TAP Avropanın enerji təhlükəsizliyinə sanballı
töhfə verəcək
“Cənub qaz dəhlizi” qarşıdan gələn
100 il ərzində
Azərbaycan xalqına
xidmət edəcək
və ölkə iqtisadiyyatının inkişafında
mühüm amil olacaq bir layihədir.
Bu layihə eləcə
də regionun və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində
böyük rol oynayacaq.
Hazırda “Cənub
qaz dəhlizi”nin gerçəkləşməsində
yeddi ölkə - Azərbaycan, Gürcüstan,
Türkiyə, Bolqarıstan,
Yunanıstan, Albaniya və İtaliya iştirak edirlər. Üç
Balkan ölkəsinin - Bosniya
və Herseqovina, Xorvatiya, Monteneqronun isə növbəti mərhələdə layihəyə
qoşulacağı gözlənilir.
Beləliklə, bu qlobal xarakterli layihə möhkəm beynəlxalq əməkdaşlıq təməli
üzərində getdikcə
ucalır.
Nazirlər Kabinetinin
2018-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında Prezident İlham Əliyev layihənin uğurla irəlilədiyini vurğulayaraq
demişdir: “Cənub qaz dəhlizi”nin
reallaşmasında da
çox böyük addımlar atılıb.
May ayında “Cənub
qaz dəhlizi”nin rəsmi açılışı olmuşdur
və bu, tarixi hadisədir. İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu.
Beləliklə, “Cənub
qaz dəhlizi”nin dörd layihəsindən üçü
artıq reallaşıb:
“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri
və TANAP layihəsi.
Dördüncü layihə - TAP qrafik
üzrə icra edilir”.
TAP (Transadriatik Qaz Boru Kəməri)
“Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Bu, strateji əhəmiyyətli
bir layihədir, Avropanın enerji təhlükəsizliyinə ciddi
dəstək verəcək
və karbohidrogen ehtiyatlarına olan tələbatı ödəyəcək.
Xatırladaq ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın,
210 kilometri Albaniyanın
ərazisindən, 105 kilometri
Adriatik dənizinin altından keçəcək
və sonuncu kiçik bir hissəsi İtaliya torpağında quru sahəyə çıxacaq.
Burada kəmər “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.
Layihənin İtaliyada
bitməsinə baxmayaraq,
gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə,
Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə
təbii qazın ötürüləcəyinin mümkün
olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm
də ondadır ki, o, Yunanıstan-Bolqarıstan
İnterkonnektoru və
İon-Adriatik qaz kəmərinin təchizatını
asanlaşdıracaq.
TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub.
Həmin
vaxtdan da tikinti işlərinə başlanıb. 2009-cu ildən
bəri aparılan dizayn
və mühəndislik
işləri də daxil olmaqla layihənin
ümumi dəyərinin
4,5 milyard avro təşkil edəcəyi
nəzərdə tutulur.
Hazırda TAP-ın çəkilişi
üzrə işlərin
75 faizi icra olunub. Kəmərin keçdiyi yol
qısa olmadığından
və ayrı-ayrı
hissələri fərqli
coğrafi şəraitdə
yerləşdiyindən tikinti
işləri də mürəkkəbdir. Belə ki,
marşrut boyu kəmərin ən aşağı hissəsi
dəniz səviyyəsindən
təxminən 820 metr
dərinlikdə olacaq.
Ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə
çatan zirvələrdən
keçəcək. Xəttin quru
ərazidən keçən
hissəsində boruların
diametri 48 düym olduğu halda, sualtı hissədə onlar xeyli dar - 37 düym olacaq.
Tikinti işlərinin
çətinliyi həm
də onunla bağlıdır ki, kəmərin bir sıra yerüstü obyektləri, məsələn,
ölçmə və
kompressor stansiyaları
da var. Üstəlik, digər kəmərlərdən
fərqli olaraq, TAP-ın böyük bir hissəsi suyun altından keçir. Bütün bunlara baxmayaraq,
inşaatçılar öhdələrinə
düşən işi
bacarıq və səriştə ilə yerinə yetirirlər.
İndi
TAP-ın tikinti meydançalarında yüzlərlə
işçi çalışır
ki, bunlar da əsasən kəmərin keçdiyi ərazilərin sakinləridir.
TAP Avropa İttifaqı ölkələri
arasında ən çox qaz idxal edən və istehlakçıları çox
qaz pulu ödəyən ölkə
kimi İtaliyanın mənbələri şaxələndirməsinə
xidmət edəcək.
TAP eyni zamanda Azərbaycan-İtaliya iqtisadi
əməkdaşlığının mühüm bir elementidir. Təsadüfi deyil ki, keçən ay İtaliya
Prezidenti Sercio Mattarellanın Azərbaycana
rəsmi səfəri
çərçivəsində aparılan görüş
və söhbətlərdə
layihənin bu iki ölkə arasındakı dostluq və əməkdaşlığın
inkişafında əhəmiyyəti
dönə-dönə vurğulanmışdır.
“Cənub
qaz dəhlizi” ilə nəql olunacaq Azərbaycan qazı layihədə iştirak edən digər ölkələr
kimi, Bolqarıstan üçün də mühüm əhəmiyyətə
malikdir. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun vaxtında istismara hazır olacağı nəzərdə tutulur.
Bununla da “Cənub qaz dəhlzi” layihəsinin iştirakçısı və
“Şahdəniz-2” qazının alıcısı olan Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi
və tranzit rolu təmin ediləcək. Azərbaycan təbii qazı bu ölkənin mavi yanacağa olan tələbatının
40 faizini təmin edəcək və dekarbonizasiyaya öz töhfəsini verəcək.
TAP layihəsində
SOCAR (20 faiz), BP (20 faiz),
“Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) və “Axpo” (5 faiz) şirkətləri iştirak
edir.
Kəmərin Azərbaycan qazını Avropaya 2020-ci ildə çatdıracağı gözlənilir.
Flora SADIQLI,
Azərbaycan.- 2018.- 3 avqust.- S.1; 3.