Ölkənin aqrar
sektoru anomal istiləri minimal itkilərlə yola saldı
Bir çox ölkələr müəyyən qədər
su ehtiyatlarına malik olsa da, bütünlükdə Yer
kürəsində su təchizatı ilə bağlı
problemlər artmaqdadır. Bu ilin qaynar yayı isə
ən güclü dövlətləri sınağa çəkdi
və ciddi çətinliklər yaratdı. Əvvəlcə onu qeyd edək ki, planetdə
yağıntıların üçdə ikisi atmosferə
qayıdır. Yerin 1400 milyon kubkilometr su
ehtiyatlarının yalnız 2,5 faizi - 35
milyon kubkilometrini şirin sular təşkil edir.
Su ehtiyatlarının bərpası okeanların səthindəki
buxarlanmalardan asılıdır. Dünya
okeanlarından illik buxarlanmanın həcmi 505 min kubkilometrdir.
Qurunun üçdəbiri quraqlıq ərazilərin
payına düşür. BMT-nin məruzələrində
göstərilir ki, su qıtlığı yaxın gələcəkdə
siyasi problemə çevriləcək, ölkələr,
şəhər və kənd arasında su uğrunda
mübarizələrə səbəb olacaq. Artıq Afrikada Saxaradan cənubda 350 milyona yaxın
insanın təhlükəsiz su mənbələrinə əli
çatmır. İnkişaf etməkdə
olan ölkələrdə xəstəliklərin 80 faizi suyun
keyfiyyəti ilə bağlıdır. Hər il planetin əhalisinin 80 milyon artması suya olan
illik tələbatın da 64 milyon kubmetr artması deməkdir.
Artıq 2030-cu ildə dünya əhalisinin 47
faizi su çatışmazlığı ilə üzləşmək
təhlükəsi altında yaşayacaq. Quraqlıq
ərazilərdən 24-700 milyon arasında əhalinin miqrasiya
edəcəyi güman edilir.
Bu il planetin tarixində son 120 ildə
görünməyən anomal istilər baş verdi. Dünyanın əksər ölkələri su
qıtlığından əziyyət çəkdi, bir
çox böyük şəhərlərdə, məsələn,
İtaliyanın 7 şəhərində su təchizatında
labüd fasilələr yarandı. Ekstremal
istilər həm Avropa ölkələrində, həm də
ABŞ-da istilərə dözə bilməyən zəif
insanların ölümünə səbəb oldu.
Ən çox ziyan isə onlarla ölkənin kənd təsərrüfatına
dəydi. Bu sırada ən ağır vəziyyətin
İtaliyada qeydə alındığı vurğulanır.
Bu ölkənin aqrar sektoruna dəyən ziyanın 200 milyon
avrodan az olmadığı bildirilir. Almaniyada fermerlərə dəyən ziyanın 100
milyon avronu ötməsi barədə məlumatlar mətbuatda
yer almaqdadır. Rusiyada da anomal istilər
aqrar sektora müxtəlif vilayətlərdə dəyəri
milyonlarla ölçülən zərbələr endirdi.
Beləliklə, qədərindən artıq
düşən ekstremal istilər, yüksək rütubət
və güclü bürkü nəinki insanlar, hətta
bütünlükdə aqrar sektor üçün ciddi təhlükələr
yaratdı.
İspaniyanın ən nəhəng kənd təsərrüfatı
məhsulları istehsalçısı sayılan “Coldiretti”
şirkətinin mütəxəssisləri ekstremal istilərin
bu ölkədə yumurta və süd məhsullarının
istehsalına ciddi təsir etdiyini danılmaz fakt kimi təsdiq
edirlər. Məsələn, süd sağımının
bütün ölkə üzrə 15 faiz aşağı
düşdüyünü qeyd edirlər. Qarğıdalı
və meyvə-tərəvəz məhsullarının
istehsalçıları da xeyli itkiyə məruz qaldılar.
Od saçan istilərdə yanıb
kül olan bağ-bostanla yanaşı, bal arıları da
ciddi çətinliklərlə üzləşib.
Arıların belə istilərdə uça bilməməsi
bal istehsalını aşağı
endirmiş, bağlarda tozlanmanın aparılmasını
mümkünsüz etmişdir. Bu da öz
növbəsində bağçılığın bir
çox sahələrində məhsuldarlığın
aşağı düşməsinə səbəb olacaq.
