500 milyon insanın nəbzi
Bakıda döyünəcək
Dünyanın idman paytaxtı
“Formula-1” Qran-prisinə üçüncü
dəfə ən yüksək şəkildə evsahibliyi edir
Dünyanın idman paytaxtı hesab olunan Bakı daha bir tarixi uğura imza atmaq ərəfəsindədir. Yenə də yüksək sürət, adrenalin həvəskarlarının nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyünəcək.
Aprelin 27-29-da üçüncü dəfə “Formula-1” Azərbaycan Qran-prisinə ən yüksək səviyyədə evsahibliyi edəcək Odlar yurdunun paytaxtı artıq demək olar ki, adını bu beynəlxalq idman yarışının tarixinə qızıl hərflərlə yazdırıb. Eyni zamanda, müstəqil Azərbaycan bir daha idman ölkəsi olduğunu dünyaya nümayiş etdirib.
Təhlükəsizlik, iqtisadi və
kommunikasiya imkanları
Hər kəsə bəllidir ki, beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları hər zaman həlledici rola malikdir. Bir çox ölkələr beynəlxalq tədbirlərə evsahibliyi etmək üçün rəqabət aparır, yarış və tədbirlərin ev sahibləri 5-10 il sonra üçün belə müəyyən olunur.
Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.
Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Bunlara “Eurovision” musiqi yarışması, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və “Formula-1” Qran-prisini misal göstərmək olar.
Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda, belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividendlər gətirir.
Dərin iftixar hissi
doğuran yüksək səviyyəli evsahibliyi
Artıq 2 ildir Bakıda keçirilən “Formula-1” Qran-prisi ilə Azərbaycan xalqı dünyada məşhur olan daha bir idman sahəsi ilə yaxından tanış olmaq imkanını qazanıb. Dünya idmançıları və onların Bakı şəhərinə gəlmiş çoxminli azarkeşləri isə inkişaf edən Azərbaycanın daha parlaq bir dövrünün şahidi olurlar. Şəhərimizin gözəlliyi, insanlarımızın qonaqpərvərliyi, eyni zamanda, tariximiz, mədəniyyətimiz, mətbəximiz turistlərdə xoş təəssürat yaradır.
Bundan öncəki illərdə olduğu kimi, bu dəfə də Azərbaycan “Formula-1” yarışlarına adına layiq uğurla evsahibliyi edəcək. Dünyanın bütün qitələrinin telekanallarında yenə də “Bakı, Azərbaycan” sözləri qürurla səslənəcək.
Dərin iftixar hissi doğuran bu böyük hadisələr ölkəsini ürəkdən sevən hər bir azərbaycanlıda əlbəttə ki, qürur hissi yaşadır. Çünki dünyada yarım milyard tamaşaçı auditoriyası olan “Formula-1” ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. “Formula-1” kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu bir daha təsdiqləyir.
Qarabağ həqiqətlərinin dünyaya
çatdırılması baxımından əla imkan
Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik, əmin-amanlıq məkanıdır. Respublikamızda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor isə hakimiyyətin həyata keçirdiyi siyasi kursun ümummilli maraq və mənafeyə tam cavab verməsidir.
Bütün bunlar isə Azərbaycanı yüksək sürətlə inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktordur.
Onu da vurğulamalıyıq ki, bu həm də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından əla imkandır. Bəzən ölkəmizi istəməyənlər haqqımızda təhrif olunmuş, xoşagəlməz məlumatlar yayırlar. Ancaq qonaqlar, turistlər ölkəmizdə olarkən bir daha görürlər ki, Azərbaycan sürətlə inkişaf edən, demokratik azadlıqların qorunduğu, islahatlar gedən bir dövlətdir.
Nümunəvi təşkilatçılıq qabiliyyətinin
təntənəsi
Bu bir həqiqətdir ki, müstəqil Azərbaycan iqtisadi, sosial və digər sahələrlə yanaşı, idman sahəsində də möhtəşəm zəfərlərə imza ataraq həm əhali, həm də ərazi nisbətinə görə ölkəmizdən qat-qat böyük olan dövlətlərin uzun illər qazana bilmədikləri uğurlara sahib çıxıb. Bu həm Azərbaycanın qüdrətinin, gücünün göstəricisi, həm də yüksək təşkilatçılıq qabiliyyətinin təntənəsidir.
Təbii ki, respublikamızdakı möhkəm ictimai-siyasi sabitlik və idman sahəsindəki zəfərlər Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu bəhrəsidir. Bu da bir daha təsdiq edir ki, Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var. Dövlət başçısının söylədiyi kimi, bunlar sadəcə olaraq, niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Onların icra qrafiki, mexanizmləri və maliyyə resursları var və Azərbaycan apardığı bu uğurlu siyasətə idman vasitəsilə əlavə töhfə verir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 26 aprel.- S.1; 6.