İlham Əliyevin uğurlu təcrid siyasəti
Ermənistanın iqtisadi-siyasi
iflasını şərtləndirdi
Prezident seçkilərinin nəticələri Azərbaycanın müstəqillik kursunu daha da möhkəmləndirdi, Ermənistanda isə dövlətçiliyin tənəzzülünü sürətləndirdi
Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri respublikamızda demokratiyanın növbəti təntənəsi oldu. Seçki hüququ olan vətəndaşların mütləq əksəriyyəti növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, bu kursun davamçısı kimi ötən 15 ildə Azərbaycanın bütün uğurlarının müəllifi olan cənab İlham Əliyevə səs verdilər. Azərbaycan xalqı özünün tarixi və ən doğru seçimini edərək mövcud inkişafın davamlılığını dəstəklədi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyət dövrü sabitlik və inkişaf, İlham Əliyevin prezidentlik dövrləri isə müasirləşmə və yeniləşmə mərhələsidir. Bu, artıq isbat olunmuş reallıqdır. Azərbaycanın dünyada və regionda yüksələn nüfuzu, həyata keçirdiyi müstəqil və milli maraqlara xidmət edən xarici siyasət kursu, əhalinin sosial rifahının yüksəlməsinə yönələn müvafiq dövlət proqramlarının qəbul olunması, habelə son seçkilərin demokratik şəraitdə keçirilməsinin ümumən dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi bunun təsdiqidir.
Prezident seçkiləri respublikamızda demokratiyanın növbəti təntənəsi olaraq dünyanın nüfuzlu siyasi dairələri tərəfindən təqdir edildi. Bu gün də Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir. Məsələn, Fransa Prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevlə yaxın aylarda Parisdə görüşmək arzusunda olduğunu bildirməsi seçkilərin nəticələrinə Qərb dünyasının yüksək ehtiramla yanaşmasının aydın nümunəsidir.
Aprel ayında Ermənistanda da seçkilər keçirildi və ölkənin parlamenti əvvəlki prezident Serj Sarkisyanı baş nazir vəzifəsinə seçdi. Amma Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı. Azərbaycandakı seçkinin nəticələri mövcud siyasi kursun dəstəklənməsini göstərməklə yanaşı, ölkədə bundan sonrakı yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Ermənistanda isə insanlar küçələrə çıxaraq hakimiyyətə etiraz etdilər ki, nəticədə də müharibə cinayətkarı S.Sarkisyan tab gətirməyərək istefa verməli oldu. Beləliklə, Ermənistanda narazı xalq yeni prezident Armen Sarkisyanı və köhnə prezident S.Sarkisyanı qəbul etmədi.
Hazırda bu ölkədə kəskin siyasi böhran yaranıb. Belə ki, etirazçıların lideri Nikol Paşinyan hakimiyyətin heç bir təklifini qəbul etməyərək yalnız öz şərtlərini diktə edir, insanları itaətsizliyə çağırır, bütün istəklərinin hakimiyyət tərəfindən nəzərə alınmasını tələb edir. Odur ki, aprelin 24-də Ermənistan baş nazirinin müavini K.Karapetyan N.Paşinyanla görüşdən imtina etdi. Bütün bunlar isə Ermənistanda gərginliyin hələ uzun çəkəcəyindən xəbər verir. Çünki iqtidardan yalnız bir adam getməyib, baş verənlər nəticəsində uzun illərdir ki, hakimiyyətdə təmsil olunan klana, işğal siyasəti həyata keçirməklə Ermənistanı inkişafdan, regional layihələrdən kənarda saxlayan hakimiyyətə ciddi zərbə vurulub. Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir. Çünki proseslərin gedişatı göstərir ki, işğalçı ölkədə klanlararası qarşıdurma daha da gərginləşəcək və nəticə etibarilə qondarma DQR-lə rəsmi Yerevanın münasibətlərinin mahiyyəti dəyişəcək. Budur, Ermənistandakı seçkilərin nəticələri...
