Nur heykəli
Hələ neçə əsr əvvəl Yunanıstan filosofu Homerin qəhrəmanı Axilles öz anası ilə məsləhət edir ki, müharibəyə getsin, ya getməsin? Anası cavab verir ki, müharibəyə getsən tezliklə həlak olacaqsan, amma Yunanıstan tarixində qəhrəman kimi əbədi yaşayacaqsan! Getməsən, adi insan ömrü sürüb vəfat edəcəksən. Hansını daha şərəfli hesab edirsənsə, onu seç!
Axillesin adı bu gün də Yunanıstanın şərəfli tarixini yaratmış qəhrəman kimi bütün dünyada məşhurdur!
Torpaqlarımızı işğaldan azad edə biləcək yeganə şəxsiyyət ümumxalq məhəbbəti qazanmış, xalqın mərd oğlu, sərkərdəsi, lideri, Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik siyasəti dünyamızı intibaha yönəltdi,Vətənimizə yeni sima, yeni ucalıq, hörmət, ehtiram gətirdi, bütöv bir xalqı bəxtiyar, xoşbəxt həyata qovuşdurdu. Bütün dünya ermənilərinin dəstəklədiyi, öz xalqına acınacaqlı bir tale yaşadan Serj Sarkisyanı “öz müdrik” siyasəti ilə süquta, məhvə düçar etdi. Bir inkaredilməz həqiqət aydın olur ki, bütün qəhrəmanların taleyində ana ucalığı, ana tərbiyəsi əvəzedilməz rol oynayır. “Bir bacarıqlı həkimin həyatı çox adamın həyatına əvəzdir”. Zərifə xanım Əliyeva haqqında düşüncələrimi qələmə almağa başlayarkən ən çox bu məsələləri xatırlayıram. Onun şəxsiyyəti əzəmətilə gözlərim önündə canlanır. Bu nurlu simada, işıqda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim ucalıqlarını bir araya gətirən insanın obrazı görünür. Prezident İlham Əliyev kimi bir qəhrəman oğul tərbiyə edib boya-başa çatdıran ana obrazı görünür.
Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca bir daha fərqində oluruq ki, ulu Tanrının yüksək mənəvi xüsusiyyətlər əta etdiyi bu şəxsiyyət təkcə həkim kimi insanların gözlərinə nur gətirməyib. Nəcib əməlləri, örnək davranışları ilə könüllərdə işıq yandırıb, Azərbaycana, xalqımıza İlham Əliyev kimi qəhrəman oğul yetişdirib, dünyamızı nura qərq edib.
Akademik Zərifə Əliyeva xeyirin, həqiqətin, bərabərliyin, düzgünlüyün xidmətində dayanmağı özünə bir ömürlük missiya kimi müəyyənləşdirmişdi. Bütün ömrünü belə bir niyyətlə yaşamışdı. Həyatını insanlara şəfa bəxş etməklə, dünyamıza düşən işığın haləsini genişləndirməklə, hər bir kəsi gələcəyə ümidləndirməklə, sülh naminə çalışmaqla keçirmişdi. Ona görə də Zərifə xanım Əliyeva bir meyardır. Qismətinə düşən ömür payına sadəcə, bir-birini əvəz edən günlər, həftələr, aylar, illər kimi yox, bütöv bir tarix kimi yanaşan və bu ömrü tarix kimi yaşayan bütün böyük şəxsiyyətlər kimi.
***
Akademik Zərifə Əliyeva bir çox mənəvi keyfiyyətlərini onu dünyaya gətirmiş ANA-dan, Leyla xanımdan əxz etmişdi.
Atası - XX əsr tariximizdə özünəməxsus yeri olan görkəmli ictimai-siyasi xadim Əziz Əliyev nüfuzlu bir insan idi. Onun ömrü təkcə öz ailəsinə, nəslinə, evinin divarları arasına aid ömür deyildi. Bu ömür müxtəlif məkanlarda çətin mübarizələrdə, ağır sınaqlarda, sadə insanlara xidmətdə və bu ömürdən pay alanların sevincindən yaranan xoş məmnuniyyət duyğularında yaşanmışdı.
