Bakıdan ayrılmaq istəmirlər...

 

Xarici qonaqlar paytaxtımızın gözəlliyindən və müasirliyindən heyrətə gəliblər

 

Azərbaycan sürətlə inkişaf edərək turizm mərkəzinə çevrilir. Xalqımızın qonaqpərvərliyi, gözəl infrastrukturiqlim, təhlükəsizlik, tarixi abidələrimiz xarici qonaqları Odlar Yurduna cəlb edən əsas amillərdəndir. Həmçinin bura bir çox dinlərin və millətlərin ənənələrini özündə birləşdirən məkandır. Azərbaycan dünyəviliyə, müasirliyə və inkişafa açıq olmaqla artıq mühüm beynəlxalq tədbirlərin təşkilatçısı və təşəbbüsçüsünə çevrilib. Eyni zamanda, keçirilən beynəlxalq tədbirlər ölkəmizə turist axınının yaranmasına səbəb olub. İlin bu fəslində isə “Formula-1” yarışlarını xüsusi qeyd etmək lazımdır. İlk növbədə sürət həyəcanına evsahibliyi statusunun bir neçə il Bakıya həvalə edilməsi ölkəmizin dünyada qazandığı nüfuzun, idman ictimaiyyətinin haqlı etimadının göstəricisidir. İkincisi isə, “Formula-1”i dünyanın müxtəlif ölkələrində planetimizin yarım milyarddan artıq sakini izləyəcək. Sürət yarışlarının avtodromda deyil, şəhərin mərkəzi küçələrində keçirilməsi isə imkan verir ki, yarışı izləyən azarkeşlər şəhərimizin gözəlliyini, müasirliyini görüb ölkəmizə növbəti dəfə turist kimi gəlsinlər.

 

Turistlərin maraq dairəsi artır

 

Artıq “Formula-1” yarışları iki gündür davam edir. Şəhərimizə gələn qonaqları müşahidə etmək üçün Bakının mərkəzi küçələrinə baş çəkdik. Bu il də Azərbaycan Qran-prisinə idman həvəskarlarının böyük marağını müşahidə etdik. Paytaxtımızın hər yerində ingilislər, ruslar, yaponlar, italyanlarbaşqa ölkələrdən gələn xarici qonaqlara rast gəlmək mümkündür. Turistlərin sayı daha çox Bakı bulvarı, Fəvvarələr meydanı, xüsusən də qədim İçərişəhərdə nəzərəçarpacaq dərəcədə artıb. Əvvəlcə İçərişəhər ərazisində gəzən turistləri müşahidə edirik. Onların daha çox milli mətbəximizə, qədim tarixi abidələrimizə maraq göstərdiklərinin şahidi oluruq.

Qonaqlar İçərişəhərin qala divarları, qədim arxitekturalı binaları, eləcə də tarixi abidələri ilə maraqlanır, ərazidəki Karvansaraya, Qız qalasına baş çəkirdilər. Tarixi küçələri gəzən turistlər yol kənarlarındakı köşklərdə sərgilənən suvenirlərlə, milli mətbəximizə aid nümunələrlə, eləcə də əllə toxunan xalça və geyimlərlə maraqlanıb kiçikolsa nəsə almağa çalışırdılar. Xarici qonaqlar ən çox üzərində Bakıya aid elementlərin olduğu əşyalara diqqət yetirirdilər.

 

“Gördüklərim gözlədiklərimdən də maraqlıdır”

 

Xarici qonaqların Azərbaycana və “Formula-1” avtoyarışına münasibətlərini aydınlaşdırmaq üçün bir neçə turistlə söhbətləşdik.

İzumi Arata yapon turist Bakıya “Formula-1” yarışlarını izləmək üçün gəldiyini dedi. O, Bakının heyrətamiz olduğunu bildirdi: “Qədim tarixi olan Bakı çox gözəl şəhərdir. Paytaxtınızın gözəlliyi məni valeh etdi. Bakıya “Formula-1” oyunlarına görə gəlmişəm. Buradakı hazırlıq işləri mükəmməldir. Gördüklərim gözlədiklərimdən də maraqlıdır. Tarixi yerləri gəzdim. Xatirə kimi bir çox şəkillər çəkdirdim. Qız qalasında, İçərişəhərdə bir daha olmaq istərdim. Hər şey çox yüksək səviyyədədir, burada özümüzü rahat hiss edirik”.

