Prezident İlham
Əliyev və Azərbaycan tarixi
Ölkə rəhbərinin
müasir Azərbaycan dövlətçiliyi
qarşısında ən böyük xidmətlərindən
biri də Azərbaycan tarixinə və bu tarixin
doğru-düzgün araşdırılmasına gündəlik
qayğısıdır
“Onu da qeyd etməliyəm ki,
biz tarixi torpaqlarımızı da unutmamalıyıq və
unutmuruq. Bu da
gələcək fəaliyyətimiz üçün istiqamət
olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə
iş görürük. Bizim tarixi
torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur,
Göyçə mahallarıdır. Bunu gənc
nəsil də, dünya da bilməlidir. Mən
şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli
torpaqlarımızın tarixi ilə bağlı indi
sanballı elmi əsərlər yaradılır, filmlər
çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə
daha fəal olmalıyıq və dünyanın müxtəlif
yerlərində sərgilər, təqdimatlar keçirilməlidir.
Çünki İrəvan bizim tarixi
torpağımızdır və biz azərbaycanlılar bu
tarixi torpaqlara qayıtmalıyıq. Bu,
bizim siyasi və strateji hədəfimizdir və biz tədricən
bu hədəfə yaxınlaşmalıyıq”.
İlham
ƏLİYEV
Azərbaycan bu gün
dünyanın davamlı olaraq sürətlə inkişaf edən
ölkəsidir. Müstəqillik qazanmasından keçən
iyirmi yeddi ildə Azərbaycan Respublikası Avrasiyanın
qüdrətli, Cənubi Qafqazın isə lider dövlətinə
çevrilmişdir. Ölkə rəhbəri
tərəfindən həyata keçirilən müdrik,
uzaqgörən, cəsarətli və xalqın milli mənafelərinin
müdafiə olunmasına yönəlmiş siyasət sayəsində
Azərbaycan inkişafın böyük intibah
dövrünü yaşamaqdadır.
Tarixi baxımdan çox
qısa bir zaman kəsiyində əldə edilən yüksək
nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi dirçəliş və inkişaf strategiyasının
yaradıcılıqla və uğurla həyata keçirilməsi
nəticəsində mümkün olmuşdur. Bu
strategiyanın gerçəkliyə çevrilməsində
yeni dövrün - qloballaşan dünyanın böyük
dövlət xadimi İlham Əliyevin müdrik, qətiyyətli
və cəsarətli siyasəti, dövlət
başçısı ilə xalq arasında yaranmış
sarsılmaz birlik həlledici rol oynayır. Azərbaycan
dövlətinə başçılıq edən Prezident
İlham Əliyev yaşadığımız dinamik
dünyanın nəbzini əlində saxlayır, müasir,
çevik və cəsarətli lider kimi beynəlxalq
münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən
öz Vətəninin və xalqının xeyrinə məharətlə
istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən
risklərdən uğurla qoruyur. Ölkə rəhbəri
müasir dünyada gedən siyasi və iqtisadi proseslərə
dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində
dünya meydanında baş verə biləcək bütün
dəyişiklikləri irəlicədən görür və
Azərbaycanı bu dəyişiklikləri qarşılamaq
üçün qabaqcadan hazırlayır, öz Vətənini
həyatın bütün sahələrində qələbədən-qələbəyə
qovuşdurur. Doğma xalqının parlaq gələcəyinə
hesablanmış müdrik islahatlar həyata keçirən
böyük dövlət xadimi İlham Əliyevin - qurucu
Prezidentin inkişafın bütün sahələrini əhatə
edən zəfər yürüşü uğurla davam edir!
Haradan və nələrdən
qaynaqlanır dövlət başçısının
xalqımıza şərəf gətirən bu
uğurları? Prezident İlham Əliyev, hər şeydən
əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin
- dahi Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin
yetirməsidir, bu məktəbin yeganə məzunudur. Bu məktəbdə o, dahi siyasətçidən məğlubedilməzlik
dərsi almış, onun siyasət dünyasının
bütün incəliklərinə yiyələnmişdir.
Prezident İlham Əliyev ulu öndərin yolu
ilə gedərək mükəmməl siyasi təhsil
almışdır. Onların hər ikisi - həm ata, həm
də oğul doğma Vətənin və dünyanın
tarixini öyrənməyə xüsusi maraq göstərmiş,
dərin və hərtərəfli tarixi biliklərə yiyələnmiş,
ali tarix təhsili almışlar: ata - Heydər Əliyev
Bakı Dövlət Universitetinin Tarix fakültəsini
bitirmiş, oğul - İlham Əliyev isə dünyanın ən
nüfuzlu ali təhsil müəssisələrindən biri
olan Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunda təhsil almış, elmi tədqiqat işləri
aparmış, dissertasiya müdafiə etmişdir. Beləcə,
Azərbaycan xalqına başçılıq edən və
dünyanın görkəmli dövlət xadimi olan Prezident
İlham Əliyev dərin nəzəri biliklərə və
Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsinə
yiyələnmiş, Azərbaycanın tarixini dərindən
öyrənmiş, dünya tarixinin həlledici proseslərinin
köklərini bilən peşəkar siyasətçidir ...
Sübuta ehtiyacı olmayan bir aksioma
var: Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur.
Doğma tarixi ilə silahlanmış xalq isə məğlubedilməzdir!
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müasir Azərbaycan dövlətçiliyi
qarşısında ən böyük xidmətlərindən
biri də Azərbaycan tarixinə və bu tarixin
doğru-düzgün araşdırılmasına gündəlik
qayğısıdır.
Bu gün Azərbaycan tarix
elmi İlham Əliyevin konkret tapşırıqları,
çağırışları və tövsiyələri əsasında
inkişaf edir.
Tarixçi Prezidentin istər ölkə əhəmiyyətli
müxtəlif tədbirlərdə, istərsə də beynəlxalq
arenada Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə
çatdırması, Azərbaycan tarixinin bütün həqiqətlərini
güclü elmi arqumentlərlə əsaslandırması onun
Vətən təəssübkeşliyindən, vətənpərvərlik
ruhundan və güclü elmi-nəzəri biliklərindən
qaynaqlanır. Azərbaycan Prezidenti doğma
tariximizlə bağlı elmi-nəzəri və zəngin
faktik materiala əsaslanan konseptual baxışa malikdir.
İlham Əliyevin Azərbaycan
tarixinə konseptual baxışının elmi-nəzəri və
ideoloji əsasını Heydər Əliyev Dirçəliş
Konsepsiyası təşkil edir. Tarix yalnız dahi
şəxsiyyətlərin nurlu əməlləri sayəsində
nəsillərin yaddaşına həkk olunur. Azərbaycan
xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin
Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl
Arslan, Uzun Həsən, Şah İsmayıl Səfəvi,
Nadir şah Əfşar kimi qüdrətli şəxsiyyətlər
bəxş etmişdir. Əsrlər keçdikdən
sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət
yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll
kimi nadir dövlət xadimləri sırasında Heydər
Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu. Ulu öndərin doğma Vətəni və
xalqı qarşısındakı misilsiz xidmətlərindən
biri də tarixçi - prezident kimi tariximizin dirçəliş
konsepsiyasını formalaşdırmasıdır. Dahi dövlət xadimi müstəqillik
dövrümüzün bu mükəmməl tarix
konsepsiyasını 2001-ci ildəki məşhur müraciətində
doğma xalqına əmanət etmişdir. Heydər
Əliyevin 2001-ci il, Yeni əsr və Üçüncü
minillik münasibətilə Azərbaycan xalqına müraciəti
yaşadığımız eranın XX və XXI yüzilliklərinin,
İkinci və Üçüncü minilliklərinin
qovşağında xalqımızın mənəvi sərvətlər
xəzinəsinə daxil olmuş nadir incidir.
