Azərbaycan xalqı son 15 ilin uğurlarını
layiqincə dəyərləndirdi
11 aprel prezident seçkiləri demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını bir daha nümayiş etdirdi. Son 15 ildə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər. Ərazi baxımından kiçik olan bir dövlətin möhtəşəm uğurları ilə dünyanın diqqətində olması, ən əsası, inkişafın Azərbaycan modelindən bəhs edilməsi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Dövlətimizin başçısı cənab İlham Əliyev andiçmə mərasimində bir daha diqqəti bu reallığa yönəltmişdir: “Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Xalq-iqtidar birliyi uğurlarımızın əsas şərtidir
Son 15 ildə sabitliyin, təhlükəsizliyin təminatı əsas məsələ kimi öndə olub. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən cənab İlham Əliyev daim diqqəti dünyada cərəyan edən proseslərə yönəldərək, müqayisəli təhlil əsasında Azərbaycandakı mövcud sabitliyi möhkəm təmələ əsaslanan siyasətin nəticəsi kimi qeyd edir. Son 15 ildə dünyanın müxtəlif bölgələrində, Avropada çox təhlükəli proseslər baş verib - qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Bu fonda Azərbaycanın sabitləşdirici faktor kimi möhkəmlənən mövqeyi daha aydın görünür və dəstəklənir. Sabitlik olmadan hansısa inkişafdan söhbət gedə biməz. Bu günümüzü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə sabitlik faktorunun nə kimi rola malik olduğu daha aydın görünür. Baxmayaraq ki, Azərbaycan bütün dövrlərdə yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub, amma müstəqilliyimizin ilk illərində ölkədə xaos və anarxiyanın hökm sürməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonra ölkədə daxili sabitliyin yaradılması bu kimi tərəddüdlərin aradan qalxmasına səbəb oldu. Azərbaycan çox qısa zamanda sabitlik diyarına, eyni zamanda, böyük investisiyalar məkanına çevrildi. Məhz bu sabitliyin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 231 milyard dollardan artıqdır. Azərbaycanın bu gününə və gələcəyinə inamdan irəli gələn bu addım, eyni zamanda, həyata keçirilən siyasətə dəstəkdir.
Bugünkü Azərbaycan ulu öndərin görmək
istədiyi Azərbaycandır
Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının ilk çağlarında söylədiyi “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri artıq reallıqdır. Ümummilli lider Heydər Əliyevin bu fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirir ki, bugünkü Azərbaycan ulu öndərin görmək istədiyi Azərbaycandır. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, ən əsası, Heydər Əliyev siyasəti bu əbədiliyin təminatçısıdır.
Son 15 ildə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar da təqdirəlayiqdir. Dövlət siyasətinin əsasını təşkil edən insan hüquq və azadlıqlarının təminatı, azad mətbuatın inkişafı, siyasi partiyaların normal fəaliyyəti üçün yaradılan əlverişli şərait, eyni zamanda, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Konstitusiyamıza son 15 ildə iki dəfə əlavə və dəyişikliyin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi, cəmiyyətin idarə olunmasında əsas rola malik olan qanunlarımızın təkmilləşdirilməsi insan amilinə verilən dəyərin təsdiqidir. Cəmiyyətin güzgüsü, hüquqi dövlətin əsası kimi dəyərləndirilən müstəqil mətbuatın inkişafına xidmət edən addımlar da göz önündədir. Dünyada analoqu olmayan addımı - jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə imzalanan sərəncamları xüsusi qeyd etmək istərdim. Dövlət başçısı cənab İlham Əliyevin sərəncamlarına uyğun olaraq jurnalistlər üçün artıq iki bina tikilib istifadəyə verilib, üçüncu binanın təməli qoyulub. Cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının icrası, eyni zamanda, bu sənədə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad mətbuatın inkişafına xidmət edən addımlar sırasındadır. Bu gün zamanın, dövrün tələblərinə uyğun təkmilləşmə digər sahələr kimi, mətbuatda da öz əksini tapmaqdadır.