Əziz Əliyev ocağında böyüyən uşaqların, o cümlədən Zərifə xanımın tərbiyəsi, təlimi ilə əsasən, Leyla xanım məşğul olurdu. O, ana dilimizin, folklorumuzun, Azərbaycan milli düşüncə xəzinəsinin canlı daşıyıcısı idi. Dünyaya gətirdiyi övladlar bu nəcib qadından həm də kübarlıq, xeyirxahlıq, sadəlik, adət-ənənələrə hörmət dərsi alırdılar. Şəxsiyyət kimi formalaşmalarında Əziz Əliyevdən mənimsənilmiş dəyərlərin, bu böyük ictimai-siyasi xadimin övladı olmağın məsuliyyətinin də mühüm rolu vardı.
Deyirlər ki, insanın uşaqlıqdan əhatə olunduğu sevgi onu ömürlük xoşbəxt edir. Zərifə xanım da körpəliyindən doğmalarının sevgisi ilə əhatə olunmuşdu. Azərbaycan xalqının tarixində mühüm iz qoymuş bu ailə sovet dövrü Azərbaycan elitasının tipik nümunəsi idi. Bu ailənin yolu Azərbaycanın ucqarından - Naxçıvanın Şahtaxtı kəndindən başlamışdı. Zərifə xanımın atası da öz həkimlik fəaliyyətinə burada başlamışdı. İlk övladı bu məkanda dünyaya gəlmişdi. Tibb elmi bu ailə üçün dəyərli bir seçim idi. Əziz Əliyev 1935-ci ildə Azərbaycan Tibb İnstitutunun rektoru təyin olunanda Zərifənin on üç yaşı vardı. Amma o, gözünü açandan evlərində insan sağlamlığı, həkimin xalqa xidməti barədə söhbətlər eşitmişdi. Görünür, tale özü Zərifə xanımı bu minvalla həkim olmağa hazırlayırmış.
1939-cu ildə Əziz Əliyev Azərbaycanın səhiyyə komissarı təyin olundu. Atalarının həkim və böyük səhiyyə təşkilatçısı olması, ailədəki nüfuzu övladlarının peşə seçimində də mühüm rol oynamışdı. Onlardan yalnız Dilbər xanımla Gülarə xanım fərqli sahə seçdilər. Dilbər xanım Azərbaycanın görkəmli mühəndis-rabitəçilərindən oldu. Gülarə xanım korifey musiqiçilərimizdən biri kimi tanındı. Konservatoriyanı bitirdikdən sonra 1966-cı ildə “Dan ulduzu” instrumental ansamblını yaratdı, “Əməkdar incəsənət xadimi” adına layiq görüldü. Musiqi nəzəriyyəsi kafedrasının müdiri oldu. Ansambl xalq musiqisinin inkişafında və təbliğində mühüm rol oynadı.
Zərifə xanımla birgə, böyük bacısı Ləzifə Əliyeva, qardaşları Tamerlan və Cəmil isə atalarının yolunu davam etdirdilər. Zərifə xanımın böyük qardaşı Tamerlan Əliyev (1921-1997) respublikamızın ən yaxşı endokrinoloqlarından biri idi. O, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor kimi yüksək adlar aldı. Görkəmli alim 250-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi idi.
Zərifə xanımın kiçik qardaşı Cəmil Əliyev isə tibbin ən çətin sahəsini - onkologiyanı seçdi. Bu sahədə elmi avtoritetə çevrildi. O, tibb elmləri doktoru, professordur. 2001-ci ildən Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Cəmil Əliyev həmçinin Nyu York Elmlər Akademiyasının üzvü, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, İngiltərə Nammersmit Kral Universitetinin professoru, Anderson adına xərçəng əleyhinə Mərkəzin professorudur. Görkəmli alimin 230-dan çox elmi əsəri çapdan çıxıb. 80-nə yaxın elmi əsəri xaricdə çap olunub. Uzun illərdir respublika Milli Onkologiya Mərkəzinə rəhbərlik edir.
***
O zamanlar da təhsilin, məktəbin, müəllimin nüfuzu çox yüksək idi. Yaxşı oxumaq, savada, biliyə can atmaq gənc yaşlarından insanların sosial statusunu, şəxsi nüfuzunu müəyyənləşdirirdi.
Onda bahalı geyimlə, ya maşınla fərqlənmək imkanı və arzusu yox idi. Qürurlu və çalışqan bir qız olan Zərifə Əliyeva təhsildə atasının adından, şəxsi nüfuzundan istifadə etməyi qətiyyən istəmirdi. Böyük səylə oxuyur, kitabı əlindən yerə qoymurdu. O, bacısı Gülarə kimi paralel olaraq fortepiano dərslərinə də gedirdi. Musiqi istedadını təkmilləşdirirdi. Musiqiyə maraq onlara atalarından keçmişdi. Ədəbiyyat və musiqi sənətinin görkəmli simaları tez-tez onların evlərində qonaq olurdular. Zərifə xanım gözünü açıb evlərində Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Səməd Vurğun, Bülbül kimi böyük şəxsiyyətləri görmüşdü. Onların sözü, söhbəti daim yaddaşında idi. Belə ünsiyyət heç bir hafizədə izsiz qala bilməzdi və qalmadı. Bütün bunlar Zərifə Əliyevada şəxsiyyət olmaq, xalqın ümumi işi üçün nə isə etmək istəkləri yaratdı, onu maarifə və elmə bağladı.
