Qəhrəmanlıq nümunəsi olanMixaylonun 100 illik yubileyi Azərbaycan Ordusunda geniş qeyd edilir

 

İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində geniş qeyd edilir.

Qəhrəmanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin Təhsil və Mədəniyyət nazirlikləri ilə birlikdə tədbirlər planı hazırlanıb və yubiley tədbirlərinə artıq start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhəyanı bölgədə və Gəncə şəhərindəki hərbi hissələrdən birində keçirilən xatirə mərasimində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin həyat və döyüş yolu barədə ətraflı məlumat verilib, vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə igid həmyerlimizin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən söhbət açılıb.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani 1973-cü il mayın 9-da Bakıda Mehdi Hüseynzadənin abidəsinin açılışına həsr olunmuş mərasimdə Heydər Əliyevin fəxarət hissi ilə dediklərini bir daha şəxsi heyətə xatırladaraq bildirib ki, Mehdi Hüseynzadə hərarətli qəlbinin çağırışı ilə ölkəmizin müdafiəçilərinin sıralarına qoşuldu. Stalinqrad ətrafındakı vuruşmada ağır yaralanan Mehdi əsir düşüb. Lakin nə tikanlı məftil, nə Hitler həbs düşərgəsinin azğın keşikçiləri cəsur döyüşçünün iradəsini qıra bilmədi. Doğma torpaqdan uzaqlarda, Adriatik dənizi sahillərində həmyerlimiz onlarla cəsarətli əməliyyatlar aparıb, kəşfiyyat-təxribat qrupuna rəhbərlik edib. Yuqoslaviya-İtaliya müqavimət hərəkatı sıralarında vuruşarkən azərbaycanlı Mehdi Hüseynzadə özünüMixaylo” adlandırıb. Faşistləri vahiməyə salan bu mübariz ad altında Mehdi Hüseynzadə tarixə əbədi daxil olub, onunla çiyin-çiyinə vuruşmuş insanların qəlbində məskən salıb. Bu ad müasirlərin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcək.

A.Qurbani daha sonra nəzərə çatdırıb ki, bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərb tariximizin öyrənilməsinə, görkəmli sərkərdələrimizin həyat və döyüş yollarının təbliğinə, müharibələrdə öz qəhrəmanlıqları ilə Azərbaycan xalqına başucalığı gətirmiş qəhrəmanlarımızın xatirələrinin əbədiləşdirilməsinə xüsusi önəm verir. Son illərdə Cəmşid Naxçıvanskinin anadan olmasının 120, Əliağa Şıxlinskinin 150, Səməd bəy Mehmandarovun 160 illik yubileylərinin keçirilməsi haqqında Prezident sərəncamları uğurla yerinə yetirilib.

Mehdi Hüseynzadənin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması haqqında Prezident Sərəncamı da həm xalqımız, həm də Ordumuzun şəxsi heyəti tərəfindən rəğbətlə qarşılanıb. Bu, hərb tariximizə, Vətən uğrunda canından keçən qəhrəman oğulların xatirəsinə hörmət və ehtiramın bariz nümunəsidir. Həmin Sərəncamda qeyd olunur ki, Mehdi Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyanişğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Böyük Vətən müharibəsinin veteranı Tofiq Hüseynov cəbhə xatirələrini danışıb, hərbi qulluqçuları “Mixaylokimi igid oğullardan nümunə götürməyə və xalqımızın qəhrəmanlıq ənənələrindən bəhrələnməyə çağırıb. O, əmin olduğunu bildirib ki, Həzilər, Mehdilər, Gəraylar, Qafurlar yetirən Vətən torpağı heç vaxt işğalla barışa bilməz və barışmayacaq. Azərbaycanın üçrəngli bayrağı Talış zirvəsində, Lələtəpədə, Qızılqayada, Günnütdə dalğalandığı kimi, Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər əzəli torpaqlarımızda da dalğalanacaq və həmin bayraq Azadlıq meydanına gətirilərək Qələbə paradımızda nümayiş etdiriləcəkdir.

Tədbirlərdə Mehdi Hüseynzadənin ədəbi və bədii yaradıcılığı haqqında da iştirakçılara geniş məlumat verilib.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi Mehdi Hüseynzadənin şeirləri əsasında ədəbi-musiqili kompozisiya təqdim edib, şairlərimizin ona həsr etdiyi şeirlər səsləndirilib.

Həmin gün Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi “Uzaq sahillərdə” və “Təxəllüsü “Mixaylo”” filmlərini nümayiş etdirib.

 

Azərbaycan.- 2018.- 9 avqust.- S.4.