Azərbaycan dövləti öz taleyinin sahibidir

 

Ötən 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan beynəlxalq uğurlar həyata keçirilən müstəqil siyasətin bəhrəsidir

 

Müstəqillik hər bir xalq üçün böyük nemətdir. Azadlığın nə demək olduğunu bilən xalqlar tarix boyu onun uğrunda mübarizə aparmışlar. Lakin müasir dövrümüzdə müstəqillik yalnız hansısa dövlətin tərkibində olmamaqla şərtlənmir. Müstəqillik həm də dövlətin müstəqil qərarlar qəbul edə bilməsi, bütün məsələlərdə özünün mövqeyinin olması, kənar təsirlər altına düşmədən sərbəst siyasət həyata keçirməsi deməkdir.

 

Sabitlik adası

 

Bu gün dünyada çox dövlət göstərmək olar ki, əslində onun müstəqilliyi formaldır, yəni kağız üzərindədir. Çox uzağa getmədən elə Ermənistanın timsalında bunu görmək mümkündür. İndiyə qədər beynəlxalq səviyyədə elə bir fakt göstərmək mümkün deyil ki, orada erməni dövlətinin özünün mövqeyi və siyasəti hiss olunsun. Bu ölkənin nəinki beynəlxalq, hətta daxili siyasəti xaricdən formalaşır, oradan idarə olunur. İşğalçı ölkə iqtisadi baxımdan da müstəqil qərarlar qəbul etmək imkanından məhrumdur. Ermənistan kimi ixtiyarı öz əlində olmayan kifayət qədər dövləti misal gətirmək olar.

Azərbaycan müstəqil dövlətdir və xalqımız əksər xalqlardan fərqli olaraq azadlığına qanlar, verdiyi qurbanlar hesabına nail olub. Müstəqillik yolumuz heç vaxt hamar olmayıb. Lakin bu gün Azərbaycan azadlığa rahatlıqla qovuşan, amma hələ də əsl azadlığın nə olduğunu bilməyən ölkələrdən fərqli olaraq, tamamilə müstəqildir. Bu müstəqillik Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başlamasından görünməyə başladı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” tarixdə ilk dəfə Azərbaycanın malik olduğu karbohidrogen ehtiyatlar barədə müstəqil qərar verməsi idi. Bu müqavilənin milli maraqlarımıza uyğun hazırlanması, dünyanın müxtəlif qütblərini təmsil edən iri şirkətlərin Xəzər dənizinə cəlb edilməsi dövlətimizin müstəqil siyasətindən xəbər verirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirildi. Nitqində ötən 15 ilin hesabatını verən cənab İlham Əliyev çıxışının əvvəlində dedi: “Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır”.

Sabitlik hər bir dövlətin inkişafı üçün ən əsas şərtdir. Amma elə bir dövrdə yaşayırıq ki, yerləşdiyimiz regionda sabit və təhlükəsiz cəmiyyətin təmin olunduğu ölkələrin sayı olduqca azdır. Azərbaycan isə müsəlman ölkələri arasında bu baxımdan nadir nümunədir. Və bu sabitliyə, təhlükəsizliyə nail olmaq olduqca çətin və müşküldür. Çünki xaricdən hər cür dağıdıcı ssenarilərin ixrac olunduğu indiki həssas məqamda dövlətin və cəmiyyətin sabitliyini təmin etmək çevik və qətiyyətli siyasət tələb edir. Hər dövlət isə qətiyyətli siyasəti yürüdə bilmir. Ona görə ki, qətiyyətli olmaq üçün həm də güclü və müstəqil olmaq lazımdır. Fəxrlə qeyd etməliyik ki, məhz müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan bu gün yerləşdiyi regionda, həm də bütövlükdə müsəlman dünyasında sabitlik adası kimi tanınır.

 

Müstəqil iradənin göstəriciləri olan iqtisadi layihələr

 

Prezident İlham Əliyev çıxışında bir çox məqamlara toxundu, belə ki, onların hər biri haqlı olaraq müstəqil siyasətin bəhrəsi hesab edilir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə, bir il sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi həmin vaxt müstəqilliyinin cəmi 15 yaşı olan bir dövlət üçün olduqca böyük beynəlxalq uğur və qələbə idi. Bu kəmərlərin çəkilməsi Azərbaycanın haqq mübarizəsinə çevrilmişdi. Ölkəmiz o dövrdə Prezident İlham Əliyevin qətiyyəti ilə bu sınaqdan alnıaçıq, üzüağ çıxdı. Dünya erməniliyi daxil olmaqla bu kəmərlərin çəkilməsini istəməyən xarici siyasi mərkəzlər çox idi. Çünki yaxın perspektivdə neft gəlirləri sayəsində Azərbaycanı hansı inkişafın gözlədiyini yaxşı bilirdilər. Ona görə hər vəchlə bu layihələrin reallaşmasının qarşısını almağa çalışırdılar. Lakin qalib tərəf Azərbaycan oldu. İlham Əliyevin cəsarətli, qətiyyətli və müstəqil siyasəti Azərbaycanı bu mübarizənin qalibi etdi.

