“Vətən” axtaranlar...

 

Erməni yalanları və tarixin gerçək üzü

 

...Bakının isti yay gecələrindən biri idi. Qonşularla yığışıb həyətdə oturmuşduq. Yaxınlıqdakı evlərdən birinin taybatay açıq pəncərələrindən ətrafa yayılan şən nəğmələr, musiqi sədaları ruhumuzu oxşayırdı. Azərbaycanın məşhur xalq, bəstəkar və o illərdə yenicə dəbə düşmüş mahnıları ifa olunurdu. Musiqi sədalarına qoşulan şaqraq gülüşlərdən, zarafatlaşmalardan da bilmək olurdu ki, məclisdəkilərin kefləri kök, damağları çağdır. Ucadan danışır, mahnılar oxuyur, bir-birlərini adları ilə çağıraraq oyuna dəvət edirdilər. Hər şey bizim idi, dil də, musiqi də, mahnılar da... Elə adların çoxu da Azərbaycan adları idi... Zümrüd, Bağdagül, Yaşar...

Mən buraların naşısı idim. Bir neçə günlüyə qohumumuzgilə qonaq gəlmişdim. Qonşular deyəndə bildim, həmin evdə yaşayan ermənilərin bir yaşlı oğlunun - buradakı qadınların da çox istədikləri və hər gün bağırlarına basdıqları, sevib-əzizlədikləri Eltonun doğum gününü qeyd etməyə yığışıblar. Əlim üzümdə qaldı. Çünki gecənin yarısınadək davam eləyən məclisdə erməni dilində nə bir kəlmə söz deyildi, nə də mahnı oxundu.

Haradasa ermənilərin yeməklərimizi, musiqimizi, mahnlarımızı adlarına çıxmaq cəhdlərindən xəbərsiz idik. Xəbər tutsaydıq belə, o zaman bunlar bizə gülünc, onlara isə, yəqin ki, yalnız əlçatmaz xəyal kimi görünə bilərdi. 1980-ci illərin sonu hələ gəlməmişdi...

Oxuduğumuz təhsil ocaqlarında - orta məktəblərdə, texnikumlarda, institutlarda, universitetdə bizə tariximizi yanlış öyrədirdilər. Qəhrəmanlarımızı satqın kimi tanıdırdılar. Xainləri millətimizin qəhrəmanları olaraq bizə təqdim edir, onlara həsr olunmuş şeirlər əzbərlədir, mahnılar oxudurdular. Gerçək tariximiz haqqında məlumatlarımız valideynlərimizdən və digər böyüklərimizdən eşitdiklərimizdən, müəllimlərimizin ara-sıra dərslərdə qadağaları aşaraq danışdıqlarından o tərəfə keçmirdi.

Erməni daşnaklarının zaman-zaman törətdikləri soyqırımlarında qanları axıdılan, canları alınan şəhidlərimizin çoxunun məzarı belə bəlli deyildi. Əvvəlcə çarizm, sonra bolşevizm bir-birindən fərqlənməyən siyasətlərini yürütmüş, keçmişimizlə aramızda divar hörmüşdülər. Bizi tariximizdən uzaqlaşdırmaq istəyənlər məqsədlərinə çatmış kimi görünürdülər. Ancaq millətin içindəki od sönməmişdi. Korun-korun yanırdı. Alovlanması üçün bir çınqı yetərdi.

 

Gözləmədiyimiz... gözlənilən zərbə...

 

1980-ci illərin axırlarında ümumittifaq miqyasında baş verən ictimai-siyasi hadisələr hər birimizə təsir göstərdi, həyatımız məcrasından çıxdı. Bu dəfə də himayədarlarından güc alan erməni millətçiləri Azərbaycana qarşı torpaq iddiası irəli sürdülər. Başlanğıcda ayrı-ayrı şəxslərin mübahisələri, məhəllə davası kimi görünən hadisələr, əslində, böyük qarşıdurmaların ilkləri idi.

Erməni daşnakları bu savaşa on illərlə hazırlaşmışdılar. Planlarını qurmuş, silah-sursat ehtiyatlarını görmüş, güvənc yerlərini bəlirləmişdilər. Azərbaycanlılar isə bu dəfə də hazırlıqsız yaxalandılar. Nə maddi ehtiyatımız, nə də hərbi gücümüz - özümüzə məxsus ordumuz, silahlarımız var idi. XX əsrin sonuncu onilliyinə belə qədəm qoyduq...