“Azərbaycan XXI əsrin və
Üçüncü minilliyin ayırıcında” adı ilə
dünyanın müxtəlif ölkələrinə səpələnmiş
60 milyonluq xalqımıza ünvanlanmış bu müraciət,
heç şübhəsiz, gələcək minilliklərdə
də öz qiymətini, aktuallığını saxlayacaq
misilsiz elmi-nəzəri ümumiləşdirmədir. Ulu
keçmişimizin və müasir tariximizin ensiklopedik şərhini,
gələcək inkişafımızın elmi-nəzəri
proqnozlarını verən bu əsərdə
xalqımızın keçdiyi tarixi yola dərindən nəzər
salınır, mühüm tarixi proseslərə, hadisələrə,
tarixi şəxsiyyətlərə obyektiv qiymət verilir,
prinsipial münasibət bildirilir. Bu baxımdan, “Azərbaycan
XXI əsrin və Üçüncü minilliyin
ayırıcında” adlı müraciət bütün tarix
elmimiz üçün örnək ola biləcək
çox dəyərli bir tarix əsəridir. Heydər
Əliyev təfəkkürünün məhsulu olan bu qiymətli
əsərdə tariximizin bir çox problemləri ilə
bağlı olaraq tədqiqatçılara konkret və
prinsipial istiqamət verilir. Böyük
dövlət xadimi, hər şeydən əvvəl, bəşəriyyətin
yaxın keçmişinə - XX yüzilliyə son dərəcə
sərrast və konkret qiymət vermişdir. Özü də bu qiymətləndirmə zamanı
ayrı-ayrı siyasi hadisələr, proseslər deyil,
müasir dünyamızda insanlığı irəli aparan
başlıca amil, daha doğrusu, sürətli elmi-texniki tərəqqi
ön plana çəkilir, sonra isə başqa amillər sıralanır.
Həm də bu sıralanma zamanı yeni suveren
dövlətlərin yaranması kimi mühüm tarixi
reallıq xüsusi qeyd olunur.
İlham Əliyev bu
konsepsiyanı sürətlə dəyişən
dünyanın tələblərinə və
çağırışlarına uyğun olaraq daha da təkmilləşdirmişdir
və yüksək yaradıcılıqla həyata
keçirir.
Tariximizin Heydər Əliyev Dirçəliş
Konsepsiyası, bu konsepsiyanı təkmilləşdirən və
həyata keçirən Prezident İlham Əliyevin Azərbaycan
tarixinə konseptual baxışı, tariximizin azərbaycançılıq
ruhunda və obyektiv tədqiqi istiqamətində verdiyi
tövsiyə və tapşırıqlar, tarix elminin
inkişafına göstərdiyi böyük qayğı Azərbaycan
tarixçisinin elmi tədqiqat konstitusiyasıdır.
Prezident İlham Əliyevin
Azərbaycan tarixinə konseptual elmi baxışı, həm,
də xalqımızın qədim və zəngin dövlətçilik
ənənələrinə əsaslanır. İlham Əliyevin
tariximizin istənilən taleyüklü problemlərinə
münasibətdə sərrast və prinsipial mövqeyi, onun
tariximizin ayrı-ayrı dövrlərdə qəsdən və
bəd niyyətlərlə saxtalaşdırılmış və
təhrif olunmuş məsələlərinin yenidən
araşdırılması ilə bağlı tarixçilərə
verdiyi çox mühüm və konkret tapşırıqlar
aydın göstərir ki, dövlət
başçısı doğma tariximizi, xalqımızın
zəngin keçmişini, onun yaratdığı təkrarsız
mədəni irsi, həmçinin ayrı-ayrı dövrlərdə
başımıza gətirilmiş fəlakətləri dərindən
bilir. Məhz qədim və zəngin dövlətçilik
tariximizi dərindən bildiyi üçündür ki,
Prezident İlham Əliyev tarixçilərə konkret elmi-tədqiqat
tapşırıqları verir, onun təşəbbüsü
ilə yazılan əsərlərin xarici dillərə tərcümə
olunub yayılmasına xüsusi diqqət yetirir.
İstər elmi tədqiqatların
aparılması, istərsə də tarixi abidələrin bərpası
və qorunması istiqamətində böyük dövlət
qayğısı Azərbaycan tarixçisinə tariximizi
obyektiv, hərtərəfli araşdırmaq imkanı
vermişdir.
Hər zaman dövlətin və Prezidentin
qayğısını yaxından hiss edən tarixçilərimizin
ən ümdə vəzifəsi də ulu öndər Heydər
Əliyevin Tariximizin Dirçəliş Konsepsiyasını və
Prezident İlham Əliyevin bu konsepsiyanı daha dolğun və
daha mükəmməl şəkildə həyata keçirmək
üçün verdiyi tapşırıqları əsas
tutaraq Azərbaycanın gerçək tarixini tədqiq və
təbliğ etməkdir!
Dünya təcrübəsindən
də məlumdur ki, Elmlər Akademiyası sistemində tarix
institutlarının fəaliyyəti dövlət
ideologiyasının və milli siyasətin
formalaşmasında aparıcı rol oynayır. Azərbaycan Milli Elmlər
Akademiyası A.A.Bakıxanov adına Tarix
İnstitutu da bu gün müstəqil Azərbaycan
Respublikasının aparıcı elm təşkilatlarından
biri olmaqla, ölkəmizin tarixinin araşdırılmasına
və azərbaycançılıq məfkurəsinin təbliğinə
xidmət edir.
Bu gün Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, ermənilərin
Azərbaycanın tarixi torpaqlarına ərazi
iddialarının gücləndiyi, antiazərbaycan təbliğatının
genişləndiyi şəraitdə Tarix İnstitutunun rəhbərliyi
və kollektivi bu institutun rolunu və əhəmiyyətini
yaxşı başa düşür. Prezident İlham
Əliyevin rəhbərliyi ilə dövlətin tarix elminin
inkişafına, o cümlədən Tarix İnstitutunun fəaliyyətinin
genişləndirilməsinə yönəlmiş böyük
diqqət və qayğısının nəticəsidir ki, bu
gün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan
tarix elminin başlıca qurumuna, milli ideologiyanın
formalaşdığı mərkəzə
çevrilmişdir.
Müasir mərhələdə
Azərbaycan Milli Elmlər Akademiyasında aparılan geniş
islahatlar çərçivəsində Tarix İnstitutunda
irimiqyaslı işlər görülmüşdür. Tarix elmi
qarşısında duran vəzifələrlə bağlı
tərəfimizdən irəli sürülmüş və
AMEA-nın Rəyasət Heyətinin 18 dekabr 2004-cü il
tarixli 211 saylı qərarı ilə təsdiq edilmiş tarix
sahəsində aktual elmi problemlərin tədqiqi,
araşdırmaların intensivləşdirilməsi, keyfiyyətinin
daha da yüksəldilməsi və sürətinin
artırılması mühüm əhəmiyyət kəsb
edir və institutun elmi potensialı bu vəzifələrin
yerinə yetirilməsinə yönəldilmişdir.
İnstitutun strukturunda əhəmiyyətli
dəyişikliklər edilmiş, yeni şöbələr və
mərkəzlər təşkil olunmuşdur. “Azərbaycanlıların
deportasiyası və soyqırımı” mərkəzi və
onun tərkibində iki şöbə təşkil
olunmuşdur. “Əliyevşünaslıq Elmi-Tədqiqat
şöbəsi”, “Nəşriyyat işləri şöbəsi”,
“Tərcümə mərkəzi”, “İnformasiya mərkəzi”
və digər şöbələr, qurumlar
yaradılmışdır. “Azərbaycanın qədim tarixi”
şöbəsinın rəhbərliyi möhkəmləndirilmiş,
“Azərbaycanın orta əsrlər tarixi” şöbəsində
akademik Nərgiz Axundovanın rəhbərliyi altında “Azərbaycanın
erkən orta əsrlər tarixi” bölməsi və tarix elmləri
doktoru Tofiq Nəcəflinin rəhbərlik etdiyi “Azərbaycanın
XII-XVIII əsrlər tarixi” bölməsi fəaliyyətə
başlamışdır.
Tarix İnstitutunun fəaliyyəti
“Azərbaycan tarixinin ümumi konsepsiyası” elmi istiqaməti
üzrə qurulmuşdur. Bu elmi istiqamət beş
problemi - Azərbaycan tarixi üzrə ümumiləşdirici
tədqiqatlar, tarixşünaslıq və mənbəşünaslıq,
Azərbaycanın siyasi tarixi, Azərbaycanın sosial-iqtisadi
tarixi, Azərbaycanın mədəniyyət tarixi məsələlərini
əhatə edir. İnstitutda “Naxçıvan”, “İrəvan
xanlığı”, “Qarabağ xanlığı”, “Azərbaycan
xalqına qarşı soyqırımların və
deportasiyaların tarixi”, “Azərbaycanın tarixi
coğrafiyası”, “Azərbaycanın Tarixi Atlası” və digər
aktual problemlər ətrafında tədqiqatların sürətləndirilməsinə
diqqət artırılmışdır. Təkcə
“İtirilmiş torpaqlar”ımızın deyil, həmçinin
erməni işğalı altında olan Qarabağ və məqsədyönlü
siyasət nəticəsində Azərbaycan Respublikasından təcrid
olunmuş Naxçıvan bölgəsinin də tarixinin
öyrənilməsinə, elmi cəhətdən hərtərəfli
şəkildə araşdırılmasına müxtəlif
alimlər qrupu və gənc tədqiqatçılar cəlb
olunmuşdur.