Zərifə xanım orta məktəbi bitirəndə 1942-ci il idi. Sovet-alman cəbhəsində vəziyyət getdikcə gərginləşirdi. Atası da daim əsgər şinelində idi, evdə üzünü az-az görürdülər. Dövlətin onun qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün çətinliklərin üzərinə gedir, ən çətin bölgələrdə - İranda, daha sonra isə Dağıstanda siyasi iş aparırdı. Müharibə ağır bir sınaq idi. Bunların hamısına dözmək tələb olunurdu. Belə şəraitdə büdrəmək, gileylənmək olmazdı. Başqalarına nümunə göstərmək lazım idi. Zərifə xanım da buna çalışırdı. O zaman Bakıdakı bir çox binaları hospitala çevirmişdilər. Bu binalar cəbhədən aramsız göndərilən yaralılarla dolurdu. Onların müalicəsi, yaralılara tibbi qulluq üçün bəzən həkim personalı kifayət etmirdi. Məktəbdə keçirilən dərslər, gərgin imtahan hazırlıqları ilə yanaşı, Zərifə rəfiqələri ilə birgə tez-tez hospitallara gedir, yaralıların müalicəsində, onlara sanitar xidmətdə tibb heyətinə kömək göstərir, əli qələm tutmayan yaralıların adından onların ailələrinə məktublar yazır, bir sözlə, bacardığı qədər gərəkli olmağa çalışırdı.
O, ağır və mürəkkəb bir dövrdə orta məktəbi uğurla başa vurub, 1942-ci ilin yayında qəbul imtahanlarını müvəffəqiyyətlə verdi. Artıq Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsinin tələbəsi idi. Hələ tələbəlik illərində görkəmli həkim, institutun müəllimi Umnisə Musabəyova çalışqanlığını görüb, ona göz xəstəlikləri üzrə ixtisaslaşmağı məsləhət bilmişdi. Həyat göstərdi ki, müdrik müəllimə öz tövsiyəsində yanılmayıb. Zərifə xanım bütün ömrü boyu bu seçimə sadiq qaldı. Minlərlə insanın gözünün şəfasına çevrildi. Praktik həkimlik fəaliyyəti ilə yanaşı, fundamental əsərləri ilə oftalmologiya elmini zənginləşdirdi, gözlərə nur, qəlblərə sevinc bəxş etdi.
***
1947-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən Zərifə Əliyeva daha çox praktik biliklərə yiyələnməkdən ötrü Moskvaya Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna getdi. Bu gedişin daha bir məqsədi vardı: Azərbaycanı bürümüş traxoma epidemiyasına qarşı mübarizə arzusu! Ölkədə məhz bu yöndə ixtisaslı həkimlərə çox böyük ehtiyac duyulurdu. Zərifə xanım isə ümumi müalicə fakültəsini bitirmişdi. Göz xəstəlikləri üzrə ixtisaslaşmaq üçün mütləq əlavə təhsil zəruri idi. Həm də göz viruslarının regional fərdiliyi də vardı və infeksiya ilə mübarizə həm də bu fərdiliyi fundamental şəkildə öyrənməyi tələb edirdi. Zərifə xanım məhz bunu qarşıya məqsəd qoydu. Onun ezam olunduğu Helmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu bu sahədə SSRİ-nin aparıcı elmi müəssisəsi sayılırdı. Orada keçmiş İttifaqın ən nüfuzlu göz həkimləri çalışırdılar. Gələcək elmi fəaliyyət üçün buradakı elmi mühit çox münasib idi. Heç bir elmi avtoritetin bütləşdirilmədiyi, hər kəsin elmi tənqidlərə açıq olduğu və beləliklə, ənənələr üzərində yeniliklərin inkişaf etdiyi bu mühitdə Zərifə xanımın gəldiyi əsas qənaət ondan ibarət oldu ki, elmdə öz yolunu tapmaq üçün ancaq oxumaq, öyrənmək, təcrübəli alimlərdən görüb-götürmək lazımdır.
