Azərbaycanın yüksəlişində mühüm mərhələnin başlanğıcı

 

 

Ulu öndərin 1969-cu il 5 avqust plenumundakı tarixi çıxışı böyük hadisə oldu

 

Hər bir xalqın tarixində böyük bir intibah mərhələsinin başlanğıcı kimi həmin dövrü simvollaşdıran, zəmanənin cəmiyyət həyatına gətirdiyi müsbət dəyişikliklərin, sosial təkamülün, milli ideyaların rəmzinə çevrilən konkret anlar olur. Çox zaman bu anlar sonradan zamanın axarını dəyişəcək fenomenal liderlərin, güclü şəxsiyyətlərin tarix səhnəsində görünməsi ilə xarakterizə edilir.

XX əsr mahiyyət etibarilə bəşəriyyət tarixinin elə bir dövrüdür ki, bu yüzillik boyu dünyanın hər yerində, demək olar ki, bütün xalqların həyatında mühüm hadisələr yaşanmışdır. Bu əsr zəmanəsinin böyük liderlərini, düşüncə adamlarını yetirmiş, onlar xalqları öz milli hədəflərinə doğru aparmış, dünyanın siyasi mənzərəsinin müəyyənləşməsində təkrarsız rol oynamışlar.

 

İrslə varislik arasında mənəvi körpü

 

Azərbaycanın XX əsr tarixi də bu baxımdan istisna deyil. Üzləşdiyimiz bütün çətin sınaqlara, verdiyimiz qurbanlara rəğmən xalqımız ötən əsrdə çox böyük tarixi nailiyyətlər qazanmışdır. Bu nailiyyətlərdən ən önəmlisi, şübhəsiz ki, 1918-ci ilin 28 mayında Azərbaycanda müsəlman Şərqinin ilk demokratik respublikasının qurulması və 70 illik əsarətdən sonra 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyinin bərpasıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün təntənə ilə qeyd edildiyi Cümhuriyyət ilində bir əhəmiyyətli tarix də xüsusi xatırlanmalıdır. Çünki həmin tarix Cümhuriyyət dəyərləri ilə Azərbaycanın müstəqilliyinin bərpası dövrü arasında, bir növ körpü rolunu oynayaraq milli dövlətçilik irsi ilə onun varisliyinin qırılmaz bağlılığını təmin etmişdir. 1920-ci ildə Cümhuriyyətin süqutu ilə yarımçıq qalmış ideyaların yenidən gündəmə gəlməsi, milli şüurun oyanışı, cəmiyyətin dövlətçilik amalları ətrafında səfərbərliyi, beləliklə, Azərbaycanın istiqlalının bərpasına doğru gedən yol məhz həmin gündən başlanır. Bu, böyük dövlət adamı, ümummilli lider, ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək ölkəmizə rəhbərliyə başladığı 14 iyul 1969-cu il tarixidir. Ölkə ictimaiyyəti isə onu böyük tarix səhnəsində ilk dəfə 5 avqust 1969-cu ildə keçirdiyi və zamanın yaddaşında məşhur avqust plenumu kimi əbədiləşəcək toplantıda görüb, Heydər Əliyevin həyat meyarları, dövlətçilik dəyərləri ilə yaxından tanış oldu.

 

Avqust plenumu

 

Əslində, Heydər Əliyevi yaxından tanıyanlara onun hansı dəyərlərin daşıyıcısı olduğu, xalqımızın soy-kökünə, milli ideyalara bağlılığı, Azərbaycan sevgisi yaxşı tanış idi. Ulu öndər hələ xüsusi xidmət orqanlarında çalışdığı dövrdə də xalqımıza və dövlətimizə qarşı yönələn təhdidlərin qarşısının alınmasında, milli ruhlu ziyalıların qərəzli hücum və təzyiqlərdən qorunmasında bir çox işlər görmüşdü. Xüsusi xidmət orqanlarının Azərbaycana düşmən ünsürlərdən təmizlənməsində və bura milli kadrların cəlb olunmasında böyük rol oynamışdı. Amma tutduğu yüksək dövlət vəzifəsinin məxfi xarakterindən irəli gələrək Heydər Əliyev şəxsiyyəti geniş ictimaiyyətə açıq deyildi. Avqust plenumu, bu baxımdan Azərbaycan xalqının öz milli lideri ilə tanışlıq anı oldu. Bu plenum ölkə həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu.

