Həyata keçirilən sosial
siyasətin mərkəzində Azərbaycan vətəndaşı
dayanır
Prezident İlham
ƏLİYEV: “Bəlkə də dünyada
öz vətəndaşına bu qədər qayğı və diqqət
göstərən ikinci ölkə yoxdur”
Azərbaycan sosialyönümlü dövlətdir. Yəni iqtisadi siyasətin əsas məramı ölkə vətəndaşının rifahına xidmət göstərməkdir. Ötən dövr ərzində həyata keçirilən sosialyönümlü layihələr, qəbul edilən qərarlar bunu bir daha sübut edir. Dövlət maddi imkanı artdıqca sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara müxtəlif sosial güzəştlər edir, müavinətlər ödəyir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması həmişə diqqət mərkəzindədir. Dövlət bu kateqoriyadan olan insanlara yüksək pensiya təminatı verməklə yanaşı, onları mənzil və minik avtomobili ilə də təmin edir.
Prezident İlham Əliyevin iştirakı ilə avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Ölkə rəhbərinə məlumat verildi ki, ehtiyacı olanları mənzillə təmin etmək üçün dövlət vəsaiti hesabına 35 mənzil alınıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular. Bu mənzillər daimi qaz, su və işıqla təchiz edilərək yüksək səviyyədə təmir olunub və bütün zəruri avadanlıqla, o cümlədən mətbəx mebeli ilə də təchiz edilib. Mənzillərin qış aylarında qızdırılması üçün kombi sistemi quraşdırılıb. Bir sözlə, bu kateqoriyadan olan insanlara layiq olduğu səviyyədə mənzillər hədiyyə edilib.
Dövlət başçısı tədbirdə bildirdi ki, son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, həmçinin altı mindən çox minik maşını da verilib. İlin sonuna kimi dövlət başçısı daha 300 mənzilin bu kateqoriyadan olan insanlara veriləcəyini də bildirdi. Beləliklə, cari ildə ehtiyacı olan 500-ə yaxın insan mənzillə təmin ediləcək.
Ölkə rəhbəri həmçinin vurğuladı ki, bu sahədə görülməli işlər də çoxdur. Belə ki, hazırda 4 minə yaxın insan mənzil növbəsindədir. Onların da tezliklə mənzillə təmin edilməsi üçün vaxtaşırı büdcədən pul ayrılacaq. Bir sözlə, bu kateqoriyadan olan insanlar arxayın ola bilərlər ki, dövlətin qayğısından bəhrələnəcəklər. Prezident İlham Əliyev dövlətin bu kateqoriyadan olan insanlara daim qayğı göstərdiyini vurğulayaraq demişdir: “Dövlətimiz sosial siyasəti uğurla aparır. Görülmüş işlər bunun bariz nümunəsidir. Dediyim rəqəmlər onu göstərir ki, dövlət həmişə sizin yanınızdadır. Eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız var. Onlar da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Son illərdə 100-ə yaxın qəsəbə salınıb. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət davam etdirilir... Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bir daha demək istəyirəm ki, bu gün növbədə duran bu kateqoriyadan olan bütün insanlar imkan daxilində mənzillə, evlə, maşınla təmin ediləcək”.
Həmin tədbirdə 136 vətəndaşa “Khazar LX” avtomobili verildi. Avtomobil alanların 110 nəfəri ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslərdir, digər 26 nəfəri isə Böyük Vətən müharibəsi və Çernobıl əlilidir.
Dövlət başçısı Ermənistanın işğalçılıq siyasətinə də toxundu. Qeyd etdi ki, kriminal xunta rejiminin apardığı işğalçılıq siyasəti iflasa uğrayıb. Bu gün Ermənistanın acınacaqlı vəziyyətə düşməsinin səbəbi də ölkəmizin ərazisini işğal etməsidir. Buna qarşı dövlətimizin apardığı uğurlu siyasət sayəsində regional layihələrdən təcrid olunub. Nəticədə Ermənistan regionda həyata keçirilən yüksək gəlirli bütün layihələrdən uzaqlaşdırılıb. Əksinə, Gürcüstan Azərbaycanla olan mehriban qonşuluq əlaqələrindən uğurla faydalanır. Bunun nəticəsidir ki, Ermənistandan fərqli olaraq, Gürcüstan ölkəmizlə əməkdaşlıqdan yüz milyonlarla dollar vəsait əldə edir. Dövlət başçısı bir daha vurğuladı ki, Ermənistanın yeganə çıxış yolu qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmasıdır. Bundan sonra əlaqələr normallaşa və işğalçı ölkə də inkişaf yoluna qədəm qoya bilər. Əks təqdirdə onun acınacaqlı vəziyyəti daha da pisləşəcək.
Prezident İlham Əliyev çıxışında dönə-dönə qeyd etdi ki, bu kateqoriyadan olan insanlara dövlət bundan sonra da qayğı göstərəcək. Onları ev, mənzil və avtomobillə təmin etmək üçün zəruri tədbirlər görəcək. Dövlət başçısının 2 avqust 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamı da bu məqsədə xidmət edir. Həmin sənədlə bu kateqoriyadan olan insanların sosial qayğılarını təmin etmək üçün dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb. Bu da onların, ailələrinin ev və mənzillə təminatının yaxşılaşdırılmasına imkan yaradacaq.
Rüstəm KAMAL,
“Azərbaycan”
Azərbaycan.- 2018.- 4 avqust.- S.4.