“Formula-1” həyəcanı başlayır
Pilotlar yarışa, bolidlər trekə hazırdır
Bu gün paytaxtımız daha bir möhtəşəm idman tədbirinə - “Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edir.
Sayca 3-cü dəfə paytaxtımızda təşkil olunacaq yarışda sürətsevərlər planetin ən güclü 20 pilotunun əzmkar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi özəlliyinə görə digər “Formula-1” treklərindən seçilir.
Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin qeydə alınacağı gözlənilir. Pilotların yarışacağı avtomobillər - bolidlər də tam hazır vəziyyətdədir. Pilotların yarışacaqları trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri şübhəsizdir.
Bu gün trasla
tanışlıq olacaq
Digər qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da reqlamentə əsasən, bu gün hər biri 1,5 saat davam edəcək iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər.
Şənbə günü səhər sürücülər bir saatlıq məşq keçəcəklər. Adətən, nahardan sonra sıralanma turu və təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə, sürücülərin bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.
Azərbaycan Qran-prisinin
əsas yarış günü
Aprelin 29-da Azərbaycan Qran-prisinin yarış günüdür. Sürücülər bir gün əvvəlki
sıralanma turunun nəticələrinə görə
startda yerlərini tuturlar.
Əvvəlcə sürücülər trasda
bir dövrə vuraraq təkərləri və əyləcləri qızdırırlar, dövrənin
tamamında isə yenidən start yerlərini
tuturlar. Yarışın direktoru Çarli
Uaytinqin xüsusi işarəsindən, yəni,
5 qırmızı işığın
sönməsindən sonra
yarış başlayır.
Dövrənin uzunluğundan asılı
olaraq sürücülər
müxtəlif traslarda
müxtəlif sayda dövrələr vururlar.
Daniel Rikkardo qalib ayrıldığı Bakıya
qələbə ilə
qayıdır
“Formula-1”də yeni
mövsüm Avstraliya
Qran-prisi ilə start götürüb. 2018-ci il mövsümünə
isə noyabr ayında Əbu Dabidə yekun vurulacaq. Bakıdan əvvəl Çində keçirilən
“Formula-1” üzrə dünya
çempionatının 3-cü mərhələsinin təfsilatı
ilə tanış olaq.
“Formula-1” üzrə
dünya çempionatının
aprelin 13-15-də keçirilən
3-cü yarışında - Çin Qran-prisində
“Red Bull Racing”in pilotu
Daniel Rikkardo qalib olub. Pilotlar Şanxayda 5451 metrlik
trasda 56 dövrə vurublar.
Daniel Rikkardo 1 saat 35 dəqiqə 36,38 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 8,894 saniyə geri
qalan Valtteri Bottas (“Mercedes”) yarışı
18 xalla ikinci pillədə yekunlaşdırıb.
İlk üçlüyü liderdən
9,637 saniyə sonra finişə çatan Kimi Raykonen (“Ferrari”, 15 xal) tamamlayıb.
Xatırladaq ki, ötən il
Bakıda keçirilən
Azərbaycan Qran-prisinin
də qalibi Daniel Rikkardo olmuşdu. Yəni, Rikkardo sonuncu dəfə qalib ayrıldığı Azərbaycana
qalibiyyətlə qayıdıb.
Pilotların yarış cədvəlinə
54 xalla Sebastian Fettel başçılıq edir. Luis Hamilton 45 xalla ikinci, Valtteri
Bottas 40 xalla üçüncü pillədə
qərarlaşıblar.
Konstruktorlar kubokunda
isə “Mercedes” 85 xalla
birinci, “Ferrari” 84 xalla
ikinci, “Red Bull Racing” isə
55 xalla üçüncü
pillədə yer alıb.
Təkcə Cənubi
Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən
biri kimi tanınan Azərbaycan
“Formula-1” ilə uğur
estafetini növbəti
dəfə davam etdirəcək. Ölkəmizin bu mötəbər
idman tədbirini yüksək səviyyədə
keçirmək iddiası
ilə imkanlarının
üst-üstə düşdüyünü
isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün start götürəcək möhtəşəm
idman tədbirində bütün dünya bunun bir daha
əyani şahidi olacaq.
“Ferrari” zirvədədir
Dünyanın bir nömrəli avtomobil yarışı
1950-ci ildən təşkil
edilir və bu müddətdə 7 dəfə dünya çempionu olan almaniyalı Mixael Şumaxer ən yaxşı göstəriciyə
malikdir. Bu göstəricidə
argentinalı Xuan
Manuel Fanxio 2-ci (5 dəfə),
fransalı Alen Prost və almaniyalı Sebastyan Fettel
3-cüdür (hərəyə 4 dəfə). Komandalarda isə
“Ferrari” zirvədə qərarlaşıb.
16 dəfə çempion adını qazanan komanda, hələ ki, rəqibləri üçün
əlçatmazdır.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 27 aprel.- S.1; 8.