İntellektual gələcək naminə müdrik seçim
Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2018-ci ilin 11 aprel seçkiləri xalqımızın taleyində əsaslı rol oynayan, onun gələcək inkişaf perspektivlərini müəyyən edən mühüm siyasi proses kimi xarakterizə olunur. Son 15 ildə Azərbaycanda çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirilən, praktik fəaliyyətə söykənən mütərəqqi siyasət 2018-ci ilin 11 aprel seçkilərində böyük ümumxalq dəstəyi qazanmış və cənab İlham Əliyevin alternativsiz liderliyini bir daha təsdiqləmişdir.
Ötən 15 ildə ölkənin qazandığı böyük uğurları gündəlik həyatında hiss edən orta statistik azərbaycanlının növbəti prezident seçkiləri ilə bağlı seçimi də dəyişməz qalmışdır. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan inanılmaz uğurlar xalqın son seçkilərdə də alternativsiz və prinsipial seçimini təmin etmişdir. Ötən illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.
Müdrik xalqımızın 15 il öncə inanıb öz taleyini etibar etdiyi cənab İlham Əliyev həyata keçirdiyi qlobal layihələrlə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsində müəyyən olunmuş böyük amalları faktlaşdıran, həyat gerçəkliklərinə çevirən qüdrətli siyasi xadim olduğunu təsdiqləmişdir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sıra strateji sahələrdə əldə olunmuş uğurlar fonunda bir daha aydın görünür.
Aprelin 18-də keçirilmiş andiçmə mərasimində çıxış edən Azərbaycan Prezidenti demişdir: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Azərbaycanın son illərdə dinamik tərəqqi yolu keçərək iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması, ictimai həyatın bütün sahələri üzrə inamlı islahatlar həyata keçirməsi praktik nəticələrini həm də elm-təhsil sisteminin müasirləşdirilməsində göstərir. Respublikamız çevik və məqsədyönlü siyasətin nəticəsi kimi son illər təhsilin həlli vacib problemlərini əsaslı surətdə aradan qaldırmaq imkanı qazanmışdır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasi kursunu inamla davam etdirərək yeni dövrün tələblərinə uyğun müasirləşdirən cənab İlham Əliyev ötən müddətdə respublikada milli intellektual potensialın gücləndirilməsi, elmin, təhsilin problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Dövlət başçısının 2003-2018-ci illəri əhatə edən prezidentlik dövründə Azərbaycan təhsilində sistemli islahatların aparılması ilə yanaşı, təhsilə dövlət tərəfindən ayrılan xərclərin həcmi də ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə dəfələrlə artırılmışdır.
2003-2018-ci illərdə ölkənin iqtisadi qüdrətinin artması təhsilə yönəldilən xərclərin və investisiyaların həcmini də əhəmiyyətli şəkildə artırmışdır. Belə ki, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildə 243 milyon manat idisə, 2018-ci ildə bu rəqəm 1,7 milyard manata yüksəlmişdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 15 ildə təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi olmuşdur. Məktəb tikintisi və əsaslı təmiri ilə bağlı qəbul olunmuş dövlət proqramları və xüsusi sərəncamlar nəticəsində 2003-2017-ci illərdə Azərbaycanda ümumilikdə 700 min şagirdin təhsil alması üçün nəzərdə tutulmuş 3000 yeni məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir. Ümumilikdə, ölkə üzrə məktəb infrastrukturunun müasirləşdirilməsi nəticəsində ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır.
Təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiqi, Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiyası istiqamətində əməli addımların atılması da son 15 ilin mühüm uğurları sırasında xüsusi qeyd olunmalıdır. Azərbaycan 2005-ci ildə rəsmən Avropa ali təhsil məkanına - Bolonya prosesinə qoşulmuşdur. Bolonya Bəyannaməsinə qoşulmaqla ölkəmizdə 1993-cü ildən həyata keçirilən ikipilləli ali təhsil sisteminin inkişaf etdirilməsi, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq ali təhsil istiqamətlərinin yeni siyahısının və bu istiqamətlər üzrə dövlət təhsil standartlarının hazırlanması istiqamətində mühüm işlər görülmüşdür.
Cənab İlham Əliyev prezident seçildikdən sonra ümumtəhsil məktəbləri üçün bütün siniflər üzrə müasir tələblər səviyyəsində yeni dərsliklərin hazırlanması və şagirdlərə pulsuz paylanılması məsələləri də dövlətin sosialyönümlü proqramları sırasında mühüm yer tutmuşdur. Xatırladaq ki, 2003-cü ilə qədər Azərbaycanda dövlət yalnız ibtidai sinif şagirdlərini dərsliklərlə pulsuz təmin edirdi. Nəticədə tədrisdə əlavə çətinliklər meydana çıxır və xüsusən bölgələrdə şagirdlər arasında dərslik çatışmazlığı müşahidə olunurdu.
Azərbaycan Prezidenti İlham Əliyev bu problemin aradan qaldırılmasını “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na daxil etmişdir. Proqramın qəbulundan sonra 2003-2018-ci illər ərzində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı reallaşdırılmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra postsovet məkanında orta məktəb şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə təminatını reallaşdıran ilk ölkələrdən olmuşdur.
