Milli Onkologiya
Mərkəzində dünyanın məşhur tibb mütəxəssisləri
ilə görüşlər olub
Səhiyyə Nazirliyi Milli Onkologiya
Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev
Köln Universitet Klinikasının aparıcı
neyroradioloqları ilə görüşüb.
Görüşdə klinikanın neyroradiologiya şöbəsinin
rəhbəri, tibb elmləri doktoru, professor Anastasios Mpotsaris,
tibb elmləri doktorları Volker Maus və Nuran Abdullayev
iştirak edib.
Mərkəzdən AZƏRTAC-a
bildiriblər ki, görüş zamanı MOM-un elmi-klinik səviyyəsi
yüksək qiymətləndirilib, gələcək əməkdaşlığın
perspektivləri müzakirə olunub.
Almaniyadan gəlmiş mütəxəssislər
Milli Onkologiya Mərkəzinin reanimasiya, invaziv diaqnostika və
müalicə şöbələrinin fəaliyyəti ilə
yaxından tanış olublar. Onlar bu, tibb müəssisəsinin
işini yüksək qiymətləndiriblər.
Həmin gün Bakıda
keçirilən IV Azərbaycan-Alman-Türk Konqresində
iştirak edən dünya şöhrətli spikerlərin bir
qrupu akademik Cəmil Əliyevin dəvəti ilə MOM-a gələrək,
bu, məşhur səhiyyə ocağının maddi-texniki təminatı
və burada əldə edilən yüksək tibbi nailiyyətlərlə
tanış olublar. Görüşdə iştirak edən
Almaniyanın Yena Universitet Klinikasının baş direktoru,
professor Uts Settmaxer, akademik İ.Pavlov adına Birinci
Sankt-Peterburq Tibb Universitetinin rektoru, professor Sergey Baqnenko, Davos
kurslarının direktor müavini, professor Diter Hanloset, Hamburq
Qastroenteroloji Klinikasının baş direktoru Deniz Uyak və
müxtəlif xarici ölkələrin tanınmış tibb
müəssisələrinin əməkdaşları Milli
Onkologiya Mərkəzində pasiyentlərin müayinə və
müalicəsi üçün yaradılmış şəraitin
çox yüksək səviyyədə olduğunu
vurğulayıblar.
Mərkəzin rəhbəri ən
son avadanlıqlarla təchiz olunmuş və müasir
üsulların tətbiq edildiyi bu səhiyyə
ocağının ölkə Prezidenti İlham Əliyevin
ardıcıl və daimi qayğısı nəticəsində
ərsəyə gəldiyini vurğulayıb. Bundan əlavə
akademik MOM-un Cənubi Qafqazın ən müasir tibb müəssisəsi
olduğunu da xüsusi ilə qeyd edib.
Fransa Senatının Fransa-Qafqaz
dostluq qrupunun sədri, senator Alen Uper də Azərbaycana səfəri
çərçivəsində Milli Onkologiya Mərkəzində
olub. İxtisasca radioloq olan senator MOM haqqında çox
eşitdiyini qeyd edib. O, mərkəzə səfər etməyə
çox maraq göstərdiyini və burada olmaqdan məmnunluğunu
vurğulayıb.
Mərkəzin baş direktoru
akademik Cəmil Əliyev qonağa tibb müəssisəsi
haqqında ətraflı məlumat verib. Senator mərkəzin
şüa diaqnostikası, şüa terapiyası şöbələri
və Nüvə Təbabəti Mərkəzinin fəaliyyəti
ilə yaxından tanış olub.
Görüşün sonunda senator
Alen Uper səmimi qəbul üçün təşəkkürünü
bildirib və MOM-un muzeyində
yerləşən Fəxri qonaqlar kitabına ürək
sözlərini yazıb.
Azərbaycan.-
2018.- 29 aprel.- S.5.