Milli varlığın təzahürü

 

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

 

Zamanın tufanlarının, qasırğalarının silməyə, dağıtmağa gücü yetmədiyi tarixi əsərlərdə xalqın dili, mədəniyyəti ilə bağlı məlumatlar qalır. Dünya sivilizasiyasının ən nadir nümunələrindən olan Qobustan və Gəmiqaya təsvirləri də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin zənginliyindən xəbər verir. Bu dəyərli əsərlər göstərir ki, onları yaradan xalq həmin vaxtlar müxtəlif yazı növlərindən, əlifbalardan istifadə edirmiş. Tarixi mənbələr onu da sübut edir ki, qədim Manna dövlətində yerli yazı növündən, eləcə də heroqliflərdən istifadə olunurdu. Belə ki, ulu əcdadlarımızın 52 hərfdən ibarət əlifbasının olduğu məlumdur.

 

Ana dilim ölən deyil!

 

Tarixin ayrı-ayrı dönəmlərində xalqımız böyük sınaqlarla üzləşdi. Azərbaycanda islam dininin yayılması ərəb əlifbasından geniş istifadəyə meydan verdi. Əsrlər boyu ərəb dili din, elm və təhsil dili sayıldı. Ölkəmizdə də ərəb əlifbasından istifadə olunmağa başlandı. Ancaq ana dilimizin özünəməxsusluğu müəyyən problemlərin ortaya çıxmasına səbəb oldu. Belə ki, ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmədi. Buna görə də Mirzə Fətəli Axundzadə və digər maarifpərvər ziyalılarımız əlifba islahatı aparılmasına səy göstərdilər. Amma gözlədikləri nəticəni əldə edə, əlifba islahatı ideyasını gerçəkləşdirə bilmədilər.

Latın əlifbasına ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra keçildi. Ancaq 1920-ci ildə aprel işğalı cümhuriyyət hökumətinin bu sahədə də arzusunda olduğu işləri yarımçıq qoydu.

Azərbaycanın mütərəqqi ziyalıları əlifba islahatını həyata keçirə bilməsələr də, cəhdləri səmərəsiz qalmadı. Onların ideyası yaşadı.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Həmin komitəyə tapşırıldı ki, Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etsin. Beləcə, yeni əlifbaya keçilməsi yolunda ilk ciddi addım atıldı. Latın qrafikalı əlifbaya keçmə prosesi 1923-cü ildən sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq olundu.

Həmin illərdə Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizə gedirdi. Yeni əlifbanın tətbiqi bu mühüm, məqsədyönlü işlərin reallaşmasına təkan verdi. Ancaq Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi sovet hökumətini başqa bir qərar çıxarmağa sövq etdi. Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənəcəyindən təşvişə düşən sovet hökuməti Azərbaycan əlifbasını yenidən dəyişdirməli oldu...

İkinci Dünya müharibəsi dövründə - 1940-cı il yanvarın 1-dən Kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Ana dilimizin özünəməxsusluğu bu əlifbada da müəyyən dəyişikliklər aparılmasını zəruri etdi. Belə ki, sonralar Kiril qrafikasının dilimizin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan Kiril qrafikasında bir sıra dəyişiklik olundu. Kiril qrafikasından Azərbaycanda yarım əsrdən çox istifadə edildi. Orta məktəblərdə uşaqlarımız ana dilində bu əlifba vasitəsilə yazıb-oxumağı öyrəndilər.

Elmi, bədii əsərlər Kiril əlifbası ilə qələmə alındı. Həmin əlifba ilə qəzetlər, jurnallar, kitablar işıq üzü gördü.

XX əsrin sonuncu onilliyində zamanın gərdişi dəyişdi. Azərbaycan xalqı yenidən öz dövlət müstəqilliyinə qovuşa bildi. Bundan sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandı.

Ana dilinin inkişafı və qorunması istiqamətində də əhəmiyyətli sənədlər qəbul olundu. Ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunmağa başladı.

