Balığı at dəryaya...

 

Atalar məsələdir: “Balığı at dəryaya, balıq bilməsə də, xalıq bilər”. Bu atalar sözünü sətri mənada da başa düşmək mümkündür. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2017-ci ildə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan müəssisələr tərəfindən təbii su hövzələrinə və anbarlarına 437,2 milyard balıq körpəsi buraxılıb. Onların 423,1 milyonu çəkikimilər, 8,4 milyonu nərəkimilər, 5,5 milyonu bitki ilə qidalanan balıqlar, 0,2 milyonu qızıl balıqlardır.

Ümumiyyətlə, müasir dünya iqtisadiyyatında su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, eləcə də onların mühafizəsi əhalinin ərzaq məhsulları ilə davamlı təminatına yönəlmiş vacib tədbirlərdən sayılır. Akvakulturanın yaranma tarixi minilliklərlə ölçülür. Dəniz akvakulturası Yaponiya, Cin, Filippinİndoneziyada daha geniş inkişaf etmişdir. Yaponiya hələ XVII əsrdə dəniz ilbizlərini yetişdirir, sualtı plantasiyalardan 10 min tonlarla dəniz yosunu yığırdı.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) statistik məlumatlarına görə, dünya üzrə adambaşına düşən balıq istehlakının orta illik göstəricisi 18 kiloqramdır. Ən yüksək orta göstərici (60 kq-dan çox) Cənub-Şərqi Asiya regionunda (Yaponiya, Çin, VyetnamTailandda 100 kq-dan artıq) qeydə alınıb. Azərbaycanda isə adambaşına düşən orta illik balıq istehlakı 2009-cu ilədək 2 kiloqrama yaxın olub. Amma son illər bu göstərici artaraq 7 kiloqrama çatıb.

Azərbaycanda da akvakulturanın tarixi əsrdən çoxdur. İlk dəfə 1901-ci ildə Kür çayında yetkin kürüdən süni mayalanma yolu ilə sürfələr əldə edilib və 300 balıq yetişdirilib. 1912-ci ildə Bakı ixtioloji laboratoriyası yaradılıb. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda Xəzər qızılbalığı ilə yanaşı, xəşəm, sıf, şəmayı və poru cincli balıqların törədiciləri tədarük edilib və onların süni artırılması həyata keçirilib. 1936-cı ildə Kür çayı üzərində Nərə Balıqartırma zavodu tikilib. 1954-cü ildə isə nərəkimilərin süni artırılması sahəsində dünyada ilk nərə balıqartırma zavodu - Kür Təcrübi Nərə Balıqartırma Zavodu istifadəyə verilmişdir.

Onu da qeyd edək ki, Azərbaycanda Xəzər dənizinin bioloji sərvətlərinin qorunması istiqamətində kompleks tədbirlər uzun illər ərzində davamlı surətdə həyata keçirilir. Xəzər dənizinin cənubunda balıqçılığın taleyi həmişə Kür çayı ilə sıx bağlı olmuşdur. Belə ki, bu su hövzəsi il boyu, hətta qış fəslində belə, qiymətli vətəgə balıqlarının çaya daxil olmasına və nəsil verməsinə imkan yaradır.

2017-ci ildə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə təxminən 3,1 milyon manat vəsait xərclənmişdir ki, bu da əvvəlki ildəkindən 5,9 faiz çoxdur. Xərclənən vəsaitin 91,8 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 8,1 faizi balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənmişdir.

Balıq və digər bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, Azərbaycanda 2017-ci ildə 136 fizikihüquqi şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanmışdır ki, bu da 2016-cı ildəkindən 30,5 faiz artıqdır. Ovlanmış balığın demək olar ki, böyük əksəriyyəti - təxminən 965 tonu kilkə, 100 tonu kütümün payına düşür. Eyni zamanda müəyyən qədər siyənək, kefal, çəki, çapaq, şamayı və s. balıqlar da ovlanmışdır. Ümumilikdə ölkə üzrə 2017-ci ildə hüquqifiziki şəxslər tərəfindən 64 min tona yaxın balıq ovlanmışdır.