Təbii ki, bir yazı çərçivəsində Azərbaycanın son 15 ildə əldə etdiyi uğurları əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, Azərbaycan bu müddət ərzində özünün dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirmişdir. “Multikulturalizm ili”, “İslam həmrəyliyi ili” çərçivəsində görülən işlər, Azərbaycanda dünyaya ünvanlanan mesajlar bir daha bu həqiqəti ortaya qoydu ki, Azərbaycan hər addımı, eyni zamanda, gerçəkləşdirdiyi layihələri ilə dövlətləri, xalqları daha da yaxınlaşdırır, birgə səylərin qarşıya qoyulan məqsədlərə nə kimi yol açdığını dünyaya çatdırır. Azərbaycanda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər, forumlar, konfranslar ölkəmizi dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir.
Azərbaycanın nüfuzu artdıqca, imkanları da
genişlənir
Bu uğurlarımıza yol
açan əsas amillərdən biri təbii ki, iqtisadi
inkişafdır. Son 15 ildə neft siyasətinin məntiqi davamı
olaraq qeri-neft sektorunun inkişafı istiqamətində
atılan uğurlu addımların nəticələri
bugünkü sosial-iqtisadi göstəricilərdən daha
aydın görünür. Son on beş ildə bir milyon 500 min
yeni iş yeri açılıb. İşsizliyin
səviyyəsi 5 faizdir. Regional inkişaf
proqramlarının uğurlu icrası nəinki rəqəmlərdə,
insanların gündəlik həyatında da özünü
göstərir. Neft gəlirlərinin idarə
olunmasında şəffaflıq, ədalət prinsipinin
öndə saxlanılması ölkənin maliyyə
imkanlarının genişlənməsində və
mühüm sosial-iqtisadi layihələrin həyata
keçirilməsində özünü təsdiqləyir.
Dövlət başçısı cənab
İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın çəkisi
artdıqca, imkanları da genişlənir. Bütün bu nailiyyətlər isə ulu öndər
Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının uğurlu icrasına söykənir. “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycanın
bugünkü iqtisadi imkanlarını, beynəlxalq aləmdə
siyasi mövqeyini düşünmək çətin deyildi.
Cənab
İlham Əliyev bildirir: “Əgər
bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft
sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?”
Son 15 ildə enerji sektorunda əldə
olunan uğurların da miqyası genişdir. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin
müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı
tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən
xəbər verir. Cari ildə “Cənub qaz dəhlizi”nin əsas tərkib hissəsi olan TANAP layihəsinin
icrasının başa çatması ilə Azərbaycana
investisiya axını daha da sürətlənəcək. Bir sözlə, Azərbaycanın
iştirakçısı və təşəbbüsçüsü
olduğu hər bir layihənin uğurlu sonluqla başa
çatması yeni layihənin gündəmə gətirilməsini
şərtləndirir. Prezident İlham Əliyev
andiçmə mərasimində bir daha bu reallığı
diqqətə çatdırmışdır ki, iqtisadi
inkişaf templərinə görə son on beş
ildə Azərbaycan qədər inkişaf edən ikinci
ölkə olmamışdır. 15 ildə iqtisadiyyat 3,4 dəfə artıb. Əvvəlki
illərdə bu artımın neft amili sayəsində
olduğunu önə çəkən Prezident İlham
Əliyev bu əminliyi ifadə edir ki, hazırda qeyri-neft
sektorunun inkişafı bu artımı təmin edir və gələcəkdə
də təmin edəcəkdir.
Həyata keçirilən
siyasətin əsasında vətəndaş amilinin
dayanması sosial müdafiənin gücləndirilməsi
yönümündə atılan addımların miqyasından
da aydın görünür. Diqqətəlayiq
haldır ki, bu müddət ərzində Azərbaycan
özünü dünyaya sosial dövlət kimi təqdim
edib. Cənab Prezidentin başlıca tələb
kimi irəli sürdüyü iqtisadi resursların insan
kapitalına çevrilməsi əsas tezis kimi önə
çəkilib. Son 15 ildə müasir
dövrün tələblərindən biri kimi kadr
hazırlığına diqqət artıb.
