Xalqın məhəbbətini qazanmağın bariz nümunəsi
Neçə gündür ki, Azərbaycan xalqı prezident seçkilərində qazanılan uğurun bayram ovqatı ilə yaşayır. Xoş təbəssümlə hamı bir-birini təbrik edir, kimi doğmalarına telefon açır, kimi mesaj göndərir, kimi də uzaq xarici ölkələrdən dost-tanışdan aldığı təbrik teleqramını yaxınları ilə bölüşür. Bu xoş münasibətlərdə sakit və heç bir qanun pozuntusu olmadan keçirilən prezident seçkilərində xalqımızın böyük qələbəsi diqqətə çatdırılır. Cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinə insanlar ürəkdən sevindiklərini bildirirlər.
Namizədlər arasında cənab İlham Əliyevin 86,2 faiz səs çoxluğu ilə qalib olması şərəfinə aprelin 11-i günü gecə saatlarında paytaxt sakinləri sevinclərini bölüşmək üçün Sahil bağına toplaşdılar. Musiqi sədaları altında xalq iqtidar birliyinin təntənəsinə Bakıda qonaq olan əcnəbi vətəndaşlar da qoşuldular.
Bayram əhvali-ruhiyyəli insanlar arasında 28-30 il bundan öncə Azərbaycan xalqının, Azərbaycan dövlətinin əldən-ələ keçən taleyinin şahidi olanlar daha çox idi. Burada təşkil olunan
“İlhamla irəli” bayram konsertində iştirak etmək üçün yürüş oldu, insanlar musiqi sədaları altında gecədən keçənədək şənləndilər.
Bu tədbirin davamı kimi paytaxt sakinləri, ziyalılar və əksəriyyəti gənclərdən ibarət iştirakçılar aprelin 12-də iş saatından sonra Nərimanov rayonundakı Heydər Əliyev Mərkəzinin güllü-çiçəkli parkında toplaşdılar. Çıxış edənlər, təbrikə gələnlər ilk növbədə, 15 il ərzində görülən işlərdən, aparılan abadlıq-quruculuq məsələlərindən, xalqımızın ildən-ilə yaxşılaşan sosial şəraitindən, ordumuzun gücündən, yenilməzliyindən, ölkəmizin dünyada artan nüfuzundan, ən başlıcası, dövlətin xalqa, xalqın dövlətə olan inamından, etibarından və hər iki tərəfin yekdil olan yenilməzliyindən, böyüklüyündən söz açdılar. Bu izdihamın, həmrəyliyin ovqatında ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından olan “Hakimiyyətin mənbəyi xalqdır” ifadəsi nə qədər yerində və qüdrətli səslənirdi. Çünki dövləti idarəetmədə kifayət qədər təcrübəli və müdrik bir siyasətçinin tövsiyələri ilə fəaliyyətində xalqa güvənən, özünü xalqdan, xalqı özündən ayrı bilməyən Prezident İlham Əliyev son 15 ildə Azərbaycanın istər iqtisadi inkişaf, istərsə də mədəni tarixinə, habelə daxili və xarici siyasətinə yeni uğurlu səhifələr yazmışdır. Bu səhifələrdə Azərbaycanın bütün coğrafiyası öz əksini tapıb. Bölgələrdə kənddən qəsəbəyə, qəsəbədən şəhərə çevrilən yaşayış massivləri, yeni çəkilən yollar, yerli memarlıq üslubunda ucaldılmış binalar, yaşayış evləri, yaradılan digər infrastruktur son illərin reallıqlarıdır. Günün tələbləri səviyyəsində yaradılan elm və təhsil müəssisələri, dünya standartlarına uyğun quraşdırılan zavod, fabrik və istehsal sahələri, həyata keçirilən beynəlxalq layihələr, yeni yaradılan iş yerləri və sairə bu gün xalqımızın ixtiyarındadır.
Dövlət başçısının əldə etdiyi böyük nailiyyətlərdən biri də onun xalqının sonsuz məhəbbətini qazanmasıdır. Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşlərində, ilk növbədə, öz səmimiyyəti ilə insanları cəlb edə bilib, güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafına toplayıb, müstəqil və qüdrətli Azərbaycan uğrunda çalışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır.
Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda keçirilən bayram tədbirinə Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin də qatılması şənliyi daha da rövnəqləndirmişdir. Sadə insanlar, mədəniyyət və incəsənət nümayəndələri ilə səmimi söhbətdən sonra iştirakçılar qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi: “Azərbaycan xalqı öz seçimini etdi. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir. Mən Azərbaycan gənclərinə üzümü tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq”.
Bu tarixi günün sevincini bölüşən izdihamçılar ürəklərindən keçən istəyi qürurla dilə gətirirdilər: “Biz İlham Əliyevə səs verməklə Azərbaycanın bundan sonrakı 7 illik inkişafın sürətli artımına, sabitliyə, əmin-amanlığa, bir sözlə, Azərbaycanın daha xoşbəxt gələcəyinə inanırıq. Bu uğurlu qələbənin təminatçısı xalq, sükançısı İlham Əliyevdir”.
Rəhman SALMANLI
Azərbaycan.- 2018.-25 aprel.- S.8.