Məlumdur ki, Vətən
tarixinin bir çox problemləri sovet imperiyası
dövründə qəsdən
saxtalaşdırılmış, təhrif olunmuşdur. Bunun ən
mühüm səbəblərindən biri də Azərbaycan
tarixi problemlərinin, xüsusilə də sərhəd
bölgələrimizin tarixinin öyrənilməməsi
olmuşdur. Məsələn, Qarabağ,
Naxçıvan, İrəvan, Borçalı, Dərbənd,
Şimal-Qərbi Azərbaycan, Cənubi Azərbaycan uzun
müddət tarixşünaslığımızın diqqətindən
kənarda qalmış, daha doğrusu, unudulmuşdur. Yaranmış boşluqdan istifadə edən antiazərbaycan
qüvvələri isə Azərbaycana qarşı yeni-yeni ərazi
iddialarını əsaslandırmaq üçün tariximizi
saxtalaşdıraraq öz mənafelərinə uyğun
formaya salmışlar. Ümumiyyətlə, Azərbaycan
tarixşünaslığında uzun müddət unudulmuş
və tədqiqatlara cəlb olunmamış “itirilmiş
torpaqlar”ın tarixi mövcud boşluqdan istifadə edən
qonşular tərəfindən öz istək və
maraqlarına uyğun şəkildə “tədqiq”
olunmuşdur. Azərbaycanın öz müstəqilliyini
itirdiyi son iki yüzillik dönəmdə tariximizlə
bağlı irəli sürülən bəzi “konsepsiyalar” elmə
zidd və heç bir faktiki əsası olmayan, yanlış
müddəalardan ibarət olub, Azərbaycan xalqına, onun əzəli,
tarixi torpaqlarına, keçmişinə qərəzli,
iddialı münasibət nəticəsində
formalaşmışdır. Uzun müddət Azərbaycan
tarixinə olan qərəzli münasibətə tutarlı
cavab verilmədiyindən, üzdəniraq “tədqiqatçılar”
öz iddialarında daha israrlı olmaq üçün
açıq şəkildə tarixi faktları təhrif etməkdən
belə çəkinməmişlər.
2004-cü ildən başlayaraq AMEA
Tarix İnstitutunda Naxçıvan, İrəvan,
Göyçə, Zəngəzur, Borçalı
mahallarının, Şimal-Qərbi Azərbaycan torpaqlarının,
Dərbənd və Samur vadisinin, ən nəhayət,
Qarabağın tarixi ilə bağlı hərtərəfli və
dərin elmi tədqiqatlara başlanılmışdır.
Çağdaş Azərbaycan
tarixşünaslığında “itirilmiş torpaqların
tarixi” problemi elmi dövriyyəyə daxil edilmiş, bu istiqamətdə
ciddi tədqiqatlar aparılmış və obyektiv tarixi
gerçəkliyi özündə əks etdirən bir
sıra sanballı əsərlər ortaya
çıxmış, bir sözlə, “itirilmiş
torpaqlar”ın tarixini araşdıran tarixçilər nəsli,
böyük bir elmi məktəb formalaşmışdır.
Bu istiqamətdə E.M.Lətifovanın “İlisu
sultanlığı”, Ş.H.Əliyevin “Şimal-Qərbi Azərbaycan:
İngiloylar”, Z.Ə.Cavadovanın “Şimal-Qərbi Azərbaycan:
tarixi-demoqrafik tədqiqat”, İ.F.Kazımovun “Naxçıvan
bölgəsinin tarixi-demoqrafik tədqiqi”, N.Ə.Quliyevin
“Naxçıvan xanlığının əhalisi”,
S.Ə.İbişovun “Quba xanlığının əhalisi”,
A.Ə.Məmmədovanın “Car-Balakən
camaatlığı”, S.Rəhimovanın “Dərbənd şəhərinin
tarixindən”, A.Hacıyevin “Dərbənd XIX-XX əsrin əvvəllərində”
adlı dissertasiyaları və monoqrafiyaları bu qəbildən
olan əsərlərdəndir.
Vətən tarixi ilə
bağlı həllini gözləyən problemlərdən ən
birincisi, Dağlıq Qarabağla bağlı həqiqətlərin
dünyaya çatdırılmasıdır. Qısa bir
zamanda Tarix İnstitutu “Qarabağ. Suallar və faktlar”
kitabını və “Qarabağ: real tarix, faktlar, sənədlər”
(Y.M.Mahmudov. K.Şükürov) kitabını
(Azərbaycan və ingilis dillərində) elmi ictimaiyyətə
təqdim etmişdir. Kitabda Azərbaycan
tarix elmində ilk dəfə olaraq Qarabağ tarixi ən qədim
zamanlardan müasir dövrədək sistemli şəkildə
şərh edilmişdir. Qarabağ tarixinin
aktual məsələləri ümumazərbaycan tarixi
kontekstində tədqiq edilmiş, Qarabağın tarixi Azərbaycan
torpağı olması təkzibedilməz elmi faktlarla sübut
olunmuşdur. Kitab 2005-ci ildə MDB dövlətlərinin
II Beynəlxalq Kitab Sənəti müsabiqəsinin diplomuna
layiq görülmüşdür. İnstitutun kollektivi tərəfindən
hazırlanmış “Qarabağ: Kürəkçay
müqaviləsi - 200” (Bakı, 2005) əsəri isə Rusiya
ilə Azərbaycanın iri dövlət qurumlarından biri
olan Qarabağ xanlığı arasında imzalanmış
Kürəkçay müqaviləsinin 200 illiyinə həsr
olunmuşdur. Əsərdə erməni millətçilərinin
Kürəkçay uydurması və əzəli Azərbaycan
torpaqlarına, o cümlədən Qarabağa olan iddiaları
ifşa edilmişdir. Son illərdə Ermənistanın
Azərbaycana ərazi iddialarının əsassız
olduğunu sübut etmək üçün institutda təkzibedilməz
tarixi sənədlər əsasında fundamental “Qarabağ
tarixi” (6 dildə) nəşr olunmuşdur.
Tarix İnstitutu XX əsrdə
azərbaycanlılara qarşı törədilmiş
soyqırımı və deportasiyalar tarixi məsələlərinə
böyük diqqət yetirir. Ümummilli lider Heydər Əliyevin
“Azərbaycanlıların soyqırımı haqqında”
1998-ci il 26 mart tarixli Fərmanının
işığında və Prezident İlham Əliyevin konkret
tapşırıqları əsasında Tarix İnstitutunun əməkdaşları
ölkənin, demək olar ki, bütün kütləvi
informasiya vasitələrində çıxışlar
etmiş, elmi, publisistik məqalələr çap etdirmiş,
dövlət əhəmiyyətli yığıncaqlarda və
elmi konfranslarda, ölkə və dünya miqyaslı
toplantılarda məruzələr etmişlər. İnstitutun
bu istiqamətdə elmi fəaliyyətində ermənilərin
Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq
Qarabağda erməni millətçilərinin xalqımıza
qarşı yeritdikləri soyqırımı siyasəti,
deportasiya, köçkünlük, erməni terroru: sui-qəsd,
girovgötürmə, vandalizm, Heydər Əliyevin
işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi
uğrunda mübarizəsi məsələləri öz əksini
tapmışdır. “Azərbaycanlıların
deportasiyası və soyqırımı tarixi” və
“Qarabağ” şöbələrində əsas diqqət Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
araşdırılmasına, Azərbaycanın ayrı-ayrı
bölgələri üzrə soyqırımları və
deportasiyalar tarixinə yönəldilmişdir.
