abad bir diyar kimi təsdiq edib. Bu mənada artıq üçüncü dəfədir Bakıda keçiriləcək “Formula-1”in ölkə üçün hansı siyasi məna kəsb etdiyi, eyni zamanda dünyanın Azərbaycana necə etimad göstərməsi tam aydın görünür.

 

Azərbaycanın idman uğurlarının “Formula-1” sürəti

 

Digər maraqlı tərəflər isə Azərbaycan dövlətinin idmana dəyər verməsi, bu sahədə ön sıralarda olması və dünyada idman ölkəsi kimi tanınmasının əlamətidir. Bu, eyni zamanda ölkəmizdə son illər idmanın və bədən tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüsət alması ilə bağlıdır. Belə sanballı idman tədbirinin Azərbaycana həvalə edilməsi onu göstərir ki, respublikamız bütün sahələrdə, o cümlədən idmanda tərəqqi dövrünü yaşayır. Son 10 ildə respublikamızda idmanın müxtəlif növləri üzrə çoxsaylı dünyaAvropa çempionatları keçirilib. Bu tədbirlərin yüksək səviyyədə hazırlanması və keçirilməsi həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. İdmançılarımızın mötəbər yarışlarda əldə etdiyi yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, müasir idman infrastrukturunun mövcudluğu beynəlxalq miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsinə zəmin yaradan səbəblər sırasındadır.

Azərbaycanın burada keçirilən bütün beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi həm də ona göstərilən etimadın və nüfuzun göstəricisidir. Hələ 6 il əvvəl “Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa bir mötəbər idman tədbirinə - “Bakı-2015” I Avropa Oyunlarına da evsahibliyi etdi. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətləri göstərdi. 2017-ci ildə isə 57 ölkəni təmsil edən idmançıların qatıldığı IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün də ən ideal məkan Bakı seçildi. Odur ki, təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülhinkişaf mərkəzlərindən biri kimi tanınan Azərbaycanda “Formula-1” sürət yarışının keçirilməsi bir növ ölkəmizin uğur silsiləsinin davamı kimi də dəyərləndirilə bilər.

 

500 milyon tamaşaçının nəbzi Bakıda döyünəcək

 

Dünyanın ayrı-ayrı yerlərində keçirilən “Formula-1” sürət yarışması üçün təyin olunmuş öklələrə, seçilmiş şəhərlərə nəzər salanda bu tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini daha aydın başa düşmək olur. 70 ilə yaxındır ki, keçirilən “Formula-1” dünyanın aparıcı ölkələrində və ən təhlükəsiz şəhərlərində baş tutub. Yüksək statusa malik bu yarışlar geniş tamaşaçı auditoriyasına malikdirbu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan “Formula-1” Qran-priləri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanı əhatə edir.

Əvvəlki yarışlarda olduğu kimi, bir neçə gün sonra Bakıda “Azadlıq” meydanından start götürən möhtəşəm “Formula-1” yarışması hüdudları aşaraq bütün dünyaya səs salacaq. 190 ölkədən 500 milyondan artıq tamaşaçının nəbzi yenə Bakıda döyünəcək. Necə deyərlər, sürət yarışı Azərbaycanın, o cümlədən paytaxt Bakının sürətlə tanıdılmasında və sevilməsində yeni imkanlar açacaq, bizə yeni dostlar qazandıracaq.

 

Elnur HADIYEV,

 

Azərbaycan.- 2018.- 20 aprel.- S.1; 10.