Təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir.

Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olundu.

Sergey Narışkin Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik etdi, bunu Azərbaycan xalqının böyük etimadı kimi dəyərləndirərək seçkilərin nəticələrini həm də Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirdi.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev həm Azərbaycanda, həm də Rusiyada keçirilən son prezident seçkilərinə toxunaraq qeyd etdi ki, bütün bunlar Rusiya və Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətə xalqlarımızın verdiyi dəstəyin nümayişidir.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

 

Azərbaycan.- 2018.-25 aprel.- S.1.