O illərin Moskvası da gənc həkim üçün böyük bir həyat məktəbinə çevrilmişdi. Bu mühit mənəvi cəhətdən onun şəxsiyyət kimi inkişafında böyük rol oynadı. 24 yaşına qədər ailə mühitində, doğmalarının əhatəsində yaşayan gənc azərbaycanlı qız evdən-ocaqdan uzaqlarda müstəqil həyata qədəm qoydu. Burada onun üçün yeni bir aləm açıldı. Ətrafda müharibədən qalmış məhrumiyyətlər, qıtlıq, kasıblıq hökm sürsə də, insanların gözləri gələcəyə ümidlə dolu idi. Yoxsulluq, ağır həyat şərtləri heç kimdə bədbinlik yaratmırdı. Çünki ölkə faşizmə qarşı müharibədən qələbə ilə çıxmışdı. Bu qələbə ruhu hamını gələcəyə aparırdı. Müharibədən sonra adamlarda daha böyük həyat eşqi vardı. Hər yanda tikinti-quruculuq işləri gedirdi. Moskva Zərifə xanım kimi təhsil ardınca gəlmiş gənclərlə dolu idi. Faşizmi böyük qanlar və qırğınlar bahasına əzmiş bu nəsil gələcəyə, çətinliklərin aradan qalxacağına, insanların əmin-amanlıqla dolu bir dünyada xoşbəxt yaşayacaqlarına inanırdı.
Müharibə tibbin cərrahiyyə sahəsinə də böyük təkan vermişdi. Ağlasığmaz əməliyyatlar həyata keçirilirdi. Moskvada Zərifə xanım o dövrün məşhur tibb alimləri ilə tanış oldu. Göz xəstəliklərinin müalicəsində, göz cərrahiyyəsində tətbiq olunan yenilikləri tez bir zamanda mənimsədi. Bu şəhərin elmi mühitində özünə çoxlu dostlar tapdı, onlara bağlandı, bəziləri ilə sonralar müştərək tədqiqatlar apardı, kitablar çap etdirdi. Belə dostların əksəriyyəti sonralar onun elmi işlərinin rəyçiləri və opponentləri oldular.
***
1949-cu ildə Bakıya qayıdandan sonra Zərifə Əliyeva yüksək ixtisaslı göz həkimi kimi Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda işə başladı. Azərbaycanda geniş yayılmış traxoma virusunun qarşısını almaq onun elmi tədqiqatlarının və praktik fəaliyyətinin əsasını təşkil edirdi. 1950-ci ildə əla qiymətlərlə aspiranturaya daxil olduqdan sonra da namizədlik dissertasiyasının mövzusu kimi məhz bu istiqaməti seçmişdi.
Hələ inqilabdan əvvəl Azərbaycanın şoran ərazilərində, Kürqırağı məntəqələrdə, küləyin güclü olduğu yerlərdə göz xəstəlikləri kütləvi hal almışdı. İkinci Dünya müharibəsinin sıxıntılarından sonra bu bəla 50-ci illərdə daha da güclənmişdi. Bu xəstəlik epidemiyaya yoluxan kütləvi sayda insanın simasını eybəcərləşdirir, bəzən eyni ailənin bir neçə üzvünü dünya işığına həsrət qoyurdu. Bu bəlanın qarşısını almaqdan ötrü həkim briqadaları Azərbaycanın müxtəlif rayonlarına elmi ekspedisiyalara çıxırdı. Bu ekspedisiyaların ən fəal könüllülərindən biri də məhz Zərifə xanım Əliyeva idi. Onlar infeksiyanın ən kütləvi xarakter aldığı yerlərə gedir, öz sağlamlıqlarını riskə qoyaraq insanları traxoma bəlasından xilas etməyə çalışırdılar. Ağır xəstələri müalicə edir, elmi mühazirələr oxuyur, evlərə gedib maarifləndirmə işləri aparırdılar. Bununla da xəstəliyin yaranma səbəblərini araşdırır, xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirlər həyata keçirirdilər. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısının alınması üçün xüsusilə böyük səy göstərirdi. Bu sahədə uğurlu tədqiqatların nəticələri Zərifə xanımın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edəcəkdi. Onun irəli sürdüyü müalicə metodu tezliklə bütün respublikada tətbiq olunacaq və ölkə əhalisi bu xəstəlikdən qurtulacaq, beləliklə, Zərifə xanım Azərbaycanda traxoma bəlasının ləğvinə müyəssər olmuş alim kimi adını tarixə yazacaqdı. Bütün bunlar bir neçə il sonra baş verəcəkdi.