Bu gün Yerevanda davam etməkdə olan siyasi gərginlik, Bakıda isə davam edən “Formula-1” Azərbaycan Qran-prisinin hazırlıqları iki ölkənin kəskin fərqini və müqayisəli mənzərəni aydın göstərir. Onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalət hökm sürən, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır. Azərbaycanda isə seçkinin nəticələri ilə bağlı heç bir narazılıq yaranmadı, seçki gününün axşamı insanlar paytaxt küçələrində bayram yürüşü etdilər, konsert proqramları təşkil olundu. Beləliklə, Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansı əldə edərək, yeni hökumət formalaşdırdı. Bu zaman nəzərə çarpan amillərdən biri də müasir, yüksək təfəkkürlü, xaricdə təhsil almış, bir neçə xarici dildə danışa bilən gənc kadrların nazir və digər rəhbər vəzifələrə təyin olunmalarıdır. Bu, yeni bir mərhələnin başlanması deməkdir. Artıq ölkədə kifayət qədər yeniliyə köklənən, prosesləri dinamik dəyərləndirməyə qadir çevik hökumət formalaşıb. Cənab Prezidentin islahatlar kursu Azərbaycanın yaxın gələcəkdə inkişaf etmiş ölkələr sırasında dayanıqlı yer tutacağına əmin olmağa əsas yaradır.
Ümumiyyətlə, dünyada və regionda gedən mürəkkəb siyasi-hərbi və iqtisadi proseslər, Azərbaycanın mühüm geostrateji mövqeyi, həmçinin bir tərəfdən müsəlman, digər tərəfdən isə tolerant, müasir, bəşəri və demokratik dəyərlərin bərqərar olduğu dövlət olması, cənab Prezidentin qeyd etdiyi kimi, sabitlik adası kimi tanınması onu həm dost, həm də rəqib dövlətlər, xüsusən regionda sabitliyin pozulmasında maraqlı olan dairələr üçün cəlbedici edir. Ötən illərdə dəfələrlə ayrı-ayrı xarici siyasi mərkəzlərin, dünya erməniliyinin, erməni təəssübünü çəkən və lobbiçiliyini edən dairələrin Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli münasibətlərin şahidi olmuşuq. Azərbaycanın hansısa beynəlxalq uğuru, o cümlədən Bakıda keçirilən dünya miqyaslı tədbirlər zamanı həmin xarici mərkəzlər ölkəmizə qarşı qarayaxma kampaniyası başladıblar. Ölkə daxilində “beşinci kolon” adlandırdığımız şəbəkə vasitəsilə vətəndaş qarşıdurması yaratmağa cəhd ediblər. Lakin ölkə rəhbərliyinin qətiyyətli və cəsarətli siyasəti, habelə vətəndaşların cəmiyyətdə sabitliyin pozulmasına çalışan qüvvələrə qarşı birləşməsi bütün antimilli xarici ssenarilərin qarşısını alıb. Beləliklə, ötən illərin reallıqları belə bir həqiqəti aydın ifadə edir ki, Prezident İlham Əliyev iqtidarının uzaqgörənliyi və qətiyyətli siyasi iradəsi olmasaydı ölkənin inkişafı fərqli istiqamət ala bilərdi.
Əlbəttə, bütün bunlar hər birimizdən bir vətəndaş kimi ayıq olmağı, müstəqilliyimiz, dövlətçiliyimiz naminə milli səfərbərliyimizi tələb edir. Bu mənada Prezident İlham Əliyevin hələ illər öncə səsləndirdiyi “biz həmişə hücumda olmalıyıq” çağırışı bu gün daha da aktualdır. Bu Azərbaycan həqiqətlərinin dünyada yayılmasına, informasiya mübarizəsinin həyata keçirilməsinə, vətəndaş həmrəyliyinin, iqtidar və xalq birliyinin daha da möhkəmlənməsinə yönəlmiş mesajdır. Bu çağırış ölkəmizin və xalqımızın başlıca problemi olan Qarabağ probleminin həllində də mühüm şərtdir. Hazırda dünya və regionda mövcud olan gərgin və ziddiyyətli proseslər Azərbaycanda olan bütün potensialın, qüvvələrin bir mövqedən çıxış etməsini zəruri edir. Ölkə rəhbəri Qarabağ probleminin həllini tək taktiki baxımdan deyil, Azərbaycanın milli maraqlarının tarixi və strateji təmini baxımından müəyyən etmişdir. Əsas və son hədəf isə təkcə Qarabağa deyil, indi Ermənistan adlanan əzəli torpaqlarımıza - İrəvana, Zəngəzura, Göyçəyə və digər torpaqlara qayıtmaqdır.
Tamerlan VAHABOV,
ABŞ Corctaun Universitetinin məzunu,
“İvy
Group” şirkətinin təsisçisi
Azərbaycan.- 2018.- 27 aprel.-
S.7.