İnstitutun baş
planına “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və onun həlli məsələsi”, “Azərbaycanlıların
deportasiyası və soyqırımı tarixi”
mövzularının tədqiqi də daxil edilmişdir. Son 14 ildə bu istiqamətdə
böyük iş görülmüş, bir sıra qiymətli
kitab və monoqrafiyalar, sənədlər toplusu nəşr
edilmişdir. Y.M.Mahmudovun “Qenoüid törko-musulğmanskoqo
naseleniə Azerbaydjana v 1918-1920-x qodax”, İ.Məmmədovun
“Tariximiz, torpağımız, taleyimiz”, “İrəvan dəftəri”,
“Erməni kilsəsi və türk-Azərbaycan torpaqlarını
dolaşmaqda olan “Böyük Ermənistan” kabusu”, L.L.Nəsibzadənin
“Vətən haqqında düşüncələr”,
S.A.Piriyevanın “Ahısqa türkləri Azərbaycanda”,
Ə.C.Qurbanovun “Azərbaycan türklərinin Ermənistandan
deportasiyası (1947-1953)”, M.Süleymanovun “Erməni millətçiliyi
və təcavüzkarlığı tarixindən”, N.Məmmədovun
“Dağlıq Qarabağ gerçəklikləri:
Soyqırımı, terror, deportasiya, işğal (XX
yüzillik)”, “Ermənilərin Azərbaycan torpaqlarında
törətdikləri əməllər barədə tarixi
faktlar”, İ.Niftəliyevin “Qenoüid azerbaydjanüev v
İrevanskoy qubernii (1918-1920)”, G.Nəcəflinin “1918-1920-ci illərdə
Şərqi Anadolu, Naxçıvan və İrəvan
bölgəsində ermənilərin türk-müsəlman əhaliyə
qarşı törətdikləri soyqırımı”, yenə
onun “1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara
qarşı soyqırımı”, N.Gözəlovanın “Azərbaycan
türk-müsəlman əhalisinin soyqırımı Britaniya
kitabxanasının arxiv sənədlərində”, Nazim
Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların
soyqırımı”, V.Abışovun “Bakıda 1918-ci il mart
soyqırımı”, yenə onun “Şamaxı qəzasında
Azərbaycan xalqına qarşı soyqırımı” və
“Quba qəzasında türk-müsəlman
soyqırımı”, N.Məmmədzadənin “Qenoüid
azerbaydjanüev v Karabaxskom reqione Azerbaydjana (1918-1920)”,
K.İsmayılovun “Zəngəzurda Azərbaycan xalqına
qarşı soyqırımı (1918-1920)”, Z.Əliyeva və
İ.Əliyevanın “Soyqırımı, terrorizm, deportasiya”
adlı kitabları bu istiqamətdə aparılan
araşdırmaların elmi nəticələridir. İnstitut əməkdaşları bu mövzuda məruzələrlə
müxtəlif ölkələrdə beynəlxalq səviyyəli
elmi konfrans və simpoziumlarda iştirak etmişlər.
Eyni zamanda, Tarix İnstitutunun birbaşa təşəbbüsü
və təşkilatçılığı ilə “Azərbaycan
və Şərqi Anadoluda türk-müsəlman əhaliyə
qarşı soyqırımları” mövzusunda respublikanın
müxtəlif şəhərlərində 5 beynəlxalq elmi
konfrans keçirilmişdir.
Tarix İnstitutu son illərdə
Naxçıvan, bu diyarın tarixi, abidələri və
görkəmli yetirmələri ilə daim maraqlanmış, tədqiqinə
ciddi diqqət yetirmişdir. İnstitut əməkdaşları
dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfərlər
etmiş, onun bölgələri, arxeoloji, tarixi və memarlıq
abidələri ilə yaxından tanış
olmuş, onlar haqqında mötəbər tədqiqatçı
sözü demişlər. “Naxçıvan:
tarixi və abidələri” adlı əsərdə
(Y.M.Mahmudov, K.Şükürov) Naxçıvan
diyarının keçdiyi tarixi inkişaf yolu ayrı-ayrı
dövrlər üzrə nəzərdən keçirilir.
Kitaba əlavə olunmuş illüstrasiya
materialları onun əhəmiyyətini artırır,
Naxçıvanın tarixi və abidələri haqqında
dolğun təsəvvür yaradır.
2007-ci ildə institutun elmi
şurası ulu öndər Heydər Əliyevin ömür
yoluna fundamental elmi araşdırmaların həsr olunması
barədə qərar qəbul etmişdir. Dahi şəxsiyyətin
özündən sonrakı nəsillərə yadigar qoyub
getdiyi zəngin irsini tədqiq etmək məqsədilə
institutun daxili imkanları hesabına 2009-cu ilin mayında “Heydər
Əliyev Elmi Tədqiqat şöbəsi”
yaradılmış, 2010-cu ilin sonunda AMEA Rəyasət Heyətinin
qərarı ilə təsdiq olunmuş yeni struktura müvafiq
olaraq, bu şöbə “Əliyevşünaslıq”
şöbəsi adlandırılmışdır. Heydər
Əliyev irsinin öyrənilməsi istiqamətində
aparılan araşdırmalar içərisində “Azərbaycan
tarixində Heydər Əliyev şəxsiyyəti” (2002), “Azərbaycan:
qısa dövlətçilik tarixi” (2005), “Heydər Əliyev
ideyalarının zəfər yürüşü” (2011)
monoqrafiyalarını xüsusi qeyd etməliyik. Bu
əsərlərdə Heydər Əliyevin tarix elmi
qarşısında xidmətləri, tarix elminin inkişaf
istiqamətləri və elmi nailiyyətlər, tarixin təhrif
edilmədən tədqiqi, tədrisi və təbliği məsələləri
barədə metodoloji göstərişləri, həmçinin
apardığı ümumiləşdirmələri əks
olunmuşdur. Bundan əlavə, 2007-ci ildən
“Azərbaycan tarixi üzrə ümumiləşdirici tədqiqatlar”
problemi üzrə ikicildlik sistemləşdirilmiş, “Heydər
Əliyev” adlı tədqiqat işi nəşr edilmişdir.
“Heydər Əliyev” (2 cildlik) ümumiləşdirilmiş
fundamental akademik araşdırmada ulu öndərin irsi arxiv və
statistik, habelə mətbuat orqanlarının materialları və
mövcud tarixi ədəbiyyat üzrə təhlil
edilmişdir. Kitabda ulu öndərin Azərbaycana
rəhbərlik etdiyi 1993-2003-cü illərdə
respublikanın ictimai-siyasi, iqtisadi, mədəni
inkişafının əsas istiqamətləri
araşdırılmış, bütövlükdə Azərbaycanın
tərəqqisi və inkişafı üçün həyata
keçirdiyi strategiya konkret faktlarla elmi cəhətdən əsaslandırılmışdır.
Tarix İnstitutunun çap etdirdiyi “Heydər
Əliyev” ikicildliyi nəşri ölkə miqyasında
elmi-tarixi hadisə sayılmağa layiqdir.
AMEA Rəyasət Heyəti tərəfindən
2013-cü il mayın 2-də “Azərbaycanşünaslığın
aktual problemləri” mövzusunda keçirilən beynəlxalq
elmi konfransda Tarix İnstitutunun nəşr etdiyi “Heydər
Əliyev: Azərbaycan elminin keşiyində” adlı ikicildlik
sənədlər toplusu təşkil olunan sərgidə
nümayiş etdirilmişdir. Bu nəşrlərdən
əlavə, Tarix İnstitutunun rəhbərliyinin
iştirakı ilə Heydər Əliyevin 90 illik yubileyinə
həsr olunmuş “Dahi Azərbaycanlı” adlı sənədli
film çəkilmişdir. Ssenari müəllifi və
aparıcısı Yaqub Mahmudov olan bu film Azərbaycan
Televiziyasının “Azərbaycan Telefilm” yaradıcılıq
birliyində istehsal olunmuşdur. “Dahi Azərbaycanlı”
sənədli filminə Heydər Əliyevin ömür yolunu əks
etdirən yeni materiallar, xüsusilə ulu öndərin fəaliyyətinin
Naxçıvan dövrünü, o cümlədən gənclik
illərini əks etdirən maraqlı faktlar daxil edilmişdir.
