Dünyada ikinci belə ölkələr
tapılmaz ki, bir-birinə bu
qədər yaxın olsun
Aprelin 25-də sənədlərin
imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata
bəyanatlarla çıxış ediblər.
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı
- Əziz qardaşım, cənab
İlham Əliyev.
Hörmətli nümayəndə
heyətlərinin üzvləri, dəyərli mətbuat
nümayəndələri.
Bu gün Azərbaycan Prezidenti cənab
İlham Əliyevi Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının VII iclası münasibətilə Ankarada qəbul
etməkdən böyük məmnunluq hissi duyuram.
Dəyərli qardaşıma və
nümayəndə heyətinə şəxsən öz
adımdan və xalqım adımdan “Xoş gəldiniz!” deyirəm.
Bildiyiniz kimi, cənab İlham Əliyev aprelin 11-də keçirilmiş və böyük səs çoxluğu ilə qələbə qazandığı prezident seçkilərindən sonra ilk səfərini Türkiyəyə edir. Bu rəsmi səfər münasibətilə xalqım adından xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
İlk növbədə, bu uğur münasibətilə hörmətli Prezident İlham Əliyevi təbrik edirəm. İnşallah, əziz qardaşımın siyasi liderliyi ilə “Can Azərbaycan” inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parlamağa davam edəcək.
İnşallah, Türkiyə olaraq bu müddətdə Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir.
Xatırladığınız kimi, mən də Prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana etmişdim. Bunun ənənə halı alması aramızdakı qardaşlıq əlaqələrinin ən gözəl, ən konkret nümunəsidir. İnşallah, iyunun 24-dən sonra mən də ilk xarici səfərimi Azərbaycana etmək niyyətindəyəm.
Dəyərli mətbuat nümayəndələri, bu gün cənab İlham Əliyevlə həqiqətən səmimi müzakirələr apardıq. Əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz oldu. Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə nazirlərimiz apardıqları təkbətək görüşlər barədə bizə məlumat verdilər. Həm iclasın əvvəlində, həm də sonunda biz liderlər öz fikirlərimizi bildirdik.
Ötən il oktyabrın 30-da - Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasından əvvəl Azərbaycanın paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını etdik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu xəttin səmərəli şəkildə istifadəsi istiqamətində işlərimiz davam edir. İnşallah, bu fəaliyyətimizi çox qısa müddətdə başa çatdıracağıq. Gələcək üçün yeni layihələrimiz var, onları da həyata keçirəcəyik. Təbii ki, bunlardan ən mühümü iqtisadi sahədə milli valyutaya keçməyimiz olacaq.
Bununla yanaşı, yenə də birlikdə həyata keçirməyi nəzərdə tutduğumuz layihələr var ki, bunlar çox əhəmiyyətlidir. Təbii ki, hazırda önümüzdəki ən böyük layihə məlumdur. Yaxın vaxtlarda Transanadolu təbii qaz kəməri - TANAP-ın açılışını edəcəyik. Bu açılış mərasimi, inşallah, iyunun əvvəllərində olacaq. Bu, seçkiöncəsi həm xalqımıza, həm də bütün dünyaya bizim ən yaxşı müjdəmiz olacaq.
Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Digər tərəfdən, hazırda İzmirin Əliağa rayonunda inşası davam edən “Star” neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa çatacaq. İnşallah, onun da açılışını sentyabr-oktyabr aylarında yenə qardaşımla birgə edəcəyik. Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilir. Beləliklə, Türkiyədə bir nömrəli sərmayəçi Azərbaycan olacaq. İqtisadi və ticari əlaqələrimizin daha da inkişaf etdirilməsi prioritet hədəfimizdir. Burada ən mühüm məqsəd müdafiə sənayesi sahəsində birlikdə atacağımız addımlar olacaq.
Təbii ki, bu gün əslində önəmli bir addım atdıq. Preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumunun imzalanmasından böyük məmnunluq duyduğumu xüsusi vurğulamaq istəyirəm. İnanıram ki, memorandumu qısa müddətdə həyata keçirəcəyik. İkitərəfli əlaqələrimizlə yanaşı, Azərbaycanla birlikdə Gürcüstan, Türkmənistan, İran və Pakistanla yaratdığımız üçtərəfli əməkdaşlıq formatı da çox mühüm əhəmiyyət kəsb edir. Bu formatlar ölkələrimiz və regionumuz üçün faydalı olacaq layihələrin davam və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Dəyərli mətbuat nümayəndələri, 2018-ci il mayın 28-də 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. Bu yubiley münasibətilə bütün Azərbaycan xalqını indidən təbrik etmək istəyirəm. Eyni zamanda, bu müstəqilliyin möhkəmlənməsində və Azərbaycanın sərhədlərinin müəyyənləşməsində töhfəsi olan Qafqaz İslam Ordusu da 100 il əvvəl yaradılıb. 2018-ci ildə Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərinin xatirəsini də layiqincə anmaq üçün ölkələrimiz lazımi hazırlıq işləri görür. “Bir millət, iki dövlət” kəlamı boş yerdən yaranmayıb. Bu kəlama görə Heydər Əliyevi rəhmətlə anırıq. Bu ifadənin altında əziz şəhidlərimizin qanları ilə yazdıqları imza var. Çanaqqala dastanında Bakının qurtuluşunda məhz bu qardaşlıq ruhuna şahid oluruq. Ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu gün də eyni anlayışla davam edir. Biz ortaq mövqeyimizi Dağlıq Qarabağ məsələsində də, Afrində də bütün dünyaya eyni ilə göstərmişik. 2016-cı il 15 iyun xain dövlət çevrilişi cəhdindən dərhal sonra bizə dəstək verən ilk liderlərdən biri dəyərli qardaşım İlham Əliyev olub.