Dövlət başçısı təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqini də ön plana çəkərək bu istiqamətdə bir sıra mühüm tədbirləri uğurla gerçəkləşdirmişdir. 2005-ci ildən etibarən təhsil sistemində bilavasitə keyfiyyətin yüksəldilməsinə xidmət edən informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinə başlanılmışdır. Son 15 ildə təhsilin informasiyalaşdırılması məqsədilə 2005-2007 və 2008-2013-cü illəri əhatə edən iki dövlət proqramı təsdiq edilmiş, onların həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərində hər 16 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Müqayisə üçün bildirək ki, 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü.
Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə gənclərin xaricdə təhsilinin dövlət hesabına maliyyələşdirilməsi mexanizmlərinin yaradılmasını təmin etmişdir. Ölkə rəhbərinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramı çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi məsələsi həllini tapmış və ötən dövrdə uğurla icra edilmişdir.
2003-cü ilə qədər ölkənin ucqar kənd məktəblərində kadr çatışmazlığı təhsil sahəsində həllini gözləyən əsas problemlərdən biri idi. Ucqar kənd məktəblərində kadr çatışmazlığı probleminin həllinin vacibliyini nəzərə alan cənab İlham Əliyevin prezidentliyinin birinci ilində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” 22 iyun 2004-cü il tarixli qərar imzalanmışdır. Dövlət başçısının 4 noyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı” bu istiqamətdə yeni imkanlar açmışdır. Nəticədə 2005-2017-ci illərdə ümumilikdə 15000-ə yaxın müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə ölkənin ucqar kənd məktəblərinə göndərilmişdir. Beləliklə, hələ sovet dövründən ciddi problem kimi mövcud olan ucqar kənd məktəblərinin müəllimlərə kəskin ehtiyacı ödənilmişdir.
Son 15 ildə qazanılmış mühüm uğurlardan biri də peşə təhsilinin nüfuzunun yüksəldilməsidir. Bu da təsadüfi deyildir - ilk peşə və orta ixtisas təhsili insan kapitalının formalaşmasında, eləcə də insan kapitalına investisiya qoyuluşunda əhəmiyyətli rol oynayır. Bu sahənin inkişafı əmək məhsuldarlığının yüksəldilməsi, əmək bazarında tələb və təklifin uzlaşdırılması, məşğulluğun təmin edilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Ölkəmizin son illərdəki dinamik inkişafı, yeniləşən texnologiya və elmi-texniki tərəqqi prosesi nəticəsində yeni peşə və ixtisasların yaranması peşə-ixtisas təhsilinin əhəmiyyətini daha da artırır.
Açıq demək lazımdır ki, müstəqilliyin ilk illərində Azərbaycanda peşə təhsilinin nüfuzu aşağı düşmüş, peşə təhsili verən tədris müəssisələrinin maddi-texniki bazası ciddi surətdə zəifləmişdi. Bu zərurətdən irəli gələrək Prezident İlham Əliyev “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nı qəbul etmişdir. Proqramda texniki peşə təhsili müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, kurikulumların yeniləşdirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təkmilləşdirilməsi və digər məsələlər nəzərdə tutulmuşdu.
Bundan əlavə, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təsis edilməsi peşə təhsilinin inkişaf etdirilməsi və müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” adlı konseptual sənəddə peşə təhsilinin inkişafı prioritet məsələlərdən biri kimi qeyd olunmuşdur. Həmin sənədin tərkib hissəsi kimi təsdiq olunmuş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahənin inkişafında inqilabi yeniliklərə imkan yaratmışdır. Bu sənədə görə, peşə təhsili və təlimi sahəsində dünyadakı mövcud meyillər nəzərə alınmaqla əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişafı nəzərdə tutulur. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilmişdir.
Bu sahədə həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin daha da yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də “Peşə təhsili haqqında” qanun layihəsinin Milli Məclisdə artıq iki oxunuşdan uğurla keçməsi və bu günlərdə tam qəbul ediləcəyidir. Mütərəqqi beynəlxalq təcrübə əsasında hazırlanan bu sənəd ölkədə peşə hazırlığının səmərəliliyinin artırılması sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir. Qanun layihəsində vurğulanır ki, peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla, davamlı inkişaf etdirilən, təhsilalanların bilik, bacarıq və vərdişlərinin mənimsənilməsini, ixtisaslarının daim artırılmasını, eyni zamanda onların zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir.
Ümumiyyətlə, ötən 15 ildə ölkənin innovativ modernləşməsinin, müasir cəmiyyət quruculuğunun mühüm şərti olan elm, təhsil və informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərinin gündəlik həyatda tətbiqi cəmiyyətin intellektual səviyyəsini yüksəldir, kreativ düşüncəli insanların sayının artırılmasında böyük rol oynayır.
Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər Azərbaycan iqtisadiyyatına güclü təkan verməklə, respublikamızın Avratlantika geosiyasi məkanında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərlə çıxış edən dövlətə çevrilməsini təmin edir. Əminliklə demək olar ki, son prezident seçkilərinin nəticəsi olaraq bu islahatlar daha da sürətlənəcək, respublikamız insan kapitalının inkişafı baxımından nüfuzlu dövlətlərlə bir sırada dayanmaq imkanı qazanacaqdır.
Həsən BAYRAMOV,
pedaqoji elmlər doktoru
Azərbaycan.- 2018.-24 aprel-
S.4.