Stephanie Gonzalez isə İngiltərə vətəndaşıdır. Azərbaycana ilk dəfədir ki, gəlir: “Bakıya gəlməmişdən əvvəl ölkəniz haqqında çoxlu məlumatlar eşitmişdim. Buraya gəldiyimdə isə gördüyüm mənzərədən təəccüblənmədim. Bakıda çox görməli yerlər, istirahət üçün gözəl imkanlar mövcuddur. Burada gözoxşayan müasir binalar hər kəsi valeh edir. İnsanlarınız çox qonaqpərvərdir. Gəlib ziyarət etdiyim üçün özümü xoşbəxt hiss edirəm. “Formula-1”lə bağlı hazırlıqlar çox böyük peşəkarlıqla yerinə yetirilib. Yarışı izlədiyim üçün xoşbəxtəm”.

 

“Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəsi var

 

İki gündür ölkəmizdə olduğunu deyən Çin vətəndaşı Grace Chong isə insanlarımızın mehriban olduğunu söylədi. Onun sözlərinə görə, Bakı tariximüasir arxitekturası olan valehedici şəhərdir. “Bakı onun haqqında təsəvvürlərimi yanıltdı. İnanmırdım ki şəhəriniz bu qədər inkişaf etmiş olsun. İnkişafına görə Avropa ölkələri ilə eyni səviyyədədir desəm, yanılmaram. Buranın özü kimi, insanları da gözəldir. Hər şey möhtəşəmdir”.

“Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə artıq böyük təcrübəsi var. Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları keçiriləndə də ölkənizə gəlmişdim. Elə bundan da şahid olmaq mümkündür ki, Azərbaycan müxtəlif irq, din, mədəniyyətləri bir araya gətirən tolerant məkandır. Bakının tarixiliyi və memarlığı möhtəşəmdir. Vurğulamaq istəyirəm ki, yeməkləriniz çox ləzzətlidir. Xüsusilə plovunuz... “Formula-1” yarışını izlədiyim üçün sevincliyəm. Bakıya bir daha gələcəyəm”, - deyə almaniyalı qonaq Katrin Szabo söylədi.

 

“Formula-1” yarışını belə bir unikal şəhərdə izlədiyim üçün xoşbəxtəm”

 

Bakıya ailəsi ilə birgə gəldiyini söyləyən holland vətəndaşı Gerben Nap bildirdi ki, şəhərimizə birinci gəlişidir: “Paytaxtınız çox təmiz və qeyri-adi şəhərdir. Bakıya heyran olmamaq mümkün deyil. Dənizkənarı park öz gözəlliyi ilə insanı valeh edir. “Formula-1” yarışını belə bir unikal şəhərdə izləmək olduqca maraqlıdır. Burada gözəl istirahət edirik. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Ailəm də Bakını sevdi. Şəhəriniz bir möcüzədir. Ölkənizlə fəxr edə bilərsiniz”.

İtaliyalı turist Alessio Monsignori isə Bakının arxitekturasını, qədim və müasir tikililərini İtaliyanın Venesiya şəhərinə bənzədərək paytaxtımızın onda zəngin təəssürat yaratdığını vurğuladı. O, Azərbaycan haqqında ən gözəl təəssüratlarını öz həmvətənləri ilə məmnuniyyətlə bölüşəcəyini bildirdi.

Qarşılaşdığımız mənzərə bir daha göstərdi ki, 500 milyondan çox azarkeşi olan “Formula-1” yarışları Azərbaycanın idman ölkələri sırasında mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda bu cür beynəlxalq yarışlar ölkəyə turizm axınını sürətləndirir.

 

Səbinə MƏMMƏDOVA

 

Azərbaycan.- 2018.- 28 aprel.- S.6.