VII Beynəlxalq Multikulturalizm
Yay Məktəbi başa
çatıb
Avqustun 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə reallaşan “Bakı prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin başa çatması ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov tədbirdəki çıxışında mərkəzin fəaliyyətindən söz açıb. Bildirib ki, BBMM yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləridir.
R.Həsənov deyib: “Bu layihədə 30-dan çox ölkədən 40-a yaxın gənc iştirak edir. Layihəyə Azərbaycan universitetlərindən tələbələr də qatılıb. Yay məktəbi Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərib. İştirakçılar yerli əhali, dini icmalar və din xadimləri ilə görüşüb, tarixi abidələrlə tanış olublar. Gənclər auditoriyada aldıqları nəzəri bilikləri praktik biliklərlə möhkəmləndirib, Azərbaycan multikulturalizmi haqqında daha dərin məlumatlar əldə ediblər. Həmçinin layihə iştirakçıları üçün geniş mühazirələr oxunub, xarici və yerli alimlərdən ibarət heyət onlara dərs deyib”.
BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev qeyd edib ki, bu layihə vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan gənclər bir araya gələrək Azərbaycan haqqında biliklərini möhkəmləndirir, ölkəmizdəki multikultural, tolerant mühitlə yaxından tanış olur, həmyaşıdları ilə ünsiyyət qururlar. BBMM-in 8 ölkədə filialı olduğunu diqqətə çatdıran K.Abdullayev Azərbaycanın qədim və zəngin tarixə, multikulturalizm ənənələrinə malik bir ölkə olduğunu, bu gün multikulturalizmin dövlət siyasətinə çevrildiyini deyib. Qeyd edib ki, Azərbaycan xalqı sülhsevərdir və ölkəmizdə çoxlu azsaylı xalqlar dostluq şəraitində yaşayır.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov isə bildirib ki, multikulturalizm cəmiyyətdə mövcud olan etnik, dini, irqi, mədəni müxtəlifliklər arasında əlaqələrin tənzimlənməsində mühüm rol oynayır. E.Nəcəfov multikulturalizmin tarixindən danışaraq deyib ki, Azərbaycan multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi elan edən çox az ölkələrdən biridir. “Azərbaycanda multikulturalizmin dövlət siyasətinin tərkibi olması barədə danışarkən iki məsələni qeyd etmək lazımdır. Birincisi, multikulturalizm Azərbaycanın daxili dövlət siyasətinin ayrılmaz hissəsidir. İkincisi isə, multikulturalizm Azərbaycanın uğurlu xarici siyasətidir. Multikulturalizmin daxili siyasətdə rolundan danışarkən qeyd etmək lazımdır ki, bu model ölkədə dini əlaqələrin tənzimlənməsində mühüm amildir. Azərbaycan bu sahədə böyük uğur qazanıb. Azərbaycanda dini azadlıq tam təmin olunub. Ölkəmizin əhalisinin 90 faizindən çoxu müsəlman olsa da, burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Dövlət bütün dinlərə lazımi yardımlar, o cümlədən maliyyə yardımı göstərir”, - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.
Milli Məclisin deputatı Musa Qasımlı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildiriblər ki, Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkədir. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilir. Ona görə də Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib.
Sonra tədbir bədii hissə ilə davam edib, yay məktəbinin iştirakçılarına sertifikatlar verilib.
Daha sonra yay məktəbinin iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbində Azərbaycan, Gürcüstan, Hindistan, Latviya, İsrail, Moldova, Yaponiya, Qazaxıstan, Rusiya, Rumıniya, Almaniya, Belarus, Xorvatiya, Bolqarıstan, Serbiya, Portuqaliya, Slovakiya, Estoniya, Tacikistan, Monteneqro, Çexiya, Ukrayna, İtaliya, Türkiyə, Fələstin, Meksika, Çin, Kolumbiya, Ekvador və İndoneziya kimi ölkələrin aparıcı universitetlərindən 35 tələbə iştirak edib.
Azərbaycan.- 2018.- 9 avqust.- S.4.