Avropanın digər ölkələrində də aqrar
sektora dəyən ziyan yüz milyonlarla
ölçülür. Səbəb isə birdir: şiddətli istilər və
buxarlanma, çaylarda suyun səviyyəsinin aşağı
düşməsi ziyanı qaçılmaz edir. Azərbaycanda havanın hərarəti, ABŞ-ın
bəzi ştatlarındakı kimi, 57 dərəcəyə
çatmasa da, Avropadakı 37-40 dərəcə
arasındakı istilərə yaxın idi. Bu il gözlənilmədən qarpızın,
qovunun və bir sıra bostan məhsullarının qiymətinin
əvvəlki illərə nisbətən xeyli
bahalaşması da fermerlərə dəyən ziyanla
bağlıdır. Redaksiyamız bu çətin
günlərdə bölgə müxbirləri və müxtəlif
rayonlarda fermerlərlə əlaqə saxlayırdı. Aldığımız məlumatlar belə qənaətə
gəlməyə imkan verirdi ki, istilər nə qədər
ekstremal olsa da, fermerlər ciddi çətinliklərlə
üzləşmirlər. Su qıtlığı həmişə
yay aylarında özünü büruzə versə də,
bölgə müxbirlərimiz fermerlərin əksəriyyətinin
sudan bir o qədər də korluq çəkmədiyini
bildirirdilər.
Aldığımız operativ məlumatların analizi,
ölkənin aqrar sektorundakı real vəziyyət belə
haqlı qənaətə gəlməyə imkan verir ki, anomal
yay istiləri Azərbaycan fermerinin işində problemlər
yaratmaq gücündə deyil. Əlbəttə ki, meliorasiya sahəsində,
ölkənin suvarma sistemlərində irimiqyaslı layihələr
həyata keçirilməsəydi, aqrar sektorun böyük
itkilərlə üzləşmək ehtimalı çox
yüksək ola bilərdi. Onu
da nəzərə alaq ki, ölkənin su ehtiyatlarının
böyük qismi işğalçı Ermənistan tərəfindən
zəbt edilmişdir. İşğal
edilmiş Azərbaycan ərazilərindəki çaylar, su
anbarları hazırda işğalçı rejimin nəzarəti
altındadır. Bu, azmış kimi,
işğalçı dövlətin faşist rəhbərləri
Azərbaycan tərəfini su anbarlarını
partladılması, ya da bəndləri açaraq kəndləri
və şəhərləri batıracaqları ilə dəfələrlə
hədələyiblər. Hətta Ermənistanın
özlərini demokrat adlandıran sonuncu “məxməri liderlər”i
də sələflərinin ləpirləri ilə daha
uzağa gedir, belə sərsəm hədələrini
aramsız bəyanatlara çevirməkdən xüsusi
zövq alırlar.
Bütün bunlar hazırda o qədər də
böyük su ehtiyatlarına malik olmayan Azərbaycan dövləti
üçün ciddi çətinliklər törədə
bilərdi.
Amma Prezident İlham Əliyevin birbaşa rəhbərliyi
altında son 15 ildə meliorasiya və su təsərrüfatı
sahəsində reallaşdırılan böyük investisiya
layihələri bir çox təhlükələrin
qarşısını asanlıqla almağa imkan verdi. Min kilometrlərlə suvarma
kanalları və kollektor-drenaj şəbəkələri bərpa
edildi, yenidən quruldu və tikildi, 2 minə yaxın
subartezian quyusu qazıldı.
Dövlət başçısı yaxşı bilirdi
ki, Ermənistanla müharibə vəziyyətində
olmağımız, ən vacib su ehtiyatlarının erməni
işğalçılarının nəzarətinə
keçməsi ölkənin su təhlükəsizliyinin təmin
edilməsini iqtisadi və hərbi nöqteyi-nəzərdən
yubadılması mümkün olmayan ən vacib dövlət əhəmiyyətli
məsələyə çevirdi. Bu baxımdan strateji əhəmiyyət
kəsb edən Taxtakörpü və Şəmkirçay
kimi iri su anbarlarının tikintisi xüsusi əhəmiyyət
kəsb edir. Bugünə qədər bu
anbarlara toplanmış 3 milyard kubmetrə yaxın su ölkənin
aqrar sektorunda düşmənin həsəd apara biləcəyi
canlanma yaratdı.
Taxtakörpü su anbarının Xızı, Siyəzən
və Şabran rayonlarında ötən illərdə suvarma
suyu ilə təmin etdiyi 22 min hektar torpaq hazırda aqroparklar və
iri təsərrüfatlar tərəfindən əkin
dövriyyəsinə cəlb edilib. Bu il Şabran
rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər
başa çatdırılacaq. “Şabran Aqropark”a məxsus
1738 hektar torpaq sahəsinin meliorativ vəziyyəti
yaxşılaşdırılmış, Xızı rayonunda
436 hektarlıq zeytun və badam bağları suvarma suyu ilə
təmin edilmişdir. Bakıdan Qubaya gedəndə
boz və yeknəsəq mənzərəsi ilə ürək
sıxan çılpaq dağların görkəmi dəyişir,
burada yaşıllıqlar artır, yeni turizm marşrutları
salınır. Minlərlə əlavə iş yeri
açılır.
Şəmkirçay su anbarı zonasında Goranboy və
Samux rayonlarının ərazilərində
yaradılmış aqroparklara məxsus min hektarlarla torpaq sahələrinə
suvarma suyunun verilməsi cari ildə təmin edilmişdir. Şəmkir-Samux-Goranboy
magistral suvarma kanalının ikinci növbəsinin son 14
kilometrlik hissəsi tikildikdən sonra Goranboy rayonunda daha 10 min
hektara yaxın torpaq sahəsini suvarmaq mümkün olacaq.
