Akademik Zərifə Əliyevanın anadan
olmasının 95 illiyinə həsr olunmuş
beynəlxalq elmi-praktik konfrans
işə başlayıb
Aprelin 28-də Azərbaycanın tanınmış oftalmoloqu, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans işə başlayıb. Mötəbər tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Belarus və digər ölkələrdən gəlmiş qonaqlar iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyublar.
Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə əklil və tər çiçəklər düzülüb.
Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Sonra tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın tanınmış oftalmoloqu, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib: “Zərifə xanım Əliyeva həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı, nümunəvi bir həyat yolu keçib”.
Qeyd olunub ki, görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir: “Onun “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Zərifə xanım Əliyeva ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Tanınmış alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxışında Zərifə xanım Əliyevanın Azərbaycanın oftalmologiya elmində özünəməxsus yer tutduğunu bildirib: “Zərifə xanım böyük alim və gözəl insan idi. Mən onun haqqında yazı yazmalı olsaydım bu yazının başlığı “Əvəzolunmaz insan” olardı. Azərbaycanın XX əsrinin görkəmli alimlərindən biri olan Zərifə xanım, eyni zamanda, alicənab, nəzakətli və çox sadə bir insan idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib”.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov bu günü Azərbaycan elminin böyük bayramı kimi qiymətləndirib. O, görkəmli alim Zərifə xanım Əliyevanın Azərbaycan elmini yüksəklərə qaldıraraq dünya səviyyəsində tanınmasında misilsiz xidmətlərindən danışıb: “Zərifə xanım dəyərli elmi əsərlərin müəllifi olmaqla yanaşı, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni nəsil həkimlərin yetişməsində də böyük xidmətlər göstərib. Ötən əsrin 30-40-cı illərində Azərbaycanda tüğyan edən traxoma xəstəliyi 50-ci illərdə də geniş yayılmışdı. Akademikin diqqəti digər göz problemləri ilə yanaşı, bu xəstəliklə mübarizəyə də yönəlmişdi. O, Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını gəzir, insanlar arasında bu istiqamətdə maarifləndirici söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsinə dair əməli tədbirlər planını inamla həyata keçirirdi. Zərifə xanım ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatları ilə yanaşı, ö dövrdə güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı olub. Kompleks şəkildə tətbiq edilən bu müalicənin effektli nəticələri tezliklə özünü göstərdi”.
Rəhbərlik etdiyi mərkəz haqqında məlumat verən E.Qasımov deyib: “Mərkəzdə 2005-ci ildən fəaliyyət göstərən Səyyar Klinika vasitəsilə ümumilikdə 36 min xəstəyə oftalmoloji-tibbi yardım göstərilib. Bu il mərkəzə ümumilikdə təxminən 106 min insan müraciət edib. Hazırda mərkəzdə bütün növ əməliyyatları həyata keçirmək mümkündür”.
Rusiya Fasiləsiz Peşə Təhsil Tibb Akademiyasının rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Larisa Moşetova Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşüb: “Zərifə xanım yalnız Azərbaycanın elmi üçün deyil, Rusiya oftalmologiyası üçün də uğurlu fəaliyyət aparıb. O, gözəl və təvazökar qadın olmaqla yanaşı, müdrik insan idi. Zərifə xanım çox sadə insan kimi mənin yadımda qalıb. Mən belə böyük alim, ziyalı qadınla tanış olduğum üçün taleyimə minnətdaram”.
Rusiya Fasiləsiz Peşə Təhsil Tibb Akademiyasının akademiki Alevtina Brovkina və Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri Sunay Duman Zərifə Əliyeva haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Zərifə Əliyeva ölkəsini traxoma bəlasından qurtarıb. Moskvada təhsil alan və elmi fəaliyyətini bu şəhərdə davam etdirən Zərifə xanımın həyat yolu gənclər üçün bir nümunədır. Zərifə Əliyevanın əsərləri dünyanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib”.
İki gün davam edəcək konfransda görmə orqanlarının peşə patologiyaları, oftalmologiyanın sosial məsələləri, oftalmoloji yardımın təşkili, uşaq yaşlarında görmə orqanının patologiyası, optik mühitlərin patologiyaları, refraksiya pozuntuları, korreksiya, qlaukoma, vitreoretinal patologiya, oftalmoonkologiya, görmə orqanının yoluxucu və parazitar xəstəlikləri, görmə orqanı zədələri, uşaq yaşlarında görmə orqanının patologiyası kimi məsələlər müzakirə ediləcək.
Tədbirdə Prezident İlham
Əliyevin Sərəncamı ilə Akademik
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərinə
“Əməkdar elm xadimi”
və “Əməkdar həkim” fəxri adları təqdim edilib. Konfransda, həmçinin
səhiyyə nazirinin əmrinə əsasən
mərkəzin bir sıra əməkdaşı
“Səhiyyə əlaçısı” döş
nişanı və “Fəxri fərman”la təltif olunub.
Azərbaycan.-
2018.- 29 aprel.- S.5.