İnsan amili,
insan kapitalı
Ölkəmizin hərtərəfli
inkişafı, verilən hər bir vədin konkret əməli
işdə öz təsdiqini tapması, ən əsası, hər
bir addımda xalqa arxalanmaq, əhalinin sosial müdafiəsinin
gücləndirilməsinə çalışmaq xalq-iqtidar
birliyini daha da möhkəmləndirir. Dövlət
başçısının xalqa xidməti hər bir dövlət
məmurundan tələb etməsi də ölkə əhalisinə
qayğının təzahürüdür: “İnsan amili,
insan kapitalı. Mən hələ bunu
2003-cü ildə demişəm, biz neft kapitalını insan
kapitalına çevirməliyik. Bunu deyəndə
təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən
söhbət getmir. Söhbət ondan gedir
ki, Azərbaycan vətəndaşına hər yerdə
hörmət olmalıdır, dövlət qurumları tərəfindən
normal rəftar edilməlidir, təhdid edilməməlidir,
incidilməməlidir”. Dövlət
başçısının hər bir rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair
ayrılıqda sərəncamlar imzalaması və dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait
ayrılması da bu diqqət və qayğıdan irəli gəlir.
Möhtərəm Prezidentin
vurğuladığı kimi, ən önəmlisi budur ki, Azərbaycan
cəmiyyətində islahatların aparılması
üçün çox böyük həvəs, maraq, ruh
yüksəkliyi var.
Əvvəldə də qeyd
etdiyimiz kimi, uğurlarımız Azərbaycanın beynəlxalq
münasibətlər sistemində möhkəmlənən
yeri və rolunda da özünü qabarıq şəkildə
büruzə verir. Ölkəmizin 2011-ci ildə 155 ölkənin
dəstəyini qazanaraq BMT-nin Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi
diplomatiyamızın, xarici siyasətimizin mühüm
uğuru kimi dəyərləndirildi. Bu
sayda ölkənin səsini qazanmaq həyata keçirilən
siyasətə, eyni zamanda, Azərbaycanın ədalətli
mövqeyinə dəstək kimi də dəyərləndirildi.
Dövlət başçısı İlham Əliyev
dünyanın ən nüfuzlu təşkilatlarının
tribunasından ölkəmizin dəyişməz olan
mövqeyini bəyan edərək bildirir ki, beynəlxalq
hüququn norma və prinsipləri
bütün dövlətlərə eyni şəkildə tətbiq
olunmalıdır. Ötən il BMT-nin
Baş Assambleyasının 72-ci sessiyasında cənab
İlham Əliyevin çıxışını
xatırlayaq. 2016-cı ilin aprel
döyüşlərini xatırladan dövlət
başçısı İlham Əliyev Azərbaycana
qarşı hər bir təxribatın
qarşısının qətiyyətlə
alınacağını bəyan etmişdir. Bu günlərdə Bakıda Qoşulmama Hərəkatının
nazirlər konfransının keçirilməsi də Azərbaycanın
diplomatik uğurları sırasındadır. Cənab
İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın ən
böyük təşkilatlarından olan, beynəlxalq
hüququn normalarına, ərazi bütövlüyü
prinsiplərinə, bütün üzvlərin suverenliyinə
və müstəqilliyinə sadiq olan Qoşulmama Hərəkatının
qəbul etdiyi qətnamədə Azərbaycanın
Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi dəstəklənir.
Dövlət başçısı İlham
Əliyev bir vacib məqamı da diqqətə
çatdırır ki, Azərbaycan Qoşulmama Hərəkatının
yeganə üzvüdür ki, “Expo 2025”ə öz namizədliyini
irəli sürüb. Bu addımın
özü göstərir ki, ölkəmiz belə
mühüm qlobal tədbiri keçirməyə qadirdir.
