Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Avropa Gimnastika İttifaqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
On beş illik prezidentliyiniz dövründə idman sahəsi də daxil olmaqla, sosial-iqtisadi, təhsil, mədəniyyət və başqa sahələrdə bir çox uğurlar əldə edilib.
Ötən illər ərzində Azərbaycan idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışların keçirildiyi məkana çevrilib. Azərbaycan birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi bir çox mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib. Həmin dövrdə ölkəmizdə bir sıra möhtəşəm idman obyektləri istifadəyə verilib.
Sizin dəstəyinizlə inşa olunmuş Milli Gimnastika Arenası təkcə Azərbaycan milli komandasının gimnastlarını və məşqçilərini deyil, idmanın bu növü üzrə Bakıda keçirilən təlim-məşq toplantılarının və beynəlxalq yarışların iştirakçılarını heyran qoyub. Bu arena indiyədək Avropa miqyasında gimnastika üzrə 6 yarışın yüksək səviyyədə keçirilməsinə imkan yaradıb.
Dünya kubokları və çempionatları, digər beynəlxalq tədbirlərlə yanaşı, Azərbaycan üç dəfə (2007-ci, 2009-cu və 2014-cü illərdə) Ritmik Gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi edib. Bu günlərdə batut, ikili mini-batut və tamblinq üzrə ən güclü gimnastlar Bakıda keçirilən 26-cı Avropa Çempionatına qatılıblar. Bu çempionat 2018-ci ildə Argentinada keçiriləcək yeniyetmələrin III Yay Olimpiya Oyunları üçün, 2019-cu ildə isə Belarusda təşkil olunacaq II Avropa Oyunları üçün lisenziya qazanmaq imkanı verib.
Azərbaycanda idmanın inkişaf sürəti, yarışların təşkili səviyyəsi, peşəkar idmanın inkişafı üçün yaradılmış şərait və idmanın kütləvililiyinin təmin olunması, idmançıların beynəlxalq arenada əldə etdikləri nailiyyətlər dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir. İdman tədbirlərinin iştirakçıları Bakının gözəlliyinə, onun müasir binalarına və infrastrukturuna, eləcə də ölkədə əhalinin rifahına birbaşa təsir edən hərtərəfli iqtisadi tərəqqiyə heyran qalırlar. Bu, Azərbaycanda idmanın inkişafına yönəlmiş, gələcək nəsillər üçün böyük bir miras olan məqsədyönlü siyasətinizin nəticəsidir.
Sizə Azərbaycanın tərəqqisinə yönəlmiş gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Əminəm ki, Azərbaycan xalqının Zati-alinizə olan inamı Sizi ölkənin inkişafı, rifahı və təhlükəsizliyi istiqamətində mühüm səyləri davam etdirməyə ruhlandıracaq.
Hörmətlə,
Fərid Qayıbov
Avropa Gimnastika İttifaqının prezidenti
Azərbaycan.- 2018.-25 aprel.- S.6.