Hələliksə, 1947-ci il idi və Moskvada təcrübə keçən Zərifə xanımı gələcək taleyini müəyyənləşdirəcək maraqlı bir təsadüf gözləyirdi.
***
Ulu öndər Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev Əziz Əliyevlə ailəvi dost idi. Heydər Əliyevlə Zərifə Əliyevanın tanışlığına da bu münasibət vəsilə olmuşdu. Onlar ilk dəfə 1947-ci ildə Kislovodskda rastlaşmışdılar. Ulu öndər o günü belə xatırlayırdı: “Böyük qardaşım akademik Həsən Əliyev Kislovodska dincəlməyə gedəndə məni də dəvət etdi... Orada heç kimi tanımırdım, qardaşımınsa çoxlu tanış-bilişi vardı. Gözümə bir qız dəydi, sonra tanış olduq. Məlum oldu ki, böyük qardaşım onun ailəsini, atasını yaxşı tanıyırmış. Mənim tanışlığım qısa olsa da, bu qız nədənsə ürəyimi tərpətdi...”
Onda Heydər Əliyev
baş leytenant idi. Bu tanışlıqdan az sonra onu
perspektivli zabit kimi Leninqrada, SSRİ DTN-nin rəhbər
kadrlarının hazırlanması üzrə məktəbə
göndərdilər. Hazırlıq kursunu
başa vurub Bakıya qayıtdıqdan sonra tale onları yenidən
rastlaşdırdı. Göygözlü,
ucaboylu, hərbi mundirli, yaraşıqlı zabit gənc
qızın xəyallarına uyğun idi. Onlar
həyat yollarını birləşdirməyə qərar
verdilər.
Lakin hələ Stalin sağ, Mir Cəfər
Bağırov isə öz taxtında idi. Gənclərin
romantik münasibətləri sınaqlardan keçməli
oldu. Repressiya dalğası Əziz
Əliyevdən də yan ötməmişdi. Əziz Əliyevə ictimai ehtiramı gözü
götürməyən Mir Cəfər Bağırov bu
böyük şəxsiyyətin timsalında
özünün rəqibini görürdü. Çünki müharibə illərində siyasi rəhbər
kimi İranda gördüyü işlər, daha sonra
Dağıstan Vilayət Partiya Komitəsi rəhbərliyində
ona tapşırılmış vəzifələri uğurla
yerinə yetirməsi Əziz Əliyevə Kremldə də
yüksək etimad yaratmışdı. Bunun
fərqində olan Mir Cəfər Bağırov isə onu
müxtəlif repressiv metodlarla sıradan
çıxarmağa, karyera yollarını bağlamağa
çalışırdı. O, bundan ötrü ən
hiyləgər metodlardan istifadə edirdi. Əvvəlcə
Moskvaya dalbadal məktublar yazıb Əziz Əliyevi baş
nazirin müavini vəzifəsinə gətirməyə nail
oldu. Lakin vəzifəyə təyin olunan kimi DTK-da ona
qarşı iş açdırdı: Əziz Əliyevi “millətçi”likdə
və sosial mənşəyini gizlətməkdə ittiham
etdilər. Tezliklə partiya töhməti verib ən
kiçik bir vəzifəyə keçirdilər. Heydər Əliyevlə Zərifə xanımın
tanışlığının ilk illərində Əziz
Əliyev ailəsinin hətta Qazaxıstana sürgün olunmaq
təhlükəsi vardı. Ailənin hər
bir üzvü nəzarətdə saxlanırdı. Həmişə qonaq-qaralı olan bu ocaqdan
çoxları repressiya qorxusundan ayağını
üzmüşdü. Belə bir vaxtda təhlükəsizlik
xidməti zabitinin şəxsi həyatı ilə
bağlı göstərdiyi yüksək cəsarət
yuxarılara xoş gələ bilməzdi.