Böyük rəhbər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən vaxt respublika iqtisadiyyatı dərin iqtisadi böhran mərhələsində idi. 60-cı illərdə ölkə iqtisadiyyatının inkişafında mənfi meyillər özünü göstərirdi. Bir sıra obyektiv və subyektiv səbəblərə görə Azərbaycan sosial-iqtisadi inkişafdan geridə qalırdı. Əksər sahələrdə - milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ölkənin göstəriciləri Ümumittifaq dinamikasından aşağı idi. Azərbaycan SSR milli gəlirin həcminə görə Ümumittifaq səviyyəsindən 2 dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı.

Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesində işlərin fasiləsiz aparılması pozulur, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı düşürdü. Kənd təsərrüfatının istehsal səviyyəsi enməkdə davam edirdi. Meliorasiya və torpaqların suvarılmasında, kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsində ciddi nöqsanlar nəzərə çarpırdı. Əhalinin dolanışıq səviyyəsi yarıtmaz vəziyyətdə, sosial infrastruktur zəif idi. Xüsusilə, regionlarda ciddi inkişaf meyilləri müşahidə olunmurdu. İnsanlar kasıblıq, maddi sıxıntılar içində yaşayırdılar. Vətəndaşların sosial müdafiəsi lazımi şəkildə təmin edilməmişdi.

Respublikanı belə bir ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu axtarıb tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsip etibarilə yeni konseptual proqramın işlənməsi, xalq təsərrüfatında köklü struktur dəyişikliklərinin həyata keçirilməsi, təsərrüfatçılıq işində yeni metodların tətbiqi zəruri vəzifələr kimi qarşıda dururdu.

 

Hadisəyə çevrilən çıxış

 

Heydər Əliyev avqust plenumundakı geniş məruzəsində respublika iqtisadiyyatında yaranmış vəziyyəti böyük prinsipiallıqla, dərindən və hərtərəfli təhlil etdi. Xalq təsərrüfatında, sosial sahədə buraxılmış ciddi nöqsan və çatışmazlıqları üzə çıxardı. Bütün təşkilatları dövlət və əmək intizamını möhkəmlətməyə, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa istiqamətləndirdi.

Bu çıxışın hər cümləsində aydın bir fikir, gələcəyə hədəflənmiş dəqiq niyyət öz ifadəsini tapmışdı. Ölkədə haqq-ədalətin bərqərar olması, dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, demokratik dəyərlərə söykənən sivil cəmiyyət quruculuğu bu çıxışın əsas qayəsini təşkil edirdi. Bu mənada 1969-cu ilin 5 avqust plenumu və həmin plenumda ümummilli liderin məruzəsi o vaxtkı sovetlər birliyində, eləcə də SSRİ-dəki bütün prosesləri diqqətlə izləyən bir sıra xarici ölkə mətbuatında əsl hadisəyə çevrildi. Həmin vaxt plenumun gündəliyində duran məsələ belə adlanırdı: “V.İ.Leninin anadan olmasının 100 illiyinə hazırlığın gedişi haqqında”. Ancaq respublikanın rəhbəri Heydər Əliyevin məruzəsi tamam başqa mövzuları, respublikanın və xalqın həyatı üçün aktual məsələləri əhatə edirdi. Burada daha çox sovet cəmiyyətindəki uğurlardan deyil, çatışmazlıqlardan söhbət açılırdı. Avqust plenumunun tarixi mahiyyətini araşdıran tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, bu, bütün Sov.İKP-nin və SSRİ-nin tarixində “proletariatın dahi rəhbəri”nə həsr olunmuş yeganə tədbir idi ki, belə tənqidi ruhda keçirdi.

Hətta xarici mətbuatda, agentliklərdə avqust plenumuna müxtəlif rəylər, münasibətlər bildirilmiş, ulu öndərin çıxışı böyük maraq doğurmuşdur.

Avqust plenumu o dövrdə Türkiyə mətbuatının da diqqətindən kənarda qalmamışdı.

Göründüyü kimi, ulu öndər üçün qanunun aliliyi, hüquq qaydalarına əməl olunması, cəmiyyətdə haqq-ədalətin öz yerini tutması əsas prinsiplər idi. Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyinin hələ ilk günlərindən bu məramla ardıcıl tədbirlər həyata keçirməyə başlamışdı.

 

Dönüş nöqtəsi

 

Tarixə çevrilən 5 avqust 1969-cu il plenumu, sözün həqiqi mənasında, Azərbaycanın ictimai-siyasi həyatında bir dönüş yaratdı. Plenumdan dərhal sonra respublikanın iqtisadiyyatında canlanma baş verdi. Korrupsiya ilə mübarizə dönməz xarakter aldı. Respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında Heydər Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı 1970-1980-ci illərdə bütün sahələrdə müvəffəqiyyətlərin rəhni oldu

Ulu öndər hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta İttifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, əhalinin güzəranı qat-qat yaxşılaşdı. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində qısa müddətdə Azərbaycan İttifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinə çevrildi.

