Akademik Zərifə Əliyevanın anadan
olmasının 95-ci ildönümü ilə
əlaqədar “Qələbəyə doğru”
intellektual oyununun
bağlanış mərasimi keçirilib
Aprelin 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Zərifə Əliyevanın xatirəsinə həsr olunan “Nur dolu ömür” adlı film nümayiş olunub.
Sonra mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirin Binəqədidə keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. Zərifə Əliyevanın adını daşıyan parkın Binəqədi rayonu ərazisində yerləşdiyini xatırladan X.İsgəndərov qeyd edib ki, belə bir oyunun finalının Binəqədi rayonunda keçirilməsi alimin xatirəsinə böyük hörmətin əlamətidir.
Azərbaycanın dünyada uşaq və gənclər siyasətinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu deyən AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, uşaq və gənclər dövlətin qayğısından faydalanaraq bilik və bacarıqlarını artırmaq üçün çalışmalı, vətənpərvər olmalıdırlar.
Hicran Hüseynova deyib ki, “Qələbəyə doğru” intellektual oyunların keçirilməsi uşaqların Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli ziyalıları barədə məlumatlarının artırılması baxımından çox dəyərlidir. Hər bir uşaq ailənin davamçısı olduğu kimi, həm də xalqın gələcəyidir. Ölkəmizin gələcəyi uşaqlardan, onların intellektual səviyyəsindən asılıdır. Ona görə də belə intellektual oyunların keçirilməsinin mühüm əhəmiyyəti var.
Akademik Zərifə Əliyevanın da gənc intellektuallara böyük diqqət göstərdiyini, onun öz ətrafına daim gəncləri topladığını, onlara yol göstərdiyini vurğulayan komitə sədri qeyd edib ki, görkəmli oftalmoloq alimin arzularından biri Azərbaycanın uşaq və gənclərini intellektual səviyyəli, bacarıqlı, savadlı görmək olub.
Komitə sədri qeyd edib ki, Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru” intellektual yarışının da məqsədi gənclərin Azərbaycanın tarixi, mədəniyyəti, ziyalıları haqqındakı biliklərini artırmaq, onların düşüncələrinin, sərbəst fikir yürüdə bilmək bacarıqlarının inkişafına yardım etməkdir.
Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında akademik Zərifə Əliyevanın Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biri olduğunu söyləyib. Ə.Əmiraslanov deyib ki, Zərifə xanım Əliyeva oftalmologiya sahəsinin ən aktual problemləri ilə məşğul olub. O, görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb. Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin böyük hissəsi Moskva ilə bağlı olub və burada böyük elmi uğurlar əldə edib. Alim qazandığı uğurlarla səhiyyə sahəsində öz sözünü deməyi bacarıb. Zərifə Əliyevanın daha böyük uğuru həyatının üç böyük şəxslə - Əziz Əliyev, Heydər Əliyev və İlham Əliyevlə bağlı olmasıdır.
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva bildirib ki, akademik Zərifə Əliyeva tibb sahəsində böyük alim olmaqla yanaşı, həm də tarixi araşdırmaçı olub. Zərifə xanım o qədər çox işin, qayğıların içində tarixi araşdırmalarla da məşğul olub. Azərbaycanın belə qadınlarının olması tariximizin xalqımıza göstərdiyi böyük lütfdür. Bunu biz hamımız, xüsusilə gələcəyimiz olan uşaqlar dəyərləndirməlidirlər.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, gözəl alim olmaqla yanaşı, gözəl həyat yoldaşı da olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq olub. M.İbrahimqızı Vətənimizin fəxri sayılan bu cür insanların parlaq sima kimi daim yaddaşlarda yaşayacağını söyləyib.
Daha sonra “Qələbəyə doğru” intellektual oyununun qalibləri mükafatlandırılıb.
Bakıətrafı kənd və qəsəbələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Qələbəyə doğru” intellektual oyununun final yarışında iştirak etmək hüququnu seçim turlarında qalib olan komandalar qazanıblar.
Final oyununda qəsəbələri təmsil edən hər bir komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan beş məktəbli iştirak edib.
Final
yarışında birinci, ikinci
və üçüncü yerlərin
qalibləri olan komandalar
diplom və hədiyyələrlə
mükafatlandırılıb. Birinci yerin qalibi olmuş
komandaya “Qələbəyə doğru” kuboku təqdim olunub.
Azərbaycan.-
2018.- 21 aprel.- S.6.