Qədim Azərbaycan torpaqlarından - İrəvan, Göyçə, Zəngəzur və digər yurdlarımızdan ermənilər azərbaycanlıları son nəfərinədək qovdular. Silahlı erməni dəstələri yerli əhalini vəhşicəsinə qətlə yetirməyə başladılar. Hər gün torpaqlarımıza işğalçıların hücumu və şəhidlərimiz olduğu barədə xəbərlər alırdıq... Millətin köksünə yeni yaralar vurulanda köhnə yaralar da qövr elədi. O zaman anladıq ki, şəhid yaraları heç zaman sağalmır.

Əslində, zərbələr gözlənilən idi. Çünki erməni millətçiləri öz xislətlərini, məkrli niyyətlərini tarix boyu dönə-dönə göstərmişdilər. Deyəsən, biz unutmuşduq. Tariximizə yenidən, bu dəfə daha diqqətlə və doğru nəzərlərlə baxmaq imkanımız yarandı. Onun səhifələrində ermənilərin əsl simaları, məqsədləri əksini tapmışdı. Heç zaman bəlli ünvanları, yaşayış məskənləri olmayan, dünyanın müxtəlif yerlərində köçəri həyat sürən bu tayfa ilk dəfə çar I Pyotrun vəsiyyəti üzrə yeridilən siyasətlə Qafqazda torpaq sahibi olmanın dadını bilmişdi. Bundan sonra başqa millətlərin ərazilərinə göz dikməyə adət etdilər. Xəyallarına o qədər qapıldılar ki, özlərinə uydurma dövlət də “yaratdılar”, adını “böyük Ermənistan” qoydular. Bu “dövlət”in varlığına özlərindən başqa heç kimsəni inandıra bilməsələr də, niyyətlərindən dönmədilər.

Bəlkə bizim babalarımızın ən böyük yanlışı bu oldu: erməni xülyalarını onların xəstə düşüncələrinin sayıqlamaları kimi qəbul etdilər və ciddi yanaşmadılar. Ermənilər XIX əsrin sonlarından bütün dünyanın gözləri önündə terror təşkilatları qurdular. Onilliklər boyu həmin təşkilatlar üçün pullar köçürdülər, yardımlar göstərdilər. Biz bəsirət gözümüzü bağlamışdıq. Erməni millətçiləri isə artıq hazırlıqlarını görüb, fürsət gözləməkdəydilər...

Elə ki tarixin axarında sular bulanırdı, burulğanlar yaranır, qasırğalar tüğyan edirdi, o zaman hərəkətə keçirdilər. Ötən əsrin əvvəllərində çar Rusiyasında ictimai-siyasi hadisələr kəskinləşəndə, 1905-ci ildə böyük imperiyanın ərazilərində inqilabi hərəkat başlayanda gözlədikləri günlərin çatdığını düşündülər. 1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı geniş miqyasda hücumlar təşkil edərək dəhşətli qırğınlar törətdilər. Xüsusi amansızlıqla həyata keçirdikləri soyqırımlarında kimsəyə rəhm etmədilər.

Aralıq sakitləşəndə isə qınlarına çəkildilər. Ancaq sonradan biləcəkdik ki, yenə də boş oturmayıblarmış. Terror təşkilatlarını gücləndirir, planlar hazırlayır, xəbis niyyətlərini gerçəkləşdirmək üçün məqam gözləyirmişlər.

 

Tarixi saxtalaşdırmaq cəhdləri...

 

Ermənilərin “vətən” axtarışları uzun müddət davam etmişdi. Hələ XIX əsrin 90-cı illərində Türkiyəni parçalamaq istəyən böyük dövlətlərin əlaltısına çevrildilər. Türkiyəyə düşmən nəzərləri ilə baxan həmin dövlətlər məqsədlərinə nail olmaq üçün yerli əhalini - türkləri dünyaya qəddar, vəhşi, cani kimi tanıtmaq niyyətindəydilər. Tarix boyu özlərinə kölgələnəcək yer axtaran ermənilərdən istifadə etmək bunun üçün ən yaxşı vasitə idi. Mənfəətlərini güdən, özlərinə “vətən” tapmaq ümidi ilə yaşayan ermənilərin isə məqsədi Anadoluda müstəqil dövlət yaratmaq idi.

