Azərbaycan beynəlxalq münasibətlərin fəal aktoruna çevrilib  

 

Prezident İlham Əliyev 7 ayda 6 ölkəyə səfər edib, 6 dövlət, 4 hökumət başçısı, 40-dan çox beynəlxalq təşkilat və şirkət rəhbərləri ilə görüşlər keçirib

 

 

Bu gün müstəqil Azərbaycan dövləti dünya təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində əsas prinsiplərdir. Azərbaycanın dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrini daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır. Bütün bunlar Azərbaycanın xarici siyasətinin kifayət qədər geniş, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.

 

Uğurlu xarici siyasət strategiyası

 

Qüdrətli Azərbaycanın milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik maraqlarını təmin etmək və bunu beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər bu gün də Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biridir.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulub, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldib. Dövlət başçısının hər bir xarici səfəri Azərbaycanın ayrı-ayrı dövlətlərlə, təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verib.

Bu il də ölkəmizin xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından uğurlu olub. Son 7 ay ərzində Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirib, regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıb.

Prezident İlham Əliyevin 7 ayda xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.

 

Davos Forumu və Azərbaycana verilən dəyər

 

Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev yanvar ayında ilk olaraq Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfər edib. Səfər çərçivəsində dövlət başçısı İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset, İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Dünya İqtisadi Forumunun prezidenti Börge Brend, eləcə də 17 beynəlxalq təşklat və şirkət rəhbəri ilə görüşlər keçirib.

Yanvarın 23-də Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edən Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafından, həyata keçirilən siyasi və iqtisadi islahatların uğurlarından bəhs edib. Dövlət başçısı ona ünvanlanan suallara tutarlı arqumentlərlə cavab verməklə bir daha liderlik, natiqlik qabiliyyətini nümayiş etdirib. Eyni zamanda Azərbaycan həqiqətləri barədə geniş məlumat verib.

Yanvarın 24-də isə İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada iştirak edib.

 

Prezident seçkisindən sonra ilk səfər

 

Aprel ayının 11-də Azərbaycanda keçirilən prezident seçkilərində yenidən xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçilən İlham Əliyev ilk səfərini aprelin 24-də Türkiyə Respublikasına edib.

Aprelin 25-də dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşüb və görüş başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib. İclasdan sonra iki qardaş ölkənin rəhbəri mətbuata bəyanatlarla çıxış ediblər.

Səfər çərçivəsində iki ölkə arasında yeni sənədlər də imzalanıb. Dövlət başçıları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”nu imzalayıblar. Həmçinin iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin tətbiqi ilə bağlı ikiillik (2018-2019) İş Proqramı”, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair Protokol” imzalanıb.

Prezident İlham Əliyev səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmayıl Qəhrəman ilə də görüşüb.

 

Londonda hasilatın pay bölgüsü haqqında imzalanan yeni saziş

 

Aprelin 25-də Türkiyə səfərini başa vuran dövlət başçısı bir gün sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfərə yola düşüb.

Aprelin 26-da Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub. Tereza Mey İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik edib və iki ölkə arasındakı əlaqələrin bundan sonra daha da genişlənəcəyini vurğulayıb.

Sonra Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Dövlət başçısı səfər çərçivəsində həmçinin Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və Britaniya parlamentinin bir qrup üzvü ilə görüşlər keçirib.

 

Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü

 

İyun ayının 12-də dövlət başçısı TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün qardaş Türkiyə Respublikasına bu il ikinci səfərini edib. Səfər zamanı Prezident İlham Əliyev Əskişəhərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Ukrayna Prezidenti Pyotr Poroşenko, BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Həmin gün Əskişəhərdə

TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti bildirib ki,

TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Bu layihə Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir: “Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix iş birliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”.

Dövlət başçısı xatırladıb ki, bu, birgə həyata keçirilən birinci layihə deyil. İki qardaş ölkə bundan əvvəl 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və ötən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə edib. Bütün bunlar onu deməyə əsas verir ki, iki ölkənin təşəbbüsü ilə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və qardaşlıq dayanır.

 

Rusiya-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsindədir

 

Elə həmin gün Azərbaycan Prezidenti Türkiyədən Rusiya Federasiyasına işgüzar səfər edib. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

Rusiya Prezidenti vurğulayıb ki, iki ölkə arasında münasibətlər yeni inkişaf mərhələsindədir və çox uğurla inkişaf edir. Ötən il ərzində əmtəə dövriyyəsinin artımı 34,4 faiz, bu ilin birinci rübü ərzində isə daha 19 faizə yaxın olub. Yəni bu, çox yaxşı artım tempidir və bu proses dəstəklənməlidir: “Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir. Parlamentlərin, ictimai təşkilatların xətti ilə daim əlaqə saxlanılır, humanitar əlaqələr inkişaf edir”, - deyə Vladimr Putin vurğulayıb.