Respublikanın elmi-texniki potensialı dəfələrlə yüksəldi, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Ötən əsrin 80-ci illərinin əvvəllərində Azərbaycandan keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərilən gənclərin sayı ildə 1000-1400 nəfərə çatdı. 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərildi. Bütün bunlar respublika rəhbərinin Azərbaycan gəncliyinə göstərdiyi böyük qayğının təzahürü idi. Onu da qeyd etməliyik ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın yüksək ixtisaslı mütəxəssislər sarıdan çətinlik çəkməməsi məhz 1969-1982-ci illərdə təhsil, elm sahəsində aparılan səmərəli fəaliyyətin nəticəsidir. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində gördüyü işlər ölkəmizin gələcək inkişafı üçün güclü kadr potensialının formalaşmasına böyük təsir göstərdi. O illərdə hər il əlavə 800-1000 azərbaycanlı gənc də keçmiş İttifaqın nüfuzlu hərbi məktəblərində hərb sənətinin sirlərinə yiyələnir, həm bu gənclərin təhsilinə verilən dəstək, həm də ulu öndərin yüksək iradəsi, şəxsi nüfuzu sayəsində Azərbaycanda yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb gələcək Milli Ordumuz üçün böyük potensial formalaşdırdı.

 

Daim xalq arasında olan lider

 

Heydər Əliyev hələ sovetlər dövründə bəşəriyyətin ən aktual çağırışlarına cavab vermək iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi yaradırdı. O, daim xalqın arasında olurdu, insanlarla birgə idi. İnsan amili, vətəndaşların qayğıları, problemləri, onlara kömək göstərilməsi onun üçün hər şeydən öndə idi. Heydər Əliyev yaxşı bilirdi ki, insanların ən çox arzuladıqları dəyər ədalətdir. Cəmiyyətdə haqq-ədalətin bərqərar olmasıdır. Fərdlərə öz potensiallarını ölkənin və xalqın inkişafına xidmət edən mütərəqqi sahələrdə reallaşdırmaqdan ötrü bərabər imkanlar mühitinin yaradılmasıdır. Buna doğru ilk addımlar isə cəmiyyətdəki nöqsan və çatışmazlıqların aradan qaldırılmasından, rüşvətxorluğa, korrupsiyaya qarşı qətiyyətli mübarizədən keçir.

Vətəndaşlarla sıx əlaqə quran, onların yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan ulu öndər o vaxt respublikadakı rüşvətxorluq və korrupsiya hallarına qarşı qəti və prinsipial mübarizəyə başladı. Qısa müddətdə bunun müsbət nəticələri hər bir insanın həyatında özünü göstərdi. Azərbaycanda möhkəm nizam-intizam, qayda-qanun yaradıldı.

Heydər Əliyevin “Literaturnaya qazeta”nın 18 noyabr 1981-ci il tarixli nömrəsində “Qoy ədalət zəfər çalsın” sərlövhəsi ilə dərc edilmiş məşhur müsahibəsi də o dövrün ictimai mənzərəsini əks etdirən böyük bir tarixdir. Dövrün şahidlərinin, tarixçilərin qeydlərinə görə, məşhur avqust plenumundakı məruzəsi kimi Heydər Əliyevin bu müsahibəsi də nəinki respublikamızda və bütün İttifaq məkanında, eləcə də xaricdə böyük əks-səda doğurmuşdu. Ulu öndər keçmiş İttifaqın ilk rəhbərlərindən idi ki, sistemin və cəmiyyətin nöqsanları, korrupsiya haqqında və rəhbər şəxslərin mənəvi prinsipləri qorumağa və müdafiə etməyə borclu olması barədə açıq və geniş danışırdı. Azərbaycanda 1950-60-cı və daha əvvəlki illərdən “miras” qalmış çoxsaylı nöqsanlara, pozuntulara qarşı başlanmış mübarizədən, hüquq-mühafizə orqanları üçün uzun illər toxunulmaz sayılan adamların sensasiyalı ifşasından, qanun çərçivəsində sərt cəzalandırılmasından ətraflı söz açırdı.

