Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Aprelin 11-də keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə bütün Azərbaycan xalqının yaşadığı böyük qürur, iftixar, sevinc hissinə və əsl bayram coşqusuna qoşularaq Sizi ürəkdən təbrik edir, Azərbaycanın müstəqilliyi, tərəqqisi və yüksəlişi naminə daha möhtəşəm uğurlar və zəfərlər diləyirik.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının iqtisadiyyatının və sosial sahənin modernləşdirilməsi yolu ilə inamlı irəliləyiş siyasətini dəstəkləyir, Sizə bu yolda Uca Allahdan uğurlar arzulayırıq.
Sizin fədakarlığınız və məharətiniz sayəsində sabitlik və tərəqqi rəmzinə çevrilmiş Azərbaycanda xalq-iqtidar həmrəyliyi gündən-günə möhkəmlənir, vətəndaşların sosial müdafiəsi və maddi rifahı yüksəlir, onlar sabahı inamla qarşılayırlar. Qürurvericidir ki, ölkənin iqtisadi inkişafı nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Bu nailiyyətlər torpaqlarımızın işğaldan tam azad ediləcəyi, Azərbaycan bayrağının Qarabağda dalğalanacağı günün heç də uzaqda olmadığına inamımızı daha da artırır. Bütün bunlar hər birimizdə fəxarət hissi doğurmaqla Sizə dərin hörmət və sonsuz ümumxalq sevgisi qazandırır.
Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ənənəvi dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafına Siz xüsusi töhfə vermisiniz. Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq bu siyasətin həyata keçirilməsinə daim səy göstərəcəyimiz barədə Sizi əmin etmək istəyirik.
Bu xoş fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və səadət, Vətənimizin işıqlı sabahları naminə bütün zirvələri fəth etməyi diləyirik.
Dərin hörmət
hissi ilə,
Camal Yanqın
Azərbaycan-Türkiyə İş
Adamları Birliyi
İdarə Heyətinin
sədri
Azərbaycan.- 2018.-24 aprel.-
S.2.