Milli Məclis Novruz Məmmədovun Baş nazir vəzifəsinə
təyin olunmasına razılıq verdi
Aprelin 21-də Azərbaycan Respublikası
Milli Məclisinin növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər
verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov aprelin 11-də
demokratik və şəffaf şəraitdə
keçirilmiş prezident
seçkilərində İlham
Əliyevin yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilməsinin
dövlətimizin başçısının
xalqımız qarşısındakı
əvəzsiz xidmətlərinə
verilən yüksək
qiymətin və ona sonsuz inamın
ifadəsi olduğunu söyləyib.
Parlament sədri Milli Məclis adından Prezident İlham Əliyevi təbrik edib və dövlətimizin
başçısına fəaliyyətində
uğurlar arzulayıb. Bildirib ki,
Prezident İlham Əliyevin andiçmə
mərasimini Milli Məclisdə keçirməsi
dövlətimizin başçısının
parlamentə verdiyi dəyərin və hörmətin göstəricisidir.
Oqtay Əsədovun təklifi ilə Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubunun göndərilməsi
qərara alınıb.
Milli Məclisin sədri deyib ki, bugünkü
iclasın gündəliyinə
bir məsələ daxildir. İclasda “Novruz İsmayıl
oğlu Məmmədovun
Azərbaycan Respublikasının
Baş naziri vəzifəsinə təyin
edilməsinə razılıq
verilməsi” haqqında
məsələyə baxılacaq.
Sonra sədr gündəlikdəki
məsələ ilə
bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub.
Oqtay Əsədov qeyd edib ki, Novruz
Məmmədov bütün
fəaliyyəti dövründə
özünü yüksək
ləyaqətə malik
insan kimi təsdiq edib. Novruz Məmmədovun
fəaliyyəti hər
zaman Azərbaycan dövləti tərəfindən
yüksək qiymətləndirilib.
Sonra məsələ ilə bağlı müzakirələr
aparılıb.
Çıxış edən
Milli Məclisin beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd Seyidov, ictimai birliklər və dini qurumlar komitəsinin
sədri Siyavuş Novruzov, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli aprelin 11-də
Azərbaycanda şəffaf
və ədalətli seçkilərin keçirildiyini
bildirib, Prezident İlham Əliyevi parlaq qələbəsi münasibətilə təbrik
ediblər.
Qeyd olunub ki, Azərbaycanın
Baş naziri vəzifəsinə namizədliyi
irəli sürülmüş
Novruz Məmmədov beynəlxalq arenada ölkəmizin maraqlarını
hər zaman müdafiə edən şəxslərdəndir. Diplomatik karyerasında
ən yüksək zirvəyə yüksəlmiş
Novruz Məmmədov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
kimi də fəaliyyətində böyük
uğurlara imza atıb. O, ölkəmizin
daxili və xarici siyasəti, dövlətimizin başçısının
apardığı iqtisadi,
sosial siyasətlə bağlı dərin məzmunlu çıxışların,
məqalələrin müəllifidir.
Novruz Məmmədov bütün
fəaliyyəti dövründə
dövlətimizin milli
strategiyasına, Ümummilli
Liderə, Prezidentə
sədaqət nümunəsi
göstərib.
Çıxışlarda Baş nazir kimi fəaliyyəti dövründə göstərdiyi
xidmətlərə görə
Milli Məclis adından Artur Rasi-zadəyə də təşəkkür edilib.
Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.
İclasda çıxış edən
Baş nazir Novruz Məmmədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını
bildirib. O deyib ki, Baş nazir
vəzifəsi çox
çətin, lakin şərəfli vəzifədir.
Dövlətimizin başçısı İlham Əliyev ilə birlikdə işləmək çox
şərəflidir.
Novruz Məmmədov vurğulayıb
ki, Azərbaycan bu gün dünya
miqyasında özünün
yeri, mövqeyi olan bir ölkədir. Azərbaycan ən
mürəkkəb geosiyasi
məkanda yerləşir.