SSRİ-i boyda nəhəng bir ölkənin çoxmilyonlu əhalisi bu müsahibə ilə Heydər Əliyevin timsalında müttəfiq respublikanın birinci katibinin rüşvətxorluq, ictimai əmlakın talanması və digər mənfi hallara qarşı o zaman üçün qeyri-adi görünən barışmaz mübarizə aparması üzrə baxışlarına, çağırışlarına və konkret əməli fəaliyyətinə heyranlığını gizlətmirdi. Çünki Heydər Əliyevin bu müsahibədə toxunduğu məqamlar, açıqladığı gerçəkliklər, ictimailəşdirdiyi problemlər milyonlarla insanın söyləmək istədiyi, amma sovet sisteminin repressiv mahiyyətindən çəkinərək cəsarətsiz qalıb dilə gətirə bilmədiyi həqiqətlər idi. Heydər Əliyevin bəyan etdiyi “Qoy ədalət zəfər çalsın” şüarı həmin dövrün mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan olunmuşdu. Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini də dəyişdirdi. Bu mənada Heydər Əliyevin rəhbərliyi ilə yaşanmış 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür.

 

Azərbaycan sevgisi

 

1982-ci ilin sonlarında ulu öndər Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi son dərəcə mühüm və məsuliyyətli bir vəzifəyə irəli çəkildi. Nəhəng bir ölkənin təsərrüfat həyatının bir çox sahələrinin işinə nəzarət məhz birbaşa ona etibar edilmişdi. Ulu öndər belə bir məsul vəzifədə işləməklə yanaşı, Azərbaycanın problemləri ilə də daim məşğul olur, sözün əsl mənasında, Azərbaycanla yaşayırdı.

Heydər Əliyevi lider səviyyəsinə yüksəldən əsas cəhətlərdən biri də onun Azərbaycanla, doğma xalqı ilə qırılmaz tellərlə bağlı olması idi. Təsadüfi deyildi ki, görkəmli şəxsiyyət sonralar bu barədə danışarkən deyirdi: “Mən on il Moskvada yaşamışam, Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam və bu rəhbərliyin imkan verdiyi ən yüksək şəraitdə yaşamışam. Amma bir an da Azərbaycanı unutmamışam, ürəyim daim Azərbaycanla vurub. Sonra qayıtmışam Azərbaycana, Naxçıvanda bir daxmada yaşamışam. Gecəm də Azərbaycan olub, gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır, mənim Vətənimdir”.

Ulu öndər Heydər Əliyevin Vətən sevgisinin sərhədi yox idi. Onun Vətən, xalq üçün çalışmaq həvəsi, millətinə mümkün qədər çox fayda vermək istəyi sonsuz idi. Təsadüfi deyildi ki, ötən əsrin sonlarında müstəqilliyini yenicə əldə etmiş Azərbaycan ağır, çətin sınaq qarşısında qalanda Heydər Əliyev yenə xalqının səsinə səs verdi, xilaskarlıq missiyasını öz üzərinə götürdü. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyərək yenidən hakimiyyət sükanı arxasına keçdi. O, qısa müddətdə dövlətlə xalqın birliyini, yekdilliyini, ölkədə mühüm ictimai-siyasi sabitliyi təmin etdi, hakimiyyət böhranını aradan qaldırdı, qətiyyətli strateji qərarlarla Azərbaycanın yeni inkişaf tarixinin əsasını qoydu. Heydər Əliyev yenə də cəmiyyətimizdə haqq-ədalətin, ümumbəşəri dəyərlərin, demokratik prinsiplərin ən qüdrətli hamisi oldu. Ən mühümü isə bu ali prinsipləri, bəşəri ideyaların ardıcıllığını, Azərbaycanın davamlı inkişaf yolunu özünün cismani yoxluğu dövründə də xalqın siyasi iradəsi ilə əmin əllərə etibar etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində ölkəmizi bu ideyalar işığında tarixinin ən qüdrətli dövrünə, ən böyük inkişaf mərhələsinə çatdırmağa qabil dövlət adamını, zəmanəsinin parlaq siyasi liderini, qlobal dünyamızın çağırışlarını dərindən duyaraq yeni meyilləri Azərbaycan üçün müasir tərəqqi imkanlarına çevirməyi bacaran ölkə rəhbərini yetirdi.

