Sarışın
İki dəfə test imtahanı ilə
üz-üzə qalmışam. Birincidə yox, ikincidə arzuma
çatmışam. İlk imtahandan kəsilməyimin əsas
səbəbi ingilis dilini öyrənə bilməməyim
oldu, neçə müəllim yanına getdim, hamısı
gözəl qız çıxdı. Heç
vaxt baş aça bilmədim ki, nə sirdi, niyə
qarşıma çıxan Azərbaycan dili müəllimələri
çirkin, ingilis dili müəllimələri gözəl
olur?
Atamın əzab-əziyyətlə qazandığı
pulları hər ay vaxtlı-vaxtında ingilis dili müəllimələrinə
verir, amma heç nə öyrənə bilmir, eləcə
gözəl üzə, gözəl simaya tamaşa eləyirdim. Belə
çıxır ki, nə vaxta kimi ingilis dili müəllimələri
gözəl qızlar olacaq, mən heç vaxt bu dili öyrənə
bilməyəcəm.
Həmişə universitetə qəbul
olub-olmayacağımdan çox, imtahan vaxtı yanımda kimin
oturacağını xəyal eləyərdim. Hülya
Avşar gözlü bir qız ağlımdan
çıxmırdı. Fikirləşirdim ki, yəqin,
sarışın olar, saçları da uzun olar... Tarixdən bu qədər, Azərbaycan dilindən bu
qədər, ədəbiyyatdan bu qədər, riyaziyyatdan bu qədər
yazsam, yanımda oturan sarışın isə ingilis dilindən
bu qədər kömək etsə, vəssalam.
Birinci imtahanda yekə bir gədə oturdu yanımda. O qədər əsəbiləşdim
ki, durub zaldan çıxmaq istəyirdim. Başımı
partanın üstündə qollarıma söykəyib
özümü ələ almağa
çalışdığım vaxtda bir də gördüm
kimsə barmağı ilə çiynimə elə vurur, elə
bil qapı döyür.
-
Qaqaş, ingilis dilini necə bilirsən?
- Bilmirəm.
Heç nə oxumamışam.
Mən bu sözü deyəndə elə bil gədənin
alnının ortasına güllə dəydi.
- Necə
yəni heç nə bilmirəm? Axı mən bir ildi səni
gözləyirəm - beləcə də dedi.
Birinci imtahandan kəsilmə xəbərimi eşidən
kimi anam ağladı. Çox pis oldum. Mənlə
universitetə hazırlaşan uşaqların demək olar ki,
hamısı qəbul oldu, bircə məndə
alınmadı. Ümumiyyətlə, məndə
birinci cəhd heç vaxt alınmır. Anamın
göz yaşları məni dəhşətli dərəcədə
sarsıtmışdı. O da insandı, anadı, onun da
arzuları var. Mənim universitetə qəbul
olmadığımı biləndə anam bir-bir zəng eləyib
qohumların, tanışların uşaqlarının nə qədər
bal topladığını soruşurdu.
Hiss elədim
ki, anam qohumlarımıza ona görə zəng eləyir ki,
onların da uşaqlarının qəbul
olmadığını eşidib təsəlli tapsın. Buna qəti paxıllıq demirlər. Tərslikdən,
elə bil anamın acığına o il
hamı universitetə girmişdi, özü də yüksək
balla. Hətta anamla arası olmayan bir qohumumuzun oğlu o qədər
yüksək bal yığmışdı
ki, prezident təqaüdü aldı. Anamın
ürəyi partlayırdı. Mən də
qəbul olsaydım, hamının uğuruna sevinərdi, amma
yazıq anam mənim uğursuzluğuma görə heç
kimin uğuruna sevinə bilmirdi.
Anam elə bilirdi bütün bunların səbəbi mənim
qızlara hərisliyimdi. Guya işim-gücüm qız dalına
düşmək olub, dərs oxumamışam, ona görə
bu günə qalmışam. Tez-tez deyirdi
ki, dədən kimi sən də harda arvad var, ora
qaçırsan. Bir dəfə də
kişilərlə oturub-durun.
Təzədən müəllim yanına
hazırlığa getdim. Müəllimlər məni
tanıyırdı deyə, ikinci cəhddə pul-zad da almadılar.
Tarixi çox yaxşı oxuyurdum, Azərbaycan
dili-ədəbiyyatını tum kimi
çırtlayırdım, riyaziyyatdan 20 sualın 13-nə
yüz faiz cavab verə bilərdim. Amma yenə ingilis dili
paz olmuşdu, bir-iki müəllimə
yanına getdim, onlar da gözəl qız çıxdı
deyə, imtina elədim.
Hər dəfə ingilis dilini öyrənə bilməyəndə
yenə də xəyalımda sarışın bir qız
canlandırırdım, hətta bir neçə dəfə o
qızı yuxuda da görmüşdüm. Anam məndən
vəziyyətin nə yerdə olduğunu soruşanda deyirdim
ki, bütün fənlər əladı, bircə ingilis dili
qalır, o da yanıma sarışın bir qız düşsə,
vəssalam.
Bir dəfə anam Bibiheybət məscidinə getdi. Artıq tədris
ilinin axırı idi, imtahana bir-iki həftə
qalmışdı. Anam məsciddə dua
eləyəndə deyib ki, ay Allah, qurban olum, oğlumun
yanında sarışın bir qız otursun, o qız ingilis
dilindən balama kömək eləsin.
