Özü zirvə olan sənətkar

 

Rasim Balayev -70

 

Xalqının fəxri və dövlətinin fəxri adlarının, təltiflərinin mükafatçısı - xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, Prezident təqaüdçüsü... Yetmiş yaşında da diqqətləri cəlb etməyi bacaran, cazibədar, ciddi, sadə, səmimi, sevilən insan.

 

Şöhrət çoxlarını çiyinləri üzərinə qaldıraraq zirvəsinə ucaldıb. Sonra gözlərini qaraltmağa çalışıb. O yüksəklikdən baxmağa hər kəsin gücü yetməyib. Dəyişənlər, başqalaşanlar çox olub. Amma gənc yaşında milyonların sevimlisinə çevirdiyi bu böyük sənətkarı dəyişə bilməyib. Çünki o, Rasim Balayevdir... Sənətkarla Şəxsiyyətin bütövlüyünün nümunəsi...

1948-ci ilin 8 avqustunda Ağsuda dünyaya göz açmaq, səkkiz övladlı ailənin ilki olmaq düşüb qismətinə. Atası partiya işçisi idi. Anası əvvəllər kolxozçu olsa da, sonralar işləmədi, ailəsinin, uşaqlarının qayğısını çəkdi.

Rasim Balayev kiçik yaşlarından diqqətləri cəlb etməyi bacarırdı. Beş yaşında nəinki yazıb-oxumağı bilir, sərbəst şəkildə qəzet mütaliə edir, hətta yerli “Yeni həyat” adlı qəzetdəki orfoqrafik səhvləri tuturdu.

O vaxtlar uşaqlar məktəbə, qaydaya görə, yeddi yaşında qəbul edilirdilər. Rasim Balayevin fəhmi, zəkası valideynlərini arxayınlaşdırdığından onu altı yaşında məktəbə qoymağı qərara aldılar. Atasının partiya fəalı olması bu çətin məsələnin həllinə imkan verdi. Beləcə, yaşıdlarını qabaqlayıb bir il tez məktəbli oldu. Yazıb-oxumağı bildiyindən 1-ci sinif ona maraqsız göründü.

Ağsuda keçən uşaqlıq çağları ömrünə bir-birindən gözəl xatirələr yaza-yaza ötüb keçirdi. Tay-tuşları ilə gah yarışa girib güclərini sınayır, güləşir, gah voleybol oynayırdı. Amma müəyyən qaydalar çərçivəsində böyüdüyündən dəcəlliklərinin, ərköyünlüklərinin də hüdudu vardı...

Orta məktəbin 8-ci sinfinədək dərs əlaçısı oldu. O vaxtlar hələ aktyor olacağını düşünmürdü. Getdikcə ədəbiyyat, tarix fənlərinə marağı digər fənləri üstələyirdi. Artıq yalnız dərslərinə hazırlaşmırdı, həm də dərnəyə gedir, müxtəlif idman növləri ilə məşğul olurdu. Düşüncələrinin formalaşmasında oxuduğu kitabların, bədii ədəbiyyatın, baxdığı filmlərin rolu böyük idi. Bir də ədəbiyyat müəlliməsi Nabat xanımın dərslərini, xüsusilə də ədəbiyyat müntəxəbatı dərslərini bir başqa həvəslə gözləyirdi. Çünki o, dram əsərlərindəki rolları şagirdləri arasında bölüşdürür, səhnələşdirilmiş kimi oxudurdu.

O illərdə bu məşğuliyyəti - radiotamaşaları böyük maraqla dinləməsi, eşitdiklərini təqlid etməsi intonasiya ilə oxumasına kömək edirdi. Bu da Nabat müəllimənin xoşuna gəlirdi. Özü də hiss edirdi ki, yaxşı oxuyur. Getdikcə şeir deməyə marağı artır, həvəslə məktəb tədbirlərində, dərnəkdə çıxış edirdi. İlk vaxtlar bu istəyin ötəri olacağını düşünürdü. Ancaq aktyorluğa marağı keçib getmədi.