Müstəqilliyini cəmi 26 il öncə
bərpa etmiş ölkə üçün bu kimi tədbirlər
böyük nailiyyətdir.
Aprel
döyüşləri bizim şanlı tariximizdir
Bu gün davamlı uğurları ilə
dünyanın diqqətində olan Azərbaycanın yeganə
problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsidir. Son 15 ildə
diplomatik uğurlarımız, münaqişənin həlli
üçün yaradılan möhkəm hüquqi baza,
ordumuzun artan gücü və qüdrəti bu problemimizin də
ədalətli həllini tapacağına böyük əminlik
yaradır. Cənab İlham Əliyev
“Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır.
Hüquqi baza var. Biz 15 il ərzində bu
bazanı möhkəmləndirdik. Biz son 15 il
ərzində münaqişə ilə bağlı həqiqətləri
dünya birliyinə çatdıra bilmişik, kitablar
yazıldı, xəritələr, qədim xəritələr
ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını
soyqırımı kimi tanıdı. Bizim
diplomatik və siyasi uğurlarımız öz nəticəsini
verməkdədir” fikirləri ilə Azərbaycanın beynəlxalq
aləmdə möhkəmlənən mövqeyinə, eyni
zamanda, Dağlıq Qarabağ probleminin ədalətli həllinə
inamı şərtləndirən amillərə işıq
salır. “Sülh
danışıqlarının cəsarətlə
aparılması üçün güclü ordunun olması
vacibdir” tezisi 2016-cı ilin aprel döyüşlərində
bir daha özünü təsdiqlədi. Azərbaycan
Ordusu bir qarış belə torpağımızın
düşmənə verilməyəcəyini,
torpaqlarımızı işğaldan azad etməyə
hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Cocuq Məcrcanlıya qayıdış
işğal altında olan bütün torpaqlarımıza
Böyük Qayıdışa əminliyi daha da
artırdı. Bu gün Cocuq Mərcanlı
qəsəbəsi bizim dirçəliş rəmzimizə
çevrilib. Dövlət başçısı bildirir:
“Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan
vətəndaşını ürəkdən sevindirir, onu
qürurlandırır.”
Dövlətçiliyimizdə
yeni mərhələ
Göründüyü kimi,
gələcəyə nikbinliklə baxmaq üçün
ciddi əsaslar mövcuddur. Möhkəm təmələ
əsaslanaraq, son 15 ildə əldə olunan uğurların
miqyası genişdir. Təkmil
islahatları ilə davamlı inkişafa geniş yol açan
cənab İlham Əliyev daim çıxışlarında
bildirir ki, Azərbaycanın hərtərəfli
inkişafı, əhalinin sosial rifah halının daha da
yaxşılaşdırılması dövlət siyasətinin
əsasını təşkil edir. Bu istəkdən
irəli gələrək imzalanan fərman və sərəncamlara
diqqət yetirmək kifayətdir. “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası, eyni zamanda, müxtəlif istiqamətləri əhatə
edən strateji yol xəritələri qarşıdakı illər
üçün müəyyənləşdirilən əsas
hədəflərimizin təqdimatında
yardımçıdır. Bu hədəf
Azərbaycanı inkişaf etmiş ölkələr
sırasında görməkdir.