İmtahana on dənə qələm alıb
aparmışdım, biri yazmasa, o birini götürüm, bu da
yazmasa, o birisindən istifadə eləyim. Axşamdan iki
toyuğu soyutma elətdirib hazır qoydurmuşdum. Gecəni yata bilmirdim, fikir məni götürmüşdü.
Sabah səhər ikinci dəfə imtahana girəcəkdim.
O gecə gözümə yuxu getmədi, yerimin içində
səhərə kimi qurcalandım. Səhər
açılanda gördüm anam əməlli-başlı
süfrə açıb, stolun üstünə bütün
nemətlərdən düzmüşdü. Elə bil Novruz bayramı idi. Doyunca
yeyib yola çıxdım. Nə qədər
çalışdım anam gəlməsin, xeyri olmadı, gəlib
axıra kimi darvazanın ağzında gözlədi.
İkinci dəfə Bakı Dövlət Universitetinin
binasında imtahan verdim. Camaat toplaşmışdı,
gözüm bir yerdə dayanmırdı, ora-buranı gəzirdi,
sarışını axtarırdı. Anam az qala qapının ağzına
yığışın adamlardan soruşa ki, sənin
qızın nə rəngdədi? İmtahan
zalına daxil olub sənədlərimi nəzarətçiyə
təqdim edəndə otaqda hamı mənə baxırdı.
Hiss elədim ki, nə qədər çalışsalar da,
heç kim mənim oxuyan uşaq
olub-olmadığımı aydınlaşdıra bilmədi. Çünki gözümdə eynək yox idi, əynimdə
dizi cırıq cins şalvar vardı, di gəl, çox sakit
və təmkinli idim.
Hamının yarı gəldi, mənim yarım yox idi. İmtahan başlamağa cəmi
beş dəqiqə qalmışdı, hələ
sarışınım gəlməmişdi. Mən
bir ildi onu gözləyirdim, bəs niyə gəlmədi?
Ancaq imtahan başlayandan təxminən, on beş
dəqiqə sonra, bütün ümidlərimin kəsildiyi
bir vaxtda otağa sarışın bir qız girdi. Gözündə eynək vardı, üzünə
baxan kimi yüz faiz əmin oldum ki, bu qız əsl ingilis dili
mütəxəssisidi. Gəlib yanımda
oturdu. Əlindəki su butulkasını
stolun üstünə qoydu, sənədlərini yerbəyer elədi.
Bilmirdim söhbəti necə açım, nəzarətçi
də başımın üstünü kəsdirmişdi. Qıza yaltaqlanmaq
üçün dedim:
-
Xanım, suyu stolun üstündən götürün, birdən
aşıb sənədlərinizi isladar.
Sarışın cavab vermədi, butulkanı stolun
üstündən götürüb yerə qoydu, amma heç
sağ ol da demədi. Axı məndə birinci cəhd heç vaxt
alınmır, bunu fikirləşib özümə təsəlli
verdim və pərt bir vəziyyətdə ikinci dəfə
qıza pıçıldadım:
-
Xanım, mənə ingilis dilindən kömək eləyə
bilərsən? Çox yox, on sual bəsimdi.
Cavab bütün arzularımı alt-üst elədi.
- Mən
ingilis dilini yox, fars dilini seçmişəm.
Elə sarsıldım, elə bil başıma daş
düşdü. Bir anın içində dünya
gözümdə zülmətə döndü. Həyəcandan qarnım quruldamağa
başladı. Stolun üstündə
kağızları bir-birinə qarışdırırdım
ki, xışıltı səsi gəlsin, qarnımın
qurultusu eşidilməsin.
İmtahan günü olduğu kimi yadımdadı, Azərbaycan
dili, ədəbiyyat və tarixdən 25 sualın
hamısına düz cavab verdim. Üç fənnin
cavabı yarım saat çəkdi. Riyaziyyat bir az çox vaxt apardı. İngilis dili yenə
qaldı, bir az arxaya, qabağa
çöndüm, gördüm hamı gözünü
döyür. İngilis dilindən 19 sual
yazdım, hamısı səhv çıxdı. Sonralar dostlar məni ələ salırdı ki,
bütün sualları səhv yazmaq da böyük məharət
tələb edir.
Mən tarixi çox yaxşı öyrənmişdim. Sarışın imtahan boyu
əlimə diqqətlə baxıb humanitar fənləri necə
bildiyimi hiss elədi, hələ məndən kömək də
istədi.
-
Bütün fənləri yaxşı bilirəm, bircə
tarixdən hazırlığa getməmişəm. Nə olar,
mənə kömək elə... - sarışın dedi.
Fikirləşdim
ki, nə olsun bu qız ingilisi yox, fars
dilini seçib, rəngi ki sarıdı. Hələ
üstəlik üzündə qorxaq bir təbəssüm də
var.
-
Kitabçanı mən tərəfə
sürüşdür, - dedim.
Gözümün
ucu ilə kitabçaya baxa-baxa tarixdən bütün
sualların cavabını bircə-bircə əyilib
qızın qulağına dedim. Sarışın
tez-tez saçlarını qulağının arxasına
keçirdib mən tərəfə əyilirdi ki, səsimi
yaxşı eşitsin. Axırıncı
cavabda qız boynunu qısdı, sanki tir-tir əsməyə
başladı.
- Nə
olub? - soruşdum.
- Nəfəsin
çox istidi, - sarışın dedi.
Elə
bil yaddaşım silkələndi, ağlım oyandı...
Kəramət
Böyükçöl
525-ci qəzet.-
2018.- 4 avqust.- S.23.