Statistikaya görə, Azərbaycanda gölnohur balıqçılığı ilə məşğul olan fiziki şəxslərin sayı 2009-cu ildə 54-dən 2010-cu ildə 80-ə, 2015-ci ildə 157-yə çatmışdır. 2009-cu ildə göl və nohurların səthinin sahəsi 594 hektar idisə, bu rəqəm 2015-ci ildə 1771 hektar olmuşdur. 2009-cu ildə tutulmuş (ovlanmış) təzə balığın miqdarı 183 ton olmuşdursa, 2015-ci ildə 561 ton təşkil etmişdir. Azərbaycanda qızılxallı balığın yetişdirilməsi 2009-2015-ci illərdə təxminən 5 dəfə artaraq 57 tondan 304 tona çatmışdır. Ölkəmizin unikal təbiəti, gur dağ çayları qızılxallı balığın istehsalında daha böyük nəticələrə nail olmağa imkan yaratmışdır.

Göl balıqçılığının sürətli inkişafına nail olmaq üçün balıq yeminin ölkədə istehsal olunması vacib idi. Neftçala Sənaye Zonasında Azərbaycanda ilk balıq yemi istehsalı zavodunun yaradılması da bu məqsədə xidmət edir. Ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün dövlət tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılmışdır. Zavodun sənaye zonasında yaradılmasının təşkili isə ilkin investisiya xərclərinə təqribən 30 faizədək qənaət etməyə imkan vermişdir. İllik istehsal gücü 25 min ton olan zavodda Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqlar quraşdırılmışdır. Neftçaladan başqa digər rayonlarda da sənaye üsulu ilə balıqçılığın inkişafına güclü təkan verilməsində bu zavod ciddi rol oynayacaq.

Gölnohur balıqçılığının inkişafı heç bir ekoloji fəsadlara səbəb olmur, əksinə, şirin su hövzələrinin sayının artmasına, floranın və faunanın zənginləşməsinə şərait yaradır, ekoloji tarazlığı qoruyur. Təsadüfi deyil ki, dağ çaylarında qızılxallı balıq yetişdirən göllər yeni istirahət ünvanları kimi həm yerli, həm də xarici turistləri cəlb edir. Balıq yemi istehsal edən zavod isə geniş istehlak olunan balıq növləri istehsalını stimullaşdırmaqla yanaşı, balıq yemi üçün Gürcüstana, Türkiyəyə üz tutan sahibkarların işini xeyli asanlaşdırır.

Məlumdur ki, Azərbaycanda balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məşğul olur. Ölkəmizdə Xəzərin bioresurslarının idarə edilməsi ETSN-in Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, dəniz bioresurslarının sistemli tədqiqatları ETSN-in tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən həyata keçirilir. Hazırda nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nəzdində balıq ehtiyatlarının artırılması ilə 12 balıqartırma müəssisəsi məşğul olur. Bunlardan 4-ü nərə, 3-ü qızıl balıq və forel, 5-i çəkikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb. Xəzər regionunda ən iri belə müəssisə illik istehsal layihə gücü 15 milyon balıq körpəsi olan 2003-cü ildə istismara verilmiş Xıllı Nərə Balıqartırma Zavodudur. Bu müəssisə Azərbaycanda Xəzər dənizinin unikal bioresurslarının qorunması üzrə də vacib işlər görür. ETSN-in Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu isə nərə cinsli və digər vətəgə əhəmiyyətli balıqların ehtiyatının qiymətləndirilməsi və ovlanmasının tənzimlənməsi üçün hər il dəniz elmi-tədqiqat ekspedisiyaları (bioloji monitorinq) keçirir.

Ümumiyyətlə, Xəzər regionunda akvakulturanın inkişaf etdirilməsi və əhalinin yeni fəaliyyət növü olan bu sahəyə cəlb olunması həm Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşmasına, həm də brakonyerliyin azalmasına xidmət edir. Bu sahənin inkişafında həm dövlət, həm də sahibkarlar maraqlıdır. Sevindirici hal odur ki, əmtəə akvakulturasının məhsul həcmi dünya üzrə artmaqdadır. Hazırda ümumi balıq ovu və istehsalının 70 faizdən çoxunu özündə birləşdirən akvakultura balıqçılığı sürətlə inkişaf etməkdədir və Azərbaycan da bu inkişafdan kənarda deyil.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 20 aprel.- S.11.