Akademik Zərifə Əliyeva ehtiramla anılıb

 

Azərbaycan oftalmologiya elminin, ümumilikdə səhiyyənin inkişafında əvəzsiz xidmətləri olan Zərifə xanım Əliyevanın xatirə günü İsmayıllı rayonunun ictimaiyyəti tərəfindən də dərin və məhəbbətlə qeyd edilib.

Əvvəlcə rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti barədə ətraflı danışıb. O, çıxışında Zərifə xanımın yüzlərlə insanın gözlərinə nur bəxş etməklə yanaşı, çoxsaylı oftamoloqların hazırlanmasındakı əvəzsiz xidmətlərindən də bəhs edib.

Şəhər 1 saylı tam orta məktəbin müəllimi Bahar Abdullayeva isə Zərifə xanımı Azərbaycan analarının, xanımlığının ümumiləşmiş simvolu, dövlət xadimi yetişdirən valideyn, yüksək elmi nailiyyətləri olan alim, yüzlərlə insana həyat nuru bəxş edən həkim kimi xarakterizə edib.

YAP rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, İvanovka xəstəxanasının baş həkimi Mariya  Prokofyeva da tədbirdə çıxış ediblər.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov isə öz çıxışında Zərifə xanım Əliyeva barədə ətraflı danışıb. Qeyd edib ki, Zərifə xanımla ümummilli lider Heydər Əliyevin ailəsi Prezident İlham Əliyevi milli taleyimizə bəxş etməklə Vətənimiz qarşısında misilsiz xidmət göstərib.

Mirdaməd Sadıqov daha sonra Əliyevlər ailəsinin üzvü olan İlham Əliyevin Azərbaycana hələ uzun illər rəhbərlik edəcəyini, xalqımızı daha uca zirvələrə çatdıracağını qeyd edib.

Xatirə günündə müğənni Rövşən Teyyubovun ifasında “Ana” və “Alagöz” mahnıları, Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səslənib, filmslaydlar nümayiş etdirilib.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2018.- 29 aprel.- S.5.