Uğurlarımızın davamlılığı fonunda cənab
İlham Əliyev bildirir: “...biz əldə edilmiş nailiyyətlərlə
kifayətlənməməliyik. Biz gələcəyə
baxmalıyıq və baxırıq.” Təbii
ki, hər dövrün, zamanın tələbinə uyğun
olaraq təkmilləşmənin həyata keçirilməsi
mütləqdir. 2016-cı ilin
sentyabrında ölkəmizdə keçirilən ümumxalq
səsverməsi bir daha Azərbaycanın yeniləşməyə,
təkmilləşməyə nə qədər önəm
verdiyini nümayiş etdirdi. Belə ki,
Konstitusiyaya əlavə və dəyişikliklərin bir hissəsi
insan hüquq və azadlıqlarının qorunmasına, digər
qismi isə idarəçilik sistemində təkmilləşməyə
xidmət edir. Vitse-prezidentlik institutunun
yaradılması, Mehriban xanım Əliyevanın Azərbaycanın
Birinci vitse-prezidenti təyin edilməsi dövlətçiliyimizdə
yeni mərhələ kimi beynəlxalq standartlara uyğun idarəetmə
sisteminə inteqrasiyanın ilkin addımları kimi
özünü doğruldur. Mehriban
xanım Əliyevanın təyinatından sonra ünvanına
gələn təbrik məktubları da təsdiqlədi ki,
yeni institut Azərbaycanın sosial-iqtisadi inkişafına təsir
edəcək yeni mərhələ olmaqla perspektivlərin
müəyyənləşdirilməsində də önəmini
qoruyacaq. Dövlət başçısı cənab
İlham Əliyev məhz
uğurlarımıza söykənərək bildirir ki,
növbəti illərdə görüləcək işlər
haqqında çox aydın təsəvvür, planlar,
proqramlar mövcuddur. Azərbaycanı daha da qüdrətli
ölkəyə çevirəcəyik. Hamımızın
amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin,
daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan
vətəndaşları daha da yaxşı yaşasınlar.
YAP növbəti
7 ilin hədəflərinin gerçəkləşməsinə
öz töhfəsini verəcək
Fəaliyyətində bu hədəfləri
əsas tutan Yeni Azərbaycan Partiyası 11 aprel prezident
seçkilərində cənab İlham Əliyevin qələbəsi
ilə bir daha qələbələr, qaliblər partiyası
olduğunu təsdiqlədi. Xalq cənab İlham
Əliyevə səs verməklə, eyni zamanda, ulu öndər
Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan
Partiyasının bu gününə və gələcəyinə
inamını nümayiş etdirdi.
Ulu öndər Heydər
Əliyevin qeyd etdiyi kimi, YAP dünənin, bu günün və
gələcəyin partiyasıdır. Müstəqil Azərbaycanımızın
hər uğurunda öz payı olan Yeni Azərbaycan
Partiyası dövlətimizin başçısı,
özünün əvəzolunmaz sədri, möhtərəm
Prezident
İlham Əliyevin rəhbərliyi
ilə növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə
öz töhfəsini verəcək, uğur səhifələrini
daha da genişləndirəcək. Bir sözlə, ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
yol Azərbaycana ancaq və ancaq uğurlar gətirir. Dövlət başçısı İlham
Əliyevin sərəncamı ilə 2018-ci ilin ölkəmizdə
“Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi də
dövlətçilik, müstəqillik ənənələrinə
töhfə kimi dəyərləndirilir. Əbəs
yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlub
olmaz. Prezident İlham Əliyevin imzaladığı
Cümhuriyyətin 100 illiyi ilə bağlı sərəncamda
da qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə
məruz qaldığı üçün qarşıya
qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun
şüurlarda bərqərar etdiyi müstəqillik
ideyası unudulmadı. Azərbaycan xalqı
ötən dövr ərzində milli dövlətçilik
atributlarını qoruyub saxlaya bildi. Ümummilli
lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi
siyasət xalqımızın tarixi-mədəni
yaddaşını özünə qaytararaq milli mənlik
şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi
işığında müstəqillik arzularının
güclənməsinə və həqiqətə çevrilməsinə
zəmin yaratdı. Ümummilli liderin
şah əsəri olan müstəqil Azərbaycan bu gün
möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi
ilə daha möhtəşəm uğurlara imza atır,
müstəqillik tarixini önəmli səhifələrlə
zənginləşdirir.
Vüqar
RƏHİMZADƏ,
YAP Siyasi
Şurasının üzvü, əməkdar journalist
Azərbaycan.- 2018.-25 aprel.- S.8.