Yay turizminin
inkişafı ilə əlaqədar işlər davam etdirilir
Hər fəsildə təbiətinin özünəməxsus gözəllikləri ilə füsunkar görünən ölkəmiz indi də yay aylarının al-əlvan rənglərinə, çalarlarına bürünüb. Hüsnünü bəzəyən uca dağları, geniş düzləri, yaşıl yamacları, mavi gözlü dənizi, coşub-çağlayan şəlalələri, çayları, bulaqları yalnız gözləri, könülləri oxşamır, eyni zamanda Azərbaycanın havasında, suyunda, çiçəyində, otunda dərdlərin dərmanı var.
Gözəllikləri dillər əzbəri olan ölkəmiz təbii iqlim şəraiti, təbiətinin zənginlikləri ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkir. Respublikamızda ilin bütün fəsillərində turizmin müxtəlif növlərindən istifadə etmək üçün əlverişli şərait var. Bunu nəzərə alaraq son illər ölkə həyatının bütün sahələri kimi, turizm sənayesinin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilməkdədir. Yaradılan müvafiq infrastrukturlar respublikamızda turizmin ayrı-ayrı sahələrinin inkişafına rəvac verir.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadənin məlumatına əsasən, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,5 faizi Rusiya, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Bildirilir ki, gələnlərin 68,5 faizini kişilər, 31,5 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1 faizi yanvar, 12,5 faizi fevral, 20,9 faizi mart, 16,5 faizi aprel, 15,7 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlib.
Dövlət Turizm Agentliyinin nümayəndəsi bildirir ki, mart-may aylarının yüksək göstəriciləri, müvafiq olaraq, daha çox Novruz bayramı, “Formula-1”, Şoppinq Festivalı, may bayramları və yay mövsümünə hazırlıq dövrü ilə əlaqədardır.
Cari ilin yanvar-iyun aylarında Körfəz ölkələrindən (İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3 faiz və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artıb. İrandan gələnlərin sayında 18,8 faiz azalma müşahidə olunub. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər təşkil edib. Ümumilikdə ölkəmizə gələnlərin, demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.
Bu ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5 faiz artaraq 478,3 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.
Azərbaycanda yeni turizm sənayesi
inkişaf edir. Bu sahədə müasir üsullardan, proqressiv təcrübədən istifadə
edilir. Əsas məqsədlərdən biri də mövsümiliyin
aradan qaldırılmasıdır
ki, bu senaye
hər bir dövrdə tam olaraq öz potensialından bəhrələnsin. Dövlət Turizm Agentliyinin nümayəndəsinin fikrincə,
son illərdə qonaqların
sayının artmasında
qeyd olunan sıçrayış xaotik
deyil. Ölkə rəhbərliyinin müvafiq qərarları əsasında infrastruktur qurulub, sərhədkeçmə
proseduru yüngülləşdirilib,
kadr potensialı genişləndirilib, yeni idarəetmə qurumları
yaradılıb. Ölkəmizdə sabitlikdir, təhlükəsizlik
yüksək səviyyədədir.
Bizim insanların qonaqpərvərliyi
və gülərüzlüyü
qonaqlara qapıları
açır. Tariximiz, mədəniyyətimiz,
mətbəximiz, təbiətimiz
bu sahənin daha da inkişaf
edəcəyinin qarantlarıdır.
Bu, tək yay
mövsümünə yox,
bütün dövrlərə
aiddir. Kənan Quluzadə deyir: “Dövlət Turizm Agentliyinin hədəfləri
marketinqin işinin qurulması, Bakının
brendinin yaradılması,
kadrların hazırlanması,
turizm potensialımızın
təbliği, infrastrukturun
genişləndirilməsi, təkmilləşdirilməsi
və digər məsələlərdir. Bunun da nəticəsində turizm
daha da inkişaf
edəcək”.
“Hazırda ölkənin
paytaxtında və bölgələrində yaradılan
infrastrukturlar turistləri
qane edirmi” sualımıza cavabında
Dövlət Turizm Agentliyinin nümayəndəsi
qeyd etdi ki, bu sahədə
yeniliklərə ehtiyac
duyulur. Misal üçün, əsas turist marşrutları üzrə
sanitar qovşaqlarının
yaradılması, turizm
informasiya mərkəzlərinin
fəaliyyətinin təkmilləşdirilməsi,
yeni infrastruktur obyektlərinin yaradılması.
Bu sahədə üstünlük G2B (dövlət-biznes
əlaqələri) prinsipinə
veriləcək ki, dövlətin dəstəyi
ilə biznes imkanları daha da genişlənsin, turizm sahəsinə yönəldilən sərmayələrin
həcmi artsın.
Xatırladaq ki, iyunun 15-də start verilən yay turizm mövsümü sentyabrın 15-dək davam
edəcək. Yay turizminin inkişafı
ilə əlaqədar
işlər davam etdirilir. Ənənə olaraq ölkəmizin
bütün təbii imkanlarından istifadə olunur. Yeniliklər tətbiq edilir.
Yeni marşrutlar qurulur, turizmin yeni istiqamətləri tətbiq edilir: bu, həm qastroturizm,
aqroturizm, ekoturizm, səhiyyə turizmi, əyləncələr və
digər sahələri
əhatə edir. Artıq ənənə halını
almış tədbirlər
keçirilir. Əsas məqsəd
turistlərin məmnunluğunu
təmin etməkdir ki, bunun üçün
gərəkli olan bütün işlər görülür.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2018.- 3 avqust.- S.5.