2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” ulu öndər Heydər Əliyev fərman imzaladı. Həmin ilin avqustunadək ölkəmizdə latın əlifbasına keçid bütünlüklə təmin edildi. Əlifba dəyişikliyi ölkəmizdə bir sıra işlərin həyata keçirilməsi zərurətini yaratdı. Respublikamızın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində latın qrafikalı əlifbanın tətbiqinin mühüm hadisə olduğunu nəzərə alaraq Heydər Əliyev 2001-ci il avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərman imzaladı. Həmin fərmanla avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu.

Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

Ulu öndər ana dilimizlə bağlı çıxışlarından birində qeyd edirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var”.

...Ana dili milli varlığın təzahürüdür. O, hər bir xalqın maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən çox mühüm vasitədir. Azərbaycan dili də Azərbaycan xalqının ən böyük qürurudur. Milli kimliyimizin, genetik mənsubiyyətimizin ifadəsi olan ana dilimizi qoruyub yaşatmaq tarixin müxtəlif dönəmlərində Azərbaycanın ziyalı övladlarının böyük məqsədi, uca amalı oldu. Xalqın həmin vətənpərvər övladlarının bu könül duyğularını şair belə ifadə edib:

 

Azərbaycan - mənim elim!

Azərbaycan - mənim dilim!

Doğransam da dilim-dilim,

Ana dilim ölən deyil!

Başqa dilə dönən deyil!

 

Bu misralar həm ana dilimizə qənim kəsilməyə, onu korlamağa çalışanlara verilən çox kəskin cavabdır. Ümumiyyətlə, Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda Azərbaycan ziyalıları - şair, yazıçı, dramaturq dilçiləri, həmçinin siyasi xadimləri, dövlət adamları müstəsna xidmətlər göstəriblər. Onlar ana dilimizin dəyərini bilib, özlərindən sonrakı nəsillərə bunu tövsiyə ediblər.

 

“...Bu dildə danışmağımla fəxr edirəm

 

Ulu öndər Heydər Əliyev ana dilimiz haqqında deyirdi: “Dilimiz çox zəngin ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir bu dildə danışmağımla fəxr edirəm”.

Milli Məclis 30 sentyabr 2002-ci il tarixdə ulu öndər Heydər Əliyevin tövsiyəsi iləAzərbaycan Respublikasında dövlət dili haqqındaqanun qəbul etdi. Sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində bu qanun xeyli dərəcədə təkmilləşdirilib.

Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı sərəncamlar və bu istiqamətdə görülən işlər də ana dilimizin inkişafına təkan verdi. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemlərin həllində mühüm addım oldu. Nəticədə kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin edildi. Dövlət başçısının sonrakı sərəncamları əsasında 150 cildlikDünya ədəbiyyatı kitabxanası”, 100 cildlikDünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühümuğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam oldu. Dövlət başçısı ana dili və ədəbiyyatımızın milli xüsusiyyətlərimizin qorunub saxlanmasında rolunu yüksək qiymətləndirərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Dövlət başçısının 2012-ci il mayın 23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamda qeyd olunur: Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.

Bu gün dünyamızda 200-ə yaxın dövlətin hüdudlarında minlərlə millət və etnik qrup yaşayır. Rəsmi dövlət dillərinin sayı isə 70-dən çox deyil. Dünyanın qədim dil ailəsinə - türk dili qrupuna aid olan Azərbaycan dili isə tarixin ağır dönəmlərinin məşəqqətli sınaqlarından keçərək xalqının qurmağa müvəffəq olduğu Azərbaycan Respublikası adlı dövlətin rəsmi dili kimi böyük şərəfi daşıyır. Bu ölkənin sərhədlərindən kənarda da Azərbaycan dilinə “ana dilim” deyərək bu dildə danışmaqdan qürur duyan milyonlarla insan yaşayır. Bu böyük milli-mənəvi sərvətimiz - ana dilimiz xalqımızın özü qədər əbədidir.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2018.- 1 avqust.- S.1; 7.