Azərbaycanın təşəbbüsü ilə başqa bir enerji layihəsi - “Cənub qaz dəhlizi” reallaşmaqdadır. Rəqabətin gücləndiyi hazırkı beynəlxalq enerji bazarlarında bu cür qlobal və mürəkkəb layihəni həyata keçirmək digər ixracatçılara sözün əsl mənasında meydan oxumağa bərabərdir. Azərbaycana olan beynəlxalq etimadın nəticəsidir ki, ayrı-ayrı xarici tərəfdaşlar və banklar bu layihəyə sərmayə yatırırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik və bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə olacaq.

Azərbaycanın müstəqil siyasəti beynəlxalq nəqliyyat infrastrukturunun formalaşdırılmasında da özünü göstərir. Məsələn, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin yaradılması üzrə bir neçə layihə var idi. Belə ki, onlardan yalnız biri Azərbaycan ərazisini əhatə edirdi. Digər layihələr Şimaldan Cənuba uzanan yolların Xəzərin digər tərəfindən keçməsini nəzərdə tuturdu. Lakin Azərbaycanın beynəlxalq səviyyədə apardığı işlər, təşəbbüskarlığı, bu qlobal layihəyə verdiyi töhfələr yekunda əsas tranzit yolların ölkəmizin ərazisindən keçməsini şərtləndirdi.

Bununla yanaşı, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu kimi bir layihəni də reallaşdırdı. Bu layihənin ərsəyə gəlməsi əvvəldən axıra kimi Azərbaycanın sayəsində mümkün oldu və tarixə ölkəmizin müstəqil siyasətinin növbəti təntənəsi kimi düşdü. Çünki hələ işlər yeni başlayanda bu layihəyə qarşı da çıxanlar çox idi. Lakin ölkəmiz bütün maneələri dəf etdi və vaxtilə bu layihəyə qarşı çıxanlar indi Azərbaycana təşəkkür edirlər.

 

Azərbaycan Ermənistandan fərqli olaraq dilemma qarşısında deyil

 

Azərbaycanın beynəlxalq müstəvidə nəinki iqtisadi, həm də siyasi uğurları da çoxdur. Belə ki, bunların hər biri müstəqil siyasətin təzahürləri kimi diqqəti çəkir. Bunlardan biri hələ 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi olmuşdu. BMT Təhlükəsizlik Şurasında təmsil olunmaq hər dövlətə nəsib olmur. Hətta elə dövlətlər var ki, müstəqillik yaşı yüzdən çoxdur, amma heç vaxt BMT Təhlükəsizlik Şurasına seçilə bilməyib. Azərbaycan isə müstəqilliyinin 20-ci ilində bu quruma seçilməkdə yüksək beynəlxalq uğura imza atmışdı.

Prezident İlham Əliyev andiçmə mərasimində bu barədə deyib: “Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir”.

Azərbaycanın beynəlxalq uğurlarından biri də Ermənistanın diplomatik küncə sıxışdırılmasıdır. Artıq beynəlxalq ictimaiyyət dünya erməniliyinin yalanlarına inanmır. İndi dünyada Ermənistanın iğalçı dövlət imici formalaşıb. Bütün bunlar, o cümlədən Xocalı faciəsinin bir çox dövlətlərin və ABŞ-ın ştatlarının parlamentləri tərəfindən tanınması Azərbaycanın beynəlxalq siyasi uğurlarını artırır.

Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti öz taleyinin sahibidir. İşğalçı ölkədən fərqli olaraq, bu gün biz hansısa təşkilata üzv olub-olmamaq və ya hansısa beynəlxalq öhdəliyə qoşulub-qoşulmamaq dilemması qarşısında deyilik. Hər bir məsələdə Azərbaycan Prezidentinin aydın, dəqiq və konkret mövqeyi var. Bütün bunlar isə o zaman mümkün olur ki, dövlət müstəqil siyasət həyata keçirir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-21 aprel- S.1.