Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kollektivə təqdim edilib

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni təyin olunmuş rəisi Vüsal Hüseynov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən kollektivə təqdim edilib.

DMX-dən bildiriblər ki, Ramiz Mehdiyev Vüsal Hüseynovun həyat yolu təcrübəsi barədə məlumat verib.

Prezident Administrasiyasının rəhbəri dövlətimizin başçısı İlham Əliyevin miqrasiya sahəsinə xüsusi diqqət və qayğısından danışıb, dünyada bu məsələnin aktuallığını qeyd edib. Miqrasiya proseslərinin tənzimlənməsinin də ölkədə aparılan siyasətin prioritetlərindən olduğunu diqqətə çatdıran Ramiz Mehdiyev dövlət başçısı tərəfindən miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı Xidmətin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Vüsal Hüseynov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, Prezidentin Dövlət Miqrasiya Xidməti ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini vurğulayıb. Xidmətin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ hüquqi bazanın və inzibati icraatın təkmilləşdiriləcəyini bildirən V.Hüseynov DMX-nin fəaliyyətində sistemli yanaşma və müraciət edənlərin məmnunluğunun təmin olunması prinsiplərinin rəhbər tutulacağını vurğulayıb.

 

Azərbaycan.- 2018.-25 aprel.- S.3.