XXI əsrin ikinci
onilliyində dünyada
gərgin proseslərin
getdiyi belə bir vəziyyətdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və
uğurlu dinamik inkişafın davam etdirilməsi bizim hər birimizin qarşısında çox
böyük vəzifələr
qoyur. Biz yüksək səviyyəli
inkişafımızı davam
etdirməliyik. Bu, çox çətin vəzifədir. Çalışacağam
ki, bu məsuliyyətli
vəzifəni Azərbaycan
Prezidentinin rəhbərliyi
ilə, dövlət və hökumət strukturları, eyni zamanda, Milli Məclis ilə sıx əməkdaşlıq
şəraitində yerinə
yetirim. Çalışacağam ki, ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi
yolu Azərbaycan Prezidentinin rəhbərliyi
ilə davam etdirək.
Hazırda Azərbaycanın
çox yüksək
inkişaf mərhələsində
olduğunu vurğulayan
Baş nazir deyib: “Mən xarici siyasətlə çox məşğul olduğum üçün
beynəlxalq aləmdə
dövlətlərlə bağlı
mövqeləri yaxşı
bilirəm. Azərbaycan fəal iştirakçı
və təşkilatçı
kimi bu illər
ərzində siyasi, enerji, idman, mədəniyyət, multikulturalizm
sahələrində dünyanın
ən böyük layihələrini uğurla
həyata keçirib.
Azərbaycan beynəlxalq əməkdaşlığa
çox böyük töhfələr verib.
Bir neçə ilə Azərbaycan Avrasiyanın ən böyük nəqliyyat qovşağı
olacaq. Hindistandan Avropanın şimalına,
Şərqdən Qərbə,
Avropanın cənubuna
qədər bütün
ölkələrin ticari,
iqtisadi əlaqələrinin
qovşağı məhz
Azərbaycan olacaq.
Bu, həm də
Azərbaycanın gələcək
inkişafını təmin
edir. Mənim qarşımda duran
əsas vəzifə Azərbaycanın iqtisadi sahədə bu günə qədər əldə etdiyi uğurların istiqamətlərini
daha da konkretləşdirmək,
hansı islahatların
daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini nəzərə
alaraq addımlar atmaqdır. Şübhəsiz ki, Azərbaycan
Prezidentinin rəhbərliyi
altında dövlət,
hökumət strukturları
ilə, eləcə də Milli Məclisin
üzvləri ilə birlikdə biz bu vəzifələrin öhdəsindən
gələcəyik.
Novruz Məmmədov vurğulayıb
ki, Azərbaycan artıq çox böyük layihələr
həyata keçirib,
siyasət, iqtisadiyyat,
enerji, idman, mədəniyyət sahələrində
böyük uğurlara
imza atıb. Bütün bu
işləri təhlil
etsək görərik
ki, dünyanın heç bir ölkəsi Azərbaycanla
müqayisə oluna, ölkəmizlə rəqabət
apara bilməz. Azərbaycan beynəlxalq təşkilatlarda
çox fəal iştirak edir. Ölkəmiz siyasi, mədəni, idman, sivilizasiyalararası dialoq,
multikulturalizm sahələrində
mötəbər tədbirlərə
ev sahibliyi
edir. Azərbaycan 120 ölkəni özündə
birləşdirən, BMT-dən
sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına
2019-2021-ci illərdə sədrlik
edəcək. Azərbaycan Prezidenti
daxili və xarici siyasəti, beynəlxalq münasibətlər
sahəsini mükəmməl
bilən müdrik siyasi xadimdir. Bütün bunları nəzərə
alaraq deyə bilərik ki, müstəqil Azərbaycan
öz tarixində ən möhtəşəm
dövrünü yaşayır.
Baş nazir Novruz Məmmədov
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin onun qarşısında qoyduğu
vəzifələrin həyata
keçirilməsi üçün
əlindən gələni
əsirgəməyəcəyini bildirib.
Milli Məclisin sədri Oqtay Əsədov sonda bir daha
Novruz Məmmədovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Bununla da Milli Məclisin
plenar iclası başa çatıb.
Azərbaycan.- 2018.-22 aprel.- S.1.