Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən elmi konfrans

 

Dünən Sumqayıt Dövlət Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransda respublikamızda fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak ediblər.

Tədbiri universitetin rektoru, professor Elxan Hüseynov açaraq bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” imzaladığı sərəncam ölkə tarixində adi hadisə deyil. Bu sərəncam bir daha təsdiqlədi ki,  müasir müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir.

Natiq bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmağı qarşısına məqsəd qoyan AXC cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu təsdiqlədi. Qısa vaxt ərzində Azərbaycan Xalq Cümhuriyyəti bir çox sahələrdə həyata keçirdiyi islahatlarla ölkə tarixində mühüm bir mərhələnin əsasını qoydu. Həmin dövrdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxaraq milli dövlətçilik ənənələrinin formalaşdırılması işində böyük rol oynadı. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində və şüurunda yaşatdı. Xüsusən, ümummilli lider Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə həqiqətə çevrilməsinə zəmin yaratdı.  1991-ci il oktyabrın 18-də  dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Xalqımız cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Ümummilli lider Heydər Əliyevin güclü iradəsi, uzaqgörən siyasəti və digər mühüm keyfiyyətləri Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müasir inkişaf strategiyası Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi.

Konfransda SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov, AzTU-nun İctimai fənlər kafedrasının müdiri professor Şikar Qasımov, ADİU-nun Humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərov həmin dövrü əks etdirən mövzularla  çıxış etdilər. Bildirildi ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi xalqımızın imperiya əsarətindən qurtulmaq üçün apardığı milli azadlıq mücadiləsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan dövlətçilik ənənələrimizin bərpası idi.

Onu da bildirək ki, SDU-da keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş elmi konfrans respublikada fəaliyyət göstərən ali məktəblərdən 122 tezis qəbul edib. Həmin tezislər toplanaraq məcmuə  şəklində çap olunub.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2018.- 29 aprel.- S.8.