Tarix İnstitutunda 2007-ci ildə
Azərbaycanda ilk dəfə milli dövlətçilik
tarixini xronoloji ardıcıllıqla əhatə edən “Azərbaycanın
Tarixi Atlası” nəşr olunmuşdur. Tarix İnstitutunun əməkdaşları
tərəfindən milli tariximizin bütün dövrləri
üzrə tərtib olunan xəritələr atlasla bərabər,
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı
ilə çapa hazırlanan Azərbaycan Milli
Ensiklopediyasının xüsusi cildinin “Tarix” bölməsinə
də daxil edilməli idi. 55 xəritəni əhatə
edən “Azərbaycanın Tarixi Atlası” və Azərbaycan
Milli Ensiklopediyasının xüsusi cildinin “Tarix” bölməsində
bütün dövrləri əks etdirən xəritələr
çap edildi. Hər iki nəşr təkcə
ölkəmizdə deyil, o cümlədən xarici ölkələrdə
də böyük əks-səda doğurdu. Azərbaycanın
tarixi ərazilərinin mənbələr əsasında,
xronoloji ardıcıllığı, onun xüsusilə də
XIX əsrin birinci yarısında çar Rusiyası və
İran arasında bölüşdürülməsi, ermənilərin
Qərbi Azərbaycan torpaqlarına köçürülməsi,
1918-1929-cu illərdə 29,8 min kv km ərazinin ermənilərə
verilməsi nəticəsində qondarma “Ermənistan
Respublikası”nın yaradılması, azərbaycanlıların
öz tarixi və etnik torpaqlarından deportasiyası, etnik təmizləmə
və soyqırımı proseslərinin xəritələrdə
öz əksini tapması Ermənistanda çox böyük
narahatlıqla qarşılandı. 2007-ci il
sentyabrın 25-də Tarix İnstitutu Beynəlxalq Mətbuat Mərkəzində
“Azərbaycanın Tarixi Atlası”nın təqdimatını
keçirmişdir.
Tarix İnstitutunun nəşriyyat
işlərinin əsasını, heç şübhəsiz,
30 ildən sonra nəşri bərpa edilən “AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun əsərləri”
təşkil edir. “Elmi əsərlər”in nəşri
1969-cu ildə dayandırılmışdı, onun
çapının bərpası haqqında institutun elmi
şurasının 2002-ci ildə qəbul etdiyi qərara
baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər bu
prosesi 2007-ci ilədək ləngitdi. İldə
dörd dəfə çap olunması nəzərdə
tutulan “Elmi əsərlər”in indiyədək (2007-2017-ci illər)
60-dan çox sayı nəşr olunmuşdur. İnstitutun “Elmi əsərlər”inə təqdim
olunan məqalələr Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyası tərəfindən müəyyən
edilmiş qaydalara uyğun şəkildə tərtib edilir,
jurnalın redaksiya heyətində müzakirə olunduqdan sonra
çapa məsləhət görülür.
Ermənilərin Azərbaycan
xalqına qarşı törətdikləri cinayətlərin
tarixini vərəq-vərəq izləmək və ən
başlıcası, dünya ictimaiyyətinə
çatdırmaq məqsədilə Tarix İnstitutunun
gördüyü vacib işlərdən biri də “26 Bakı
komissarları” adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan
xalqına qarşı həyata keçirdiyi kütləvi
soyqırımının gerçək tərəflərinin
üzə çıxarılmasıdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı
şəhərinin mərkəzindəki Sahil bağında
yenidənqurma və abadlıq işlərinin aparılması
ilə əlaqədar, burada 2008-ci ilin sonu - 2009-cu ilin əvvəlində
1920-ci il sentyabrın 10-da keçmiş ÜMİK Rəyasət
Heyətinin və Bakı Fəhlə və Əsgər
Deputatları Sovetinin qərarı ilə dəfn edilmiş,
1918-ci ildə Azərbaycan xalqına qarşı
soyqırımı cinayətlərinin təşkilatçıları
olan “26-lar”ın məzarlarının açılması və
şəhər məzarlıqlarından birinə
köçürülməsi ilə bağlı
yaradılmış dövlət komissiyasının tərkibinə
bu yazının müəllifi də daxil edilmişdir.
İnstitutun elmi şurasının 2009-cu ildə
keçirilmiş iclaslarından biri Bakı şəhərinin
“Sahil bağında aşkar olunmuş “26 Bakı komissarı”
adlandırılan şəxslərə aid cəsədlərin
ilkin ekspertizasının nəticələri”nə həsr
edilmişdir. İclasda qeyd edilmişdir ki, “Qəbirlər
AMEA-nın alimləri və Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyinin baş direktoru, tibb elmləri doktoru, professor Şakir Musayev
başda olmaqla, aparıcı ekspertlərin iştirakı ilə
açılmışdır. 2009-cu il yanvarın 24-26-da Sahil
bağında aparılan araşdırmalar zamanı aşkar
olunmuş qəbirlərdəki skelet sümüklərinin məhkəmə-tibbi
və tibbi-kriminalistik tədqiqatı nəticəsində
tapılan sümüklərin 26 nəfərə deyil, 23 nəfərə
məxsus olması artıq onu göstərir ki, bu məsələdə
saxtalaşdırma faktı var. 23 nəfərin iki növ
silahdan açılan atəş nəticəsində
öldürüldüyü sübut edilmişdir. Onların hamısının dizdən yuxarı və
kəllə nahiyəsinə atəş açılıb.
Bu cəsədlərin 26 Bakı komissarlarına
aid olması heç bir şübhə doğurmur. 23 nəfər orada dəfn olunub, 3 nəfərin cəsədi
isə yoxdur. Bununla sübut olunur ki, həmin
üç nəfər güllələnənlər
arasında olmayıb. Skelet sümüklərinin
məxsus olduğu şəxslərin yaş həddi 20-50
arasındadır. Çatışmayan 3 cəsədə
gəldikdə isə, “26-lar”ın siyahısı ilə
tutuşdurulduqda, məlum olur ki, bunlardan 2-si 40-49 yaş həddinə,
1-si isə 30-39 yaş həddinə aid olan şəxslərdir.
“26-lar”ın siyahısından məlum olur ki, onların
içərisində yaşı 39-dan yuxarı olan 3 nəfər
vardır: Şaumyan (40 yaş), Əzizbəyov (42 yaş),
Əmiryan (45 yaş). Ekspertiza araşdırmaları başa
çatdırıldıqdan sonra cəsədlərin
qalıqları humanizm prinsipləri əsas tutularaq, 2009-cu il
yanvarın 26-da müsəlman, xristian və yəhudi din xadimlərinin
iştirakı ilə və müvafiq dini ayinlər icra
olunmaqla şəhər qəbiristanlığında dəfn
edilmişdir ...”
Hamazasp, Lalayan, Avetisov,
Əmiryan, Avakyan kimi erməni cəlladların quldurluq əməlləri,
onların sonrakı taleyi, üzdə bolşevik, əslində
isə daşnak olan S.Şaumyanın daşnak cəlladı
Androniklə 1917-1918-ci illərdəki əlaqələri ciddi
tədqiqatlara cəlb olunmalıdır. S.Şaumyanın 1919-cu ilin
martında hərbi əsir olması barədə məlumat
verən, Bakı Sovetinin arxivində saxlanılan və
1934-cü ildə Ermənistan hökumətinin Türkmənistan
SSR-in Krasnovodsk şəhərində “26-lar”a abidə
qoyulması üçün 150 min manat ayırması barədə
sənədlər də Tarix İnstitutunun Elmi
şurasında təhlil edlmişdir. Ortaya
çıxan problemin siyasi və elmi əhəmiyyətini
düzgün qiymətləndirən institut rəhbərliyinin
təşəbbüsü ilə məsələ ilə
bağlı yaranmış çoxsaylı suallara cavab tapmaq
üçün Azərbaycan Respublikasının, o cümlədən
xarici ölkələrin dövlət arxivlərində
araşdırmalar aparacaq işçi qrup
yaradılmışdır. Keçən
bu müddət ərzində işçi qrupu tərəfindən
ölkənin dövlət arxivlərində geniş
araşdırmalar aparılmış və
toplanılmış materialların sənədlər toplusu
şəklində çap olunması qərara
alınmışdır. Bu araşdırmaların ilkin nəticələri
öz əksini “Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı” adlı kitabda
tapmışdır. Sübut olunmuşdur ki,
S.Şaumyan 26-lar sırasında güllələnməmiş
və “Daşnaksütyun” partiyası Bakı Komitəsinin
üzvü olmuşdur.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2009-cu il may ayının 4-də “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya”nı və “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı”nı təsdiq etmiş,
2009-cu il oktyabr ayının 21-də isə “Elmin
İnkişaf Fondu yaradılması haqqında” sərəncam
imzalamışdır. Bu sərəncamlar Tarix
İnstitutu və onun əməkdaşları tərəfindən
böyük razılıqla qarşılanmışdır.
