Fəttah Heydərov: “Qəbələ
festivalı hələ uzun illər yaşayacaq, Azərbaycanı dünyaya
tanıdacaq”
Bu il
Qəbələ Beynəlxalq
Musiqi Festivalı öz yubileyini, 10 yaşını qeyd edir. Festivalımız çox
uğurla başlayıb. Gənc
musiqiçilərimizin konsertləri artıq dinləyicilər
tərəfindən rəğbətlə
qarşılanıb. Əminliklə deyə
bilərik ki, bu festival da uğurla davam edəcək. Çünki
yarandığı gündən
indiyədək festivalın
əsas qayəsi insanları birləşdirmək,
onları sülhə,
əmin-amanlığa çağırmaq, Azərbaycanımıza qonaq dəvət etmək olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri
X Qəbələ Beynəlxalq
Musiqi Festivalının
açılış mərasimində
jurnalistlərə müsahibəsində
Respublika Ağsaqqallar
Şurasının sədri,
Milli Məclisin deputatı Fəttah Heydərov deyib.
Qəbələ festivalının
öz ənənəsini
davam etdirərək gündən-günə genişləndiyini
vurğulayan Ağsaqqallar
Şurasının sədri
bildirib ki, festivalda dünyanın bir çox ölkəsindən məşhur
sənətkarlar, musiqiçilər,
tanınmış insanlar
iştirak edirlər:
“İndi Azərbaycanımız
sülhün, əmin-amanlığın,
inkişafın, insana,
vətəndaşa xidmətin
nümunəsi kimi, eləcə də özünün multikultural
və tolerantlıq istiqamətində gördüyü
işlərə görə
artıq dünyanın
hər yerindən görünür. Bu gün Qəbələmiz
də dünyanın hər yerindən görünür. Bu onun nəticəsidir ki, Prezident İlham
Əliyevin apardığı
uğurlu siyasət artıq Azərbaycanı,
onun insanlarını dünyada tanıdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
başlanan bu gözəl festival çox
böyük inkişaf
yolu keçib. 10 il ərzində
təkmilləşib, püxtələşib,
insanlara xidmət edib, onları gözəl işlərə,
inkişafa, tərəqqiyə,
mədəniyyətə, sülhə
çağırıb”.
Fəttah Heydərov
deyib: “Builki festivalımız da qarşıya qoyduğu vəzifəni yerinə yetirəcək, qonaqlarımız
bundan razı qalacaqlar. Bu möhtəşəm
musiqi bayramında iştirak edənlər görəcəklər ki,
builki festival da özündən əvvəlki
doqquz festival kimi qarşıya qoyulan vəzifələri ləyaqətlə
yerinə yetirir, inkişaf edir, yaşayır. Qəbələ
festivalı hələ uzun illər yaşayacaq, Azərbaycanımızı dünyada tanıdacaq”.
Azərbaycan.-
2018.- 2 avqust.- S.4.