Məktəb illərindən yadında qalan ən xoş xatirələrindən biri də həmyerlisi, dostu Səməndər Rzayevin birinci il institutdan kəsilib rayona qayıtdıqdan sonra onların məktəbində dram dərnəyi yaratması oldu. Bu, Rasim Balayevi aktyorluq sənətinə daha da bağladı.

Qəti qərarını verdi: aktyor olacaqdı. Ona qədər nəinki ailədə, heç qohum-əqrəbada da bu sənəti seçən yox idi. Valideynləri aktyorluğa ciddi iş kimi baxmır, böyük oğullarını ya həkim, ya da tarixçi görmək istəyirdilər. Valideynləri razılıqla qarşılamasalar da, Rasim Balayev fikrindən daşınmadı. Məktəbi başa vurub Səməndər Rzayevlə birlikdə sənədlərini Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Aktyorluq fakültəsinə verdi. Ata-anası aktyor olmasına hələ də razı deyildilər. O vaxtlar Teatr İnstitutunda qəbul imtahanı başqa ali məktəblərdən bir ay tez - iyulda başlayırdı. Atası ümid edirdi ki, oğlu imtahandan kəsiləcək, avqustda onların istədikləri ali məktəbə imtahan verəcək. Ona görə Teatr İnstitutuna imtahan verməsinə imkan yaratdı. Amma gözlədiyinin əksi oldu. İyulun sonlarında on yeddi yaşlı Rasim Balayev ata evinə tələbə adını qazanması xəbəri ilə döndü.

Orta məktəbdə olduğu kimi, institutda da dərslərinə yaxşı hazırlaşırdı. Qrup yoldaşları ilə birlikdə müəllimin verdiyi tapşırıqları yerinə yetirmək üçün Tədris Teatrında məşq etməyə gedirdi. Aktyorluq sənətinə hər gün bir az da vurulurdu.

Onlar müəllimləri Mehdi Məmmədov, Rza Təhmasib, Adil İsgəndərov, Müxlis Canızadənin həm dərsərinə, həm də şəxsiyyətlərinə heyran idilər.

1969-cu ildə institutu bitirdi. İşləmək üçün üz tutduğu Akademik Milli Dram Teatrında ona əsas heyətdə yer olmadığını söylədilər. Teatr İnstitutunun rektoru aktyor kimi gələcəyinə böyük ümid bəslədiyi Rasim Balayevin işsiz qaldığını, rayona qayıtmaq istədiyini biləndə ona müvəqqəti institutun nəzdindəki Tədris Teatrında qalmağını məsləhət gördü və saathesabı dərs verdi.

Çox keçmədi ki, kinostudiyada aktyor ştatı açılmasından xəbər tutdu. Kinostudiyanın rəhbəri Adil İsgəndərovun qəbuluna yollandı. Ondan aldığı cavab belə oldu: “A bala, bura Leyla Bədirbəyli, Məlik Dadaşov, Həsən Məmmədov, Şahmar Ələkbərov kimi indiyədək kinolarda rol almış məşhur aktyorları götürürük”. Sonra Adil İsgəndərov onu sınayıcı nəzərlərlə süzdü, hansı kinoda çəkildiyini xəbər aldı. Müsbət cavab almayanda dedi: “Boy-buxunun xoşuma gəlir, amma aktyorluğuna bələd deyiləm. Oğul, daha gəlmisən... Belə danışaq, mən səni işə bir illiyə şərtlə götürürəm. Bir il burada hansısa kinoda çəkiləsi olsan, qaldın, yox, çəkilməsən, mən sənə deməyim, özün gəl və ərizəni yaz çıx get”.