O çətin günlər barədə
1997-ci ildə, Əziz Əliyevin 100 illik yubileyinə həsr
olunmuş mərasimdə ulu öndər Heydər Əliyev
özü danışdı. 1952-ci ildə o
zaman Dövlət Təhlükəsizliyi Komitəsinin sədri
olan Yemelyanov onu iki dəfə kabinetinə
çağırır. Tələb qısa idi:
yuxarıların gözündən düşmüş
Əziz Əliyevin evinə gedib-gəlmək, onun qızı
ilə görüşmək məsul işdə
çalışan zabit üçün arzuolunmazdır,
işini itirə bilər. Gənc zabit çətin
vəziyyətdə qalmışdı. Amma
o, asan təslim olanlardan deyildi. Zərifəni
sevirdi və ondan ayrılmağı təsəvvürünə
də gətirmirdi. Bu mülahizələri o,
açıq şəkildə nazir Yemelyanova dedi. O isə
eyham vurdu ki, Mir Cəfərin tapşırığını
icra edir, qəti qərar qəbul etməksə cavan zabitin
öz işidir.
Sonralar Heydər Əliyev o illərin
düşüncələrini etiraf kimi dilə gətirəcəkdi:
“Bilirsiniz necə fikirləşirdim? Mən DTK-da
işləyirdim və bilirdim ki, onun atasının ətrafında
nələr baş verir, onu necə izləyirlər. Və
mən bilirdim, eşitmişdim ki, onların ailəliklə
Qazaxıstana sürgün edilməsi planı var. Mən fikirləşirdim
ki, əgər onları sürgün eləsələr, mən
Zərifənin ardınca Qazaxıstana gedəcəyəm, ola
bilsin orada mənə iş tapmaq buradan daha asan oldu”. Amma
ulduzlar sevgililərin tərəfində idi... Yemelyanovla Heydər
Əliyevin söhbətindən yarım il
sonra - 1953-cü il martın 1-də Stalin Moskvadakı bağ
evində huşunu itirdi. Martın 5-də isə
onun vəfatı xəbəri bütün dünyaya elan
olundu. Bu, Mir Cəfər Bağırov
hakimiyyətinin də sonu demək idi. Tezliklə
Azərbaycan xalqına qarşı repressiya cinayətləri
törətmiş bir çoxları kimi o da, Yemelyanov da ədalət
mühakiməsi qarşısında dayanaraq layiq olduqları cəzaya
çatdılar. Bu, ədalətin təntənəsi
idi. Xeyir şər üzərində zəfər
çaldı. Heydər Əliyevlə Zərifə
xanım Əliyevanın məhəbbəti qismətlərinə
düşən sınaqlardan açıq çıxaraq
öz ziyası ilə onların ailə ocağını
nurlandırdı. 1954-cü ilin
noyabrında onlar kəbin kəsdirdilər. Dövlətin bir müddət əvvəl Heydər
Əliyevə verdiyi mənzildə sadə bir toy mərasimləri
oldu.
...Bu, yığcam, rəsmi tələblərə
uyğun musiqisiz bir məclis idi. Toyda Əziz
Əliyev, Həsən Əliyev, akademik Murtuza Nağıyev, bəylə
gəlinin anaları və yaxın qohumları iştirak
edirdilər. Qarşılıqlı məhəbbət
üzərində qurulan ailə xoşbəxt idi. Onlar bir-birinin timsalında sevgilərinə
qovuşmuş, mənəvi dayaq tapmışdılar.
***
Heydər Əliyevin məşğul
olduğu iş ondan böyük zaman tələb edirdi. O,
öz işini sevir, çalışmaqdan yorulmurdu. Zərifə
xanımın da işi az deyildi. Xəstələrin
müayinə və müalicəsi, ekspedisiyalar, elmi
axtarışlar, dissertasiya üzərində iş... Amma əsl Azərbaycan qadını kimi onun
üçün də ailə qayğıları, həyat
yoldaşına kömək hər şeydən öndə gəlirdi.
Atasının taleyindən bilirdi ki, dövlət
adamlarının əsas dayağı ailədəki
sabitlikdir. Dövlət işində tez-tez
baş verən fırtınalar qarşısında davam gətirmək
üçün böyük liderlər ən çox ailənin
rahat, hərarətli mühitinə, doğmalarının
sevgisinə ehtiyac duyurlar. 1955-ci ildə ilk
övladları Sevil dünyaya gəldi. Gənc
ailənin sevincinin həddi-hüdudu yox idi. Evdə eşidilən körpə səsi onların
dünyasını fərəhlə doldurmuşdu. 1961-ci ilin dekabrında isə tale bu ailəyə
ikinci övladları İlhamı bəxş etdi. Zərifə xanım övladlarının
qayğıları və tərbiyəsi ilə özü məşğul
olurdu. O, bundan böyük zövq alırdı.