Türkiyəyə düşmən dövlətlər tərəfindən silahlandırılmış ermənilər üsyanlar qaldırır, yerli əhalini - cavanları, uşaqları, qadınları, qocaları amansızlıqla öldürürdülər. Birinci Dünya müharibəsinin başlanması və Türkiyənin - ozamankı Osmanlı dövlətinin bu müharibəyə təhrik edilməsi onu parçalamaq istəyən dövlətlərin əlinə fürsət vermişdi. Türklərə qarşı vuruşmaq üçün Amerikada, Avropada, Rusiyada səfərbər edilərək Türkiyəyə gətirilən ermənilər daha qəddar davranır, vəhşicəsinə qətllər, qarətlər törədirdilər. Erməni mənbələrində etiraf edilir ki, təkcə Qafqaz cəbhəsində 150 mindən artıq erməni rus ordusunun tərkibində vuruşurdu. Qafqaz canişininin xeyir-duası ilə yaradılan, tərkibində təqribən 10 min könüllü ermənini birləşdirən 4 silahlı birləşmə isə İrəvan və Cənubi Azərbaycan istiqamətindən Türkiyəyə hücuma keçdi. Rus qoşunlarının irəliləməsindən istifadə edən ermənilər Şərqi Anadolunun hər yerində türklərə qarşı kütləvi qırğınlar həyata keçirdilər. Xarici mətbuat isə həqiqətə göz yumur, “məzlum xristian ermənilərin” kütləvi surətdə məhvi barədə uydurma məqalələr yayırdı.

Rusların hücumundan ruhlanan Türkiyədəki ermənilər Şərqi Anadolunun 6 vilayətində - Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir və Sivasda müstəqil dövlət yaratmaq üçün türkləri qırırdılar. 1915-ci il mayın 14-də rus ordusu Van şəhərini ələ keçirdikdən sonra ermənilər iki gün ərzində yerli əhalini kütləvi surətdə məhv etməyə başladılar. Rusların himayəsi altında Van şəhərində erməni hökuməti quruldu. Qısa müddətdə Vana 250 minə qədər erməni yığışdı...

Tarixi həqiqət budur ki, həm Şərqi Anadolunun ruslar tərəfindən işğalı, həm də 1917-ci il inqilabından sonra rus qoşunlarının geri çəkilməsi zamanı onların silah-sursatını ələ keçirən ermənilər türklərə qarşı soyqırımı törətdilər. Ancaq öz torpaqlarında şəhidlər verən Türkiyəyə qarşı üstəlik iddialar da irəli sürdülər və guya 1915-ci ildə türklərin 1,5 milyon ermənini qırdıqlarını bəyan etdilər. Hətta 1965-ci ildən Ermənistanda hər il aprelin 24-ü “soyqırımı günükimi rəsmi şəkildə qeyd olunur. Əslində, baş verənlər bunlar idi: həmin gün İstanbulda və digər şəhərlərdə Osmanlı dövlətinə xəyanət edən erməni təşkilatlarının təcili bağlanması, rəhbərlərinin həbsi, sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr verir. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilir. Qəribədir ki, ermənilər bu əmrin veriləcəyindən əvvəlcə xəbər tuturlar. Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram göndərir ki, erməniləri “türk fanatizminin özbaşınalığından xilas etsin”. Teleqram ABŞ prezidentinə aprelin 24-də, yəni əmr verilən gün çatdırılır.

 

Boşa çıxan ümidlər...

 

1914-cü ildə başlayan I Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən siyasi hadisələr ermənilərin “böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaratdı. 1917-ci ilin Fevral inqilabı nəticəsində çarizm süquta uğradıldı. Həmin ilin oktyabrında isə yenidən çevriliş edildi, bolşeviklər hakimiyyəti ələ keçirdilər. Nəhəng imperiya dağıldı. Müstəmləkəsinə çevirdiyi ölkələr azad olsalar da, təhlükələrdən uzaq deyildilər. Çünki bolşevik Rusiyası da onları dinc buraxmayacaq, hər vasitə ilə müstəqilliklərinə maneələr yaradacaqdı. Bu məsələdə isə yenə erməni daşnakları ilə əlbir olmaq üçün planlar cızıldı.

XX əsrin ikinci onilliyində, siyasi cəhətdən mürəkkəb, ziddiyyətli zamanda ermənilər fürsəti fövtə vermədən fəaliyyətə keçdilər. 1918-ci ildə yenidən Azərbaycan xalqının tarixini qaraya boyadılar. Ssenari fərqlənməsə də, faciənin miqyası daha böyük oldu. Əvvəla ona görə ki, erməni daşnaklarının ixtiyarına əsl ordu gücü - döyüşçülər və hərbi silah, sursat verilmişdi. Digər tərəfdən, Türkiyə ərazisində dövlət yaratmaq xülyaları boşa çıxdığından, arzuları gözlərində qaldığından qəzəblənən, gözlərini qan bürüyən erməni millətçiləri bunun da intiqamını Azərbaycan əhalisindən alırdılar...

Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında 1917-ci ilin dekabrında imzalanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri yerli müsəlman əhalisinə qarşı xüsusi qəddarlıq etdilər. 1918-ci ilin martınadək İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdıldı. Bu ərazidə yaşayan 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirildi, qalanları Osmanlı ordusunun nəzarət etdiyi yerlərə qaçmağa məcbur oldular.

Qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Bu erməni-daşnak ideoloqu Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci ilin 13 aprelində Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdikbütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri vardı ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

1918-ci il martın 30-da səhər tezdən erməni bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum çəkərək qətllərə, qarətlərə başladılar. Martın 31-dən qırğınlar kütləvi şəkil aldı, üç gün ərzində Bakıda minlərlə insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etdi, müsəlmanların bir çox ziyarətgahlarını dağıtdılar. Martın 30-dan aprelin 2-dək Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirildi. Quba qəzasında 162 kənd darmadağın edildi, 16 mindən çox insan öldürüldü. Lənkəranda, Muğanda minlərlə soydaşımız şəhid edildi. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtdılar.

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə 1918-ci ildə ermənilərin törətdikləri cinayətlərin araşdırılmasına başlandı. Nazirlər Şurası 1918-ci ilin 15 iyulunda bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırdı. Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xaricı İşlər Nazirliyi nəzdində xüsusı qurum yaradıldı. Dünya ictimaiyyətini erməni daşnak-rus bolşevik qüvvələrinin həyata keçirdikləri dəhşətli soyqırımı barədə məlumatlandırmaq, günahkarların çəzalandırılmasını tələb etmək yeni müstəqil dövlətin qarşısına qoyduğu ən mühüm vəzifələrdən biri idi. Təəssüf ki, 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində bu işlər də yarımçıq qaldı.

Sovet hakimiyyəti illərində azərbaycanlıların deportasiyası örtülü şəkildə aparıldı. Stalinin hakimiyyəti illərində - 1948-1953-cü illərdə 100 min azərbaycanlı Ermənistan SSR-dəki tarixi yurdlarından köçürüldü. Bu qanunsuzluğu SSRİ Nazirlər Soveti “Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il dekabrın 23-də verilən qərarı ilə “qanuniləşdirdi”. Azərbaycan torpaqlarında yaradılan Ermənistan adlı dövlətin etnik təmizləmə siyasəti azərbaycanlıların 1987-1989-cu illər deportasiyası ilə başa çatdırıldı.

 

Ayaq tutub yeriməyən erməni yalanları...

 

Ermənilər yaşamaq üçün yer verdiyimiz yurdlarımızda qonaq olduqlarını uzun illər təsdiq etdilər. Əllərinə imkan düşəndə yırtıcıya dönüb, soydaşlarımızı ən dəhşətli üsullarla qətlə yetirdilər. Elə ki, sülh yarandı, o vəhşi daşnaklar məzluma çevrildilər. Özlərini yazıq, fağır göstərdilər. Musiqi zövqümüzü, əsrlərin yaddaşından keçib gələn mahnılarımızı, dadından doymadıqları yeməklərimizi təriflədilər. Bizə qoşulub o musiqiləri ifa etdilər, mahnılarımızı oxudular. Yeməklərimizin sirlərini, süfrə mədəniyyətimizi bizdən öyrəndilər. Bironda ayıldıq ki, yenə musiqilərimizi çalırlar, mahnılarımızı oxuyurlar, yeməklərimizi hazırlayırlar. Amma artıq bizim deyil, özlərinin olduğunu iddia edirlər. Həm də bunu bütün dünyada bəyan etməkdən nə utanırlar, nə də çəkinirlər.

Dünyanın ən qədim sivilizasiya məskənlərindən olan Azərbaycanın yüzilliklərə, minilliklərə yoldaş olan tarixi abidələrini hər fürsətdə saxtalaşdırmaq cəhdlərindən də gec xəbər tutduq. O abidələrin ki, bir çoxunun təmir-bərpa işlərini özümüz ürək açıqlığı ilə erməni ustalarına həvalə etmişdik...

Doğruluğu sevən, haqq yolunu müqəddəs tutan atalarımız: “Yalan ayaq tutar, amma yeriməz” deyiblər. Ermənilər əsrlərdir uydurduqları yalanların əlindən tutub ayağa qaldırmağa, yeritməyə çalışırlar. Səyləri gözlədikləri nəticəni vermir. Yalanlarına ortaq axtarmaq üçün hər cür “fədakarlıq” göstərirlər. Təəssüf ki, bəzən özlərinə tərəfdaşlar tapa bilirlər. Yardım aldıqları isə onların fitnə-fəsadına inananlar, haqq qazandıranlar deyil. Daha çox siyasi maraqlar daxilində gördüklərini görməzlikdən gələnlərdir. Ancaq nə qədər tarixin gerçək üzünə qara pərdə çəkməyə çalışsalar da, həqiqət gün işığı kimi süzülərək erməni saxtakarlığını aşkara çıxarır.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2018.-24 aprel- S.6-7.