...Bütün səyləri, müraciətləri səmərəsiz qalırdı, ona rol verilmirdi. Sınaq çəkilişlərinə çağırır, yoxlayır, sonra “yaddan çıxarır”, bəzən, az qala, təsdiq edildiyi rola başqasını çəkirdilər. Belə çətin günlərində müəllimlərinin onun gələcəyi haqqında söylədikləri ümid dolu, tərifli sözləri xatırlayırdı. Düşünürdü ki, əgər o böyük sənətkarların dedikləri kimi istedadlıdırsa, kənarda qalmasının səbəbi nədir? Cavabsız suallar rahatlıq vermirdi. Çəkdiyi sarsıntılar, əziyyətlər, ümidsizlik 1972-ci ildə onu xəstəxanaya aparıb çıxartdı.

Həmin vaxtlar İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi rolu üçün aktyor axtarırdılar. Və Həsən Seyidbəyli Rasim Balayevi xatırladı...

“Nəsimi” filminin ssenarisi ilə gənc aktyor xəstəxanada tanış oldu, müalicəsini davam etdirə-etdirə məşqlərə başladı. Qəlbində sevinclə qorxu, təlaş bir-birinə qarışmışdı. Bu rol ya onun gələcək sənət uğurlarına açılan qapının sehrli açarı olacaq, ya da böyük arzularının son ümidini də söndürəcəkdi...

Kinostudiyanın rəhbərinin verdiyi bir illik vaxt “Nəsimi”nin çəkilişləri ilə birlikdə bitdi. Bir gün kinostudiyanın dəhlizində dayanıb Adil İsgəndərovu gözlədi və bir il qabaqkı tapşırığını xatırladıb, aqibətini xəbər aldı. Aldığı cavab belə oldu: “Sən kinostudiyada qaldın”.

“Nəsimi” filmi onun taleyini müəyyənləşdirdi, Rasim Balayev yaradıcılığının ilk böyük uğuru, Azərbaycan kino sənətinin isə növbəti nailiyyəti oldu.

Nəsimi kimi möhtəşəm rolla həyatına qəfil gələn məşhurluq iyirmi beş yaşlı gənc aktyoru sənətin zirvəsinə qaldırdı. Bu filmindən sonra onu rollara yoxlamadan qəbul etdilər. Nəinki Azərbaycandan, onun hüdudlarından kənarlarda da kino çəkilişlərinə dəvətlər aldı.

O zamanlar əmin oldu ki, bu sahədə uğur qazanmaq üçün bunların üçü - istedad, zəhmət və bəxt bir-birini tamamlamalıdır. Sənət yolunun müvəffəqiyyətlə davam etdirilməsi üçün bir əsas şərt isə budur: böyük ekranın gətirdiyi şöhrətdən gərək aktyorun başı gicəllənməsin, arxayınlaşmasın. Rasim Balayev bu çox çətin işin öhdəsindən gəlməyi - şöhrətin qarşısında duruş gətirməyi bacardı. Ona görə bu gün fəxrlə deyə bilir: “Həmişə filmə çəkiləndə sıfırdan başlayıram, əvvəlki işlərimi, çəkildiyim bütün filmləri unuduram. İşə bu cür yanaşmaq lazımdır”.

O, böyüklü-kiçikli 170-ə yaxın filmdə çəkildi. Tamaşaçıları aktyorun xarici görünüşü, xarakteri ilə müsbət qəhrəmanları arasında uyğunluq gördülər, ona qəhrəmanlığı yaraşdırdılar. Amma səhnə peşəkar aktyordan yalnız sevilən rolları deyil, həm də nifrətəlayiq rolları canlandırmağı tələb edir. Rasim Balayevin də Nəsimi ilə başlayan, Beyrəklə, Babəklə... davam edən yaradıcılığına mənfi obrazlar da əlavə olundu. O, xarakterik aktyordur. Oynadığı müxtəlif rolların hər biri ilə başqalaşmaq, onların hislərini, həyəcanını, sevincini, sevgisini, qüssəsini öz duyğularının süzgəcindən keçirərək özününküləşdirmək bacarığı var. Ekran həyatında zəmanənin ədalətsizliyinə sinə də gərdi, dərisi də soyuldu, zindana da salındı, sevgi də, xəyanət də gördü...