Bu sərəncamlardan çıxış edərək Azərbaycan
Respublikasının Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev humanitar və ictimai elmlərlə
bağlı məruzəsi (8 dekabr 2009-cu il)
və “İctimai və humanitar elmlər: zaman kontekstində
baxış” məqaləsi ilə bu elm sahələrinin vəzifələrini
müəyyənləşdirmiş və gələcək
inkişafının yollarını göstərmişdir. Məruzədə Milli Elmlər Akademiyasının
Tarix İnstitutunda son illər ərzində rəğbətlə
qarşılanmış bir sıra fundamental əsərlərin
hazırlanıb nəşr olunduğu xüsusilə qeyd
edilmişdir. İnstitutda həmçinin
dəyərli tarixi sənədlərin və arxiv
materiallarının çapı və şərhi sahəsində
mühüm işlərin həyata keçirilməsi və
Azərbaycan tarixinə həsr olunmuş fundamental
monoqrafiyaların yazılması tövsiyə olunmuşdur.
İnstitut bu tövsiyələri nəzərə
alaraq, Azərbaycanın itirilmiş ərazilərinin tarixini dərindən
araşdırmaq üçün mühüm işlər
görmüş, Azərbaycan tarixinin bir çox aktual və
həllini gözləyən problemlərinin müasir
dövrün tələbləri ruhunda
araşdırılıb xalqa çatdırılması
üçün elmi-tədqiqat fəaliyyətində əsaslı
dəyişikliklər etmişdir.
Azərbaycan tarix elmi
üçün böyük uğur sayılan hadisələrdən
biri də - “İrəvan xanlığı: Rusiya
işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi” (7 dildə)
adlı fundamental əsərin nəşr olunmasıdır. Cənubi
Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan
dövlətlərindən biri - İrəvan
xanlığının (1747-1828) tarixinə həsr olunmuş
fundamental monoqrafiya - “İrəvan xanlığı” adlı əsər
təkcə Azərbaycan tarix elmində deyil, dünya
tarixşünaslığı üçün nəhəng
bir hadisə sayılmalıdır. AMEA Tarix
İnstitutu və Regionların İnkişafı İctimai
Birliyinin birgə layihəsi olan bu kitabda Nadir şah
Əfşarın yaratdığı imperiyanın
süqutundan sonra meydana çıxmış İrəvan
xanlığının Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğu sübuta yetirilir. Əsərdə
müstəqil Azərbaycan dövlətlərindən biri olan
İrəvan xanlığı və həmin
xanlığın yerləşdiyi Azərbaycan torpaqları təkzibolunmaz
tarixi mənbələr əsasında hərtərəfli tədqiqata
cəlb edilmişdir. Monoqrafiyada İrəvan
xanlığı əhalisinin etnik tərkibi
araşdırılmış və erməni müəlliflərinin
xanlığın xristian əhalisi barədə uydurma fikirləri
- əhalinin əksəriyyətinin guya ermənilərdən
ibarət olması ideyası ifşa olunmuşdur. Bundan əlavə,
İrəvan xanlığının sosial-iqtisadi həyatı,
sərhədləri və inzibati bölgüsü, daxili idarəçilik
sistemi və xarici siyasəti, İrəvan
xanlığının XIX əsrin əvvəllərində
yadelli işğalçılara qarşı qəhrəmancasına
mübarizəsi, böyük çətinliklə Rusiya
imperiyası tərəfindən işğalı, ən əsası
isə işğaldan sonra bu əraziyə İrandan və
Osmanlı imperiyasından ermənilərin kütləvi şəkildə
köçürülməsi geniş şəkildə
öz əksini tapmışdır. Kitabın nəşrində
əsas məqsəd Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan bir dövlət - İrəvan
xanlığı haqqında elmi ədəbiyyatda indiyə qədər
mövcud olan saxta, uydurma fikirləri ifşa etmək, real
tarixi ictimaiyyətə çatdırmaqdır. Bu fundamental əsər Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin xətti ilə xaricdə
yayılmışdır. Onu da qeyd etmək
lazımdır ki, “İrəvan xanlığı: Rusiya
işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi” kitabı
böyük rəğbətlə qarşılanmış,
“Humay” mükafatına layiq görülmüşdür.
AMEA Tarix İnstitutunun son 14
ildə əldə etdiyi bu uğurlar ulu öndər Heydər
Əliyevin Tariximizin Dirçəliş Konsepsiyası və
İlham Əliyevin konkret tapşırıq və sərəncamları
əsasında əldə edilmişdir. Bu uğurlar 2011-ci il aprelin 26-da keçirilən AMEA-nın illik
ümumi yığıncağında da ifadəsini
tapmışdır. Yığıncaqda Prezident
İlham Əliyev
özünün geniş nitqində tarixçilərin
işlərinə yüksək qiymət verərək qeyd
etmişdir ki, “Tarix elmləri ilə bağlı olan məsələlər
daim diqqət mərkəzindədir. Biz bu məsələyə
çox böyük diqqət göstəririk. Mən çox şadam ki, tarixçilərimiz
çox sanballı və əsaslı əsərlər
yaradırlar. Xüsusilə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu
bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət
göstərək. Çünki bu bölgənin
tarixi ermənilər tərəfindən daim
saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim
çağırışıma müsbət cavab verərək,
qısa müddət ərzində bu bölgənin tarixi ilə
bağlı çox gözəl və real faktlara əsaslanmış
əsərlər yaratmışlar. Başlıcası,
İrəvan xanlığının tarixi ilə bağlı
yaradılmış əsərlər xüsusi məna
daşıyır. Çünki əfsuslar olsun ki,
dünya birliyi, demək olar, bilmirdi ki, bugünkü Ermənistan
dövləti tarixi Azərbaycan torpaqlarında
yaranmışdır… Nəinki ölkə
daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər.
Ona görə bu kitabların xarici dillərdə nəşri
xüsusi məna daşıyır… Bütün indiki Ermənistan
ərazisinin əksər toponimləri Azərbaycan mənşəli
toponimlərdir… Bu, bizim
torpaqlarımızdır. Elmi araşdırmalar və
elmi əsərlər,kitablar çox
vacibdir”. AMEA Tarix İnstitutu alimlərinin fədakar
əməyini xüsusi olaraq qeyd edən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev həm də Azərbaycan
tarixinə dair həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması sahəsində onların
gördükləri işlərə çox böyük qiymət
vermişdir.
2011-ci il dekabrın 22-də AMEA Tarix
İnstitutunun Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyəti ilə birgə
hazırladığı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə həsr olunmuş “Tariximizin
keşiyində” adlı sənədli televiziya filminin təqdimatı
keçirilmişdir. 2014-cü ildə isə Yaqub Mahmudovun
“İlham Əliyev və Azərbaycan
tarix elmi” adlı kitabı çap edilmişdir. Monoqrafiyada
Prezident İlham Əliyevin tövsiyə,
çağırış və tapşırıqlarına əsasən
müstəqil Azərbaycan Respublikasında tarix elminin
konseptual problemlərinə, bu problemlərin
araşdırılması istiqamətində aparılan
dövlət siyasətinə və strategiyasına həsr
olunmuşdur. Kitabda dövlət
başçısının Azərbaycan tarix elminin
inkişafına yönəlmiş məqsədyönlü
siyasəti tədqiq edilmiş, Azərbaycan tarixinin obyektiv
araşdırılması işinə ölkə rəhbərinin
xüsusi qayğı göstərməsi nəticəsində
bu mühüm elm sahəsinin Azərbaycan Respublikasının
İnkişaf Strategiyasının mühüm tərkib hissəsi
olduğu işıqlandırılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2012-ci ildə də
elm sahəsinə, alimlərə göstərdiyi diqqət və
qayğını artırmış, Azərbaycan elminin
inkişafı istiqamətində bir sıra qərarlar qəbul
etmişdir.
Belə ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər
Akademiyasının A.A.Bakıxanov adına
Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi
haqqında 2012-ci il 26 aprel tarixli sərəncam
imzalamışdır.
2012-ci il AMEA Tarix
İnstitutu üçün bütövlükdə əlamətdar
və uğurlu il olmuşdur. Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 25 may tarixli 2238 nömrəli sərəncamı
ilə Qarabağın, Naxçıvanın və İrəvan
xanlığının tarixinə dair silsilə əsərlərə
görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan
Respublikasının Dövlət mükafatı verilmişdir.
Prezidentin tarixçi alimlərin fəaliyyətinə
verdiyi belə yüksək qiymət Tarix İnstitutunun
bütün kollektivi üçün də ən əlamətdar
hadisə kimi dəyərləndirilə bilər.
