Bakı şəhərində avtobus parkının yenilənməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir.
Son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılmışdır.
Qeyd olunan istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 924 000 (qırx yeddi milyon doqquz yüz iyirmi dörd min) manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 avqust
2018-ci il
Azərbaycan.- 2018.- 9 avqust.- S.1.