Bir-birinə bənzəyən rollar oynamaqdan, özü özünü təkrar etməkdən həmişə çəkinib. Fərqli taleli, müxtəlif xarakterli rollarda çıxış etməyə çalışıb. Buna müvəffəq olub. Amma hələ də oynamaq istədiyi rollar var. “Gözəl bir tragikomik rol oynayardım. Yaxşı yumor hissim də var. Amma elə bir əsər yoxdur” deməsi də bu arzusundan irəli gəlir.

Çox filmlərə, seriallara dəvətləri qəbul etmir. Son illər arzuladığı güclü ssenarisi olan filmlərə dəvətin intizarındadır. Müsahibələrinin birində “Bu gün kinoda mənim istədiklərim yoxdur” desə də, əslində, istədiyi gözəl əsərlər, dolğun obrazlardır. Çünki istedadlı kinoaktyor filmlərdə oynamalıdır.

Hərdən belə də fikirləşir: “Daha bəsdir, neylədin, elədin”. Sonra düşünür: nə qədər ki canım salamatdır, çəkilmək lazımdır. 120 yaşlı kinomuzun bu gün dərd-səri, problemləri başından aşır. Doğrudur, yeni ekran əsərlərinin çəkilməsi üçün pul da ayrılır, filmlər də çəkilir. Amma onlar tamaşaçıya əvvəlki kimi təsir imkanlarından sanki məhrumdur. Daha hər təzə ekran əsəri yeni-yeni aforizmlərin yaranmasına səbəb olmur. Tamaşaçılar onları əzbər bilmir. Bu gün televiziyanı ələ alan seriallar da geniş auditoriyada uzunmüddətli maraq oyada bilmir.

Sovet İttifaqının tərkibində olanda filmlərimizin taleyi Moskvada həll olunurdu. Kino əsərlərimiz ekranlara çıxmamış SSRİ-nin paytaxtında yoxlamadan keçir, milli-mənəvi dəyərlərimizi, onları yaşadan qəhrəmanlarımızın həyat və fəaliyyətini əks etdirən bir sıra səhnələr “burulğana” düşür, “yoxa çıxırdı”. Bu cür çətinliklərə baxmayaraq, o illərdə dünyaya çıxarılmasa da, SSRİ məkanında uğurlu filmlərimizlə tanınır, sevilirdik. Bu gün müstəqil ölkə olaraq müqəddəratımızı özümüzün həll etdiyimiz dövrdə beynəlxalq festivallara çıxarılmalı, layiqli qiymət almalı ekran əsərləri çəkmək imkanımız var.

Doğrudur, indiki dövrdə tamaşaçıları qane etmək asan deyil. Çünki onlar daha məlumatlı, daha tələbkardırlar. İnternetdən hər an istədikləri filmləri izləmək imkanları var. Bu da kino sənətində yeni hədəflərin meydana çıxmasına səbəb olur. Bu cür tamaşaçıların diqqətini çəkmək, onları qane etmək üçün, Səməndər Rzayevin təbirincə desək, “kino zəhmətkeşləri” (“Bəyin oğurlanması” filmindən) qabiliyyətləri, peşəkarlıqları ilə kifayətlənməməlidirlər. Oxumaqda, məlumatlar əldə etməkdə öz tamaşaçılarından geri qalmamalıdırlar. Yaxşı aktyor ansamblı, rejissor, ssenari müəllifi işi bir-birini tamamlamalıdır.

