Baramaçılığın ipək yolu

 

4 ildə barama istehsalı 2 min dəfədən çox artmışdır

 

Son rəsmi məlumata görə, ölkədə yaş baramanın tədarükü 513 tondan çox olmuşdur. Üç il əvvəl isə cəmi 236 kiloqram yaş barama tədarük edən ölkənin qısa zaman kəsimində bu rəqəmi 2 min dəfədən çox artırmasını kənd təsərrüfatında tətbiq edilən şaxələndirmənin uğurlu nəticəsi kimi qiymətləndirmək mümkündür.

Heç bir nəticə asan əldə edilmir. Xüsusən də kənd təsərrüfatının hər hansı bir sahəsində irəli getmək, islahatları reallaşdırmaq üçün böyük biliklərin və müasir təcrübənin tətbiqi zəruridir. Azərbaycan baramaçılarının son 3 ildə qazandıqları nailiyyətlər də müasir dünya təcrübəsinin, dövlətin ciddi maliyyə dəstəyinin və kümçülərə ayrılan xüsusi diqqətin nəticəsidir. Baramaçılıq dünyanın aqrar sektorunda xüsusi imici, bənzərsiz keyfiyyətləri ilə seçilən sahədir. Xalqımız bu məhsulu əsrlər boyu yetişdirmiş, onun şöhrətini göylərə qaldırmışdır. İpək məhsullar milli geyimlərimizin, bayramlarımızın və toylarımızın bəzəyi olmuşdur. Digər tərəfdən, ipək dünyada ən təmiz ekoloji məhsul sayılır. Üstəlik, min hektarlarla çəkilliklərin - tut bağlarının salınması, tingçiliyin inkişafı ekoloji balansı qoruyur, yaşıllıqları artırır. Elə ona görə də ölkəmizə hər il milyonlarla çilingin gətirilməsi ilə yeni yaşıllıqların yaranması, təbii landşaftın qorunması çox mühüm məsələdir. Bunlardan əlavə, baramaqurdlarının inkubasiyası, yemlənməsi və yetişməsi mərhələlərində herbisidlərin və pestisidlərin tətbiqi sıfır səviyyəsindədir. Yəni bu proses başdan-ayağa ekoloji cəhətdən tam təhlükəsizdir.

Dünya bazarına insanların səhhəti və sağlamlığı üçün ziyanlı olan yüzlərlə məhsul çıxarılır. Statistik rəqəmləri nəzərdən keçirəndə görürük ki, bir çox kənd təsərrüfatı məhsulları yetişdirilərkən tətbiq edilən pestisidlər və herbisidlər çoxsaylı ağır xəstəliklərə səbəb olur. Məhz bu baxımdan da barama ən təmiz və nadir ekoloji məhsuldur.

Məlum olduğu kimi, keçən ilin noyabrında təsdiq edilən Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramında ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Dövlət proqramı baramaçılığa dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmişdir.

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş ötən əsrin 70-ci illərindən başlayır. Yaş barama istehsalı 1970-ci ildə 3,7 min ton, 1975-ci ildə 4,4 min ton, 1980-ci ildə 5 min ton, 1985-ci ildə isə 5,5 min ton olmuşdu. O illərdə Elmi-Tədqiqat İpəkçilik İnstitutu, damazlıq stansiyaları, barama toxumu zavodları, rayon barama qurutmaxanaları, ipəkçilik idarələri, tingçilik təsərrüfatları emal müəssisələri vahid kompleks şəklində 60 rayonda fəaliyyət göstərirdi. İpəkçiliyin elmi əsasları işlənilirdi, tut ağaclarının ipəkqurdunun seleksiyasına dair tədqiqatlar aparılır, superelit toxumlar hazırlanırdı. Təəssüf ki, belə bir sahə müstəqilliyin ilk illərində tənəzzülə uğradı 2015-ci ildə ölkədə cəmi 236 kiloqram yaş barama istehsal edildi.

2016-cı ildən isə ipək istehsalının müasir infrastrukturunun yaradılmasına qərar verildi həmin il barama istehsalı 70,7 tona, ötən il isə 245,2 tona çatdırıldı. Bu il kümçülər sonuncu rəqəmi 2 dəfədən çox artırdılar. PrezidentinAzərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr, “İpəkçiliyin fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli sərəncamları yeni uğurlara imkan açıb. Onu da qeyd edək ki, PrezidentinAzərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqındaİpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqındasərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpasına, əlavə istehsal sahələrinin yaradılmasına müasir avadanlıqlarla təchiz olunmasına qərar verilib.

İpəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ixrac potensialını gücləndirmək məşğulluğu artırmaq üçün dövlət tərəfindən ciddi addımlar atılır. Baramaçılığın ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramında bu sahəyə investisiyaların cəlb edilməsi, kümçülərə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması barama toxumçuluğunun inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. Tədarük edilən 500 tondan çox barama artıq ipək məhsullarının ixracının dəstəklənməsi təşviqini gündəmə gətirir.

Bu gün dünya bazarında da ipək məhsullarına artan tendensiya müşahidə olunur. İpək dünya toxuculuq sənayesi malları bazarının yalnız 0,2 faizini təşkil etsə , ipəkçilik dünyanın 30-dan çox ölkəsində yayılmışdır. Çin, Hindistan, Özbəkistan Braziliya ən böyük istehsalçılardır. Dünya üzrə xam ipək istehsalının 84, ixracın isə 54,1 faizi Çin Xalq Respublikasının payına düşür. Hindistan ikinci yerdə olsa da, yerli əhali arasında ipək parçalardan istifadə geniş yayıldığı üçün istehsal əsasən yerli tələbatı ödəyir. Bütün bunlar onu deməyə əsas verir ki, baramaçılığın ixrac potensialı da genişdir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.-1 avqust.- S.1; 6.