 

İnsan amili

 

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin, xalqımızın qazandığı tarixi nailiyyətlər, cəmiyyətdə baş verən müsbət dəyişikliklər geniş elmi tədqiqatların mövzusudur. Cəmiyyət həyatının ən müxtəlif sferalarını, ölkənin ən ucqar regionlarını əhatə edən inkişaf prosesləri, sosial təkamül meyilləri, təbii olaraq mahiyyət etibarilə bir-birindən fərqlənir. Amma bunların hamısının son məqsəddə qovuşduğu, bir mərama xidmət etdiyi, onları özündə birləşdirən bir ortaq amil var. Bu, insan amilidir. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsasında bu amil dayanır. Azərbaycan insanlarının maraq və mənafeləri, istək və arzuları, qayğıları, ümumilikdə isə ölkəmizdə insan inkişafı əsas götürülür.

İnsani keyfiyyətləri bütün vəzifələrdən uca tutan ulu öndər Heydər Əliyev bildirirdi ki, vəzifə insana ancaq səlahiyyət verir. Qalan nə varsa, onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır. Əgər bunlar mövcuddursa, vəzifə səlahiyyətindən dövlətin, insanların mənafeyinə istifadə edə bilər. Yoxdursa, insanların qayğılarına, problemlərinə laqeyd, biganə yanaşacaqdır. Belə hala isə dözmək olmaz.

Ölkə rəhbərinin sosialyönümlü siyasəti bu gün cəmiyyətdə ayrı-ayrı sosial qrupların həyat şəraitinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi sabitlik və sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilib. Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını təmin edib. Belə bir sistem vətəndaşların sağlam mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırıb.

Prezident İlham Əliyev bütün çıxışlarında dövlətimizin yeritdiyi siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində məhz insan amilinin, Azərbaycan vətəndaşının dayandığını böyük qürur hissi ilə xatırladır. Əhalinin sosial təminatının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsinin zəruriliyini vurğulayır. Hökumətin görülmüş işlərlə bağlı ictimaiyyət önündə mütəmadi hesabatlar verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir. Dövlət başçısı hər bir məmurdan vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini tələb edir.

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva genişmiqyaslı ictimai-siyasi fəaliyyəti, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı tarixi layihələrlə Azərbaycanda və ümumən dünyada insan amilinə xidmətin, köməyə, qayğıya ehtiyacı olanlara həssas münasibətin, belələrinə həyan olmağın bəşəri nümunələrini yaradır. Onun da fəaliyyətinin əsasında duran mühüm amil məhz insanlara yardım etmək istəyi, onlar üçün faydalı olmaq duyğusudur. Mehriban xanımın özünün də qeyd etdiyi kimi, “Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”. Bu gün həyata keçirilən siyasətin mahiyyəti də insanların həyatını yaxşılaşdırmaqdır, onların hər zaman yanında olmaqdır, dövlətin kömək əlini vətəndaşlara hiss etdirməkdir, təminat sistemlərinin şəffaflığını sosial ədalət, obyektivlik meyarı əsasında qurmaqdır.

Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsi ilə bağlı çoxlu fərman və sərəncamlar imzalamışdır. Hər il əmək pensiyalarının artırılması, sosial ödənişlərin məbləğinin yüksəldilməsi, müavinətlərin, yardımların verilməsi insanlara dövlət səviyyəsində göstərilən qayğının başlıca şərtidir. Bunlar Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet vəzifələrdəndir.

Əlillərin sosial müdafiəsi bu gün ölkəmizdə aparılan siyasətin əsas istiqamətlərindəndir. Dövlət rəhbərinin xüsusi diqqət və qayğısı nəticəsində bu təbəqədən olan insanlar üçün tibbi-sosial reabilitasiya sistemi müasirləşdirilir. Hər il xeyli sayda əlil vətəndaş bərpa-müalicə xidmətləri ilə təmin edilir.

Prezident İlham Əliyev avqustun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində əlil və şəhid ailələri ilə görüşündə demişdir: “Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğalda əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir”.

***

Ümummilli lider Heydər Əliyevin 1969-cu ilin 5 avqustunda keçirdiyi məşhur plenumla Azərbaycan həyatında yeni bir mərhələ başlanmış və bu mərhələ Azərbaycanın yüksəlişinə təkan vermişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi köklü islahatlarla, göstərdiyi milli hədəflərlə, mövcud nöqsan və çatışmazlıqlara kəskin, qətiyyətli münasibətlə və onların aradan qaldırılmasından ötrü irəli sürdüyü konkret vəzifələrlə Azərbaycan bu gün də yeni bir inkişaf yolunun başlanğıcındadır. Bu yola sadiqlik, bu vəzifələrə məsuliyyətli münasibət və layiqli nəticələrin ortaya qoyulması ölkəmizin gələcəyinə töhfə vermək istəyən hər kəs üçün böyük şərəf işidir.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

 

Azərbaycan.- 2018.-5 avqust.- S.1.