Festivallara, müsabiqələrə çıxarmaq, mükafatlar qazanmaq, təbii ki, müvəffəqiyyətdir, ancaq ən uğurlu film tamaşaçı qəlbinə yol tapandır. Rasim Balayev deyir ki, elə filmlərimiz olub ki, hadisəyə çevrilib, tamaşaçılar bu gün də onlardan danışırlar. Onun müsahibəsində “Əgər bu gün kinoya gəlsəydim, heç bir uğur qazana bilməzdim” fikrini dilə gətirməsi, əslində, bizi ümidsizliyə qapılmaqdan çox düşünməyə vadar etməlidir. Bu gün kinoya gəlib mənasız, məzmunsuz, tez unudulan filmlərdə rol alıb Rasim Balayev olmaq mümkünsüzdür axı. Sənətkar özü də söyləyir: “Mən elə əsərlərdə çəkildim ki, orada tamam başqa ab-hava vardı. Hesab edin ki, bu gün 22-23 yaşım var və mən kinoya gəlmişəm. Elə bir əsər yoxdur ki, mən orada çəkiləm və həmin filmlə Azərbaycana səs düşə. Ona görə də fikirləşirəm ki, bu gün sənətə gəlsəydim, elə də diqqət cəlb edən sənət adamı olmazdım”.

Kino aləmindən kənarda həyat sevilən aktyor üçün çox darıxdırıcıdır, maraqsızdır, hətta xəstələnməkdir. Kamera qarşısında keçən onillərin xiffəti, fəaliyyətindəki durğunluq, sükut sağlamlığını alır.

Filmlər, seriallar çəkilir, ancaq arxasınca gözü qalan bir rol olmur. Yaxşı filmlər çəkilməsini istəyir. Deyir: “Gözləməzdim Azərbaycanda kino sahəsindəki durum bu vəziyyətə gəlib çıxar”. Bununla belə, kino sənətimizin sonuncu mogikanı ümid dolu fikirləri ilə ümidsizliyin girdabından bizi qurtarır. Çünki Rasim Balayev bütün problemlərinə, çatışmazlıqlarına rəğmən kinonun ölməsi fikri ilə razı deyil. Sənətkarın gördüyü çıxış yolu budur: “Ya formada, ya da məzmunda tamaşaçının qəbul edə biləcəyi yeniliklər olmalıdır. Gərək sənət öndə olsun. Ona görə də mən deməzdim ki, kino ölür. Ola bilsin ki, o, xəstələnir, zəifləyir, özünü yaxşı hiss etmir, amma özünə gələndə sözünü deyə bilir. Kino öz funksiyasını dayandırmayıb, davam edir. Mən hələ ümidimi itirməmişəm. İnanıram ki, bizdə də yavaş-yavaş yaxşı filmlər çəkəcəklər”.

Gənclərə məsləhəti budur ki, sənəti sevənlər bu sahəyə gəlsinlər, ona ciddi yanaşsınlar. Bu sənətlə hörmət qazanmaq çətindir. Məqsədləri sənət olmalıdır. Sənət onlara arzuladıqları həyatı verəcək.

O, 1973-cü ildən kino aləmindədir. Sənətlə bağlı istəyi isə tükənməzdir. Uzun illərdir arzusunda olduğu, yeni rolların həsrətindədir. Deyir: “Hər aktyorun işində bir zirvə olur. Mənə elə gəlir ki, şah əsərimi hələ yaratmamışam”.

Ömrü boyu sənəti uca tutub. Yolunda əziyyətlər çəksə də, rahatlığından, sağlamlığından keçsə də, ona sevgisinə, ehtiramına xələl gətirməyib. Bir istinadgahı da ailəsi olub. O, ailəni həmişə müqəddəs sayıb. Hər ikisində bəxti gətirib. Bu gün sənətkarın ömrünün ən gözəl rollarından biri də nəvələrinin sevimli babası olmaqdır.

O, nə Babək, nə Nəsimi, nə Beyrək...dir. Eyni zamanda, onların hər biridir. Ekran ömrü verdiyi bu rolların iztirablarını, psixoloji anlarını içindən keçirdi. Oynadığı rolların hislərinə elə büründü ki, tamaşaçının inanmaqdan, ona qoşulub qəhrəmanlarının halına yanmaqdan, onlara heyran olmaqdan başqa yolu qalmadı. Özlərini bu sevilən aktyora və onun ekran qəhrəmanlarına oxşatmaq istəyənlər saysız-hesabsızdır. Çünki o, Rasim Balayevdir...

 

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan  2018.- 8 avqust.- S.5.