Erməni işğalından azad olunmuş Cocuq
Mərcanlı kəndinin 400 hektar torpaq sahəsinin Araz
çayından suvarma suyu ilə təmin edilməsi
düşmənə çəkilən göz
dağıdır.
Kür
çayından Sabirabad rayonunda 17 min hektara yaxın əkin
sahələrinin su təminatının
yaxşılaşdırılması ilə yanaşı, yeni
torpaq sahələrini suvarmaq üçün “H”
kanalının və nasos stansiyasının tikintisi
tamamlanmış, digər suvarma kanallarında isə tikinti
işləri davam etdirilir. Bu işlər
başa çatdırıldıqdan sonra Biləsuvar rayonunun
1600 hektar yeni torpaq sahələrini suvarmaq mümkün olacaq.
Neftçala rayonunun 12400 hektar əkin sahəsinin su təminatı
yaxşılaşdırılmış, meliorativ tədbirləri
davam etdirməklə Hacıqabul rayonunda 2700 hektar, Ağcabədi
rayonunda 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin
olunacaq.
Azərbaycan
Prezidentinin sərəncamına əsasən
ayrılmış vəsait hesabına cari ildə
respublikanın 38 şəhər və rayonunun 248
yaşayış məntəqəsinin 8740 hektar torpaq sahəsini
suvarma suyu və əhalini içməli su ilə təmin etmək
üçün ilin sonunadək 300 subartezian quyusu
qazılacaq. Artıq 175 artezian quyusunda qazma
işləri tamamlanmışdır.
Ötən il Araz çayının 54 kilometr uzunluğunda torpaq məcrada inşa edilən yeni qolu Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar suya həsrət qalan torpaqları suvarmağa imkan yaratdı. Bu il isə həmin kanal beton üzlüyə alınacaq, əlavə 13 min hektar torpağa su çıxarılacaq, həyat veriləcək. Məhz belə çoxsaylı faktlara əsaslanaraq ən ekstremal istilərdə belə Azərbaycan fermerlərinin elə də böyük təhlükələrlə üzləşməməsinin əsl səbəblərini izah edə bilərik. Ölkəmizin aqrar sektoru planetdə baş verən ən ağır anomal istilərdə İtaliyada, Avropanın digər ölkələrində baş verən ağır itkilərlə qarşılaşmadı. Əksinə, meliorativ tədbirlər dayanıqlı və dinamik surətdə davam etdirilir, yeni suvarma texnologiyaları uğurla tətbiq edilir. Belə faktlardan bir neçəsini nəzərdən keçirək.
Qədim aqrar ənənələrə malik Abşeronda müstəqilliyin ilk illərində ciddi problemlər yarandı və bu regionun kənd təsərrrüfatında yaşanan ciddi problemlər bir çox sahələrin sıradan çıxmasına səbəb oldu. Dövlətin son illər atdığı addımlar, aqrar sektorun ənənəvi sahələrinin bərpası üçün gördüyü işlər təqdirəlayiqdir. Bu il Abşeron yarımadasında zeytunçuluğun, badamçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafını təmin etmək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir. Artıq Xəzər və Pirallahı rayonlarındakı aqroparklara məxsus 4 min hektar sahənin birinci mərhələdə 758 hektarı suvarma suyu ilə təmin edilmişdir. Əlavə olaraq 1226 hektar sahəyə su çıxarmaq üçün nasos stansiyalarının, basqılı boru kəmərlərinin və su hovuzlarının tikintisi işlərinə start verilib.
Bundan başqa, cari ildə Qax, Şəki və Oğuz rayonları ərazisində 13 min hektara yaxın sahədə salınacaq qoz-fındıq bağlarının suvarılması üçün işlər görülür.
2018-ci il iyul ayının 2-nə respublikanın su anbarlarında 15 milyard kubmetrdən artıq su yığılıb. Su anbarlarında toplanılmış su ehtiyatları və meliorativ sistemlərdə aparılan təmir-bərpa işləri kənd təsərrüfatı bitkilərinin normal suvarılmasına şərait yaradıb. İyulun 1-nə respublikanın rayonları üzrə 1 milyon 382 min hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 2 dəfəyə yaxın suvarılıb. Hazırda vegetasiya suvarmaları uğurla davam etdirilir.
Dünyanın müxtəlif ölkələrində şirin su problemləri mövcuddur və onların bir çoxunu həll etmək üçün böyük vəsait lazımdır. Azərbaycanda bu təhlükələrin aradan qaldırılması üçün 15 il müddətində fasiləsiz olaraq reallaşdırılan iritutumlu layihələr istənilən iqlim şəraitində ölkənin aqrar sektorunun dinamik inkişafını təmin etməyə imkan verir.
Bahadur İMANQULİYEV,
“Azərbaycan”
Azərbaycan.-
2018.- 4 avqust.- S.5.