İlhamın yeddi
yaşı olanda Heydər Əliyev respublikanın birinci şəxsi
seçildi. Bu, gənc ailəyə doğma olan bütün
insanlar üçün böyük sevinc və təntənə
idi. Zərifə xanım isə bu nailiyyətin
böyük məsuliyyət hissini də yaxşı dərk
edirdi. Çünki ətrafda yüksək
vəzifəni başqalarından seçilmək, müxtəlif
sosial imtiyazlar qazanmaq, kənara təkəbbür göstərmək,
harınlıq kimi başa düşənlər o zaman da kifayət
qədər idi. Zərifə xanım isə
anlayırdı ki, ailə başçısının
yüksək ictimai statusuna baxmayaraq, sadəlikdə, səmimiyyətdə,
insanlara xoş münasibətdə, davranışda
başqalarına nümunə olmaq, xüsusilə
övladları heç bir güzəşt və
üzgörənlik olmadan tərbiyə etmək, onlara ən
yüksək təhsil vermək gərəkdir. Birinci növbədə isə zəhməti, məktəbi,
təhsili sevməyi öyrətmək, sadəliyi və
xeyirxahlığı tərbiyə etmək lazım idi.
Bu ana borcu idi və Zərifə xanım öz
borcunu ləyaqətlə yerinə yetirirdi.
***
Respublikanın birinci şəxsinin
həyat yoldaşı olmaq Zərifə xanımın üzərinə
böyük ictimai vəzifələr qoyurdu. Onu diqqət mərkəzinə
gətirirdi. Amma o, bütün ömrü
boyu özünə də, başqalarına da təlqin etdiyi
həyat prinsiplərini əsla dəyişmədi. İctimai yerlərdə, dövlət tədbirlərində
diqqəti cəlb etməməyə, sadə həyat tərzini
davam etdirməyə çalışdı. Dəyişən isə yalnız Zərifə
xanımın insanlara daha çox kömək etmək
imkanına sahib olması idi. O, iş
yoldaşlarının, kömək üçün müraciət
edən şəxslərin müəyyən məişət
problemlərinin həlli üçün imkanı daxilində
müxtəlif orqanlara müraciətlər göndərirdi. İnsanlara kömək etməkdən zövq
alırdı.
Zərifə xanım illərdən
bəri üzərində çalışdığı
namizədlik dissertasiyasını hələ 1960-cı ildə
uğurla müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi
qazanmışdı. Sonra isə oftalmologiya elmi
üçün vacib olan digər bir istiqamətə - qlaukoma
xəstəliyinin öyrənilməsi ilə bağlı tədqiqatlara
başlamışdı.
1960-cı ildən 1967-ci ilədək
Zərifə xanım Oftalmologiya İnstitutunda böyük
elmi işçi vəzifəsində çalışdı. 1963-cü ildə SSRİ
Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə
böyük elmi işçi adı verdi. 1967-ci ildə isə o, Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri
kafedrasına dosent vəzifəsinə dəvət olundu.
Bu institut ömrünün son illərində həmin
kollektivə rəhbərlik etmiş mərhum professor Əziz
Məmmədkərim oğlu Əliyevin - Zərifə
xanımın atasının adını
daşıyırdı.
1968-ci ildən Zərifə
xanım Əliyeva görmə orqanının patologiyası
ilə məşğul olmağa başladı. Zərifə
xanım bu problemi tədqiq edərkən çox vaxt bilavasitə
sənaye müəssisələrində olur, zərərli
peşə sahələrində çalışan şəxsləri
oftalmoloji müayinədən keçirirdi. Eyni zamanda, Bakının və Sumqayıtın bir
sıra sənaye müəssisələrinin, o cümlədən
şin zavodunun sexlərində laboratoriya şəraitində
elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar
nəticəsində alim zəhərli maddələrin
görmə orqanına təsirinin əsas
qanunauyğunluğunu aşkara çıxara bilmişdi.
1977-ci ildə Zərifə Əliyeva
Moskvada Helmqolts adına Göz Xəstəlikləri
Elmi-Tədqiqat İnstitutunda “Azərbaycan kimya sənayesinin bəzi
müəssisə işçilərinin görmə
orqanlarının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını
uğurla müdafiə edərək tibb elmlər doktoru elmi dərəcəsi
aldı. Əziz Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun Göz xəstəlikləri kafedrasında əvvəl
professor, sonra isə kafedra müdiri seçildi.1979-cu ildə
isə görkəmli oftalmoloqun təşəbbüsü ilə
daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan Elmlər
Akademiyasının Ə.Qarayev adına
Fiziologiya İnstitutunda Azərbaycanda ilk dəfə professional
göz xəstəliklərini öyrənən laboratoriya
açıldı. Zərifə xanım həmin
laboratoriyanın rəhbəri oldu. Əslində,
bu, dünya şöhrətli alimin elmi məktəbi idi.
