Ölkələrimiz arasında bütün
sahələrdə uğurlu əməkdaşlıq
qurulub
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 27-də Fransa
Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen
Uper ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Alen Uperin Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri kimi ölkəmizə səfər etdiyini vurğulayaraq, ölkələrimiz arasında münasibətlərə toxundu, Azərbaycan-Fransa əlaqələrinin bütün sahələrdə çox uğurla inkişaf etdiyindən məmnunluğunu bildirdi. Ölkələrimiz arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirən Mehriban Əliyeva bu münasibətlərin möhkəmlənməsində Azərbaycan-Fransa parlamentlərarası əlaqələrinin mühüm rol oynadığını diqqətə çatdırdı. Bildirdi ki, son illər ərzində bu istiqamətdə bir çox tədbirlər keçirilib. Birinci vitse-prezident iqtisadi əlaqələrə toxunaraq enerji sektorunda mövcud olan çox uğurlu əməkdaşlığı qeyd etdi, bununla yanaşı, nəqliyyat, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə qurulan əməkdaşlıqdan danışdı, Azərbaycanda bir çox Fransa şirkətlərinin uğurlu fəaliyyətini vurğuladı. Humanitar əlaqələrin əhəmiyyətinə toxunan Mehriban Əliyeva bu sahədə uğurlu əməkdaşlığın formalaşdığını bildirdi, humanitar əlaqələrin ölkələri, insanları bir araya gətirdiyini diqqətə çatdırdı. Birinci vitse-prezident Azərbaycan mədəniyyət günlərinin təkcə Fransanın paytaxtı Parisdə deyil, bu ölkənin digər şəhərlərində də uğurla keçirildiyini və böyük maraqla qarşılandığını xatırladaraq, eyni zamanda, Azərbaycanda da bu istiqamətdə görülən tədbirləri qeyd etdi. Mehriban Əliyeva Azərbaycanda Fransız liseyinin, Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırdı. “Bu sahədə çox işlər görülüb, amma yenə də potensial var”, - deyən Birinci vitse-prezident ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Fransalı senator,
Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Uper Birinci vitse-prezident
Mehriban Əliyeva ilə görüşdən
şərəf hissi duyduğunu
söylədi. O, Fransa ilə Azərbaycan
arasında mövcud olan
münasibətlərin inkişafının məmnunluq doğurduğunu dedi. Qonaq Mehriban
Əliyevanın ölkəmizin Fransada təbliği
üçün gördüyü
işləri yüksək qiymətləndirdi, bu
istiqamətdə tədbirlərin davam
etdirilməsinin əhəmiyyətinə toxundu.
Alen Uper son illər Azərbaycan
ilə Fransa arasında mövcud
əməkdaşlıqdan məmnunluğunu ifadə edərək,
bu əlaqələrin münasibətlərin
daha da
inkişafına xidmət edəcəyini vurğuladı. Senator Azərbaycanın dünya
üçün vacib
ölkə olduğunu bildirdi.
Azərbaycan.-
2018.- 28 aprel.- S.2.