Azərbaycan bu gün başda “FETÖ” olmaqla, terror təşkilatları ilə mübarizəmizdə bizə ən çox dəstək verən ölkədir. Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı zamanı da istər Azərbaycan hökuməti, istərsə də Azərbaycan xalqı hər zaman bizim yanımızda oldu. Biz də Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz olaraq qəbul etdik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur. Bu məsələdə Azərbaycana verdiyimiz dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığımızı da gücləndirməkdə qərarlıyıq.
Dəyərli qonaqlar, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası həm aramızdakı əlaqələrimizin müzakirə edilməsi, həm də mühüm qərarların verilməsi baxımından son dərəcə faydalı oldu. Bir az əvvəl imzalanan sənədlər bunun təsdiqidir. Burada müzakirə etdiyimiz bütün məsələləri həyata keçirməyə çalışacağıq və strateji münasibətlərimizi daha da genişləndirmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
Bu düşüncələrlə qardaşım cənab İlham Əliyevə və nümayəndə heyətinə bir daha “Türkiyəyə xoş gəldiniz!” deyirəm. Buradan bütün azərbaycanlı qardaşlarımı ən səmimi duyğularla salamlayıram.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
-Əziz qardaşım, hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Siz qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbiidir. Siz də qeyd etdiyiniz kimi, bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir.
Məni prezident seçkilərində qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olmuşdur. Bir həftə bundan əvvəl Bakıda andiçmə mərasimi keçirildi, iki gün bundan öncə hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımla görüşləri başladıq, bu gün davam etdik. Bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi vardır.
İlk növbədə, əziz qardaşımı və bütün qardaş türk xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Biz - Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşılayırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir. Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Fürsətdən istifadə edərək, əziz qardaşımı seçkilərdən sonra ilk səfərini Azərbaycana etməyə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın.
Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.
Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Türkiyəni daim dəstəkləyir, Türkiyənin terrorla mücadilə yolunda hər zaman həmrəylik göstərmişdir, hər zaman Türkiyənin yanında olduğunu ifadə etmişdir. “Zeytun budağı” əməliyyatının uğurla keçirilməsi ilə bağlı bütün qardaş türk xalqını təbrik edirəm. Azərbaycan xalqı bu məsələdə də hər zaman həmrəylik göstərmişdir. Bu, bizim ümumi məsələmizdir.
Bu gün Türkiyə və Azərbaycan bizim bölgəmizdə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirir. Əziz qardaşımın dediyi kimi, Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Yəni, bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr, sadəcə olaraq, iqtisadi məna daşımır, bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq.
Biz qarşılıqlı sərmayə qoyuluşunu da artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoymuşdur. Ancaq qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın, “Star” neft emalı zavodunun açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq. Onu da qeyd etməliyəm ki, Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olan “Petlim” limanı inşa edilibdir. Bu, Türkiyənin üçüncü böyük limanıdır. Biz bu gün güzəştli ticarət anlaşmasının imzalanmasına yaxınlaşdıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu anlaşma imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaqdır.
Müdafiə sahəsində birgə hərbi təlimlər həyata keçirilir. Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi vardır və biz ordumuzun ehtiyacını, o cümlədən Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına təmin edirik. Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılacaq. Biz görürük ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və istehsal olunan məhsullar ən yüksək standartlara uyğundur.
Biz bütün sahələrdə - mədəniyyət, təhsil, incəsənət, humanitar sahələrdə daim birlikdəyik. Bizi birləşdirən qədim tarix var, bizi birləşdirən yaxın tarix var. Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq.
Əziz qardaşım, böyük diqqətə və qonaqpərvərliyə
görə Sizə bir daha
minnətdaram, qardaş türk
xalqına daim rifah və
tərəqqi arzulayıram. Sağ olun.
Azərbaycan.-
2018.- 26 aprel.- S.2-3.