Azərbaycan Respublikasının
Prezidenti “Şuşa şəhərinin Ermənistan
silahlı qüvvələri tərəfindən
işğalının iyirminci ildönümü” haqqında
2012-ci il 9 aprel tarixli 2130 N-li sərəncam
imzalamışdır. Sərəncamın yerinə yetirilməsi
ilə bağlı AMEA Tarix İnstitutu 2012-ci il
mayın 4-də nəzərdə tutulan bir sıra tədbirlər
keçirmişdir. Belə ki, “Şuşa-Pənahabad”
(Bakı, 2012) adlı monoqrafiya çapdan çıxmışdır.
Monoqrafiyada Azərbaycanın qədim tarixə malik olan şəhər
mədəniyyətinin nadir və təkrarsız incilərindən
biri olan Şuşa şəhərinin
şanlı tarixi keçmişi, unikal memarlıq abidələri,
görkəmli şəxsiyyətləri haqqında məlumatla
yanaşı, Pənahəli xan Cavanşirin əsasını
qoyduğu bu şəhər - qalanın tarixi tədqiq
olunmuşdur. Erməni təcavüzkarları
XIX yüzilliyin əvvəllərində köçüb gəldikləri
Azərbaycan torpaqlarında - İrəvan
xanlığının ərazisində, Zəngəzurda və
başqa yerlərdə olduğu kimi, Qarabağdakı, o
cümlədən Şuşadakı qədim Azərbaycan abidələrini
də məhv etdilər. Kitabda şəhərin
erməni vandallarının işğalından əvvəlki
və işğaldan sonrakı mənzərəsini əks
etdirən fotosənədlər öz əksini
tapmışdır. İnstitut, eyni zamanda,
Azərbaycan Televiziyası ilə birlikdə “Şuşa-Pənahabad”
filmini də yaratmışdır.
2014-cü il iyul
ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Azərbaycan diplomatları
qarşısında çıxışı zamanı
demişdir: “Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə
İrəvan xanlığı haqqında böyük elmi əsər
yaratmışlar. Bunun çox böyük əhəmiyyəti
vardır. Ancaq bu əsər daha çox
faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya
çatdırmaq üçün kiçik həcmli
broşürlər də buraxılmalıdır. Hesab
edirəm ki, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası və Mədəniyyət və Turizm
Nazirliyi birlikdə belə broşürlər
hazırlamalıdırlar ki, müxtəlif dillərdə nəşr
edilsin və xarici ictimaiyyətə
çatdırılsın. O cümlədən,
İrəvanın 1918-ci ildə Ermənistana verilməsi
faktları da geniş auditoriyaya məlum deyildi”.
Dövlət
başçısının həmin
çağırışına cavab olaraq Tarix İnstitutu
2016-cı ildə aşağıdakı broşürləri
nəşr etdirmişdir: N.Mustafa. “İrəvan
xanlığı. Erməni
vandallarının yox etdiyi Xan sarayı”; N.Mustafa. “İrəvan xanlığı. Erməni
vandallarının yox etdiyi İrəvan məscidləri”;
G.C.Nəcəfli. “İrəvan
xanlığı. İrəvan qalası-qəhrəmanlıq
qalası”; G.C.Nəcəfli. “Çüxürsəd
hakimləri və İrəvan xanları”; N.Mustafa. “İrevanskoe xanstvo. Xanskiy dvoreü,
razruşennıy armənskimi vandalami”; Yenə onun:
“İrevanskoe xanstvo. Meçeti İrevana,
razruşennıe armənskimi vandalami”; G.Nəcəfli. “İrevanskoe xanstvo. İrevanskaə krepostğ
- simvol qeroizma”; Yenə onun: “İrevanskoe xanstvo. Çuxursedskie praviteli i İrevanskie xanı”;
N.Mustafa. “The Iravan khanate. Khans palase
wiped out by Armenian vandals”; Yenə onun: “The Iravan khanate. Mosque of
Iravan obliterated by Armenian vandals”; G.J.Najafli. “The
Iravan khanate. Iravan fortress - the fortress of
heroism; G.J.Najafli. The Iravan khanate. Rulers of Chukhursad and khans of Iravan”; Yenə onun.
“İrəvan xanlığının paytaxtı - İrəvan
şəhəri”; Yenə onun: “Stoliüa İrevanskoqo xanstva
qorod İrevan”; Yenə onun: “Erməni vandallarının yox
etdiyi İrəvan qalaları”; Yenə onun: “İrevanskie
kreposti, razruşennıe armənskimi vandalami”; Yenə onun:
“İrəvan xanlığının mahalları”; Yenə
onun: “Maqalı İrevanskoqo xanstva”; İ.Məmmədova.
“İrəvan xanlığının əhalisi”; Yenə onun:
“Naselenie İrevanskoqo xanstva”.
Keçən 14 il
ərzində AMEA Tarix İnstitutu geniş miqyasda arxiv sənədləri
topluları nəşr etdirmişdir. Onların arasında “Azərbaycan
tarixi arxiv sənədlərində (1920, may-1922, mart)”; “Azərbaycan
tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri)”;
“Azərbaycan tarixi arxiv sənədlərində (XIX əsrin
sonu-XX əsrin əvvəlləri)”; “Azərbaycan tarixi arxiv sənədlərində
(XIX-XX əsrin əvvəlləri)” xüsusi qeyd oluna bilər.
Son illər Tarix İnstitutu
dünya ölkələrinin bir çox elmi müəssisələri
ilə elmi əlaqələr yaratmışdır. AMEA Tarix İnstitutunun
Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil,
Tarix Yüksək Kurumu, Atatürk Araşdırma Mərkəzi,
Türk Tarix Qurumu, Yeni Türkiyə Strateji Araşdırmalar
Mərkəzi, Rusiya Federasiyası Tatarıstan Respublikası
EA Tarix İnstitutu, Rusiya EA Dağıstan Elmi Mərkəzinin
Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu, RF
Çeçenistan Elmlər Akademiyası Tarix İnstitutu, RF
Adıgey Respublikası T.M.Keraşev adına Humanitar Tədqiqatlar
İnstitutu, Adıgey Respublikası Maykop Dövlət Texnoloji
Universiteti, İnquşetiya Respublikası Çaxa Axriyev
adına Humanitar Elmlər Elmi Tədqiat İnstitutu, Rusiya
EA-nın Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya
Muzeyi, Moskva Tarix, İqtisadiyyat və Hüquq Elmi Tədqiqat
İnstitutları, Bolqarıstan, Macarıstan və Polşa
respublikalarının universitet və akademiyaları, Çin
İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi
Avropa və Mərkəzi Asiya İnstitutu ilə elmi əməkdaşlığı
daha da genişləndirmişdir.
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyev 2015-ci ilin 9 noyabr
tarixində AMEA-nın 70 illik yubileyi ilə bağlı tədbirdəki
çıxışı zamanı Tarix İnstitutu tərəfindən
nəşr edilən fundamental elmi əsərləri yüksək
qiymətləndirərək bildirmişdir: “Azərbaycanın
çox zəngin tarixi vardır. Azərbaycan
alimləri də, Azərbaycan ictimaiyyəti də bunu
yaxşı bilirlər. Biz öz tariximizi,
bu reallıqları dünya miqyasında daha da dolğun təqdim
etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar,
görsünlər ki, nə qədər zəngin tariximiz var.
Digər tərəfdən, bizə qarşı təxribatlar
aparılır. Yəni, Azərbaycan
tarixini ermənilər təhrif etməyə
çalışırlar və diaspor imkanlarından istifadə
edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi
Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında
kitablar dərc edirlər, təqdimatlar keçirirlər.
Əlbəttə ki, bizim tariximiz bizim
böyük sərvətimizdir. Bizim
tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər
boyu yaşamışlar. Bugünkü Ermənistan
tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində
çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə
baxmaq kifayətdir, hər kəs görsün ki, indiki Ermənistan
ərazisində yerləşən kəndlərin, şəhərlərin
mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir.
Budur reallıq. İrəvan
xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar
olubdur. Çox şadam ki, mənim
tövsiyəmlə İrəvan xanlığı haqqında
çox sanballı elmi əsər yaradılıb, bir
neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər
üzərində yaradılır”.
Azərbaycan Respublikasının
Prezidenti AMEA-nın 70 illik yubiley tədbirindəki
çıxışı zamanı Tarix İnstitutu
qarşısında növbəti vəzifələr
qoymuşdur: “Hesab edirəm, vaxt gəlib çatıb ki,
müstəqillik dövrünə həsr edilən
sanballı elmi əsər də yaradılsın. Gələn
il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik.
Hesab edirəm ki, o vaxta qədər əgər belə
sanballı elmi əsər yaradılarsa, bayramımıza
çox yaxşı töhfə ola bilər.”
