Azərbaycan ilə Dünya
Bankı arasındakı əməkdaşlıq əlaqələri
müzakirə olunub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 26-da Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Navid Hasan Naqvi Rövşən Rzayevi yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Təbrikə görə təşəkkür edən komitə sədri Rövşən Rzayev Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.
Görüşdə Navid Hasan Naqvi məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat verib.
Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir.
Komitə sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin bundan sonra da uğurla icra olunacağına əminliyini ifadə edib.
Navid Hasan Naqvi ölkəmizdə
həyata keçirilən layihələrə dəstək
verdiyinə görə, Azərbaycan hökumətinə minnətdarlığını
bildirib.
Azərbaycan.- 2018.- 27 aprel.- S.1; 4.