Görüşdə həmçinin bəlli olub ki, Rusiya tərəfi Azərbaycan Prezidentinin avqustun 30-da bu ölkəyə səfəri ilə bağlı hazırlıqlar görür. Bu səfər çərçivəsində münasibətlər hərtərəfli və dərindən müzakirə ediləcək və çox güman ki, yeni sazişlər də imzalanacaq.

Rusiyada səfərdə olan dövlət başçısı iyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib.

 

Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” paraflandı

 

Bu gün tam müstəqil siyasət yürüdən Azərbaycan həm də beynəlxalq təşkilatlarla yüksək səviyyəli əməkdaşlıqla etibarlı tərəfdaşa çevrilib. İyulun 10-da Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə səfəri də bunu bir daha təsdiqləyir.

Bu səfər çərçivəsində Azərbaycan Prezidenti çox mühüm görüşlər keçirdi və bu görüşlər Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasına mühüm töhfə verdi.

Öncə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşən dövlət başçısı ikitərəfli əməkdaşlığın daha da gücləndiyini bildirib və qeyd edib ki, Azərbaycan qurumun əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq sazişi imzalayıb.

Görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi oldu. Bu sənəd Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacaq. “Tərəfdaşlıq prioritetləri” 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir. Bu sənəd Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan vermiş oldu.

 

Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir

 

İyulun 12-də dövlət başçısı Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda iştirak edib. NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə cənab İlham Əliyev Azərbaycanın Əfqanıstana göstərdiyi dəstəyi, həmçinin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı əsl həqiqətləri ali tribunadan dünyaya bir daha bəyan edib.

Ümumiyyətlə, cənab İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət edir. Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir. Bu əməkdaşlıq Azərbaycanın 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulması ilə başlayıb. Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanıb.

1994-cü ildən başlayaraq Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Təqdirəlayiq haldır ki, Azərbaycanda dəfələrlə səfərdə olan NATO rəsmiləri əməkdaşlıqdan razılıqlarını ifadə ediblər. Digər tərəfdən, Azərbaycanın regiondakı rolunun və mövqeyinin güclənməsi alyansın ölkəmizə olan marağını daim artırır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO rəhbərliyi də yaxşı bilir və ona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verir.

Brüssel səfəri çərçivəsində Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub. Dövlət başçısı həmçinin BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə də danışıqlar aparıb.

 

Prezidentin Fransaya 13-cü səfəri

 

İyul ayının 19-da isə dövlət başçısı İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfər edib. Prezident İlham Əliyev bir sıra önəmli və vacib görüşlər keçirib. Dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri olan Fransada Prezident Emmanuel Makron, eləcə də bu ölkədə fəaliyyət göstərən böyük şirkətlərin rəhbərləri ilə keçirilən görüşlər əlaqələrin daha da dərinləşməsinə, yeni müstəviyə yüksəlməsinə stimul verdi.

Onu da vurğulayaq ki, 2003-cü ildə prezident seçilən İlham Əliyev xaricə ilk rəsmi səfərinə Fransadan başlayıb. Cənab İlham Əliyev Prezident kimi 2004-cü (2 dəfə), 2006-cı (2 dəfə), 2007-ci (2 dəfə), 2009-cu, 2012-ci, 2014-cü (2 dəfə), 2015-ci, 2017-ci və builki səfərlə birlikdə Fransada ümumilikdə 13 dəfə olub.

Bütün səfərlərdə olduğu kimi, bu dəfə də iki ölkə arasında mühüm sənədlər imzalanıb. “Azərkosmos” ASC ilə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi, “Azərsu” ASC və “SUEZ Group” arasında Niyyət Sazişi, “Azərbaycan Hava Yolları” QSC ilə “Modern Construction Group” və “Thales” şirkətləri arasında Anlaşma Memorandumu, daha 3 müqavilə və Niyyət Məktubu imzalanıb.

Prezident İlham Əliyev Parisdə Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji və Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşlər keçirib.

 

Müasir inkişaf və yüksələn nüfuz

 

Bu görüşlərdən səslənən fikirlərdən bəlli oldu ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, aparılan müzakirələr Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişə öz müsbət töhfəsini verəcək. Dövlət başçısı həmçinin Fransanın 12 tanınmış şirkətinin nümayəndəsi ilə görüşüb. Bu görüşlərdə Azərbaycanın neft-qaz hasilatı, ölkəmizlə Fransa arasında hərbi sənaye sahəsi, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri ilə bağlı müzakirələr aparılıb.

Əlbəttə ki, dövlət başçısının son 7 ayda xarici ölkələrə etdiyi səfərlər, keçirdiyi görüşlər, beynəlxalq toplantılardakı çıxışları müstəqil Azərbaycanın dünya birliyinin fəal aktoruna çevrildiyini bir daha təsdiqləyir. Yəni dövlət başçısının uğurlu diplomatiyası ilə müstəqil Azərbaycan dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir və söz sahibinə çevrilir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

 

 

 

Azərbaycan  2018.- 8 avqust.- S.1-2.