Bu dövrdə onun şin və yod
istehsalında göz patologiyasına həsr olunmuş iki
monoqrafiyası çıxdı və yüksək qiymətlər
aldı. Alim virus mənşəli göz
xəstəlikləri barədə də qiymətli əsərlər
qələmə almışdı. Həmçinin
göz cərrahiyyəsi, həkim etikası, gənc
kadrların hazırlığı ilə bağlı problemlər
onu ömrü boyu narahat edirdi. Bu
mövzularda dəyərli əsərləri indi də
aktuallığını qoruyur.
***
Ulu öndər Heydər
Əliyevin də, akademik Zərifə xanım
Əliyevanın da əldə etdikləri uğurların təməlində
onların bir-birinə qarşılıqlı dəstəyi
dururdu. Azərbaycan qadınının cəmiyyət həyatındakı
yerini və rolunu daha yüksəklərdə görmək istəyən
Heydər Əliyev ailə başçısı kimi də
belə bir yanaşma sahibi idi. Ailə həyatının
ilk günlərindən o, həyat yoldaşını məişət
qayğılarını mümkün qədər məhdudlaşdırıb
elmi fəaliyyətini gücləndirməyə həvəsləndirirdi.
Ona mənəvi köməyini əsirgəmirdi.
Həyat yoldaşının dəstəyi,
özünün əzmkarlığı sayəsində Zərifə
xanım gənc vaxtlarından alim kimi axtardığı
yolunu, elmin böyük yolunu nəhayət,
tapmışdı. Onun oftolmologiya sahəsində
qazandığı uğurlar Azərbaycan tibb elminin
böyük nailiyyəti idi. Bütün
bunlar 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan
Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi
ilə elmi etirafını tapdı. Onun
alim şöhrəti artıq Azərbaycanın sərhədlərini
çoxdan aşmışdı.
1982-ci ildə ulu öndər
Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və
Moskvada SSRİ hökuməti sədrinin birinci müavini təyin
olundu. Zərifə xanım uşaqlarla birgə Moskvaya
köçdü. Onlar bu böyük
şəhərdə yeni bir həyata
başlamışdılar. Zərifə
xanımın böyük arzu və ümidləri, yeni elmi
layihələri vardı. Əfsus ki, tale
aman vermədi. Çarəsiz xəstəlik
1985-ci ildə onun ömrünə son qoydu. Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyeva bu itkinin acısını müsahibələrinin
birində belə dilə gətirəcəkdi: “Təəssüf
ki, mənim Zərifə xanımla ünsiyyətim qısa
oldu. Biz 1983-cü ildə tanış
olduq, 1985-ci ildə Zərifə Əliyeva həyatdan getdi. Bu istedadlı və gözəl qadınla
bağlı xatirələr hələ də mənim qəlbimdə
yaşayır.” Təbiətin amansız
hökmləri var. O, vəfat edərkən sevimli
İlhamının hələ iyirmi dörd yaşı
vardı. Həyatda o, ən çox
övladları ilə fəxr etmək istəyirdi. Gözünün nuru olan əziz İlhamının
uzun illər təhsilinə, tərbiyəsinə, kamil insan
kimi yetişməsinə ana kimi özünü həsr edən
Zərifə xanıma bu gün övladının Prezident
kimi ümumxalq məhəbbətini qazanaraq bu yüksək
zirvəyə ucalmasını görmək qismət
olmadı. Bu fərəhi bu gün
bütün Azərbaycan yaşayır. Bu, Zərifə
xanımın tərbiyəsinin təntənəsidir! Onun şəfqətinin, məhəbbətinin
yaratdığı xarüqələrdir.
Bu gün Zərifə
xanımın övladı ilə bütün Vətən fəxr
edir. Bu fərəhdə
və iftixarda ömrünü övladlarına həsr
etmiş bir ləyaqətli anaya millətin məhəbbəti
böyükdür! Bu gün bu məhəbbət nur heykəlinə
çevrilərək xalqın yollarına işıq
saçır, xoşbəxt gələcəyə
körpü salır...
Nurlana ƏLİYEVA,
YAP Qadınlar
Şurasının sədri,
Bakı Slavyan
Universitetinin rektoru, professor
Azərbaycan.-
2018.- 28 aprel.- S.1; 5.