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirmi beşinci ildönümü
haqqında” Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin 11 oktyabr 2016-cı il tarixli sərəncamına
uyğun olaraq Tarix İnstitutunda aşağıdakı
fundamental monoqrafiyalar çap olunmuşdur: Azərbaycan
Respublikasının tarixi (1991-2003), c.1. Bakı,
2016; Azərbaycan Respublikasının tarixi (2003-2016), c.2.
Bakı, 2016; Azərbaycan Respublikasının
tarixi (1991-2016). Tarixi-biblioqrafik
araşdırma. Bakı, 2016; Azərbaycan
Respublikasının tarixi (1991-2016). Fotokitab.
Bakı, 2016; Azərbaycan Respublikasının
tarixi (1991-2016). Tarixi-xronoloji
araşdırma. Bakı, 2016.
Eyni zamanda, Tarix İnstitutu ulu öndər
Heydər Əliyevin vəsiyyəti və Prezident
İlham Əliyevin
tapşırığı ilə 2004-cü ildə “Azərbaycan
Xalq Cümhuriyyəti ensiklopediyası”nı
çap etdirmişdir. Kitabın 2014-cü ildə işıq
üzü görən ikinci nəşri, hesab edirik ki, Azərbaycan
Xalq Cümhuriyyətinin bu il qeyd edəcəyimiz 100 illiyinə
ən böyük töhfələrdən biri olacaqdır.
Bu bir həqiqətdir ki, hər
bir xalq, onun milli-mənəvi varlığı doğma elinə,
torpağına bağlı olan tarixi şəxsiyyətlərin
fəaliyyəti və mübarizəsi sayəsində
yaşayır, qeyri-millətlər içərisində əriyib
yox olmaq təhlükəsindən qurtulur. Məhz
qüdrətli şəxsiyyətlər sayəsində xalq həm
də tarixin yaddaşında qalır. Qədim
dövlətçilik mədəniyyətinə malik olan Azərbaycan
xalqı üçün böyük qürur mənbəyidir
ki, o, dünyaya olduqca görkəmli tarixi şəxsiyyətlər
bəxş etmişdir. Çox təəssüf ki,
xaricdə və hətta ölkəmizin daxilində xalqın
yaddaşında yüz illər ərzində özünə
layiqli yer tutmuş görkəmli dövlət xadimlərinə
və tarixi şəxsiyyətlərə, o cümlədən
Cavanşir, Babək, Uzun Həsən, Şah İsmayıl Səfəvi,
Şah Abbas Səfəvi, Nadir şah Əfşar və digərilərinə
qarşı saxta, elmdən uzaq, sağlam məntiqdən kənar
fikirlərlə, qarayaxmalarla çıxış edənlər
tapılır. Bu gün təcavüzkar Ermənistanın
işğalçılıq siyasətinə qarşı
informasiya müharibəsində fəal iştirak edən Tarix
İnstitutu Prezident İlham Əliyevin
çağırışları, tapşırıq və
tövsiyələri ilə mükəmməl elmi araşdırmalar
ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr
arasında “Tarixi şəxsiyyətlərimizə sahib
çıxaq” layihəsini həyata keçirir. Bu layihə
çərçivəsində Bakı şəhərinin
müxtəlif orta məktəbləri, təhsil kompleksləri
və liseylərində, Şəki şəhərində
“Heydər Əliyev”, “Şah İsmayıl Səfəvi”,
“Şah Təhmasib Səfəvi”, “Şah Abbas Səfəvi”,”Azərbaycanın
böyük dövlət xadimi Həsən Padşah”, “Vətən
qeyrətli qadın hökmdarımız - Tomiris”, “Nadir şah
Əfşar”, “Ağa Məhəmməd şah Qacar, “Hacı
Çələbi xan” mövzularında elmi-praktik konfranslar
keçirilmişdir. Orta məktəb şagirdlərinin
çox fəal iştirak etdikləri bu konfransların gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunmasında rolu əvəzsizdir.
Təbii ki, Azərbaycan tarix
elmi qarşısında duran fundamental elmi problemlər
çoxdur və onların həlli müəyyən vaxt tələb
edir. Bu
problemlər içərisində milli tariximizin dövrləşdirilməsi,
Azərbaycan ərazisində yayılmış müxtəlif
dinlərin, ilk növbədə, islam dininin, Azərbaycanın
beynəlxalq əlaqələrinin tədqiqi, Azərbaycanın
tarixi coğrafiyasının yazılması və tarixi xəritələrin
tərtibi, Qərbi Azərbaycan, o cümlədən İrəvan
xanlığının, Cənubi Azərbaycan,
Borçalı mahalı və Naxçıvan
diyarının tarixinin, XVIII-XX əsrlərdə azərbaycanlılara
qarşı deportasiya, etnik təmizləmə və
soyqırımı siyasəti, qədim zamanlardan bu günə
qədər Qarabağın və Azərbaycanın şimal-qərb
bölgələrinin tarixinin araşdırılması, orta məktəblər
üçün yüksək səviyyəli tarix dərsliklərinin
yazılması tarix elmi qarşısında duran ən aktual məsələlərdəndir.
Bütün bunlar ötən
dövr ərzində ölkəmizdə yüksək səviyyəli
akademik bir məktəbin yarandığını təsdiq
edir. Respublikamızın ən tanınmış və məşhur
tarixçiləri, arxeoloqları, etnoqrafları, şərqşünasları
məhz Tarix İnstitutunda çalışmışlar.
Onlar Azərbaycan tarixinə dair elmi-tədqiqat
işləri aparmaqla yanaşı, ümumən,
qafqazşünaslıq, şərqşünaslıq və
dünya xalqlarının elmi və mədəni tərəqqisi
məsələlərini əhatə edən bir sıra
mühüm problemlərin araşdırılmasında Azərbaycan
elminin aparıcı qüvvələri olmuşlar. Azərbaycan alimlərinin əməyi nəticəsində
sovet imperiyası dövründə xalqımıza
qarşı ərazi iddiaları ilə çıxış
edən erməni millətçilərinin təcavüzkar
niyyətləri ifşa edilmişdir. Bu
nöqteyi-nəzərdən hazırda Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
işğal olunmuş və hələ sovet hakimiyyəti
dövründə zorla ermənilərə verilmiş
torpaqlarımızın geri qaytarılması
üçün tarixçi alimlərin qarşısında
çox böyük vəzifələr durur.
Tarix elmi çox
böyük gücə malik bir silahdır, bu silahdan
xalqımızın əbədi azadlığının,
tarixi ərazi bütövlüyünün və dövlət
müstəqilliyinin təmin edilməsi üçün
maksimum dərəcədə istifadə olunmalıdır. AMEA Tarix
İnstitutu bu vəzifələrin yerinə yetirilməsi yolunda
xüsusi yeri olan bir elmi təşkilatdır. Tarix İnstitutunda aparılan geniş tədqiqat
işləri Azərbaycan xalqının milli
oyanışında, xalqımızın azərbaycançılıq
ideyaları ətrafında daha sıx birləşməsində
və milli dövlətçilik ənənələrinin
möhkəmləndirilməsində mühüm rol
oynayır. Bu gün AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutu Azərbaycanda tarix elminin başlıca
qurumuna, milli ideologiyanın formalaşdığı mərkəzlərdən
birinə çevrilmişdir. Onu da xüsusi qeyd
etmək lazımdır ki, tarix elmi sahəsində
görülən bütün bu böyük işlər
ölkə Prezidenti İlham Əliyevin göstərişləri,
çağırış və tövsiyələri əsasında
həyata keçirilir. XXI əsrlə
dünyada yeni era başlamışdır. Hər bir elm sahəsində olduğu kimi, tarix elmi
sahəsində də yeniləşmə prosesinin
reallığa çevriləcəyi şəksizdir. Şübhə yoxdur ki, bütün zamanlarda
sınaqlardan uğurla çıxan Azərbaycan tarix elmi yeni
eranın sınaqlarından da zəfərlə
çıxacaqdır.
Azərbaycan tarixçisi milli
tariximizin inkişafına göstərdiyi qayğı və
diqqətə görə Prezident İlham Əliyevə minnətdardır
və əmindir ki, Azərbaycanın Qurucu Prezidenti ölkəmizin
tarixinə, həm də Qarabağı erməni təcavüzkarlarından
azad edən Xilaskar Prezident kimi daxil olacaq!
Yaqub MAHMUDOV,
Azərbaycan Milli Elmlər Akademiyası
A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik
Azərbaycan.-
2018.-29 aprel- S.3-4.