Qəbələ festivalı çərçivəsində “Baku Chamber
Orchestra” kamera orkestrinin
konserti olub
X Qəbələ Beynəlxalq
Musiqi Festivalının
beşinci günü
axşam musiqisevərlərə
növbəti kamera konserti təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ
şəhərindəki Heydər
Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən
konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestri tamaşaçılar qarşısında
maraqlı konsert proqramı ilə çıxış edib.
Konsertin əvvəlində məlumat
verilib ki, 2011-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində yaranan “Baku
Chamber Orchestra” Heydər Əliyev
Fondu, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə fəaliyyət göstərir. Orkestrin
bədii rəhbəri
Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
dirijoru Əməkdar
artist Fuad İbrahimov,
direktoru Musiqi Akademiyasının prorektoru,
Xalq artisti Yeganə Axundovadır.
Diqqətə çatdırılıb ki, kamera orkestri
Azərbaycanın görkəmli
musiqiçiləri Fərhad
Bədəlbəyli, Fidan
və Xuraman Qasımovalar, Murad Adıgözəlzadə, Murad
Hüseynov, Yeganə Axundova, tanınmış
dirijorlar Azad Əliyev,
Yalçın Adıgözəlov,
Fuad İbrahimov, Eyyub Quliyev, Ralf Gothoni (Finlandiya) ilə birlikdə konsertlər verib. Orkestr Türkiyə,
BƏƏ, İtaliya, Fransa,
Yunanıstan, Belçika,
Özbəkistan, həmçinin
Azərbaycanın müxtəlif
bölgələrində çıxışlar
edib. “Baku Chamber Orchestra” kamera
orkestri uğurlu fəaliyyətinə görə
Gənclər və İdman, Mədəniyyət
nazirlikləri tərəfindən
fəxri diplomlara, həmçinin “Bakılı
Cəmiyyəti” tərəfindən
“Humay” mükafatına
layiq görülüb.
Konsertdə İ.S.Baxın “İki
fortepiano və kamera orkestri üçün konsert”, A.Piazzollanın “Buenos-Ayresdə ilin fəsilləri”, “Yay”,
Y.G.Bendanın “Grave”, T.Quliyevin
“Qaytağı”, P.İ.Çaykovskinin “Simli orkestr üçün
Serenada” əsərləri səsləndirilib.
Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə Xalq artistləri, pianoçular
Fərhad Bədəlbəyli, Murad
Adıgözəlzadə, Yeganə Axundova,
həmçinin Ziba Rəcəbli (viola) və Nəzrin Aslanlı (violin) çıxış ediblər.
Azərbaycan.- 2018.- 4 avqust.- S.6.